Məhkəmə qərarları › İş №2(107)-1844/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1844/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1844/2021 14.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı BOKT ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbinə dair” mülki iş üzrə iddianın təmini tədbiri barədə Qəbələ Rayon Məhkəməsinin 12 avqust 2021ci il tarixli, 2(025)-1383/2021 nömrəli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı BOKT ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, Cavabdeh 17728,14 (on yeddi min yeddi yüz iyirmi səkkiz dollar 18 sent) ABŞ dolları əsas borc, 9697,97 (doqquz min altı yüz doxsan yeddi dollar 97 sent) ABŞ dolları faiz borcu, 22641,77 (iyirmi iki min altı yüz qırx bir dollar 77 sent) ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 50067,88 (əlli min altmış yeddi dollar 88 sent) ABŞ dolları və 30 AZN məbləğində dövlət rüsumunun tutulub İddiaçı BOKT ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı BOKT ASC məhkəməyə iddianın təmin tədbiri barədə ərizə göndərərək, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva küçəsi, ev 3, 304 saylı mənzilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) 12 avqust 2021-ci il tarixli, 2(025)-1383/2021 nömrəli qərardadı ilə ərizə qismən təmin edilərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Cavabdeh adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 25.11.2015-ci il tarixli, reyestr nömrəsi **********54-**********0, qeydiyyat nömrəsi ********** olan Çıxarışdakı Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva küçəsi, ev 3, 304 saylı mənzilin cavabdeh tərəfindən özgəninkiləşdirilməsi qadağan olunması və ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qəbələ Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(025)-1383/2021 nömrəli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil şikayət verərək, həmin qərardadın ləğv edilməsini və və cavabdehin mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva küçəsi, ev 3, 304 saylı mənzilin üzərinə həbs qoyulması barədə İddiaçı BOKT ASC-nin iddianın təmin tədbiri barədə ərizəsinin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(025)-1383/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil şikayətini onunla əsaslandırmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(025)-1383/2021 nömrəli qərardadı qanunsuz və əsassızdır, aşağıdakı əsaslara görə qərardad ləğv edilməlidir. Belə ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC ilə aralarında bağlanmış 09.04.2016-cı il tarixli, 0391/16 saylı Kredit müqaviləsinə əsasən, İddiaçı BOKT ASC-dən 20.000 (iyirmi min) ABŞ dolları məbləğində kredit götürmüşdüm. Bundan başqa 20.000 ABŞ dolları kredit məbləğinin təminatı üçün onunla aramızda 09.04.2016-cı il tarixli, 0391/16/İ saylı İpoteka Müqaviləsi bağlanmışdır. İpoteka Müqaviləsinin şərtərinə əsasən, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 72.9 kv metr, yaşayış sahəsi 36.6 kv.metr, yardımçı sahəsi 36.3 kv metr olan 2 otaqlı mənzil 60.000 (altmış min) manat dəyərində qiymətləndirilməklə İddiaçı BOKT ASC-nin xeyrinə yüklü edilmişdir. İddiaçı BOKT ASC ilə aralarında bağlanmış, 09.04.2016-cı il tarixli, 0391/16 saylı Kredit müqaviləsinin 2.1-ci bəndində kreditin müddəti 36 (otuz altı) ay müəyyən edilmişdir. 09.04.2016-cı il tarixli, 0391/16/1 saylı İpoteka Müqaviləsinin 3.1-ci bəndində isə ipoteka ilə təmin olunmuş Öhdəliyin yaranma əsası kimi 09.04.2016-cı il tarixli, 0391/16 saylı Kredit müqaviləsi qeyd edilmişdir. Mən İddiaçı BOKT ASC-dən götürdüyüm 20 min ABŞ dolları məbləğində kredit borcuna dair öhdəliyimi 10 iyun 2016-cı il tarixində ödəyib icra etmişdim. İddiaçı BOKT ASC-nin İdarə Heyətinin sədri Rəşad Qasımov ASC ilə aramızda bağlanmış 09.04.2016cı il tarixli, 0391/16 saylı Kredit müqaviləsinin 2.1-ci bəndində kreditin müddəti bölümündəki “36 (otuz altı) ay” rəqəmini kompüter formatında dəyişdirərək, “60 (altmış) ay” müddət kimi yazmış və 26.11.2020-ci il tarixli müşayiət məktubu ilə Daşınmaz Əmlakı Dövlət Reyestri Xidmətinə göndərmişdir. Həmin müşayiət məktubunda da 0391/16 saylı Kredit müqaviləsinin müddətinin 60 (altmış) ay olduğunu qeyd etmişdir. Bunun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilin İddiaçı BOKT ASC-nin xeyrinə yüklü edilməsi barədə 03.12.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış vermişdir. O, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsində İddiaçı BOKT ASC-yə qarşı “kredit və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və yüklülüyün ləğv edilməsi tələbi ilə iddia qaldırmış və Nəsimi Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, e-2(006)-2661/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh ilə "xxxx" BOKT ASC arasında bağlanmış 0391/16 saylı, 09 aprel 2016-cı il tarixli “kredit müqaviləsinin” kredit müddəti qrafasında “60 ay” kimi edilmiş düzəlişin etibarsız hesab edilməsi; Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva küçəsi, 3 saylı evin 304 mənzilinin üzərində "xxxx" BOKT ASC-nin xeyrinə edilmiş ipoteka yüklülüyünün ləğv edilməsi qət edilmişdir. İddiaçı BOKT ASC-nin İdarə Heyətinin sədri Rəşad Qasımovun əməllərində sənədlərin və məlumatların saxtalaşdırılmasına dair cinayət tərkibi olmasına baxmayaraq Nəsimi Rayon Məhkəməsi onun barəsində xüsusi qərardad çıxarmamışdır. Buna görə də o həmin qətnamədən apellyasiya şikayəti hazırlayır. Yəni şikayətinin bu əsası ilə bağlı onu demək istəyir ki, ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva küçəsi, 3 saylı evin 304 mənzillə bağlı hal-hazırda məhkəmə mübahisəsi vardır və həmin mənzil iddiaçı ASC-nin rəhbərinin qanunsuz hərəkətləri sayəsində yüklü edilmişdir. O, ailə üzvləri ilə birlikdə uzun müddətdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva küçəsi, 3 saylı evin 304 mənzilində yaşayır və qeydiyyatdadır. Həmin mənzil onun və ailəsinin yeganə yaşayış yeridir. Hesab edir ki, onun və ailəsinin yeganə yaşayış yeri olan mənzilin üzərində həbs qoyulması qanunvericilik cəhətdən yolverilməzdir və yeganə yaşayış yeri olan mənzil üzərində həbs qoyulması məhkəmə qətnaməsi qəbul edildikdən sonra borcun ödənilməsinə yönəldilə bilməz. Ona görə də, hesab edir ki, ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva küçəsi, ev 3, 304 saylı mənzilin onun tərəfindən özgəninkiləşdirilməsinin qadağan olunmasına dair Qəbələ Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(025)-1383/2021 nömrəli qərardadı qərardadı ləğv edilməli, onun mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva küçəsi, ev 3, 304 saylı mənzilin üzərinə həbs qoyulması barədə İddiaçı BOKT ASC-nin iddianın təmin tədbiri barədə ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul edilməlidir. Məhkəmə baxışının iclasında iştirak edən İddiaçı BOKT ASC-nin nümayəndəsi X2 şikayətin təmin edilməməsini və sözügedən qərardadın dəyişdirilməməsini xahiş etdi. Şikayətə baxılmasının vaxtı və yeri barədə Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən əsaslı olduğundan təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(025)-1383/2021 nömrəli qərardadı ləğv edilərək, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbinə dair” mülki iş üzrə İddiaçı BOKT ASC-nin “iddianın təmin tədbiri barədə” ərizəsi rədd edilərək yenidən araşdırıb baxılması üçün mülki iş həmin Məhkəməyə göndərilməlidir. Belə ki, Belə ki, MPM-in 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. MPM-in 157.2-ci maddəsinə görə, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Kollegiya qeyd edir ki, formalaşmış təcrübəyə əsasən məhkəmə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi təmin tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə dərəcədə əlaqəli və mütənasib olduğunu araşdırmalıdır. Bu zaman məhkəmə həm də əmin olmalıdır ki, iddianı təmin tədbirinin görülməməsi iddia tələbinin təmin olunması halında məhkəmə qərarının icrasını çətinləşdirə və ya qeyrimümkün edə bilər. Təmin etmə tədbirlərinin irəli sürülmüş iddia tələbinə mütənasibliyi baxımından hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya, yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Görülmüş təmin tədbirləri MPM-in 157-ci maddəsində göstərilən məqsədlərə uyğun olmalıdır. Bu maddədə nəzərdə tutulmuş məqsədlərə uyğun gəlməyən iddianı təmin tədbirlərinin görülməsinə yol verilmir. Hazırda cavabdehin appellyasiya şikayətindən bəlli olur ki, o, şikayətində məhz özgəninkiləşdirilməsi qadağan olunmuş mənzilin onun yeganə yaşayış yeri olduğunu qeyd edərək, hazırkı qərardadı mübahisələndirmiş, uyğun olaraq bu hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Bu səbəbdən də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin “iddianın təmin tədbiri barədə” ərizəni qismən təmin edərək Cavabdeh adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 25.11.2015-ci il tarixli, reyestr nömrəsi **********54- **********0, qeydiyyat nömrəsi ********** olan Çıxarışdakı Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva küçəsi, ev 3, 304 saylı mənzilin cavabdeh tərəfindən özgəninkiləşdirilməsi qadağan olunmasına dair qərar qəbul etməsi əsaslı və işin faktiki hallarına uyğun olmamışdır. Ona görə də məhkəmə kollegiyаsının qənaətincə, birinci instansiya məhkəməsinin iddianın təmin tədbiri barədə qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət qismən əsaslı sayılmaqla təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(025)-1383/2021 nömrəli qərardadı ləğv edilməli və mülki iş yenidən araşdırılıb baxılması üçün həmin Məhkəməyə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi həmin məhkəməyə göndərmək barədə qərardad qəbul edə bilər. MPM-in 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. MPM-in 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və inzibatiiqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və MPM-in 395-400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(025)-1383/2021 nömrəli qərardadı ləğv edilsin. Mülki iş yenidən araşdırılıb baxılması üçün həmin Məhkəməyə göndərilsin. İş üzrə sədrlik edən hakim İmanverdi Şükürov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar