Məhkəmə qərarları › İş №2(107)-1863/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1863/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1863/2021 16.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, İddiaçı ASC "xxxx" Bankın Cavabdeh qarşı «13.02.2014-cü il tarixli **********64014 saylı kredit müqaviləsi üzrə borc məbləğinin tutulması» tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli 2(039)-2670/2017 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə həmin məhkəmənin 14 iyul 2021-ci il tarixli 2(039)-2670/2017 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim Vəzirxan Məlikov) 12 oktyabr 2017-ci il tarixli 2(039)-2670/2017 nömrəli qətnaməsinə əsasən Cavabdeh 13.02.2014-cü il tarixli, **********64014 saylı kredit müqaviləsi üzrə 1446.48 manat məbləğində vaxtı keçmiş əsas borc, 13.02.2016-cı il tarixdən 30.05.2017-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğində illik 19% dərəcəsi ilə hesablanmış 319.87 manat məbləğində zərərin əvəzi, 30.05.2017-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 172.53 manat məbləğində penya, cəmi 1938.88 manat və 30.05.2017-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % dərəcəsi ilə hesablanan penya və 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" Bank ASC-nin xeyrinə verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Yevlax Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli 2(039)-2670/2017 nömrəli qətnaməsinin ləğv edilib iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim Toğrul Əliyev) 14 iyul 2021-ci il tarixli 2(039)- 2670/2017 nömrəli qərardadı ilə Cavabdeh həmin Məhkəmənin 12 oktyabr 2017-ci il tarixli 2(039)-2670/2017 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti şikayətin verilmə müddəti buraxıldığından geri qaytarılmışdır. Cavabdeh Yevlax Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qərardadından şikayət vermiş və şikayətini belə əsaslandırmışdır ki, qərardad subyektiv mülahizələr əsasında birtərəfli qaydada qəbul edildiyinə, maddi və prossesual hüquq normaları kobud surətdə pozulduğuna görə tamamilə qanunsuz və əsassızdır. Belə ki, o, Mingəçevir şəhər TTTYS-da növbətçi sürücü işlədiyinə görə, maaş kartını həyat yoldaşına vermişdir. Ona görə də, ondan banklara nə qədər pul tutulmasını bilməmişdir. Onun qardaşı Əli Mikayılovun bir neçə banka borcu olduğu üçün ondan nə qədər, hansı miqdarda pul tutulması barədə məlumatı olmamışdır. Yalnız Yevlax rayon İcra və probasiya şöbəsində icra məmuru bildirdikdə, yəni 25 iyun 2021-ci il tarixdə məlumatı olmuşdur. Onu da qeyd edir ki, o, 12.10.2017-ci il tarixli 2(039)-2670/2017 saylı məhkəmə qətnaməsini almamışdır. Yalnız belə bir qətnamənin olduğu barədə icra məmurundan məlumat aldıqdan sonra, qətnaməni məhkəmədən alıb apellyasiya şikayəti vermişdir. Hesab edir ki, məhkəmə işə baxarkən Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Prezidentinin fərmanının və AR MPM- nin 385-387-ci maddələrinin tələblərinə riayət etmədən qeyri-obyektiv, ədalətsiz və qanunsuz qətnamə qəbul etməklə onun hüquqlarını kobud surətdə pozmuşdur. Yevlax Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət həmin Məhkəmənin 17 avqust 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun vəkili X2 izahat verərək Yevlax Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli 2(039)-2670/2017 nömrəli qətnaməsinin surətini almadıqlarını, cavabdeh həmin mülki iş üzrə məhkəmə iclaslarına çağırılmadığından həmin mülki iş barədə ümumiyyətlə məlumatlı olmadığını, Yevlax rayon İcra və probasiya şöbəsinin icra məmuru ona bildirdikdən sonra həmin qətnamədən məlumatlı olduğunu və apellyasiya şikayətini həmin qətnaməni rəsmi qaydada alandan dərhal sonra verdiklərini, cavabdehin sürücü işlədiyini, əmək haqqını kartla aldığını, onun qardaşı Əli Mikayılovun bir neçə banka borclu olduğu məbləğlərin onun əmək haqqından tutulduğunu və buna görə də ondan nə qədər, hansı miqdarda pul tutulması barədə dəqiq məlumatı olmadığını, tutulan pulların qardaşının borcuna tutulduğunu, onun banka olan borcunun tam ödənildiyini və bu səbəbdən də maraqlanmadığını bildirərək şikayətin təmin edilməsini və qərardadın ləğv edilərək apellyasiya şikayətinin aidiyyəti üzrə göndərilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı ASC “XalqBank” nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsının MPM-in 376.2-ci mаddəsinə əsаsən, işə iddiaçı ASC “XalqBank”ın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli 2(039)-2670/2017 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş 17 avqust 2021-ci il tarixli qərardadı ləğv edilməlidir. Belə ki, Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş, qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilərlər. Həmin Məcəllənin 360-cı mаddəsinə əsаsən, apellyasiya şikаyəti məhkəmə qətnаməsi rəsmi qаydаdа verildiyi gündən 1 аy müddətində verilir. Birinci instansiya məhkəməsinin qərardadında qeyd olunur ki, iş materialları ilə müəyyən edilir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-2670/2017 №-li, 12 oktyabr 2017-ci il tarixli qətnaməsi 13 noyabr 2017-ci il tarixdə qanuni qüvvəsini almış və bu barədə icra vərəqəsi çıxarılaraq icra olunması üçün Yevlax Rayon İcra və Probasiya Şöbəinə göndərilmişdir. Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Fərhad Əliyev tərəfindən 02 may 2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Yevlax Rayon İcra və Probasiya Şöbəsinin 14 iyul 2021-ci il tarixli, 98285/5 №-li cavab məktubunda göstərilmişdir ki, icra sənədi üzrə bildiriş borclu Cavabdeh icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. İcra sənədi üzrə tələb 26 oktyabr 2020-ci il tarixli məktubla poçt vasitəsi ilə borclu Cavabdeh əmək haqqından tutulması üçün onun iş yerinə göndərilmiş, müxtəlif müddətlərdə borclu Cavabdeh əmək haqqından tutulmalar aparılmışdır. Borclu Cavabdeh 24 iyun 2021-ci il tarixdə Yevlax rayon İcra və probasiya şöbəsində olarkən ona icra sənədinin icrası ilə bağlı rəsmi xəbərdarlıq təqdim edilmiş və qanunvericiliyin tələbləri izah edilmişdir. Kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi, Yevlax Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli 2(039)-2670/2017 nömrəli qətnaməsinin Cavabdeh göndərilməsi haqqında 13 oktyabr 2017-ci il tarixli müşayiət məktubu iş materiallarına əlavə edilsə də, həmin məktubun göndərilməsinə dair reyestr işdə mövcud deyildir. O cümlədən, qətnamənin Cavabdeh tərəfindən alınması barədə hər hansı sübut iş materillarına əlavə edilməmişdir. Bundan əlavə iş materiallarından görünür ki, apellyator Yevlax Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli 2(039)-2670/2017 nömrəli qətnaməsini şəxsən almamış, həmin qətnamədən Yevlax rayon İcra və probasiya şöbəsinin icra məmurları tərəfindən ona bildirildikdən sonra məlumatı olmuş, yalnız bundan sonra 30 iyun 2021-ci ildə Yevlax Rayon Məhkəməsinə rəsmi ərizə ilə müraciəti əsasında sözügedən qətnamə ona həmin gün məhkəmə qəbzinə şəxsən imza etdirilməklə təqdim edilmiş və onun apellyasiya şikayəti 02 iyul 2021-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin dəftərxanasında qeydə alınmışdır. Kollegiya onu da qeyd edir ki, cavabdeh sürücü işləyir, əmək haqqını isə maaş kartı vasitəsi ilə alır, onun bildirdiyinə görə qardaşı Əli Mikayılovun bir neçə banka olan kredit borcu onun əmək haqqında tutulduğundan ondan konkret olaraq nə qədər, hansı miqdarda pul tutulması barədə dəqiq məlumatı yoxdur, o özünün əmək haqqından tutulan məbləğlərin də qardaşının borcuna görə tutulduğunu güman etmişdir. Cavabdeh apellyasiya şikayətinə əlavə etdiyi ASC "xxxx" Bankın 2020-2021-ci illərə aid olan çoxsaylı qəbzlərinin surətlərindən Mərkəzi Xəstəxana tərəfindən Cavabdeh kredit borcu üçün müxtəlif məbləğlərin tutulması görünsə də, həmin məbləğlərin məhz hansı tarixli və nömrəli kredit müqaviləsi üzrə tutulduğu müəyyən edilmir. MPM-in 129.3-cü maddəsinə əsasən, apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdeh Yevlax Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli 2(039)-2670/2017 nömrəli qətnaməsini vaxtında almadığından həmin qətnamədən müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verə bilməmiş, 30 iyun 2021-ci ildə qətnamə ona rəsmi qaydada təqdim edildikdən sonra dərhal apellyasiya şikayəti vermişdir. Odur ki, kollegiyanın qənaətinə görə cavabdeh tərəfindən apellyasiya şikayətinin verilmə müddəti ötürülməmişdir. Ona görə də məhkəmə kollegiyаsı hesаb edir ki, cavabdehin şikayəti təmin olunаrаq iş üzrə Yevlax Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli 2(039)-2670/2017 nömrəli qərardadı ləğv edilməli və apellyasiya şikayətinə baxılması üçün mülki iş apellyasiya icraatına qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.3-cü maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etsin. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli 2(039)-2670/2017 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş 17 avqust 2021-ci il tаrixli qərardadı ləğv edilsin. İddiaçı ASC "xxxx" Bankın Cavabdeh qarşı «13.02.2014-cü il tarixli **********64014 saylı kredit müqaviləsi üzrə borc məbləğinin tutulması» tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli 2(039)-2670/2017 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki iş apellyasiya icraatına qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar