Məhkəmə qərarları › İş №2(107)-1864/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1864/2021

14.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1864/2021 14.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Qax Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli 2(024)-483/2021 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qax Rayon Məhkəməsinin (hakim Malik Qarayev) 12 iyul 2021-ci il tarixli 2(024)- 483/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddianın qismən təmin edilməsi, 30.03.2019-cu il tarixdə doğulmuş X2 3 yaşı tamam olanadək Cavabdeh hər ay 20 (iyirmi) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi, alimentin tutulmasının 10.06.2021-ci il tarixdən başlanılması, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) məhkəməyə ərizə ilə müraciət edərək 30.03.2019-cu il tarixdə doğulmuş X2 3 yaşı tamam olanadək Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) özünə görə hər ay sabit pul məbləğində 250 manat məbləğində alimentin tutularaq özünə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə faktiki olaraq 04.07.2018-ci il tarixdə nikahlarını Qax rayon Ləkit kənd İƏD-də rəsmi olaraq qeyd etdirməklə evlənmişdir el adəti adəti ilə toy etmişlər. Cavabdehlə evləndikdən sonra əvvəllər münasibətləri normal olsa da, sonradan pisləşmiş, aralarında narazılıqlar olmuş və aralarında olan nikah qeydi Qax Rayon Məhkəməsinin 2(024)-261/2020 nömrəli 03.06.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Birgə nikahdan onların 30.03.2019-cu il tarixdə Banu adlı qızı dünyaya gəlmişdir. Hazırda iddiaçı atasına məxsus olan evdə yaşayır. Heç bir yerdə işləmir. Maddi vəziyyət olduqca aşağı səviyyədədir. Bütün günü uşağa baxır. Uşağa görə aldığı 110 manat aliment uşağın tələbatlarını ödəyir. Uşağa baxdığına görə öz tələbatlarını ödəyə bilmir. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbinə uyğun izahat verərək göstərmişdir ki, İddiaçı Cavabdeh ilə 04.07.2018-ci il tarixdə nikahlarını Qax rayon Ləkit kənd İƏD-də rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşlar. Bir müddət mehriban yaşasalar da, sonradan ailə münasibətləri pozulmuş və Qax Rayon Məhkəməsinin qətnaməsinə əsasən tərəflər arasında olan nikah pozulmuşdur. İddiaçı yalnız valideynlərinin maddi köməyi ilə gündəlik tələbatını ödəyir. Cavabdehin isə kifayət qədər gəliri var və bütün bunlara baxmayaraq, iddiaçıya heç bir maddi köməklik göstərmir. Ona görə də məhkəməyə aliment tələbi barədə ərizə ilə müraciət etmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən 30.03.2019-cu il tarixdə doğulmuş X2 3 yaşı tamam olanadək Cavabdeh özünə görə hər ay sabit pul məbləğində 250 manat məbləğində alimentin tutularaq qətnamə çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi Nümayəndə izahat verərək göstərdi ki, tərəflər arasında olan nikah qeydi məhkəmə qətnaməsinə əsasən pozulmuş və tərəflərin birgə nikahlarından doğulmuş X1 və maddi cəhətdən təmin olunması üçün hər ay sabit pul məbləğində 110 manat alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddiaçının tələb etdiyi alimenti ödəməyə Cavabdeh maddi imkanı yoxdur. İddianın rədd edilməsini xahiş etdi. İş üzrə Qax Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli 2(024)-483/2021 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilərək iddianın rədd edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Məhkəmə cavabdehin maddi durumunu nəzərə almamış və iddianı qismən təmin edərək uşağın 3 yaşınadək saxlanılması üçün hər ay 20 manat sabit pul məbləğində alimentin tutulmasını qət etmişdir. Cavabdeh hazırda heç bir yerdə işləmir, səhhəti ilə bağlı problemləri vardır. Məhkəmə qətnaməsinə əsasən qızı Banu Salehovaya təyin edilən aliment onun atası Nümayəndə aldığı 260 manatlıq pensiysı hesabına ödənilir, hansı ki, həmin pensiyanın qalan 140 manatı isə 5 nəfərdən ibarət olan ailəsinin saxlanılmasına sərf olunur. Qətnamədə keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqlarının nəzərə alınması qeyd edilsə də, maddi vəziyyətinin ağırlığı, heç bir yerdə işləməməsi (bu barədə məhkəməyə 12 saylı Ərazi Məşğulluq Mərkəzi filialından işsizliyi barədə arayışın surətini təqdim etmişdir) məhkəmə qətnaməsi ilə uşağının saxlanılması üçün 120 manat aliment təyin edilməsi və digər diqqətəlayiq olan hallar nəzərə alınmamaqla, əsassız, hüquq normalarına zidd qətnamə qəbul edilmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli 2(024)-483/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının tarixi, vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onların gəlməməsinin üzrlü səbəbdən olması barədə məlumat verilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Məhkəmə kollegiyası cavabdehin və onun nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Qax RİHB-nin Qum kənd İƏD-nin verdiyi 04.06.2021-ci il tarixli 416 saylı arayışdan görünür ki, İddiaçı Qax rayonu Qum kəndində yaşayır. Qax RİHB-nin Ləkit kənd İƏD-nin verdiyi 16.06.2021-ci il tarixli 144 saylı arayışdan görünür ki, Cavabdeh Qax rayonu Ləkit kəndində yaşayır. Qax Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli 2(024)-261/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh Hacıyeva (Salehova) Həyat Nail qızı arasında 04.07.2018-ci il tarixdə Qax rayon Ləkit kənd İƏD-də bağlanmış 03 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 30.03.2019-cu il tarixdə doğulmuş X2 cavabdeh Hacıyeva (Salehova) Həyat Nail qızının himayəsində olmasının müəyyən edilməsi, iddiaçı Cavabdeh 30.03.2019-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 110 (yüz on) manat məbləğində alimentin alınaraq cavabdeh Hacıyeva (Salehova) Həyat Nail qızına verilməsi, alimentin tutulmasının 01.05.2020-ci il tarixdən başlanılması və qətnamənin alimentə dair hissəsinin dərhal icra edilməsi qət edilmişdir. İşin həqiqi halları ilə müəyyən edilir ki, tərəflər nikahlarını 04.07.2018-ci il tarixdə Qax rayon Ləkit kənd İƏD-də rəsmi qeyd etdirmişlər. Tərəflərin nikahı həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 nömrə ilə qeyd edilmişdir. Birgə nikahdan tərəflərin 30.03.2019-cu il tarixdə X3 adlı övladları olmuşdur. Əvvəllər münasibətləri yaxşı olmuş, lakin sonradan münasibətləri pozulmuş və Qax Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli 2(024)-261/2020 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh ilə cavabdeh Hacıyeva (Salehova) Həyat Nail qızı arasında 04.07.2018ci il tarixdə Qax rayon Ləkit kənd İƏD-də bağlanmış 03 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 30.03.2019-cu il tarixdə doğulmuş X2 cavabdeh Hacıyeva (Salehova) Həyat Nail qızının himayəsində olmasının müəyyən edilməsi, iddiaçı Cavabdeh 30.03.2019-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 110 (yüz on) manat məbləğində alimentin alınaraq cavabdeh Hacıyeva (Salehova) Həyat Nail qızına verilməsi qət edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək iddia ərizəsində valideynlərinin maddi köməyinin onun gündəlik tələbatına kifayət etmədiyini, cavabdehin isə ona maddi köməklik göstərmədiyini bildirərək cavabdehdən hər ay 250 manat məbləğində aliment tələb etmişdir. Məhkəmənin qətnaməsi ilə iddia tələbi qismən tələb edilərək 03.2019-cu il tarixdə doğulmuş X2 3 yaşı tamam olanadək cavabdehdən hər ay 20 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. 8-ci mаddəsinə əsаsən, hər bir uşаğın yаşаmаq, nоrmаl şərаitdə fiziki, əqli və mənəvi cəhətdən inkişаf еtmək hüququ vаrdır. Dövlət bu şərаiti təmin еdən iqtisаdi, sоsiаlhüquqi və digər tədbirlər görməyi, sаğlаm və təhlükəsizlik mühiti yаrаtmаğı öz öhdəsinə götürür. 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Uşaq Hüquqları Haqqında BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Birləşmiş Millətlər Təşkilatının 20 noyabr 1959-cu il tarixli Uşaq Hüquqları Bəyannaməsinin 2-ci prinsipinə görə, uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4-cü prinsipinə əsasən, uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır və bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. Bəyannamənin 6-cı prinsipində deyilir ki, azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Uşaq Hüquqları Haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və Uşaq Hüquqları Haqqında BMT-in 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 22-ci maddəsinə əsasən, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən edir.( 22.2.1-ci maddə) Uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir.(22.2.2-ci maddə) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci mаddəsinə görə, аliment ödənilməsi bаrədə sаziş оlmаdıqdа, məhkəmə tərəfindən аlimentin miqdаrı müəyyən оlunduqdаn sоnrа tərəflərdən birinin аilə və yа mаddi vəziyyətində dəyişiklik оlmuşsа, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə аlimentin müəyyən оlunmuş miqdаrını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaitin, yəni alimentin məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 84.2.2-ci maddəsinə əsasən, ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. 86-cı maddəsinə görə, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Göründüyü kimi, qanunvericilik arvada hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində ərdən aliment tələb etmək hüququnu vermişdir. Göstərilən maddi hüquq normasına əsasən bu halda arvadın ərdən aliment alması üçün, onun ehtiyacının olması və əmək qabiliyyətinin olmaması tələb olunmur. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 01 yanvar 2021-ci il tarixdən yaşayış minumumu ölkə üzrə 196 (bir yüz doxsan altı) manat müəyyən edilmişdir. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, iddiaçının maddi vəziyyətini, habelə uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, 30.03.2019-cu il tarixdə doğulmuş X2 3 yaşı tamam olanadək iddiaçıya görə cavabdehdən tutulmalı olan alimentin miqdarı ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, cavabdeh az yaşlı uşağının 3 yaşı tamam olanadək hər ay iddiaçıya 20 manat məbləğində alimenti ödəməyə imkanının olmamasını bildirsə də, iddiaçı ilə yanaşı cavabdehin də maddi vəziyyətini, habelə mövcud bazar qiymətlərini nəzərə aldıqda görünür ki, 20 manat sabit pul məbləğində aliment məbləği ağlabatandır və heç də çox deyildir. Kollegiya qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, cavabdeh də apellyasiya göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə və apelyasiya instansiyası məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apelyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, apelyasiya şikayəti təmin edilməməli və Qax Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli 2(024)-483/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qax Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən 30.03.2019-cu il tarixdə doğulmuş X2 3 yaşı tamam olanadək hər ay 20 (iyirmi) manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi qət edilmiş, cavabdehdə apellyasiya şikayətində həmin məbləği mübahisələndirmişdir. Deməli, qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikаyəti təmin edilməsin. Qax Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli 2(024)-483/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar