Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1876/2020 24.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Əlisəddin oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir mülki iş üzrə çıxarılmış Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-364/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh ona borclu olduğu 101062 manat pulun və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-364/2020 nömrəli (hakim Ə.Hüseynov) qətnaməsi ilə iddia müddəti tətbiq edilməklə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının rədd edilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini artıraraq tələbini onunla əsaslandırmışdır ki, 1963-cü ildə Mingəçevir şəhərində doğulmuş və 1997-ci ilə kimi Mingəçevirdə yaşamışdır. 1989-cu ildə boşamnış və 1997-ci ildə iki övladı ilə birlikdə ünvan 1 ünvanda yerləşən 1 otaqlı evini 4500 ABŞ dollarına satmış və satışdan əldə etdiyi pulu saxlamaq üçün anasına vermişdir. Evi satmaqda məqsədi Bakı şəhərindən ev almaq olmuşdur. Həmin vaxt böyük qardaşı Cavabdeh ona şəxsi işi ilə əlaqədar borc pul lazımdır və satdığı evin pulunu ondan borc kimi işdəmişdir. Anasına qardaşı İldırımın ondan borc pul istədiyini demiş, anası isə ona qardaşının ehtiyacı olmasını və pulu sonra imkan olan kimi ona qaytaracağını bildirmişdir. Qardaşı ona və anasına 4500 ABŞ dolları pulu qaytaracağına söz vermişdir. Həmin vaxt pulu qardaşına verdiyi üçün Bakı şəhərindən ev ala bilməmiş və evsiz qalmışdır. Bunu görən Rusiyada yaşan digər qardaşı Fərman ünvan 2 mənzil 9 ünvanında olan evini ona bağışlamış, o da həmin mənzili satıb bakı şəhərində ev almaq isdəmişdir. 2002ci ildə həmin mənzili 8000 ABŞ dollarına satıb pulu saxlamaq üçün yenə də anasına vermişdir. Qardaşı İldırım onun evi satmasından xəbəri olmuş və yenə də ondan borc pul isdəmişdir. Anası isə qardaşının təcili pula ehtiyacı olduğunu və evin satışından əldə olunmuş pulu qardaşına verməsini xahiş etmişdir. O da qardaşına inanaraq evin satışından əldə olunmuş 8000 ABŞ dolları pulu da qardaşına vermiş və Cavabdeh cəmdə ona 12500 ABŞ dolları borcu yaranmışdır. Bu səbəbdən də Bakı şəhərindən ev ala bilməmiş və Bakı şəhərində kirayədə qalmaq məcburiyyətində qalmışdır. Qardaşı İldırımdan hər dəfə borcunu isdədikdə qardaşı ona borcunu qaytaracağını və hələlik imkanının olmadığını demişdir. Lakin heç bir vaxt borcu ödəməyəcəyini bildirməmişdi. Bu müddət ərzində isə o kirayələrdə qalmış və 300-400 manat kirayə haqqı ödəmişdir. Qardaşından borcu qaytarana qədər kirayə haqqına köməklik etməsini bildirsə də qardaşı ona maddi imkanının olmamasını və kirayə pulunu verə bilməyəcəyini bildirmişdir. Bundan əlavə İldırımdan borcunu tələb etdikdə hər dəfə ona 20000 manat, daha sonra isə 30000 manat verəcəyini bildirmiş və oda buna inanmışdır. Lakin axır vaxtlar ona məlum olmuşdur ki, qardaşının imkanı yaxşılaşmış və bizneslə məşğuldur. Lakin ona borclu olduğu pulu vermək isdəmir. Ona görə də Mingəçevir şəhər Prokurorluğuna şikayət etmişdir ki, onun pulunun qaytarılmasına köməklik etsinlər. Lakin ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Qardaşı Cavabdeh onu aldadaraq 12500 ABŞ dolları pulunu mənimsəmiş və bunun nəticəsində də o ev ala bilməmişdir. Neçə illərdir ev ala bilməmiş və ailə üzvləri ilə birlikdə kirayədə yaşamağa məcbur olmuşdur. Bu səbəbdən də ona külli miqdarda ziyan dəymişdir. Ona görə də Cavabdeh ona borclu olduğu 106441 manat pulun və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə sübutları sadalamaqla kifayətlənmiş, sübutları əlaqələndirməmiş, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydınlaşdırılmamış, heç bir araşdırma aparmadan, qanunun tələblərini kobud şəkildə pozmaqla, fərziyyələrə əsaslanmaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil Əlisəddin oğlu apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı Bakı şəhərində mənzil almaq məqsədilə 2000-ci ildə Mingəçevir şəhərində yerləşən bir mənzilini 4500 ABŞ dollarına, digər mənzilini isə 2002-ci ildə 8000 ABŞ dollarına sataraq pulunu saxlamaq üçün anasına vermişdir. Həmin vaxt qardaşı olan cavabdehə pul lazım olduğundan anası mənzilin pullarını cavabdehə vermiş, lakin sonuncu bu vaxta qədər borc götürdüyü pulu qaytarmamışdır. Hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual normaları düzgün tətbiq etməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işəcavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçının nümayəndəsinin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-364/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasındakı yaranmış münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması–öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında öhdəlik hüquq münasibətlərindən irəli gələn münasibətlər yarandığından iddiaçının tələbi də məhz öhdəlik (müqavilə) hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (MM-in 740-cı maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə də, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin L.İ.Binnətovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarına əsasən iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, yəni ki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımı əsasa söykənmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» xx xxxxxx 2001- ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenmunun H.Həşimovun və qeyrilərinin şikayəti ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2005-ci il tarixli qərarına əsasən mülki hüquqda iddia müddətləri inistutu mülki dövriyyə iştirakçılarını 4 intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşfiq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır İddia müddətinin ötürülməsinə dair cavabdehin ərizəsi olmadığı halda proses iştirakçıları bütün prosessual hüquqlardan, o cümlədən maddi anlamda iddia hüququndan istifadə edirlər. Cavabdeh isə passiv müdafiədən, konkret olaraq ya müddətin ötürülməsinə dair ərizədən, yaxud iddiaya etirazdan istifadə edə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, qeyd olunan mübahisəyə iddia müddəti tətbiq edilməli olduğundan artıq iddiaçı həmin hüququnu itirmişdir. Çünki hazıki iş üzrə iddia müddətinin bərpa olunmasını (kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər) təsdiq edən hallar iş materialları ilə təsdiq olunmur. Kəsici müddətlərdən fərqli olaraq iddia müddətinin tətbiq edilməsi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunur. İş materiallarının 72-ci səhifəsindəki ərizədən də göründüyü kimi cavabdeh iddia müddətinin tətbiq olunması ilə bağlı məhkəməyə yazılı müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Apellyasiya şikayətinin dəlillərinə də hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı tərəfindən gətirilən sübutlar hər biri 2002-ci ilə kimi mövcud olmuş və artıq həmin vaxtdan 16 ildən daha çox müddət keçmişdir. Cavabdeh tərəfindən iddia müddətinin tətbiq olunması iddiaçı tərəfindən iddia müddətinin keçməməsi və iddiaçının yalnız yaxın vaxtlarda ona olan borcun qaytarılmayacağını bilməsi məhkəmə tərəfindən inandırıcı görünmür. Bununla bağlı İddiaçı heç bir mötəbər sübut təqdim etməmişdir. Bundan əlavə məhkəmə iddiaçı tərəfindən prokurorluğa müraciətinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının Mingəçevir şəhər prokurorluğuna müraciət etməsi işin hüquqi nəticəsinə heç bir təsir etmir. Belə ki, iddiaçı prokurorluğa müraciəti hazırki vaxta kimi müddətin tətbiq olunmasını istisna edə bilməz İkincisi, iddiaçı tərəf özü apellyasiya şikayətində qeyd olunan məbləğin cavabdehə 2000-2002-ci il tarixlərdə qısa müddətə verdiyini, lakin cavabdeh tərəfindən həmin müddət ərzində qaytarılmadığını, bundan bir neçə vaxt sonra prokurorluq orqanına müraciət etdiyini, lakin bu müddət ərzində məhkəmə müdafiəsindən istifadə etmədiyini bildirmişdir. Beləliklə də buradan da göründüyü kimi iddiaçı artıq həmin vaxtdan öz hüququnun pozulduğunu bilirdi. Bu səbəbdən də iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillər artıq məhkəmə kollegiyası tərəfindən inandırıcı və ağalbatan görünmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi, iddiаnın təmin оlunmаsı və yeni qətnаmə qəbul edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla iddiaçıya münasibətdə dəyişdirilə bilməz. Şərholunanlaraəsasən vəMülkiProsessualMəcəllənin 382, 384.0.1, 392, 393 və 405cimaddələrinirəhbərtutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-364/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1876/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1876/2020
24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver