Məhkəmə qərarları › İş №2(107)-182/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-182/2022

12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-182/2022 12.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı “FİNCA Azerbaijan” MM QBKT-ın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borc” tələbi barədə Zaqatala Rayon Məhkəməsinin 30.09.2021-ci il tarixli 2(033)-883/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin 30.09.2021-ci il tarixli 2(033)-883/2021 nömrəli qətnaməsi ilə (hakim Vüqar Məmmədov) iddia təmin olunmuş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 824,36 (səkkiz yüz iyirmi dörd manat otuz altı qəpik) manat əsas borc və 30 (otuz) manat dövlət rüsumunun alınıb iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-na ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı “FİNCA Azerbaijan” MM QBKT cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 824,36 manat əsas borc məbləğinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun “FİNCA Azerbaijan” MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 05.10.2015-ci il tarixli, **********3272 saylı kredit müqaviləsinə əsasən cavabdehə biznes məqsədləri və həyat səviyəsinin yaxşılaşdırılması üçün illik 23,71% faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 80 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin 05.10.2015-ci il tarixli, **********3272 saylı kredit müqaviləsi 22.04.2016-cı il tarixli eyni nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 1244,16 manat müəyyən edilmişdir. Beləliklə, 09 iyul 2021-ci il tarixinə olan Maliyyə arayışına əsasən cavabdehin əsas borcu 824,36 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “FİNCA Azerbaijan” MM QBKT məhkəməyə ərizə ünvanlayaraq mülki işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 08 sentyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbini qəbul edərək təmin edilməsinə etiraz etmədiklərini bildirmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə Mülki Prosessual Məcəlləsinin tələblərini kobud surətdə pozmaqla və maddi hüquq normalarını düzgün tətbiq etməməklə qətnamə qəbul edilmişdir. O və digər cavabdehlər iddiaçıdan 05.10.2015-ci il tarixli kredit müqaviləsi əsasında 24 ay müddətinə 1500 manat kredit götürmüşlər. Kredit müqaviləsinin son icra müddəti 05.10.2017-ci ildir. 22.04.2016-cı il tarixli sazişlə isə öhdəlik restrukturizasiya olunmuş, lakin icra müddəti kredit müaviləsində olduğu kimi qalmışdır. İddiaçı məhkəməyə 12.07.2021-ci ildə müraciət etmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi kredit müqaviləsinin sazişinə dair əlavə edilmiş kreditin ödəniş cədvəlindən görünür ki, kreditin son icra müddəti 05.05.2018-ci ildir. Buradan görünür ki, icra müddəti bitdikdən 3 il sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Beləliklə də iddiaçı iddia müddətini ötürmüşdür. Zaqatala rayon Məhkəməsi işə baxarkən bir sıra prosessual hüquq pozuntularına yol vermişdir. Belə ki, qanunda nəzərdə tutulmuş qaydada iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlər ona göndərilməmiş, bununla da ona məhkəmədə özünü müdafiə etmək üçün şərait yaradılmamışdır. Bundan baqşa məhkəmənin baxışına təyin edilməsinə dair məhkəmə bildirişi ona rəsmi olaraq təqdim edilməmişdir. Məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermək məqsədi ilə o iddiaçıya müraciət edərək kredit müqaviləsi üzrə axırıncı ödənişin nə vaxt edildiyi barədə arayış verilməsini xahiş etmişdir. Bank ona həmin arayışı 20.09.2021-ci il tarixdə yazmış, lakin həmin arayış ona 01.10.2021-ci il tarixdə poçt vasitəsi ilə təqdim edilmişdir. Məhkəmə isə 30.09.2021-ci il tarixdə yekunlaşmışdır. Bununla da o iddia müddətinin tətbiqi ilə əlaqədar birinci instansiya məhkəməsində ərizə verə bilməmişdir. Ona görə də, həmin ərizəni indi Apelyasiya Məhkəməsinə təqdim edir. Belə ki, iddiaçının təqdim etdiyi arayışlardan görünür ki, kredit müqaviləsi üzrə sonuncu ödəniş 16.05.2017-ci il tarixdə edilmişdir. Buradan da görünür ki, iddiaçı sonuncu ödənişin tarixindən 3 il keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Belə olan halda iddiaçı Mülki Məcəllənin 373.2-ci maddəsinin tələblərini pozaraq iddi müddətini ötürmüşdür. Qeyd olunanlara əsasən hazırki iş üzrə iddia müddəti tətbiq edilməli və iddiadan imtina barədə qərar qəbul edilərək iddia rədd edilməlidir. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 30.09.2021-ci il tarixli 2(033)-883/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı “FİNCA Azerbaijan” MM QBKT-ın nümayəndəsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 30.09.2021-ci il tarixli 2(033)-883/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki işin materiallarında olan 05.10.2015-ci il tarixli, **********3272 saylı Kredit müqaviləsindən görünür ki, “FİNCA Azerbaijan” X1Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında cavabdehə illik 23,71% olmaqla 24 ay müddətə 1500 manat məbləğində kredit verilməsi haqqında müqavilə bağlanmış, həmin müqavilə ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zamin kimi borcalanın öhdəlikləri üzrə məsuliyyəti öz üzərinə götürmüşlər. Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli adlandırılan və kredit müqaviləsinin əlavəsindən görünür ki, Cavabdeh1 tərəfindən götürülmüş 1500 manat kreditin 05.10.2017-ci il tarixinə qədər geri qaytarılması razılaşdırılmışdır. Mülki işin materiallarında olan və Cavabdeh1 ilə “FİNCA Azerbaijan” X1-Bank Kredit Təşkilatı arasında bağlanmış 05.10.2015-ci il tarixli, **********3272 saylı Kredit Müqaviləsinin Restrukturizasiyasına dair 22.04.2016-cı il tarixli Sazişdən görünür ki, həmin Sazişə əsasən kredit alanın kredit verənə qalıq əsas borcu 1244,16 manat müəyyən edilmiş, 25 ay müddətinə qaytarılması müəyyən edilmişdir. Mülki işin materiallarında olan 05.10.2015-ci il tarixli, **********3272 saylı Kredit Müqaviləsinin Restrukturizasiyasına dair 22.04.2016-cı il tarixli Sazişin əlavəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 tərəfindən götürülmüş kreditin 05 may 2018-ci ilədək qaytarılması razılaşdırılmışdır. İşdə olan 09.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə 824,36 manat əsas borcu yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 385.1, 386.1, 421.2, 424.5, 442, 445, 448.1, 472.1, 472.2, 739.1 və 739.2-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -424.5-ci maddəsinə görə əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -472.1-ci və 472.2-ci maddələrinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -739.1 maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 824,36 manat əsas borc məbləği tutulmalıdır. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində iddia müddətinin tətbiq olunması ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, iddia müddətinin tətbiq edilməsinə əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konustitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli qərarında qeyd edilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tədbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 may 2008-ci il tarixli qərarına əsasən, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. İşin hallarından görünür ki, Cavabdeh1 birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş və birinci instansiya məhkəməsinin iclasında iştirak etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiq olunması barədə ərizə vermək imkanı olmasına baxmayaraq, bunu etmədiyindən onun ərizəsi təmin edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 30.09.2021-ci il tarixli 2(033)-883/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 30.09.2021-ci il tarixli 2(033)-883/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar