Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-185/2022 11.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi X3, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(075)-1707/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödədiyi 1500 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1530 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim P.Hacıyev) 07 oktyabr 2021-ci il tarixli, 2(075)- 1707/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 858.61 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 888.61 manat pulun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Elşad Ramazanov ilə ailəli olarkən keçmiş qayınatası – hazırkı iş üzrə Cavabdeh 12 yanvar 2015-ci il tarixdə "xxxx" ASC-nin Şəki filialından illik 25% olmaqla 36 ay müddətinə ödənilmək şərti ilə 1200 manat kredit götürmüş və bu barədə 170GTUM150120008 saylı kredit müqaviləsi bağlanmışdır. Eyni zamanda həmin tarixdə öhdəliyin təminatı olaraq iddiaçı Orucova (Ramazanova) Aygün Nəzir qızı ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh bir müddət krediti ödəsə də, sonradan kreditor qarşısında öhdəliklərini icra etmədiyi üçün "xxxx" ASC tutmanı iddiaçının maaşına yönəltmiş, iddiaçının maaşından tutmalar hesabına borc bağlanmışdır. O, müəllim işləyir və tutulan həmin vəsait onun maddi çətinliklərlə üzləşməyinə səbəb olmuşdur. Bundan başqa iddiaçının himayəsində azyaşlı övladı var və ailənin maddi ehtiyaclarını (ərzaq, kommunal xərclər və s.) o qarşılayır. Ona görə də o hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onunla bank arasında kredit müqviləsi bağlanmış və kredit müqaviləsi bağlanan zaman eyni zamanda hazırki iş üzrə iddiaçı zaminlik müqaviləsini imzalamışdır. Onun tərəfindən kredit müqviləsi üzrə olan öhdəliklər tamamilə ödənilmişdir. Borcun ondan tələb edilməsi qanunsuzdur. Qeyd etmək istəyir ki, İddiaçı onun oğlu ilə rəsmi nikaha girərək ailə qurmuş, həmin kredit müqaviləsi də onların birgə nikahı dövründə bağlanmış və həmin keditdən iddiaçı özü şəxsən yararlanmışdır. Bu səbəblə də borcun ondan tələb edilməsi yolverilməzdir. Aralarnda olan nikah pozulduqdan sonra iddiaçı vəziyyətdən sui istifadə etməklə belə bir bir iddia ilə məhkəməyə müraciət etmişdir. Kredit müqaviləsinə nəzər yetirdikdə görünür ki, müqavilə 2015-ci ildə bağlanmış, həmin müqavilədən irəli gələn öhdəlik 2019-cu ildə ödənilmişdir. Bundan əlavə zaminlik müqaviləsinə əsasən iddiaçının əmək haqqında tutulan pullar tərəfindən iddiaçıya ödənilmişdir. Buna baxmayaraq iddiaçı tamahkarlıq edərək təkrar həmin pulları ondan məhkəmə qaydasında əldə etməyə çalışır. Bu da qanunsuzdur, birinci instansiya məhkəmə qeyd edilənləri tam və hərtərəfli araşdırmamışdır. Qeyd edilənlərdən də görünür ki, iddia əsassızdır, göstərilən faktiki hallardan və qeyd edilən səbəblərdən ləğv edilməlidir. Ona görə də Şəki Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli 2(075)-1707/2021 saylı qətnaməsinin təmin edilən hissədə ləğv edilməsini və yeni qətnamə qəbul edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə eədrək bildirmişdir ki, o həqiqətən də ailəsində yaranmış problemlərin həlli ilə bağlı bankdan kredit götürmüş, iddiaçı da ona zamin durmuşdur. Həmin kreditin bir hissəsi iddiaçının əmək haqqından tutulsa da, o həmin pulu qaytarmalı deyil. Belə ki, iddiaçı həmin vaxt onlarla birlikdə yaşamışdır. Hesab edir ki, o iddiaçıya heç bir pul qaytarmamalıdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ədalətli qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçı onun qızı olmaqla xeyli vaxtdır ki, onlarla birlikdə yaşayır. Qızı Aygün daim cavabdehin yerinə kredit ödəmişdir. Odur ki, Şəki Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş sənədlər; "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Orucova (Ramazanova) Aygün Nəzir qızı arasında bağlanmış 12 yanvar 2015-ci il tarixli, Z170GTUM150120008 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Orucova (Ramazanova) Aygün Nəzir qızı Cavabdeh bank qarşısında 12 yanvar 2015-ci il tarixli, 170GTUM150120008 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. birinci instansiya məhkəməsi tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 21 sentyabr 2021-ci il tarixli, 162 nömrəli məktubundan görünür ki, Cavabdeh adına olan 170GTUM150120008 referans nömrəli kreditə X1 ******************** hesab nömrəli əmək haqqı kartından ümumilikdə 858.61 AZN (səkkiz yüz əlli səkkiz manat 0.61 qəpik) tutulma olmuşdur. X1 ******************** saylı kart hesabından sonuncu dəfə 22.04.2019-cu il tarixində 0.17 qəpik tutulma olmuşdur. Kreditə son ödəniş “E-MANAT" Terminalı vasitəsi ilə 23.04.2019-cu il tarixində 12 AZN (on iki manat) olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasındakı yaranmış münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəllənin; - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. -386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. - 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi iddiaçı ilə bank arasında bağlanmış zaminlik müqaviləsində müəyyən olunmuşdur ki, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır və kreditor borclu tərəfindən kredit müqaviləsinin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda həm borclu, həm də zaminə qarşı kredit müqaviləsi üzrə tələblərini irəli sürə bilər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırki mübahisənin hüquqi və faktiki halları baxımından həm zamin, həm də əsas borclu kreditor olan bankın qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış etmişlər və müvafiq olaraq da götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Mülki Məcəllənin 475-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Göründüyü kimi Cavabdeh "xxxx" ASC tərəfindən Orucova (Ramazanova) Aygün Nəzir qızının zaminliyi ilə kredit və zaminlik müqavilələrinə əsasən kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh ona verilmiş krediti və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə edilmiş qrafik üzrə ödəməli olmuşdur. Eyni zamanda "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə Orucova (Ramazanova) Aygün Nəzir qızı ilə "xxxx" ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. "xxxx" ASC kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirərək Cavabdeh kredit versə də, Cavabdeh həmin kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməmiş, banka olan kredit borcunu tam şəkildə ödəməmişdir. Mövcud borc məbləğindən 858.61 manat müəllim işləyən Orucova (Ramazanova) Aygün Nəzir qızının əmək haqqından hər ay tutmalar hesabına icra edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini qismən təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdir. Apellyasiya şikayətinin dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsinin yalnız iddiaçının təqdim etdiyi və heç bir hüquqi əsası olmayan sübutlara qiymət verməklə qanunsuz qətnamə çıxarmasını bildirsə də, öz etirasının hüquqi əsası kimi heç bir mötəbər sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Buradan da göründüyü kimi, cavabdeh iddiaçıya münasibətdə iddia tələbinə etirazının əsası kimi istinad etdiyi halları nəinki sübut etməmiş, apellyasiya şikayətini də yalnız özünün formal mülahizələrinə əsasən əsaslandırmağa çalışmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddənin məzmunundan göründüyü kimi qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsi beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(075)-1707/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-185/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-185/2022
11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver