Məhkəmə qərarları › İş №2(107)-1798/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1798/2021

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1798/2021 23.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibаrət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Qəbələ Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli 2(025)-253/2021 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) 08 iyul 2021-ci il tarixli 2(025)- 253/2021 nömrəli qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh 17.02.2016-cı il tarixli 5-Y-3-0-27-16 nömrəli kredit müqaviləsi üzrə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 345,71 ABŞ dolları əsas borc və 39,59 ABŞ dolları faiz borcu olmaqla, cəmi 385,3 (üç yüz səksən beş dollar otuz sent) ABŞ dolları və 30 (otuz) manat dövlət rüsumunun tutulması, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 200 (iki yüz) manat məbləğində pulun İddiaçı ASC-dən və Cavabdeh müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İşin halları İddiаçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı və ya İddiaçı ASC) cаvаbdeh Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən İddiaçı ASC-nin xeyrinə 17 fevral 2016-cı il tarixli kredit müqaviləsi üzrə banka 825,73 ABŞ dolları əsas və 196,76 ABŞ dolları faiz borcu olmaqla 17.02.2019-cu il tarixdən 08.12.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 70,4 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 1092,89 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17 fevral 2016-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-dən illik 28 faizlə 36 ay müddətinə 1200 ABŞ dolları məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2020-ci il dekabrın 08-dək Cavabdeh banka 17 fevral 2016-cı il tarixli kredit müqaviləsi üzrə 825,73 ABŞ dolları əsas və 196,76 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə cəmi 1022,49 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. 08 dekabr 2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh banka 17 fevral 2016-cı il tarixli kredit müqaviləsi üzrə 825,73 ABŞ dolları əsas və 196,76 ABŞ dolları faiz borcu olmaqla 17.02.2019-cu il tarixdən 08.12.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 70,4 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 1092,89 ABŞ dolları məbləğində borcu vardır. 17 fevral 2016-cı il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə qeyd olunanlara uyğun izahat verib, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyun 2020-ci il tarixli, 09/3378 nömrəli rəyi ilə razı olduqlarını, ekspert rəyində göstərilən həddə iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, məhkəmə tərəfindən iki dəfə ekspertiza keçirilmiş və hər iki ekspert rəyində bir-birinə yaxın əsas və faiz borcu hesanlanmışdır. Bu səbəbdən ekspert rəylərində göstərilmiş əsas və faiz borcu ilə razılaşır və iddia tələbinin həmin hissədə təmin edilməsini məhkəmədən xahiş edir. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli 2(025)-253/2021 nömrəli qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən İddiaçı ASC apellyаsiyа şikаyəti verərək Qəbələ Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli 2(025)-253/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının nümayəndəsinin izahatında qeyd etmişdir ki, guya iddiaçının nümayəndəsi Məhkəmə Ekspertizası Mərkəzinin 10.06.2020-ci il tarixli rəyi ilə razıdır və ekspertin göstərdiyi həddə iddianın təmin edilməsinə etiraz etmir. İddiaçının hazırda qətnamədən apellyasiya şikayəti verməsi özü ona dəlalət edir ki, nümayəndənin adından yazılan izahat həqiqəti əks etdirmir. Belə ki, hər iki ekspert rəyi ilə razı olmadıqlarına baxmayaraq məhkəmənin nəyə görə iddiaçının nümayəndəsinin adından belə izahat yazması anlaşılan deyil. Məhkəmənin ekspert rəyinə istinad edərək gəldiyi nəticə ilə bağlı bildirirlər ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində göstərilmişdir ki, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Təkrar ekspertizanın aparılması başqa ekspertə və ya ekspertlərə tapşırılır. Əvvəlki ekspertizanı aparmış ekspertlər təkrar ekspertizanın aparılmasında iştirak edə və izahlar verə bilərlər, lakin tədqiqat zamanı və rəy tərtib edilərkən onlar iştirak etmirlər. MPM-nin 102.2-ci maddəsinə görə, məhkəmə əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Hazırkı işdən görünür ki, ekspert tərəfindən qurulmuş cədvəldəki ödəniş məbləğinin əsas borca və faiz borcuna silinmə məbləği, faiz borcu hesablanan günlərin sayı həmin müqavilə üzrə ekspertizaya təqdim edilmiş ödəniş cədvəli, hesabdan çıxarışlar və ödəniş qəbzlərindəki rəqəmlərlə uyğunluq təşkil etmir və bunu ən sadə yolla aşağıdakı qaydada izah edirlər. Hər iki ekspert tərəfindən tərtib olunmuş ödəniş qrafıkinə baxılsa, müəyyən olunur ki, müştərinin etdiyi ödənişlər tarix üzrə düzgün qeyd edilmiş, yəni hesabdan çıxarışdanda göründüyü kimi müştərinin hər dəfə etdiyi ödəmələr tarix üzrə sıralanmış və ekspert də bunu əsas götürmüşdür. Lakin ekspertlər bir şeyi nəzərə almamışdır ki, müştəri 17.07.2016-cı ildə ödəmə aparmalı olduğu halda artıq bu tarix üzrə gecikməyə (42 gün) yol vermiş, bu hal 12.04.2017-ci il tarixdə təkrarlanmış, hətta daha uzun müddət üzrə (102 gün) gecikməyə yol vermişdir. Ekspertlər bu gecikmələri müqavilənin şərtlərini kənara ataraq nəzərə almamış, borclunun gecikmələrdən sonra etdiyi ödəmələrini faiz və əsas məbləğdən silməklə iddiaçının hüquqlarını pozmuşdur. Belə ki, tərəflər arasında bağlanılmış kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 180 faizlə cərimə hesablayıb borcludan tələb edir. İddiaçı da bu hüququndan istifadə etmiş və borclunun gecikmələrə yol verdiyini nəzərə alaraq onun ödəmələrinin müəyyən qismini dəbbə pulundan çıxmışdır. Bunu hesabdan çıxanşda aydın şəkildə görmək mümkün olduğu halda ekspert işin bu halına düzgün yanaşmamış, birinci instansiya məhkəməsi də bu vəziyyəti araşdırmadan ekspertin rəyinə istinad etməklə prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Məhkəmə kollegiyasının diqqətini ona yönəldirlər ki, birinci instansiya məhkəməsi ödənişin dəbbə pulundan çıxmasına heç bir hüquqi qiymət verməmiş, düzgün olmayan ekspert rəyinə istinad etməklə bu işə nəticə vermişdir. Düşünürlər ki, ən azından bu anlaşılmazlığı məhkəmə kollegiyası həll etməli, işlə bağlı təkrar ekspertiza keçirilməsini təyin etməklə, ekspertə izah etməlidir ki, hesabdan çıxanşda əks olunan dəbbə pulundan silinmələr nəzərə alınmaqla cavabdehin borcu hesablanmalıdır. Bundan əlavə birinci instansiya məhkəməsi qətnamədə göstərmişdir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 200 manat məbləğində pulun İddiaçı ASC-dən və Cavabdeh müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Burada “müştərək qaydada pulun tutulmasını” məhkəmə kollegiyasının diqqətinə çatdıraraq bildirirlər ki, mülki prosessual qanunvericilikdə belə bir hal nəzərdə tutulmamışdır ki, məhkəmə xərcləri iddiaçı ilə cavabdehdən müştərək qaydada tutulmasına yol verilsin. Qanunvericilikdə məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılıq olduğu halda məhkəmənin bu razılığa uyğun olaraq qərar qəbul etməsi göstərilmişdir, lakin bu işdə tərəflərin belə bir razılığı olmadığından yenədə məhkəmənin bu nəticəyə gəlməsini əsası olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli 2(025)-253/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli 2(025)-253/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: 17.02.2016-ci il tarixli 5-Y-3-0-27-16 nömrəli Kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" İKB ASC tərəfindən Cavabdeh illik 28 faizlə 36 ay müddətinə 1200 ABŞ dolları məbləğində istehlak krediti verilmişdir. «17.02.2016-ci il tarixli 5-Y-3-0-27-16 nömrəli Kredit müqaviləsinə 1 saylı Əlavə»dən görünür ki, Cavabdeh ona verilmiş kredit vəsaitini hər ay 49,64 ABŞ dolları, sonuncu ay isə 49,43 ABŞ dolları məbləğində ödənişlər etməklə 36 ay ərzində annuitet qaydada qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 1.14 və 9.2-ci bəndlərinə görə, borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə, gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin illik 180 % miqdarında Banka dəbbə pulu ödəməlidir. 17.02.2016-ci il tarixli Kassa məxaric orderindən görünür ki, Cavabdeh "xxxx" İKB ASC-nin xəzinadarlığından 1200 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. 08.12.2020-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə Cavabdeh 825,73 ABŞ dolları əsas, 196,76 ABŞ dolları faiz borcu olmaqla 17.02.2019-cu il tarixdən 08.12.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 70,4 ABŞ dolları məbləğində əldən çıxmış fayda borcu vardır. Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş 10.12.2020-ci il tarixli arayışdan görünür ki, borclu Cavabdeh xx.xx.1962-ci ildə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulmuşdur və Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatdadır. 08.12.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə 5 gün müddətində kredit öhdəliklərinin icra edilməsinə dair xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsinə elektron qaydada göndərilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh 17.02.2016-ci il tarixli 5-Y-3-027-16 nömrəli kredit müqaviləsi üzrə sonuncu dəfə 16.01.2019-cu il tarixdə 49,91 manat məbləğində ödəniş etmişdir. Birinci instansiya məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(025)-253/2021 nömrəli qərardadı ilə cavabdehin vəsatəti əsasında məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30mart 2021-ci il tarixli, 9/1402 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, borcalan Cavabdeh "xxxx" İKB ASC-dən alınmış kredit vəsaiti üzrə banka 346,26 ABŞ dolları əsas, 8,35 ABŞ dolları faiz borcu vardır. Məhkəmənin 22 aprel 2021-ci il tarixli, 2(025)-253/2021 nömrəli qərardadı ilə, iddiaçının vəsatəti əsasında təkar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10iyun 2020-ci il tarixli, 09/3378 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, borcalan Cavabdeh "xxxx" İKB ASC-dən alınmış kredit vəsaiti üzrə banka 345,71 ABŞ dolları əsas, 17.02.2019cu il tarixə (müqavilə müddəti bitən tarixə) 8,34 ABŞ dolları, müqavilə müddəti bitən tarixdən sonra hesablanmış gecikdirilmiş vaxt üçün əldən çıxmış fayda (5 faiz) ilə birlikdə isə 39,59 ABŞ dollarıfaiz borcu vardır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, bu qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. 386.1-ci mаddəsinin tələbinə əsasən, öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin оlmаsı müəyyən edilmişdir. Tərəflər аrаsındа bаğlаnmış kredit və zаminlik müqаvilələri iddiа tələbi üzrə cаvаbdehlərin hüquq və öhdəliklərinin yаrаnmаsı üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci mаddələrində göstərilən hüquqi əsаslаrı təşkil edir. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci mаddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqаvilə olmаlıdır. 442-ci mаddəsinin tələbinə görə, öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) bаşа düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, «Banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər.» İşin gerçək halları ilə müəyyən edilir ki, 17 fevral 2016-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-dən illik 28 faizlə 36 ay müddətinə 1200 ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh "xxxx" İKB-dən 1200 ABŞ dolları məbləğində kredit alıb, həmin borcu ödəniş cədvəlinə uyğun olaraq qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini lazımınca icra etməyərək, icranı gecikdirdirmişdir. Bu səbəbdən İddiaçı ASC-də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı ASC-nin xeyrinə cavabdehdən 345,71 ABŞ dolları əsas borc və 39,59 ABŞ dolları faiz borcu olmaqla, cəmi 385,3 (üç yüz səksən beş dollar otuz sent) ABŞ dolları pulu tutmaqda haqlı olmuşdur. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyun 2020-ci il tarixli, 09/3378 nömrəli rəyi ilə cavabdeh (borclu) Cavabdeh əsas borcunun 345,71 ABŞ dolları olduğu müəyyən edilmişdir. Məhkəmə bu səbəbdən cavabdehdən iddiaçı bankın xeyrinə əsas borc üzrə 345,71 ABŞ dolları borcun tutulmasını əsaslı hesab edir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə faiz borcunun və 17.02.2019-cu il tarixdən 08.12.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 70,4 ABŞ dolları məbləğində əldən çıxmış faydanın cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində qismən əsaslıdır. Belə ki, müvafiq qərardadlarla məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyun 2020-ci il tarixli, 09/3378 nömrəli rəyi ilə cavabdeh (borclu) Cavabdeh 17.02.2019-cu il tarixə (müqavilə müddəti bitən tarixə) 8,34 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitən tarixdən sonra hesablanmış gecikdirilmiş vaxt üçün əldən çıxmış fayda (5 faiz) ilə isə birlikdə faiz borcunun 39,59 ABŞ dolları olduğu müəyyən edilmişdir. Məhkəmə bu səbəbdən cavabdehdən iddiaçı bankın xeyrinə müqavilə bitən tarixə və müqavilə müddəti bitən tarixdən sonra hesablanmış gecikdirilmiş vaxt üçün əldən çıxmış fayda ilə birlikdə 39,59 ABŞ dolları faiz borcunun tutulmasını əsaslı hesab edir.”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti anlayışlarına aydınlıq gətirilərək qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanı yalnız müqavilədə belə bir şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 449.1-ci maddəsinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.4-cü maddəsinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından məhkəmə hesab edir ki, cavabdehlərdən kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonrakı dövr üzrə illik 5 faiz olmaqla tələb edilən məbləğ tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. İddiaçı ASC apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ödənişin dəbbə pulundan çıxmasına heç bir hüquqi qiymət verməmiş, düzgün olmayan ekspert rəyinə istinad etməklə bu işə nəticə vermişdir. Kollegiyaya görə, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyun 2020-ci il tarixli, 09/3378 nömrəli rəyini nəzərə almaqla cavabdehdən iddiaçı bankın xeyrinə əsas borc üzrə 345,71 ABŞ dolları və 39,59 ABŞ dolları faiz borcu tutmaqda haqlı olmuşdur. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən kredit borcunun məbləğinin müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası və təkrar məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 mart 2021-ci il tarixli, 9/1402 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, borcalan Cavabdeh "xxxx" İKB ASC-dən alınmış kredit vəsaiti üzrə banka 346,26 ABŞ dolları əsas, 8,35 ABŞ dolları faiz borcu vardır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyun 2020-ci il tarixli, 09/3378 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, borcalan Cavabdeh "xxxx" İKB ASC-dən alınmış kredit vəsaiti üzrə banka 345,71 ABŞ dolları əsas, 17.02.2019-cu il tarixə (müqavilə müddəti bitən tarixə) 8,34 ABŞ dolları, müqavilə müddəti bitən tarixdən sonra hesablanmış gecikdirilmiş vaxt üçün əldən çıxmış fayda (5 faiz) ilə birlikdə isə 39,59 ABŞ dolları faiz borcu vardır. MPM-nin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Kollegiya hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ona görə də kollegiyanın fikrincə birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə uyğun qərar qəbul etməkdə haqlı olmuşdur. Kollegiya iddiaçının apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlili ilə razılaşmır. Lakin kollegiya apellyasiya şikayətinin “aparılmış ekspertiza tədqiqatlarının dəyərinin İddiaçı ASC-dən və Cavabdeh müştərək qaydada tutulması hissəsi əsassızdır” dəlilinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi həmin hissədə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin: 107-ci mаddəsinə əsаsən, məhkəmə xərcləri dövlət rüsumundаn və işə bаxılmаsı ilə əlаqədаr оlаn məsrəflərdən ibаrətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 124.3-cü maddəsinə görə, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. İstinad edilən qanunvericilik normalarının məzmunundan göründüyü kimi, məhkəmə xərcinin iddiaçı və cavabdehdən müştərək qaydada tutulması qanunvericilikdə nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etsə də, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində pulun İddiaçı ASC-dən və Cavabdeh müştərək qaydada tutulması hissəsində düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayəti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli 2(025)-253/2021 nömrəli qətnaməsi ekspertiza xərcinin tutulması hissədə dəyişdirilməli, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində pulun 100 (yüz) manatının İddiaçı ASC-dən və 100 (yüz) manatının isə Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilməli, qətnamənin mübahisələndirilən qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli 2(025)-253/2021 nömrəli qətnaməsi aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 200 (iki yüz) manat məbləğində pulun İddiaçı ASC-dən və Cavabdeh müştərək qaydada tutulması hissəsində dəyişdirilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində pulun 100 (yüz) manatı İddiaçı ASC-dən, 100 (yüz) manatı isə Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qəbələ Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli 2(025)-253/2021 nömrəli qətnaməsi mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar