Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1802/2020 21.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi, iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Göygöl X10 Mərkəzinin nümayəndəsi X7, Cavabdeh və cavabdehin vəkili X5 iştirakları ilə, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Göygöl X10 Mərkəzinin Cavabdeh qarşı dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-255/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-255/2020 nömrəli qətnaməsi ilə (hakim Hüseyn Mirzəliyev) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 4800 (dörd min səkkiz yüz) manat pulun alınıb Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Göygöl X10 Mərkəzinə ödənilməsi, iş üzrə 100 manat ekspertiza xərcinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Göygöl X10 Mərkəzindən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Göygöl X10 Mərkəzi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh təqsiri üzündən Dövlət Meşə Fonduna vurulmuş 4802 manat pulun tutularaq ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instanisya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X11 iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə Göygöl X10 Mərkəzinin əməkdaşları və Hacıkənd meşəbəyliyinin 4 saylı meşə dolayısının meşə gözətçisi X9 iştirakı ilə Mingəçevir şəhəri Gəncə şossesi Vaqon evdə yaşayan Cavabdeh məxsus 200 baş xırda buynuzlu mal-qaranın meşə əkinində otarılması barədə akt tərtib edilmişdir. AR Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli qərarın 1 nömrəli əlavəsinə əsasən Cavabdeh tərəfindən 4802 manat məbləğində Dövlət Meşə Fonduna ziyanın vurulması faktı müəyyən edilmişdir. Ona görə də Mingəçevir şəhəri Gəncə şossesi Vaqon evdə yaşayan Cavabdeh tərəfindən Dövlət Meşə Fonduna vurulmuş 4802 manat məbləğində ziyanın ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instanisya məhkəməsinin iclasında Cavabdeh iddia tələbi ilə razı olmadığını bildirərək verdiyi izahatında göstərmişdir ki, iddiaçının tələbi əsassızdır. Dövlət Meşə Fonduna məxsus ərazidə olan qoyunlar ona məxsus olmayıb. Eyni zamanda özünə məxsus heç bir mal-qara mövcud deyildir. O, özüdə həmin vaxtı orada olmamışdır. Qoyunların kimin olduğunu bilmir. Buna görə də iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnaməni əsassız və qanunsuz hesab edir. Belə ki, həmin qətnamənin qəbul olunması üçün əsas Hacıkənd meşəbəyliyinin 4 saylı meşə dolayısının meşə gözətçisi X9 verdiyi izahat və onun iştirakı ilə tərtib edilmiş akt olmuşdur. Lakin, xx xxxxxx 2019-cu il tarixdə qeyd olunan akt tərtib edilərkən o, iştirak etməmişdir və aktın surəti də ona təqdim olunmamışdır. Onun adına təsərrüfatbaşına kitabda heç bir iri buynuzlu və xırda buynuzlu heyvanlar yoxdur. Belə olan halda, onun adına heç bir heyvan olmadığı halda Mingəçevir Şəhər Məhkəməsi tərəfindən qəbul olunmuş qətnamənin heç bir hüquqi əsası yoxdur. Həmin qətnamə onun konstitusiya ilə qorunan hüquqlarını pozmuşdur. O, məhkəmə iclası zamanı dəfələrlə adına heç bir iri buynuzlu və xırda bunuzla heyvanların olmadığını və meşə əkinində heyvan otarmadığını məhkəməyə bildirsə də, məhkəmə bu fakta heç bir hüquqi qiymət verməmişdir. Məhkəmə ona qarşı qərəzli mövqe tutaraq iddiaçının nümayəndəsinin izahatına əsaslanıb düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə qətnamə qəbul edərkən təqdim olunmuş yazılı sübutlara düzgün qiymət verməmiş. Onun adına heç bir iri buynıızlıı və xırda buynuzlu heyvanlar yoxdur. Bu hal Kəlbəcər İcra Hakimiyyəti Başçısının Abdullauşağı kənd X16 üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 13 saylı arayışla da təsdiq olunur. Bundan başqa o, ümumiyyətlə Dövlət Meşə Fonduna məxsus ərazidə heyvan otarmamışdır. O, Kəlbəcər rayon 25 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir. Onun müəllim işləyə-işləyə heyvandarlıqla məşğul olmağı heç məntiqi cəhətdən də ağlabatan deyildir. Lakin, Mingəçevir Şəhər Məhkəməsi işə baxarkən bu amilləri nəzərə almamış, onun tərəfindən təqdim olunmuş sübutlara heç bir hiiquqi qiymət verməmişdir. Bu da bir daha onu göstərir ki, məhkəmə işə baxarkən ona qarşı qərəzli mövqe tutmuşdur. Beləliklə qeyd olunanlar bir daha onu sübut etmişdir ki, məhkəmə qətnamə qəbul edərkən həm maddi, həm də prosessual hüquq normalarının tələblərini pozmuşdur. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli. 2(051)- 255/2020 nömrəli qətnaməsini ləğv edib, iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun vəkili X8 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Göygöl X10 Mərkəzinin nümayəndəsi X13 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-255/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apelyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-255/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və həmin qətnamə ilə iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Göygöl X10 Mərkəzinin Cavabdeh qarşı cavabdehin təqsiri üzündən Dövlət Meşə Fonduna vurulmuş 4802 manat pulun tutularaq ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Göygöl X10 Mərkəzi tərəfindən verilmiş 366 saylı xx xxxxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, X6 məxsus 200 baş xırda buynuzlu mal qaranın Dövlət Meşə Fonduna 4800 manat məbləğində vurulmuş ziyana hüququi qiymət verilməsi ilə bağlı Göygöl rayon polis şöbəsinə müraciət olunmuşdur. İşdə olan cinayət işi başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Göygöl rayon Hacıkənd Meşəbəyliyinin 4 saylı Meşə Dolayısı tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli 55590 saylı aktdan görünür ki, Cavabdeh məxsus xırdabuynuzlu mal qaranın qanunsuz olaraq əkin sahəsində otlamasını Göygöl rayon Hacıkənd Meşəbəyliyinin əməkdaşları öz imzaları ilə təsdiq etmişlər. İşdə olan X12 Başcısınını Abdulla uşağı kənd X16 Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 13 ssaylı arayışdan görünür ki, Cavabdeh 1993-cü ilin aprel ayında Kəlbəcər rayonundan məcburi köçkün düşmüş, Mingəçevir şəhəri Nübar bağı ünvanında müvəqqəti məskunlaşmaqla orada yaşayır. Hazırda onun adına Təsərrüfatbaşına kitabda heç bir iribuynuzlu və xırdabuynuzlu heyvan yoxdur. İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxx 2020-ci il tarixli, 9/353 saylı rəyinin nəticə hissəsində göstərilmişdir ki: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 Göygöl X10 Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli Aktda Göygöl X10 Mərkəzinin əməkdaşları tərəfindən Hacıkənd meşəbəyliyinin 4 saylı meşə dolayısında xx xxxxxx 2019-cu il tarixdə meşə gözətcisi X9 iştirakı ilə 4 saylı dolayının 4-cü kvartalında əkilmiş qoz tinglərinin içərisində Mingəçevir rayon Nübar qəsəbəsində yaşayan Kəlbəcər rayon sakini Cavabdeh məxsus olan 200 baş xırda buynuzlu mal-qaralar aşkar edilməsi nəticəsində Dövlət Meşə Fonduna 4800 (dörd min səkkiz yüz) manat məbləğində ziyan vurulması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət edərkən Azərbaycan Respublikası Mülki Məcəllənin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda göstərilən maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuşşəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulmasıüçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmişəmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 220.5-ci maddəsinin tələbinə görə, qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi göstərilməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, sadalanan hüquq normaları iddiaçıya yetirilmiş ziyanın ödənilməsinin hüquqi əsasını təşkil edir və Dövlət Meşə Fonduna vurulmuş ziyan ilə bağlı zərərin ödənilməsi tələbinin qismən təmin olunmasını şərtləndirir. Birinci instansiya məhkəməsi vurulmuş ziyanın məbləği ilə bağlı yuxarıda göstərilən ekspertiza rəyini nəzərə almış və dəymiş ziyanı ekspert rəyində göstərildiyi qaydada təmin etməyi məqsədə uyğun saymışdır Birinci instansiya məhkəməsihesab etmişdir ki, işüzrə 100 manat məbləğdə ekspertiza xərci iddiaçıya aid edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 Göygöl X10 Mərkəzinin Hacıkənd meşəbəyliyinin 4 saylı meşə dolayısında xx xxxxxx 2019-cu il tarixdə 4-cü kvartalında əkilmiş qoz tinglərinin içərisində 200 baş xırda buynuzlu mal-qara aşkar edilmiş, həmin mal qara Dövlət Meşə Fonduna 4800 (dörd min səkkiz yüz) manat məbləğində ziyan vurmuşdurş Bu barədə mərkəzin əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixli Akt tərtib edilmişdir. Həmin mal-qaranın Mingəçevir rayon Nübar qəsəbəsində yaşayan Kəlbəcər rayon sakini Cavabdeh məxsus olması barədə və ya onun nəzarəti altında Dövlət Meşə Fonduna ziyan vurulması ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Meşə gözətçisi X9 bildirdikləri isə işin digər halları ilə təsdiq edilmir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozaraq əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla apelyasiya şikayətinin təmin edilməsinə və qətnamənin ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlar layanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «X2rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Göründüyü kimi həm milli, həm də beynəlxalq qanunvericiliyin tələbləri baxımından hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən, iddiaçı da istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduqları halda bunu edə bilmədiyindən, iddia tələbinin qanuni əsası müəyyən edilmədiyindən iddia təmin edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsıiş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmədiyindən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən, qətnamə qəbul edərkən qətnamənin ləğv edilməsinə əsas ola biləcək maddi və prosessual hüquq normalarının pozulmasına yol verdiyindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-255/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və həmin qətnamə ilə iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Göygöl X10 Mərkəzinin Cavabdeh qarşı cavabdehin təqsiri üzündən Dövlət Meşə Fonduna vurulmuş 4802 manat pulun tutularaq ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 389-ci maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-255/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Göygöl X10 Mərkəzinin Cavabdeh qarşı cavabdehin təqsiri üzündən Dövlət Meşə Fonduna vurulmuş 4802 manat pulun tutularaq ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Göygöl X10 Mərkəzindən tutularaq dövlət büdcəsinə verilsin. (AZ34CTRE********************; Az.MEM, VÖEN**********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1802/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1802/2020
21.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver