Məhkəmə qərarları › İş №2(107)-1798/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1798/2020

16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1798/2020 16.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və Cavabdeh nümayəndəsi (qardaşı) Nümayəndə1 iştirakı ilə, İddiaçı "İddiaçı" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə, Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(046)-680/2020 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 9112.68 manat əsas borcu, 2351.19 manat faiz borcu və 229.08 manat müqavilə müddətindən sonra olan faiz (5%-lə) borcu cəmi 11692.95 manat kredit borcunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC ilə onun arasında bağlanmış kredit müqaviləsi üzrə Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanına əsasən onunla güzəştli kredit müqaviləsinin bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) xx xxxx 2020-ci il tarixli, 2(046)-680/2020 nömrəli qərardadı ilə Cavabdeh İddiaçı ASC-yə qarşı onunla güzəştli kredit müqaviləsinin bağlanması tələbinə dair qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdeh qərardaddan narazı qalaraq şikayət vermiş və şikayətini əsaslandıraraq göstərmişdir ki, İddiaçı ASC-nin ilkin iddia ərizəsində onun kredit götürdüyü və faizlə birlikdə Banka borclu olduğu 11692.95 manat pul tələbinə dair borcun ödənilməsindən imtina etmədiyini bildirmiş, lakin Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında xx.xx.2019-cu il tarixli Fərmanına əsasən Bankla güzəştli kredit müqaviləsinin bağlanması təmin edilməsi, Banka olan borcun müəyyən edilməsi və buna əsasən də, borcu ödəməyi davam etdirməsi barədə qarşılqılı iddia vermişdir. Hesab edir ki, verdiyi qarşılıqlı iddia ilk iddianın qarşılıqlı ödənməsinə yönəlmiş, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın qismən təmin edilməsini aradan qaldırır və qarşılıqlı iddia ilə ilk iddia arasında qaqrşılıqlı əlaqə mövcuddur və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnir. Ona görə də şikayətin təmin edilməsini xahiş edir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-680/2020 nömrəli qərardadı ilə Cavabdeh Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından verdiyi şikayət təmin edilməmiş, qərardaddan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının Cavabdeh nümayəndəsi (qardaşı) Nümayəndə1 şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı "İddiaçı" ASC-nin nümayəndəsi və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(046)-680/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd edilən kredit müqaviləsinin Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanı təsiri altına düşdüyünü əsas gətirərək İddiaçı ASC-nin üzərinə onunla yeni güzəştli kredit müqaviləsinin bağlanması vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə İddiaçı ASC ilə bağlanmış kredit müqaviləsinin qeyd edilən Fərmanın təsiri altına düşdüyünü təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi ilkin iddianın qarşılıqlı ödənilməsinə yönəlmiş tələb hesab edilə bilməz. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilkin iddia tələbi ilə qarşılıqlı iddia tələbi arasında əlaqə olmadığından qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. Həmin Məcəllənin 156.2.-ci maddəsinə əsasən qarşılıqlı iddianın qəbul edilməsi məsələsinə zəruri hallarda və yaxud iddia verən şəxsin vəsatəti üzrə iddianı verən şəxsin və yaxud işdə iştirak edən şəxslərin iştirakı ilə baxıla bilər. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır. Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(046)-680/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(046)-680/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar