Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-182/2021 14.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan QSC "xxxx" KB Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- kredit müqaviləsi, dəbbə pulu) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Mingəçevir Şəhər Məhkəməsinin 11 avqust 2020-ci il tаrixli, 2(051)-1003/2020 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan QSC "xxxx" KB tərəfindən tərəfindən verilmiş apellyasiya şikаyətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 914.14 manat məbləğdə əsas borc, 332.17 manat məbləğdə faiz borcu, 1301.96 manat məbləğdə cərimə borcu, 141.18 manat məbləğdə gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 2689.45 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankına ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 07 may 2015-ci il tarixdə QSC "xxxx" KB ilə kredit müqaviləsi bağlayaraq 24 ay müddətinə 28 faiz illik faiz dərəcəsi olmaqla 1500 manat məbləğdə kredit almışdır. Cavabdeh kredit müqaviləsi üzrə aöhdəliklərini icra etməmiş, müqavilənin şərtlərini pozaraq, kreditin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o öhdəliklərini icra etməmişdir. Qeyd olunanlara əsasən Cavabdeh 914.14 manat məbləğdə əsas borc, 332.17 manat məbləğdə faiz borcu, 1301.96 manat məbləğdə cərimə borcu, 141.18 manat məbləğdə gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 2689.45 manat məbləğində borcun vəödənilmiş 30 manat dövlət rüsumunun tutulub Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankına ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 11 avqust 2020-ci il tаrixli, 2(051)-1003/2020 saylı tаrixli qətnaməsi ilə (hakim H.Mirzəliyev) iddia qismən təmin edilmiş, Cavabdeh 914.14 manat məbləğdə əsas borc, 332.17 manat məbləğdə faiz borcu, 30 manat məbləğdə cərimə borcu olmaqla, cəmi 1276.31 manat məbləğdə pul alınaraq Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankına verilməsi, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdehdən tutulub Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh 07 may 2015-ci ildə "xxxx" ASC ilə müqavilə bağlayaraq 1500 manat məbləğdə kredit almış, aldığı borc məbləğini illik 28 faiz əlavəsi ilə 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda müəyyən edilmişdir ki, T.Əbülrəhmanovanın həmin tarixə cəmi 2689 manat miqdarda borcu yaranmışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib hesab etmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kreditlə bağlı yaranan mülki hüquq münasibətləridir. Məhkəmə işin hallarına qanunvericiliyin kreditə aid müddəalarına, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Müqavilənin şərtinə görə, iddiaçı borcalana krediti ödəmədiyi üçün 1301.96 manat məbləğdə cərimə hesablanmışdır. Lakin məhkəmə borcluya 1301.96 manat məbləğdə dəbbə pulunun artıq hesablandığı qənaətindədir. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab etmişdir ki, borcludan 30 manat miqdarda dəbbə pulu alınmalıdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə hesab etmişdir ki, iddia tələbinin Cavabdeh hesablanmış 141.18 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcuna dair hissəsinin təmin edilməməsi qənaətindədir. Belə ki, iddiaçı bu barədə məhkəməyə əsaslı sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci, 385-ci, 386.1ci, 425.1-ci, 442-ci, 443.1-ci, 448.1-ci, 449-cu, 462.1-ci, 463.2-ci, 742.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 11 avqust 2020-ci il tаrixli, 2(051)-1003/2020 saylı qətnaməsi qəbul edilərkən məhkəmə tərəfindən iş üçün əhəmiyyətli olan bütün faktları araşdırmamışdır, Belə ki, bank ilə cavabdeh arasında 07 may 2015-ci il tarixində kredit verilməsi haqqında 100/00/105701/15 saylı müqavilə imzalanmış və kredit verilmiş və həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə illik 28 (iyirmi səkkiz) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 1500 (min beş yüz) manat məbləğində kredit verilmişdir. Bu faktlar birinci instansiya məhkəməsində araşdırma zamanı və tərəflərin verdiyi izahatlarla təsdiq edilmiş və onlarla bağlı heç bir mübahisə edilməmişdir. Mingəçevir şəhər Məhkəməsi bankın iddiasını qismən təmin edərək cavabdehdən 914,14 (doqquz yüz on dörd manat on dörd qəpik) manat məbləğində əsas borc, 332,17 (üç yüz otuz iki manat on yeddi qəpik) manat məbləğində faiz borcu, 30 manat məbləğində cərimə borcu olmaqla cəmi 1276,31 (min iki yüz yetmiş altı manat otuz bir qəpik) manat məbləğində pulun tutulmasını qət etmişdir. Göründüyü kimi Mingəçevir şəhər Məhkəməsi iddaçının tələb etdiyi 1301,96 (min üç yüz bir manat doxsan altı qəpik) məbləğində cərimə borcunu 43 dəfə azaldaraq 30 manata salmış gecikdirilmiş vaxt üçün hesablanmış məbləği isə ümumiyyətlə təmin etməmişdir. Mingəçevir şəhər Məhkəməsi öz qətnaməsini Mülki Prosessual Məcəllənin 88, Mülki Məcəllənin 14, 386-cı maddələri ilə əsaslandırmış, cərimə borcunun azaldılması hissəsində Mülki Məcəllənin 467-cı maddəsinə istinad etsə də 43 dəfə azaldılmasını əsaslandırmamış gecikdirilmiş vaxt üçün hesablanmış 5% olan hissəsində isə qeyd etmişdir ki, iddiaçı bu barədə məhkəməyə əsaslı sübut təqdim edə bilməmişdir. Hesab edirlər ki, məhkəmə qətnaməsi qismən əsassız və qanunsuzdur, həmin qətnamə qismən cərimə (dəbbə) hissəsində və gecikdirilmiş vaxt üçün hesablanmış illik 5% məbləği hissəsində birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında dəyişdirib həmin hissədə bankın tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməlidir. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 2(051 )-1003/2020 saylı iş üzrə 11 avqust 2020-ci il tarixli qətnaməsi cərimə (dəbbə) hissəsində və gecikdirilmiş günlər üçün 5 faiz hissəsində dəyişdirilərək bankın iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, cərimə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Cərimə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Hüququn tətbiqinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmçinin qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən yəni, dəbbə puluna aid hissədə və hesablanmış 5 faizə aid hissədə mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin dəbbə puluna və təmin edilməyən 5 faizə aid hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından gecikdirilmiş vaxt üçün hesablanmış 5% məbləğində borca münasibətdə əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq gecikdirilmiş vaxt üçün hesablanmış 5% məbləğində borca münasibətdə qismən təmin etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tələb edilən 5 faizə münasibətdə iddianı qismən təmin etməli olduğu halda bunu etməmişdir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh 07 may 2015-ci ildə "xxxx" ASC ilə müqavilə bağlayaraq 1500 manat məbləğdə kredit almış, aldığı borc məbləğini illik 28 faiz əlavəsi ilə 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda müəyyən edilmişdir ki, T.Əbülrəhmanovanın həmin tarixə cəmi 1301,96 (min üç yüz bir manat doxsan altı qəpik) məbləğində cərimə borcu və 5 faiz kimi hesablanmış 178,96 manat miqdarda borcu yaranmışdır. . Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi lazım bilir ki, cavabdehlər qəbul edilmiş qətnamə ilə razılaşmış və onu mübahisələndirməmişlər. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin qismən dəyişdirilməsi üçün əsasdır. Belə ki, apellyator şikayətinin ilk dəlilində bildirmişdir ki, məhkəmə qanunsuz olaraq dəbbə pulunu azaltmışdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin dəbbə pulu məbləğinə dair gəldiyi nəticə işin hallarına uyğundur. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər Hazırda tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə tənasübsüz yüksək olmaqla tələb edilən əsas və faiz borcundan coxdur. Yəni iddiaçının tələb etdiyi dəbbə pulunun miqdarı əsas borcun 10 faizindən də yüksəkdir. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələblərinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azadılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarım və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən tənasübsüz surətdə yüksək olan dəbbə pulu azaldılmışdır. Beləliklə, apellyasiya şikayətində qeyd olunmuş həmin dəlil birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyator digər dəlilində isə gecikdirilmiş vaxt üçün hesablanmış 5% olan hissəsində qətnamə ilə razılaşmamışdır. Kollegiya şikayətin həmin dəlili ilə qismən razılaşır. Belə ki, məhkəmə kollegiyası tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizsının rəyi ilə müəyyən edilir ki, cavabdehin banka olan gecikdirilmiş vaxt üçün hesablanmış 5% məbləğində borcu 178,96 manat təşkil edir. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayəti qətnamənin mübahisələndirilən hissəsinə münasibətdə qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 11 avqust 2020-ci il tаrixli, 2(051)-1003/2020 saylı qətnaməsi gecikdirilmiş vaxt üçün hesablanmış 5% məbləğində borca münasibətdə dəyişdirilməli, 178,96 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza xərci olan 150 manatın 100 manatı iddiaçıdan, 50 manatı isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 11 avqust 2020-ci il tаrixli, 2(051)-1003/2020 saylı qətnaməsi gecikdirilmiş vaxt üçün hesablanmış 5% məbləğində borca münasibətdə dəyişdirilsin. Cavabdeh 178,96 manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 100 (yüz) manatın 100 (yüz) manatı iddiaçıdan, 50 (yüz) manatı isə cavabdehdən müştərək qaydada, tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-182/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-182/2021
14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver