Məhkəmə qərarları › İş №2(107)-186/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-186/2025

11.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-186/2025 11.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin artırılması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 2(037)-1232/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları

1. İsmayıllı Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli 2(037)-1254/2022 nömrəli qətnaməsinə əsasən 04 avqust 2011-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı ödənilən alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq, X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı ödənilməsi qət edilmişdir.

2. Sonradan İddiaçı Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 04 avqust 2011-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 235 (iki yüz otuz beş) manat alimentin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı məhkəmə iclasında izahat verərək göstərmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1254 /2022-ci il saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 04 avqust 2011-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment təyin edilmişdir. Həmin vaxtdan uşaqlar üçün yaşayış minimumu dəfələrlə artmışdır. Alimentin artırılması üçün Mediasiya təşkilatına müraciət etməli olmuşdur. Özü “Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin Qubaxəlilli kənd poçt şöbəsinin rəisi vəzifəsində çalışsa da noyabr ayından iş yerinin bağlanması ehtimalı vardır. Uşağın ehtiyaclarını qarşılamaq məqsədilə cavabdeh ödədiyi alimentdən başqa heç bir köməklik etməmişdir. Ona görə də təyin olunmuş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 180 manat məbləğində alimentin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.

4. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1254 /2022-ci il saylı, 20 oktyabr 2022- ci il tarixli qətnaməsinə əsasən aliment təyin edildikdən sonrakı müddət ərzində onun maddi vəziyyətində müsbət dəyişiklik olmamışdır. O, İsmayıllı rayonun Qurbanəfəndi kəndində yaşamaqla şəxsi təsərrüfatında mal-qarası yoxdur. Bir neçə xroniki xəstəlikdən əziyyət çəkir və onurğasında problem olduğu üçün karsetlə gəzir. İddiaçı ilə müqayisədə sağlamlıq baxımından zəifdir, bir neçə dəfə əmliyyat olunduğundan müntəzəm müalicələr alır. Bundan başqa özü fiziki cəhətdən tam əmək qabiliyyətli olmadığından və onurğasında olan problemə görə ağır fiziki işlərdə işləyə bilmədiyindən hazırda işsizdir. Ən əsas onurğasında yırtıq olduğundan fərdi əməklə məşğul ola bilmir. İddiaçı özü isə Qurbanəfəndi kənd poçtunun müdiri vəzifəsində işləməklə kifayət qədər aylıq gəlir əldə edir. Təyin olunmuş alimenti belə çətinliklə ödəyir. Bundan artıq aliment ödəməyə maddi imkanı yoxdur. Ona görə də alimentin artırılmaması barədə qətnamə çıxarılmasını xahiş edir.

5. İsmayıllı Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 2(037)-1232/2024 nömrəli qətnaməsi ilə (hakim İ.Hüseynov) iddianın qismən təmin edilməsi, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1254 /2022-ci il saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 04 avqust 2011-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 160 (bir yüz altmış) manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 39,2 (otuz doqquz manat iyirmi qəpik) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə müəyyən etmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1254/2022-ci il saylı, 20 oktyabr 2022-ci il tarixli qıtnaməsi ilə Cavabdeh 04 avqust 2011-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. İddiaçı iddia ərizəsində aliment təyin olunduqdan sonrakı müddətdə uşaqlar üçün yaşayış minimumunun dəfələrlə artdığını qeyd edərək təyin olunmuş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 235 manat alimentin tutularaq ona ödənilməsini xahiş etsə də məhkəmə iclasında cavabdehdən hər ay 180 manat məbləğində alimentin alınaraq ona ödənilməsini xahiş edir. Cavabdeh aliment təyin olunduqdan sonrakı müddət ərzində onun maddi vəziyyətində müsbət dəyişikliyin olmadığını, özünün fiziki cəhətdən tam əmək qabiliyyətli olmadığından və ağır fiziki işlərdə işləyə bilmədiyindən işsiz olduöğunu və xəstəliyi ilə bağlı müntəzəm müalicələr aldığını, iddiaçının isə “Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin Qubaxəlilli kənd poçt şöbəsinin rəisi vəzifəsində işləməklə yüksək gəlir əldə etdiyini, təyin olunmuş alimenti belə çətinliklə ödədiyini, bundan artıq aliment ödəməyə maddi imkanının olmadığını qeyd edərək iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

7. Məhkəmə qeyd etmişdir ki, cavabdehin rəsmi iş yeri və aylıq gəliri barədə məlumat yoxdur. İsmayıllı rayonu Qurbanəfəndi kəndində yaşamaqla təsərrüfatında xırda və iri buynuzlu mal-qarası yoxdur. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1254 /2022-ci il saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə məhkəmə tərəfindən bir uşağın yetkinlik yaşına çatanadək maddi təminatı üçün cavabdehdən hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment təyin olunduqdan sonra aliment ödəyən cavabdehin maddi vəziyyətində yaxşılığa doğru hər hansı dəyişiklik olması barədə məhkəməyə sübut təqdim edilməmişdir. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1254 /2022-ci il saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə aliment müəyyən olunduqdan sonrakı müddət ərzində uşağın yaşının artması onun xərclərinin də artmasına səbəb olmuşdur. Bundan əlavə aliment təyin olunan 2022-ci ilə nisbətən 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu da artmışdır. Eyni zamanda, uşağın maddi ehtiyaclarının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir.

8. Məhkəmə iddiaçının sabit pul məbləğində aliment tələbini, cavabdehin iddia tələbinə münasibətini nəzərə alaraq uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə cavabdehdən tutulan alimentin miqdarının artırılaraq Cavabdeh 04 avqust 2011-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 160 (bir yüz altmış) manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsini əsaslı hesab etmişdir.

9. Məhkəmə hesab etmişdir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin artırılaraq sabit pul məbləğində tutulması olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır.

10. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdehdən 39,2 (otuz doqquz manat iyirmi qəpik) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2, 75.1, 75.4, 78.2, 112.1-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli Plenum Qərarının 8.14-cü bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiya məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

12. 16. Qətnamədən narazı qalan İddiaçı və Cavabdeh apellyasiya şikayəti vermişlər.

13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hesab edir ki, qəbul olunmuş məhkəmə qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla, işin faktiki halları nəzərə alınmadan, iddia ərizəsində göstərdiyi tələbi yerinə yetirilməmişdir. Belə ki, cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment borcunu 2-3 aydan bir ödəniş etməklə valideyinlik borcunu yerinə yetirdiyini zənn edir. Cavabdeh ata kimi uşağı ilə maraqlanmır və ona heç bir diqqət qayğı göstərmir. Uşağı maddi cəhətdən təmin etmir. Uşağlı bütün qayğı və ehtiyacını o, qarşılayır. Uşağı təlimtərbiyəsi, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də onun “aliment məbləğinin artırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciəti əsasında cavabdehin məhkəməyə verdiyi izzahatı həqiqətə uyğun olubolmaması araşdırılmadan, iddianın qismən təmin olunması haqqında qətnamə qəbul edilmişdir. Hesab edir ki, qəbul olunmuş qətnamə qanunsuz və əlatsizdir. Belə ki, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan, maddi təminatın ödənilib ödənilmədiyi nəzərə alınaraq aliment, müəyyən olunmalıdır.

14. Qətnamə tam qanunsuz, əsassızdır və ədalətsizdir, ona görə qətnamədən apellyasiya şikayəti verir. Məhkəmə qətnaməsində heç bir araşdırma aparmadan iddiaçının təqdim etdiyi saxta, həqiqəti əks etdirməyən sənədlər və onun öz mənafeyi baxımından söylədiyi fikrə əsaslanaraq heç bir sübutla təsdiq olunmayan izahatına istinadan son nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsində maddı hüquq normalarına düzgün istinad etməmiş, sübutların qiymətləndirilməsində səhvə yol vermiş, faktiki halları tam aydınlaşdırmamış və nəticədə düzgün olmayan qərar qəbul etmişdir.

15. Məhkəmə qətnaməsində maddi hüquq normalarına formal yanaşaraq ancaq cavabdehin mənafeyini nəzərə almış, onun tərəfindən təqdim edilmiş rəsmi sənədləri nəzərə almamış və nəticədə qanunsuz, əsassız və ədalətsiz qərar qəbul etmişdir.

16. Odur ki, İsmayıllı Rayon Məhkəməsinin 2 (037)-1232/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, cavabdehdehdən 04 avqust 2011-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutularaq ona verilməli olan alimentin məbləği hər ay uşaq üçün sabit pul məbləğində 235 manat müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qəbul olunmuş məhkəmə qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla, işin faktiki halları nəzərə alınmadan, iddia ərizəsində göstərdiyi tələbi yerinə yetirilməmişdir. Belə ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1254/2022-ci il saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən aliment təyin edildikdən sonrakı müddət ərzində onun maddi vəziyyətində müsbət dəyişiklik olmamışdır. O, İsmayıllı rayonun Qurban əfəndi kəndində yaşamaqla şəxsi təsərrüfatında mal-qara yoxdur. Bir neçə xroniki xəstəlikdən əziyyət çəkirir və onurğasında problem olduğu üçün karsetlə gəzir. İddiaçı ilə müqayisədə sağlamlıq baxımından zəifdir. Bir neçə dəfə əməliyyat olunduğundan müntəzəm müalicələr alır. Bundan başqa o, fiziki cəhətdən tam əmək qabiliyyətli olmadığından və onurğasında olan problemə görə ağır fiziki işlərdə işləyə bilmədiyindən hazırda işsizdir. Ən əsas onurğasında yırtıq olduğundan fərdi əməklə məşğul ola bilmir. İddiaçı özü isə Qurban əfəndi kənd poçtunun müdiri vəzifəsində işləməklə kifayət qədər aylıq gəlir əldə edir. Təyin olunmuş alimenti belə çətinliklə ödəyir. Bundan artıq aliment ödəməyə maddi imkanı yoxdur. Ona görə də alimentin artırılması barədə qəbul olunmuş qətnamədən narazıdır. Ona görə qətnamədən apellyasiya şikayəti verir. Hesab edir ki, qəbul olunmuş məhkəmə qətnamə tam qanunsuz, əsassızdır və ədalətsizdir.

18. Məhkəmə qətnaməsində heç bir araşdırma aparmadan iddiaçının təqdim etdiyi saxta, həqiqəti əks etdirməyən sənədlər və onun öz mənafeyi baxımından söylədiyi fikrə əsaslanaraq heç bir sübutla təsdiq olunmayan izahatına istinadan son nəticəyə gəlmişdir.

19. Məhkəmə qətnaməsində maddı hüquq normalarına düzgün istinad etməmiş, sübutların qiymətləndirilməsində səhvə yol vermiş, faktiki halları tam aydınlaşdırmamış və nəticədə düzgün olmayan qərar qəbul etmişdir.

20. Məhkəmənin iş üzrə gəldiyi nəticə, iş materialları ilə sübut olunmur, məhkəmə qətnaməsində maddi hüquq normalarına formal yanaşaraq ancaq cavabdehin mənafeyini nəzərə almış, onun tərəfindən təqdim edilmiş rəsmi sənədləri nəzərə almamış və nəticədə qanunsuz, əsassız və ədalətsiz qərar qəbul etmişdir.

21. Odur ki, İsmayıllı Rayon Məhkəməsinin 2 (037)-1232/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməsini, iddiaçının iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər 11 fevral 2025-ci il tarixdə keçirilən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı məhkəmə kollegiyasına göndərdiyi teleqramında məhkəmə iclasında maddi imkanı olmadığından iştirak edə bilmədiyindən onun iştirakı olmadan baxılmasına etirazının olmadığını göstərsə də, Cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur.

25. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda aliment tutulması barədə tərəflər məhkəməyə müraciət edə bilərlər. 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. 112.1-ci maddəsinə əsasən, alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

26. “Uşaq hüquqları haqqında” Konvensiya: “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

27. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilmişdir: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 88-ci maddəsi Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

29. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

32. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

33. İddiaçı apellyasiya şikayətində İsmayıllı Rayon Məhkəməsinin 2 (037)- 1232/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın qismən təmin edilməsi nəzərə alınaraq, əslində birinci instansiya məhkəməsinin qətnaməsini iddiasının təmin edilməyən hissəsində mübahisələndirmiş, cavabdehdən tutularaq ona verilməli olan alimentin məbləğinin hər ay uşaq üçün sabit pul məbləğində 235 manat müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

34. Cavabdehin apellyasiya şikayətindən görünür ki, o, İsmayıllı Rayon Məhkəməsinin 2 (037)-1232/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin tam ləğv edilərək, iddiaçının iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

35. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətlərinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb, onların apellyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.

37. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

38. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1254/2022-ci il saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh 04 avqust 2011-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. İddiaçı uşaqlar üçün yaşayış minimumunun artmasına istinad edərək, alimentin məbləğinin artırılaraq hər ay üçün 235 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir.

39. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti ilə razılaşmayaraq, cavabdehin apellyasiya şikayətlərinin dəlilləri ilə isə razılaşaraq, birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir.

40. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin apellyasiya şikayətlərinin dəlilləri üzrə aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparır.

41. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi üçün əsasdır.

42. Belə ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1254/2022-ci il saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən aliment təyin edildikdən sonrakı müddət ərzində onun maddi vəziyyətində müsbət dəyişikliyin olmamasına dair dəlili ilə razılaşaraq, qeyd edir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli plenum qərarından görünür ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

43. Kollegiya qeyd edir ki, ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun artırılması alimentin məbləğinin də artırılması üçün əsas təşkil etməməklə yanaşı İddiaçı tərəfindən İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1254/2022-ci il saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə alimentin müəyyən edilməsindən sonra, yəni hazırkı vəziyyətdə Cavabdeh ailə və ya maddi vəziyyətində alimentin müəyyən olunmuş miqdarının dəyişdirilərək artırılmasına əsas verən müsbət dəyişikliyin baş verməsi barədə heç bir sübut təqdim edilməmişdir.

44. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

46. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

47. Kollegiya əlavə olaraq qeyd etməyi vacib hesab edir ki, İddiaçı tərəfindən hazırkı vəziyyətdə cavabdehin maddi vəziyyətində müsbət dəyişikliyin baş verməsi barədə hər hansı bir sübutun təqdim edilməməsinə, məhkəmə kollegiyası tərəfindən də cavabdehin maddi vəziyyətində müsbət dəyişikliyin baş verməsinin müəyyən edilməməsinə baxmayaraq, bu hal İddiaçı İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 1254/2022-ci il saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə tutulması qət edilmiş aliment məbləğinin indeksasiyası məqsədi ilə icra icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etməsini istisna etmir.

48. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-3-cü bəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”

49. Məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, birinci instansiya məhkəməsindəki məhkəmə araşdırması zamanı maddi və prosessual hüquq normalarının tələblərinin pozulması halının müəyyən edilməsinə baxmayaraq, iddiaçı apellyasiya şikayətində maddi və prosessual hüquq normalarının pozuntusunu iddiasının tam təmin edilməməsi ilə əlaqələndirdiyindən, həmçinin onun apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən edilməməklə, şikayəti formal mülahizələrdən ibarət olduğundan, İddiaçı apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz.

50. Şərh edilənlərə əsasən məhkəmə kollegiyаsı hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh apellyasiya şikayəti isə təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 2(037)-1232/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası rədd edilməlidir.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 2(037)-1232/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar