Məhkəmə qərarları › İş №2(107)-1830/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1830/2020

06.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1830/2020 06.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, X4 iclas katibliyi və İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin azyaşlı uşaqları ilə birlikdə evdən çıxarılmaları” tələbinə dаir mülki iş üzrə çıxarılmış Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(039)-586/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərin azyaşlı uşaqları ilə birlikdə ona məxsus olan Yevlax rayonu Aran-2 qəsəbəsində yerləşən yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(039)-586/2020 nömrəli (hakim G.Cavadova) qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin azyaşlı uşaqları ilə birlikdə evdən çıxarılmaları tələbi haqqında iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Yevlax rayonu Aran-2 qəsəbəsində yaşayır. O, 1980-ci il tarixdə X2 ilə nikaha girərək ailə qurmuşdur. Birgə nikahlarından Mehman, Sevda və Şəlalə adlı uşaqları anadan olmuşdur. Hazırda Sevda və Şəlalə ailə quraraq ər evinə köçmüşlər. Oğlu Mehman da Günel ilə ailə qurmuşdur. X10 2012-ci il tarixdə vəfat etmişdir. Onun adına Yevlax rayonu Aran-2 qəsəbəsində hazırda yaşadıqları ev olmuşdur. Əri vəfat etdikdən sonra həmin ev ona qalmışdır. İndi həmin evdə o və cavabdehlər azyaşlı uşaqları ilə birlikdə yaşayırlar. Cavabdehlər mütəmadi olaraq onunla dalaşır, onu söyür, təhqir edirlər, onu öz evində rahat şəkildə yaşamağa qoymurlar. Bu səbəbdən o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallan aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Ona görə də, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(039)-586/2020 nömrəli qətnaməsi ləğv edilməli və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, qeyd olunan yaşayış evi mərhum ərinə xidməti ev kimi verilmişdir. Lakin son vaxtlar cavabdeh tərəflə bir evdə yaşaması mümkün deyil. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iddiaçı tərəfin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(039)-586/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Yevlax rayonu Nemətabad kənd sovetliyi tərəfindən xx xxxxx 1980-cı il tarixdə verilmiş İİ-ЖГ seriyalı, 342794 №li nikah haqqında şəhadətnamədən görünür ki, X2 ilə X5 arasında bağlanmış nikah 1980-ci ilin aprel ayının 26-cı günündə Yevlax rayonu Nemətabad kənd sovetliyində akt qeydləri kitabında 10 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qasımov, arvada isə Qasımova soyadı verilmişdir. “Qarabağmeliovodstroy” Tresti tərəfindən xx xxxxx 1981-ci il tarixdə verilmiş “Xidməti yaşayış evi və ya xidməti/peşə mənzilinin tutulması hüququ üzrə” 07 №li orderdən görünür ki, “Qarabağmeliovodstroy” Tresti ictimai təşkilatı və SMU23 tərəfindən X1 26,0 kv.m sahəli, 2 otaqlı xidməti mənzil, ........küçəsi ev № 1, mənzil 15 ünvanında yerləşən SMU-23 Trest “KMVS”-nin evində qalmaq hüququ üzrə verilmişdir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Nemətabad kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfində xx xxxxxx 2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 565330 №li ölüm haqqında şəhadətnamədən görünür ki, xx.xx.2012-ci il tarixdə X2 vəfat etmişdir. Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxxx 2011-ci il tarixdə verilmiş AZ- İ seriyalı, 702125 №li nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə X3 arasında bağlanmış nikah 2011-ci ilin sentyabr ayının 07-ci günündə Yevlax rayon Qeydiyyat Şöbəsində akt qeydləri kitabında 461 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qasımov, arvada isə Qasımova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü Yusifin və xx xxxxxx 2013-cü il təvəllüdlü Ayətin atası Cavabdeh1, anası isə Cavabdeh2dır. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli yaşayış evinin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə görə ... xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Məhkəmə kollegiyasının tədqiqi zamanı müəyyən edildi ki, mübahisəli yaşayış evi 1981-ci ildə iddiaçının əri X1 işlədiyi müəssisə tərəfindən xidməti ev kimi verilmişdir. İddiaçının uşaqları, o cümlədən Cavabdeh1 1982-ci ildə qeyd olunan evdə doğulmuş, böyümüş, 2011-ci ildə isə digər Cavabdeh2 ilə ailə quraraq onu həmin evə gəlin köçürmüşdür. Apelyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır və qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Birincisi ona görə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, iş üzrə tərəflərin heç biri mübahisəli evin mülkiyyətçisi deyil. Qeyd olunan mənzil order əsasında iddiaçının mərhum ərinə məxsus olamaqla, iş üzrə tərəflər mübahisəli yaşayış evinə münasibətdə eyni hüquqa malikdirlər. Yəni işin faktiki hallarından iddiaçının mübahisəli yaşayış evinə üstün hüququ müəyyən olunmur. İddiaçı da mülkiyyətçisi olmadığı evdən özü ilə eyni hüquqa malik olan şəxslərin evdən çıxarılmasını tələb edir ki, bu da subyektiv hüquq baxımından iddiaçının tələbini inkar edir. Subyektiv hüquqla bağlı kollegiya qeyd edir ki, bu hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlər həmin hissəyə münasibətdə əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “evə köçürülmə” hissəsində qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin qeyd olunan hissədə ləğviüçünəsas yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(039)-586/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar