Məhkəmə qərarları › İş №2(107)-1829/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1829/2021

06.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1829/2021 06.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, cavabdeh X2 iştirakıları ilə, İddiaçı X5 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tаrixli, 2(037)-38/2021 nömrəli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tаrixli, 2(037)-38/2021 nömrəli qətnаməsi ilə (hakim Rəfayel Şirinov) iddia tələbi qismən təmin edilməsi, cavabdeh X1 9600 manat dəymiş ziyan və 30 manat dövlət rüsumu – cəmi 9630 (doqquz min altı yüz otuz) manat alınaraq iddiaçı AvroX8 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürülməsi, cavabdeh X1 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN - **********, müxbir hesab - AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilməsi qət edilmişdir. işin halları: X5 "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək cavabdeh X1 (bundan sonra cavabdeh) odəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş avronun manata olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə dəymiş 5000 avro məbləğində ziyan və 30 manat dövlət rüsumunun alınaraq X5 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürlməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iştirak etdiyi məhkəmə iclasında iddia tələbini müdafiə etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi bağlanmış və cavabdeh sürücü kimi işə götürülmüşdür. Cavabdeh 13 may 2019-cu il tarixdə Moldova Respublikasının Xınçest şəhərində Kişinyov- Lapşuna yolunda iddiaçıya məxsus “Mercedes Benz 3341” markalı P0347 dövlət nömrə nişanlı avtomaşını idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və avtomaşına ziyan dəymişdir. Baş vermiş qəzadan sonra cavabdeh avtomaşını hadisə yerində qoyaraq qaçmış və iş yerinə gəlməmişdir. Cavabdehin təqsiri üzündən iddiaçıya 5000 avro məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. Cavabdehə dəfələrlə ziyanın könüllü şəkildə ödənilməsi təklif edilsə də nəticəsi olmamışdır. Ona görə də iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehdən ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş avronun manata olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə onun təqsiri üzündən dəymiş 5000 avro məbləğində ziyan və 30 manat dövlət rüsumunun alınıb X5 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürülməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, X6 "xxxx" Açıq Səhmdar Cəmiyyətində sürücü işləmişdir. 13 may 2019-cu il tarixdə Moldova Respublikasının Xınçest şəhərində Kişinyov-Lapşuna yolunda iddiaçıya məxsus “Mercedes Benz 3341” markalı P0347 dövlət nömrə nişanlı avtomaşınla yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin avtomaşına maddi ziyan dəymişdir. İddiaçı tərəfindən tələb olunan maddi ziyan məbləği çox hesablanmışdır. İddiaçı hazırda avtomaşına dəymiş ziyanı ondan tələb edir, lakin maddi imkanı yaxşı olmadığından ödəyə bilməmişdir. İddiaçı əgər onu işlə təmin edərsə maddi ziyan məbləğinin əmək haqqından tutulmasına razıdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. apellyasiya şikayətinin dəlilləri Cavabdeh X4 qətnamədə narazı qalaraq apellyasiya şikayəti vermiş və iddia tələbinin qismən 1000 manat hissəsində təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. proses iştirakçılarının dəlilləri Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X4 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İddiaçı X5 "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə kollegiyasına etiraz ərizəsi ünvanlayaraq verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və İsmayıllı Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tаrixli, 2(037)-38/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan 01 iyun 2012-ci il tarixli 7153 nömrəli əmək müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, “Azərkörpü ASC tərəfindən X4 6-cı dərəcəli sürücü kimi işə götürülmüşdür. İşdə olan 13 may 2019-cu il tarixli nəqliyyat vasitəsinə dəyən zərərin qiymətləndirilməsi haqqında aktın tərcümə edilmiş surətindən görünür ki, “Mercedes Benz 3341” markalı P0347 dövlət nömrə nişanlı avtomaşının bərpa edilməsi 5000 avro məbləğində təşkil edir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2021-ci il tarixli 9/2042 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan 13 may 2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Mercedes Benz 3341” markalı P0347 dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 9600 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəlir ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni düzgün həll etmişdir. Belə ki, apellyasiya şikayətinin isə əsas dəlili odan ibarətdir ki, cavabdeh onun təqsiri nəticəsində dəymiş maddi ziyanı etiraf edir. Bu ha işin mübahisə edilməyən halıdır. İşin mübahisəli halı isə vurulmuş maddi ziyanın məbləği və ödənilə bilməməsidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin a) bəndində əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə; c) bəndinə əsasən inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 200.1-ci maddəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 202-ci maddəsinin məzmununa görə işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. İşəgötürənə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş prinsiplə məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 204-cü maddəsinin məzmununa görə işəgötürənə ziyan vurmaqda təqsirkar olan işçi həmin ziyanı könüllü surətdə tam və ya qismən ödəyə bilər. Vurulan ziyanın könüllü surətdə ödənilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş həddə həyata keçirilir. İşəgötürən işçinin razılığı ilə vurulan ziyanı ödəmək üçün möhlət verə bilər. Ziyanın məbləği əvəzinə işçi işəgötürəninin razılığı ilə korlanmış, itirilmiş əmlakın əvəzinə eynilə başqasını verə bilər, habelə şəxsən özü yaxud öz vəsaiti ilə onu təmir edə bilər. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış 01 iyun 2012-ci il tarixli 7153 nömrəli əmək müqaviləsinin 5-ci maddəsinin məzmununa görə bu əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən ziyan könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər. Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir. Tərəflər məhkəməyə müraciət etmədən ziyan vurmadan əmələ gələn öhdəliklərinin özləri tərəfindən həllinə üstünlük verirlər Bundan başqa Mülki Məcəllənin 21, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: - zərərin mövcud olması, - zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, - zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, - zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik başa düşülür. Bu zaman də delikt törətmiş şəxs həmin əməldə təqsirli olmalıdır. Təqsirli əməl isə şəxsin qəsdi və ya ehtiyyatsızlığı nəticəsində yaranır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin tələbindən də aydın olduğu kimi, mülki hüquq pozuntusu törətmiş şəxs hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurduğu zərərərin əvəzini tam həcmdə ödəməlidir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən MM-in 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəlləyə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər (mad. 6.2). Göründüyü kimi cavabdeh tərəf apellyasiya şikayətində dəymiş maddi ziyanı yox maddi ziyanın həcmini mübahisələndirir. İddiaçı cavabdehi işlə təmin etdiyi təqdirdə maddi ziyanı tezliklə ödəyə biləcəyini qeyd edir. Belə olan halda məhkəmə kollegiyası müəyyən edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, formal mülahizələrə əsaslanır. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (MPM-in 385.2-ci mad.). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də cavabdeh X4 tərəfindən verilmiş apellyasiya tələbi təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tаrixli, 2(037)-38/2021 nömrəli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə MPM-in 384.0.1-ci maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tаrixli, 2(037)-38/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar