Məhkəmə qərarları › İş №2(107)-186/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-186/2022

11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-186/2022 11.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı QSC-nin nümayəndəsi X3, Cavabdeh2 və onun vəkili Vəkil iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “bank kreditinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2(033)-36/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh2 vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra-"xxxx" QSC) kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 019R********** saylı kredit razılaşması üzrə 10593,69 ABŞ Dolları məbləğində kredit borcu, 5768,33 ABŞ Dolları məbləğində faiz borcu və 11426,97 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 27788,99 ABŞ Dolları məbləğində borcun, məhkəmədə iddia qaldirmaq üçün ödənilmiş 30 manat məbləğinda dövlət rüsumunun tutulması barədə qatnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim T.Həsənov) 20 sentyabr 2021-ci il tarixli, 2(033)-36/2021 nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 13.11.2014-cü il tarixli 019R********** nömrəli kredit razılaşmasına, 22.05.2015-ci il tarixli əlavə sazişə və 11.02.2013-cü il tarixli 019S000000853 nömrəli zaminlik müqaviləsinə əsasən 10593,69 (on min beş yüz doxsan üç ABŞ dolları altmış doqquz sent) ABŞ dolları əsas kredit borcu, 1759,54 (bir min yeddi yüz əlli doqquz ABŞ dolları əlli dörd sent) ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış faiz borcu və 10 (on) ABŞ dolları cərimə borcu olmaqla cəmi 12363,23 (on iki min üç yüz altmış üç ABŞ dolları iyirmi üç sent) ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla) məbləğində vəsaitin alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 550 (beş yüz əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına- Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Köçürülməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh2 vəkili Vəkil apellyasiya şikayəti vermişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o bankdan 20000 ABŞ dollar məbləğində kredit götürməmişdir. Bank tərəfindən ona cəmi 11000 ABŞ dollar verilmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, sonda şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, sonda ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini işdə iştirak edən tərəflərin izahatı və iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən əsaslı olduğundan təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2(033)-36/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilərək, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, apellyasiya məhkəməsinin icraatı zamanı məhkəmənin istifadəsində olan “AZEMİS vasitəsilə və Vergilər Nazirliyinin rəsmi internet səhifəsindən istifadə edilməklə, “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” bölməsinə baxış keçirilmiş və bu zaman iddiaçı tərəfin hüquqi şəxs, Cavabdeh2 isə fərdi sahibkar statusuna malik olması müəyyən edilmişdir (iddiaçı İddiaçı QSC VÖEN **********, Cavabdeh2 VÖEN ********** fəaliyyət növü avtomobillər üçün hissələrin, qovşaqların və ləvazimatların pərakəndə satışı). Bundan əlavə işin araşdırılması zamanı müəyyən edilmişdir ki, mövcud kreditin ümumi təyinatı mikro kredit olmaqla Cavabdeh2 hesabına köçürülmüş, cavabdeh də həmin krediti biznesini (fərdi sahibkarlığını) genişləndirmək məqsədilə aldığını etiraf etmişdir. Bu baxımdan məhkəmə kollegiyası tərəflər arasında yaranan hüquq münasibətlərinin xarakterinə əssasən hesab edir ki, mübahisə üzrə tərəflərdən İddiaçı QSC" hüquqi şəxs, digəri fərdi sahibkarlıq statusuna malik olmaqla, həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələn məsələni mübahisələndirdiklərindən və tələb də məhz sahibkarlıq fəaliyyətindən (kommersiya fəaliyyətindən) irəli gələn mübahisə olduğundan hazırki tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır. Beləliklə yuxarıda qeyd olunanlardan göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.7.Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.4-cü maddəsinin tələbinə görə işə apellyasiya instansiyası məhkəməsi məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. 387.2.9.-cu maddəsinə əsasən işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. 387.3-cü maddəsinin tələbinə görə bu Məcəllənin 387.2.1-387.2.9-cu maddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2(033)-36/2021 nömrəli qətnaməsi prosessual qanunvericiliyin normaları kobud pozulmaqla qəbul edildiyindən ləğv edilməli və Mülki Prosessual Məcəllənin tələbləri baxımından mülki iş məhkəmə aidyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 24, 25 32-ci və 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2(033)-36/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “bank kreditinin ödənilməsi” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar