Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1824/2021 21.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “1000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehdən alınması tələbinə dair” mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(039)-1142/2021 nömrəli qiyabi qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim Ruslan Əlizadə) 07 iyun 2021-ci il tarixli, 2(039)- 1142/2021 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 1000 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı «1000 (bir min) manat məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehdən alınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 manat məbləğinin pulun və 30 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh yaşadığı Qaramanlı kəndi onun yaşadığı kəndlə eyni icra nümayəndəliyinə aiddir. Cavabdehin babası, nənəsi ilə onun atasının və anasının keçmiş illərdən yaxın mehriban əlaqələri olmuşdur. Cavabdehin atası ilə onun mehriban münasibəti var. Cavabdehin böyük maşını ilə Bakı şəhərindən mişar daşı gətirib satdığını bilirdi. O, 10 oktyabr 2018-ci il tarixdə onun yaşadığı evə gələrək acizanə dərəcədə xahiş etdi ki, mişar daşı sifariş verən var. Pulu çatmır ona köməklik etsin. Hətta ona inamı üçün cavabdeh öz şəxsiyyət vəsiqəsini, maşının sənədlərini ona vermiş və öz dəsti xətti ilə borc müqaviləsi yazmışdır. Cavabdehdən pulunu tələb etsə də, cavabdeh pulu qaytarmaqdan imtina edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Yevlax Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(039)-1142/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştiarkçısının dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ məhkəmə qətnaməsi haqqında ” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 6.2-ci bəndində göstərilir ki, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmələr tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrinin əsaslandırdığı sübutlar , bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillr, rəhbər tutduğu qanunlar və ya qəbul etmək üçün istinad etdiyi dəlillər rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir”. Həmin Qərarın 6.3-cü bəndində isə nəzərdə tutulub ki, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutlar əlsaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. Qanunun bu tələbi açıq aşkar pozulmuşdur. Eyni müddəalara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun fərdi şikayətlər üzrə qəbul etdiyi bir neçə qərarında da öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konsititusiya və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “ məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları , bu və ya digər sübutlar rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırılmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o, cümlədən şahid ifadələrinin məzmunu qətnamə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.” Sübutların qiymətləndirilməsinin məhkəmə qətnaməsində ifadəsinin tapması mülki prosessual qanunvericiliyin tələblərindən biridir. Azərbaycan Respublikası MPM-in 220-ci maddəsi tələb edir ki, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalanmaqla kifayətlənməməli hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh etməli, sübutlar əlaqəladirilməli, araşdırılan sübutlar qəbul edilibedilməməsinin səbəbləri göstərilməlidir. Məhkəmə qanunun bu tələbini də pozmuşdur. Ona görə də Yevlax Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(039)-1142/2021 nömrəli qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmumuna uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə İddiaçı lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. İddiaçı teleqramla məhkəməyə müraciət edərək onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə idiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxsin izahat və çıxışını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 07 iyun 2021ci il tarixli, 2(039)-1142/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər MPM-in 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 1960-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ödəniş qəbzindən görünür ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən 27 dekabr 2013-cü il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh xx xxxxxx 1985-ci il tarixdə Yevlax rayonu, Qaramanlı kəndində anadan olmuş, Yevlax rayonu, Qaramanlı kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən borc müqaviləsindən məlum olur ki, Cavabdeh İddiaçı 1000 manat borc almışdır. Beləliklə iş materialları ilə müəyyən olunur ki, tərəflər bir-birlərini tanıdığından və cavabdehə borc pul lazım olduğundan, iddiaçı ona 1000 manat borc vermişdir. Lakin cavabdeh borcunu qaytarmamışdır. Oxşar münasibətləri tənzimləyən MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan MM-in 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. MM-in 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. MM-inin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu baxımdan da, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri inandırıcı qəbul etmir. Çünki, MM-in 433.3-çü maddəsində qeyd edilir ki, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. MM-in 529.3-cü maddəsinə görə isə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Hazırda öyrənilən işdən aydın olur ki, cavabdehin iddiaçıya verdiyi qəbz hələ də iddiaçıdadır. İşin bu müəyyən edilmiş halı da özü-özlüyündə təsdiq edir ki, tərəflər arasında mövcud olan borc öhdəliyinə xitam verilməmişdir. Bu baxımdan da, məhkəmə kollegiyası bu fikirdədir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93) MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı iş üzrə iddia tələbinin qiyməti (məbləği) iki min manatdan az olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(039)-1142/2021 nömrəli qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və MPM-in 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(039)-1142/2021 nömrəli qiyabi qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Hazırkı qətnamə surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: İmanverdi Şükürov
Məhkəmə qərarları › İş №2(107)-1824/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1824/2021
21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver