Məhkəmə qərarları › İş №2(107)-188/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-188/2025

18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-188/2025 18.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qızına qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, e-2(033)-801/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 3940 (üç min doqquz yüz qırx) manat borc məbləğinin, eləcə də 59,40 (əlli doqquz manat 40 qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəllər tanıdığı Cavabdeh xx.xx.2022-ci il tarixdə ondan 500 manat borca pul istəmişdir. Eyni zamanda bildirmişdir ki, Zaqatala rayonunda dərman firmasında işləyir və dərman satışından yaxşı qazanc əldə etmək olur. Aldığı 500 manat görə dərman firmasından dərman sataraq ona 500 manata görə hər ay 50 manat qazanc verəcəkdir. O, da cavabdehin bu təklifi ilə razılaşaraq yuxarıda qeyd etdiyi kimi ona ilkin olaraq 500 manat borca pul vermişdir. Cavabdehdə 500 manata görə ona hər ay 50 manat qazanc vermişdir. Bir müddət sonra, yəni 2022-ci ilin iyul ayının ortalarında cavabdeh ondan əlavə olaraq 460 manat pul istəmişdir. 460 manata görə də ona əlavə qazanc verəcəyini bildirmişdir. O, cavabdehə 460 manatda vermişdir. Bir müddət sonra isə əlavə 150 manat ondan pul istəmiş və bildirmişdir ki, Bakıya firma ilə hesablaşmaya gedir və ona əlavə olaraq 150 manatda pul lazımdır. O, 150 manatı da cavabdehə borc olaraq vermişdir. Cavabdeh ondan aldığı borc pula görə qazancı vaxtlı-vaxtında verdiyinə görə onda etibar qazanmışdı. Bir müddət sonra yəni xx.xx.2022-ci il tarixdə cavabdeh ondan əlavə olaraq 4000 manat borca pul istəmiş və bildirdirmişdir ki, onun yeganə qazanc yeri işlədiyi dərman firmasıdır. Onu da dərman firmasından işdən çıxarırlar və ona təcili olaraq 4000 manat pul lazımdır. 4000 manatı ona verəcəyi təqdirdə ona hər ay borcundan 300 manat qaytaracağını bildirmişdir. Qeyd etdiyi kimi cavabdeh onda inam və etibar qazandığından bundan əlavə ailə vəziyyətinin sosial durumu ağır olduğundan 4000 manat pulu ona borc olaraq hər ay 300 manat qaytarmaq şərti ilə vermişdir. Cavabdeh əlavə olaraq ona əmək haqqı kartını vermişdir ki, hər ay həmin kartdan əmək haqqı yüklənən kimi borcunu götürsün. Cavabdehin əmək haqqı kartından o iki dəfə 350 manat, bir dəfə isə 220 manat pul çıxarmışdır. Bir müddət sonra isə görmüşdür ki, cavabdeh əmək haqqı kartına köçürülən məbləği “Birbank” tətbiqi vasitəsi ilə digər karta yönəltməklə 4000 manat borc pulun verilməsindən yayınır. O cavabdehə bu barədə məlumat verdikdə ona bildirmişdir ki, onun heç bir borcu yoxdur və tam şəkildə borcunu ödəmişdir. Cavabdehin anası ilə də bu barədə əlaqə saxladıqda bildirmişdir ki, qızının ona borcu yoxdur və tam şəkildə borcunu ödəmişdir. Cavabdehin anası qızının ona borcunun olmamasını bildirsə də, bir müddət sonra ona 150 manat bir, müddət sonra isə iki dəfə 50 manat 4000 manat olan borcundan ödəniş etmişdir. Cavabdeh ilə aralarındakı olan narazılıq səbəbindən nə 500 manat, 460 manat və 150 manatın qazancını, nədəki pulun özünü qaytarmamışdır. Cavabdehin anası ilə əlaqə saxlayaraq qızının borcunun qaytarılmasını tələb etdikdə isə sonuncu bildirmişdir ki, Şamama onu da ödəniş etməyə qoymur, qızının ona borcu yoxdur. əgər borcu varsa məhkəməyə müraciət edib pulunu tələb etsin. Bir müddət sonra Qax Rayon Polis idarəsində polis işləyən tanımadığı bir polis nəfəri ona zəng edərək bildirmişdir ki, Şamama ona olan borcunu ödəyəcək, lakin ona bir müddət vaxt vermək lazımdır. O, isə buna etiraz etmiş və bildirmişdir ki, Şamama özü ona pulu olmadığından ona bir manat da ödəməyəcəyini xəbər vermişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Halbuki, Şamamanın anası ilə aralarında olan whatsap yazışmaları və səsləri var ki, anası özü qızının ona borclu olmasını etiraf edir. Həmin səs yazılarını sübut növü olaraq məhkəməyə təqdim edəcəkdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, təqdim edilmiş whatsapp tətbiqi vasitəsi ilə aparılmış yazışmalarda cavabdeh iddiaçıya olan borcunu ödədiyini bildirmiş və iddiaçı dəfələrlə cavabdehdən bu barədə ödəniş qəbzlərini tələb etsə də sonuncu bundan imtina etmişdir. Cavabdehin xalası qızı Kəlmət adlı şəxs də iddiaçıdan borc pul götürmüş və cavabdeh ondan iddiaçıya ödəmiş olduğu pul ödənilməsi barədə qəbzləri istəyərək məhkəməyə təqdim etmişdir. Bu barədə Kəlmət özü iddiaçıya bildirmişdir. Bundan başqa cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərdə pulun kim tərəfindən ödənilməsi göstərilmir, hətta pul ödənilən şəxsin başqa şəxs olması görünür. Cavabdeh iddiaçıdan cəmi 2500 manat pul götürməsini bildirsə də, onun tərəfindən verilmiş qəbzlərdən və sonradan vermiş olduğu izahatından da onun 2750 manat ödəməsi məlum olur. Həmçinin cavabdeh anası tərəfindən də iddiaçıya pul ödənilməsini qeyd edir. Göründüyü kimi cavabdeh iddiaçıdan 2500 manat yox, 4000 manat borc pul götürmüşdür. Əgər 2500 manat pul götürmüş olsa idi həmin məbləği ödəməklə kifayətlənərdi. Onun məhkəməyə təqdim etdiyi whatsapp yazışmalarında cavabdehin anası sonuncunun 4000 manat pulun götürməməsini qeyd etmir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

4. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək göstərdi ki, iddiaçını bir tanışının vasitəsi ilə tanımışdır. O, 2022-ci ildə iddiaçıdan borclarını bağlamaq üçün borca pul götürmək qərarına gəlmişdir. İddiaçı ona birinci dəfə 500 manat, ikinci dəfə isə 2000 manat borc pul vermiş və o, əmək haqqına dair kartını sonuncuya vermişdir ki, oradan pulunu hər ay götürsün. İddiaçıya olan borcunu tam olaraq ödəmişdir. Hətta artıqlaması ilə pul vermişdir. Bu barədə ödəniş qəbzlərini məhkəməyə təqdim edir. Həmin qəbzlərlə iddiaçıya cəmi 1830 manat ödənilməsi təsdiq olunur. İddiaçı ilə borcun verilməsi ilə bağlı hər hansı bir müqavilə bağlanmamışdır. Bundan başqa iddiaçı ona məxsus əmək haqqı kartından iki dəfə 350 manat və bir dəfə 220 manat götürmüşdür. O, bunu iddia ərizəsində qeyd etməklə etiraf etmişdir. Anası qorxduğu üçün ondan xəbərsiz onun ödədiyi pul məbləğindən əlavə iki dəfə iddiaçıya pul ödəmişdir. İddiaçıya olan borcunu sonuncunun ona verdiyi bank kart hesablarına ödəniş etmişdir. Buna görə qəbzlərdə onun və digər şəxslərin adları qeyd olunmnuşdur. Hər ödəniş etdikdən sonra o, qəbzlərin fotoşəklini iddiaçıya whatsapp tətbiqi vasitəsi ilə atmışdır. Lakin telefonu dəyişildiyindən həmin mesajlar onda qalmamışdır. İddianı əsassız hesab edir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

5. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

6. Zaqatala Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, e-2(033)-801/2024 nömrəli qətnaməsi ilə, (hakim Vüqar Məmmədov) İddiaçı Cavabdeh 3940 (üç min doqquz yüz qırx) manat borc məbləğinin tutularaq ona ödənilməsi tələbinə dair iddiası rədd edilmiş, iddiaçı tərəfindən ödənilmiş 59,40 (əlli doqquz manat qırx qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilmişdir.

7. Birinci intansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı tələbini cavabdehə 2022-ci ildə ayrı-ayrı vaxtlarda 500, 460, 150 və 4000 manat pulu borc verməsi, cavabdehin əmək haqqı kartından iki dəfə 350 manat, bir dəfə isə 220 manat pul çıxarması, cavabdehin anasının qızının ona olan borcu üzrə bir dəfə 150 manat, iki dəfə isə 50 manat ödəniş etməsi, borcun 3940 manat hissəsinin ödənilməmiş qalması ilə əsaslandırmış, tələbinin əsası kimi istinad etdiyi həmin halların təsdiqi üçün whatsapp yazışmaları və səs yazılarını təqdim etmişdir. Lakin həmin sübutlarla, iddiaçının cavabdehə 2022-ci ildə ayrı-ayrı vaxtlarda 500, 460 manat və 150 manat pulu borc verməsi, eləcə də 4000 manat pulun borc verilməsinə dair yazılı formada borc müqaviləsinin bağlanması və ya həmin vəsaitin cavabdehə öhdəlikdən kənar qaydada ödənilməsi halları təsdiq edilməmişdir. Cavabdeh iddiaya etiraz edərək, 2022-ci ildə iddiaçıdan birinci dəfə 500 manat, ikinci dəfə isə 2000 manat pulu borc aldığını və borcun qaytarılması qaydasında aylıq əmək haqqını götürməsi üçün əmək haqqına dair kartını sonuncuya verdiyini, iddiaçıya olan borcunu artıqlaması ilə ödədiyini bildirmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. Məhkəmə iddiaçının tələblərinin əsası kimi istinad etdiyi halların təsdiqi üçün sübut təqdim etmədiyini nəzərə alaraq, iddiaçının 2022-ci ildə ona ümumilikdə 2500 manat pulu borc verdyinə dair cavabdehin bildirdiklərini işin hallarına uyğun saymışdır.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının bildirdiklərindən görünür ki, cavabdehin aldığı borc üzrə 1170 (əmək haqqı kartından 350 manat X 2 dəfə = 700+ 220 manat bir dəfə + cavabdehin anasının qızının ona olan borcu üzrə ödədiyi 150 manat bir dəfə + 100 (50 manat X 2 dəfə) manat =1170 manat) manat ona qaytarılmışdır. Eyni zamanda cavabdehin təqdim etdiyi ödəniş qəbzlərinin surətləri ilə təsdiq edilmişdir ki, iddiaçının kart hesabına, xx.xx.2023-cü il tarixdə 340 manat, xx.xx.2023-cü il tarixdə 150 manat, xx.xx.2023-cü il tarixdə 90 manat, xx.xx.2024-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 1100 manat və xx.xx.2023-cü il tarixdə 100 manat olmaqla ümumilikdə 1830 manat pul ödənilmişdir.

10. Məhkəmə, iddiaçının bildirdikləri və cavabdehin təqdim etdiyi ödəniş qəbzlərinin surətləri ilə cavabdehin iddiaçıya ümumilikdə 3000 (1170 manat+1830 manat=3000 manat) manat pulu qaytardığı təsdiq olunsa da, xx.xx.2023-cü il tarixdə 150 manat və xx.xx.2024-cü il tarixdə 50 manat ödənişlərlə, iddiaçının cavabdehin anasının qızının ona olan borcu üzrə 150 manat və 50 manat ödədiyinə dair bildirdiklərinin üst-üstə düşdüyünü nəzərə alaraq, qeyd edilən qəbzlərdə göstərilənlərin və iddiaçının bildirdiklərinin eyni vəsaitlər barədə olduğu və həmin vəsaitin ümumilikdə ödənildiyi müəyyən edilmiş məbləğdən çıxılmalı olduğu nəticəsinə gəlir və bununla da cavabdeh tərəfindən şəxsən özü və anası vasitəsi ilə iddiaçıya borc üzrə 2800 (3000 manat-150 manat - 50 manat manat=2800 manat) manat pulun qaytarılmasını işin hallarına uyğun saymışdır.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərdə pulun kim tərəfindən ödənilməsinin göstərilməməsi, hətta pul ödənilən şəxsin başqa şəxs olmasını bildirmişdir. Cаvаbdеh, həmin bank kart hesablarınа ödənişi iddiaçı verdiyi üçün etməsi əsаsı ilə bildirilənlərə еtirаz еtmişdir. İddiaçı tərəf cаvаbdеhin bildirdiklərini mübаhisəndirməmiş, bank kart hesablarının аid оlduğu şəхslərin müəyyən еdilməsini хаhiş еtməmiş, əksinə cаvаbdеhin bildirdiklərinə əsaslanaraq qеyd etmişdir ki, əgər borc 2500 manat pul götürülmüş olsa idi cavabdeh həmin məbləği ödəməklə kifayətlənərdi. Onun 2750 manat ödəməsi cavabdehin iddiaçıdan 2500 manat yox, 4000 manat borc pul götürməsini təsdiq edir. Göründüyü kimi, cаvаbdеhə görə оnun tərəfindən iddiаçıyа 3000 manat pul qаytаrılmış, iddiаçı tərəf isə onun 2750 manat ödəməsini qеyd еtməklə, cаvаbdеhin ən аzındаn bоrc üzrə həmin məbəğdə vəsаiti gеri qаytаrmаsını təsdiq еdir.

12. Məhkəmə, еyni zаmаndа iddiaçının bu barədə bildirdiklərini iddianın təmin edilməsinə əsas saymır. Belə ki, cavabdehin bildirdiklərinə görə anası qorxduğu üçün ondan xəbərsiz iki dəfə iddiaçıya pul ödəmişdir. Belə olan halda cavabdehin və anasının biri birindən xəbərsiz etdikləri ödəniş və ya ödənişlərdə yanılma nəticəsində qaytarılan vəsaitin alınmış borcdan artıq olması, borcun 4000 manat məbləğində götürülməsi halının sübutu olaraq dəyərləndirilə bilməz.

13. Məhkəmə iddia üzrə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə 2022-ci ildə ayrıayrı vaxtlarda olmaqla hazırda geri qaytarıldığı təsdiq edilmiş 2500 manatdan əlavə pulu borc və ya öhdəlikdən kənar qaydada verməsi təsdiq edilmədiyindən İddiaçı Cavabdeh 3940 (üç min doqquz yüz qırx) manat borc məbləğinin tutularaq ona ödənilməsi barədə iddiası rədd edilməlidir.

14. Məhkəmə hesab etmişdir ki, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə uyğun işdə iştirak edən şəxslərə aid edildiyindən, iddianın rədd edilməsi nəzərə alınıb iddiaçı tərəfindən ödənilmiş 59,40 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 439.4, 739.1, 740.2-ci maddələri, «Mahmudov Rusiyaya qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsnin 26 iyul 2007-ci il tarixli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsi Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 76.1, 76.2, 77.1, 88, 89, 106.1, 217.2, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.

17. Apellyаsiyа şikаyətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, o, məhkəmədə pul tələbi ilə bağlı iddia qaldıraraq pozulmuş hüquqlarının məhkəmə yolu ilə bərpa edilməsinə nail olmaq istəmişdir. Ancaq təəssüflər olsun ki, işə birinci instansiya məhkəməsi qismində baxan Zaqatala Rayon Məhkəməsi işin obyektiv həll edilməsi cəhdlər etməmiş, onun təqdim etdiyi sübutlara heç bir hüquqi qiymət verməmiş, onun təqdim etdiyi sübutların əleyhinə cavabdehin heç bir sübuta əsaslanmayan ifadələrini əsas tutaraq iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir.

18. Onunla Cavabdeh arasında borc münasibətlərinin olması işin mübahisəsiz halı olmaqla sonuncunun özü tərəfindən məhkəmə iclaslarında etiraf edilmişdir. Ancaq Cavabdeh aldığı borcun məbləğini azaldaraq guya ondan 2500 manat borc pul aldığını göstərmişdir. Tərəfindən məhkəməyə iddia tələbinin əsasını təsdiq edən yazışmalar və səs yazıları təqdim edilsə də, məhkəmə heç bir əsas olmadan Cavabdeh guya ondan 2500 manat pul alması və həmin pulu da, qaytarması ilə bağlı şifahi bildirdiklərini inandırıcı qəbul etmişdir ki, bunun səbəbləri bu gün də, ona qaranlıq qalmaqdadır.

19. Məhkəmə Mülki Prosessual Məcəllənin 9.3-cü maddəsindəki vəzifələri yalnız cavabdehin mövqeyinə münasibətdə icra edərək qeyri mötəbər dəlillərə əsaslanmamışdır. Məhkəmənin qətnaməsi və qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbləri də məhkəmənin üzərinə kifayət qədər vəzifələr qoyur ki, hazırkı işdə bu tələblərə də əməl olunmamışdır.

20. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallardan biri və ən əsası iddiaçının irəli sürdüyü tələbi əsaslandıran halların araşdırılması idi. Birinci instansiya məhkəməsi hazırki mübahisənin hər tərəfli araşdırılmasına çalışmamış, iş üzrə obyektiv məhkəmə araşdırmasını təmin etməmişdir.

21. Bir daha diqqətə çatdırmaq istəyir ki, onun əvvəllər tanıdığı Cavabdeh xx.xx.2022ci il tarixdə ondan 500 manat borca pul istəmişdir. Eyni zamanda bildirmişdir ki, Zaqatala rayonunda dərman firmasında işləyir və dərman satışından yaxşı qazanc əldə etmək olur. Aldığı 500 manat görə dərman firmasından dərman sataraq ona 500 manata görə hər ay 50 manat qazanc verəcəkdir. O da cavabdehin bu təklifi ilə razılaşaraq yuxarıda qeyd etdiyi kimi ona ilkin olaraq 500 manat borca pul vermişdir. Cavabdeh də 500 manata görə ona hər ay 50 manat qazanc vermişdir. Bir müddət sonra, yəni 2022-ci ilin iyul ayının ortalarında cavabdeh ondan əlavə olaraq 460 manat pul istəmişdir. 460 manata görə də ona əlavə qazanc verəcəyini bildirmişdir. O da cavabdehə əlavə olaraq 460 manat pul vermişdir. Bir müddət sonra isə əlavə 150 manat ondan pul istəmiş və bildirmişdir ki, Bakıya firma ilə hesablaşmaya gedir və ona əlavə olaraq 150 manat da pul lazımdır. O da 150 manatı da cavabdehə borc olaraq vermişdir. Onun cavabdehə mütəmadi olaraq borc vermək səbəbi onun ondan aldığı borc pula görə qazancı vaxtlı-vaxtında verərək etibarını qazanması olmuşdur. Bir müddət sonra yəni xx.xx.2022-ci il tarixdə cavabdeh ondan əlavə olaraq 4000 manat borca pul istəmiş və bildirdirmişdir ki, onun yeganə qazanc yeri işlədiyi dərman firmasıdır. Onu da dərman firmasından işdən çıxarırlar və ona təcili olaraq 4000 manat pul lazımdır. 4000 manatı ona verəcəyi təqdirdə ona hər ay borcundan 300 manat qaytaracağını bildirmişdir. Qeyd etdiyi kimi cavabdeh onda inam və etibar qazandığından bundan əlavə ailə vəziyyətinin sosial durumu ağır olduğundan 4000 manat pulu ona borc olaraq hər ay 300 manat qaytarmaq şərti ilə vermişdir. Cavabdeh əlavə olaraq ona əmək haqqı kartını vermişdir ki, hər ay həmin kartdan əmək haqqı yüklənən kimi borcunu götürmüşdür. Cavabdehin əmək haqqı kartından o, iki dəfə 350 manat, bir dəfə isə 220 manat pul çıxarmışdır. Bir müddət sonra cavabdeh əmək haqqı kartına köçürülən məbləği “Birbank” tətbiqi vasitəsi ilə digər karta yönəltməklə 4000 manat borc pulun verilməsindən yayınmışdır. Cavabdehin anası ilə də bu barədə əlaqə saxladıqda bildirmişdir ki, qızının ona borcu yoxdur və tam şəkildə borcunu ödəmişdir. Cavabdehin anası qızının ona borcunun olmamasını bildirsə də, bir müddət sonra ona 150 manat bir, müddət sonra isə iki dəfə 50 manat 4000 manat olan borcundan ödəniş etmişdir. Belə bir vəziyyətdə sual yaranır ki, əgər həqiqətən də, Cavabdeh ona olan borcunu tam şəkildə ödəmişdirsə, nəyə görə anası ona əlavə olaraq pul ödəyirdi? Bir daha diqqətə çatdırır ki, cavabdeh ilə aralarındakı olan narazılıq səbəbindən nə 500 manat, 460 manat və 150 manatın qazancını, nədəki pulun özünü qaytarmamışdır. Cavabdehin anası ilə əlaqə saxlayaraq qızının borcunun qaytarılmasını tələb etdikdə isə sonuncu bildirmişdir ki, Şamama onu da ödəniş etməyə qoymur, qızının ona borcu yoxdur, əgər borcu varsa məhkəməyə müraciət edib pulunu tələb etsin. Bir müddət sonra Qax Rayon Polis idarəsində polis işləyən tanımadığı bir polis nəfəri ona zəng edərək bildirmişdir ki, Şamama ona olan borcunu ödəyəcək, lakin ona bir müddət vaxt vermək lazımdır. O, isə buna etiraz edərək və bildirmişdir ki, Şamama özü ona borcu olmadığından bir manat da ödəməyəcəyini xəbər vermişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

22. O, məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən və məhkəmə araşdırılması zamanı iddia tələbinin əsasını təsdiq edən sübutlar kimi müvafiq mesajlaşmaları və səs yazılarını məhkəməyə təqdim etmişdir. Hansı ki, həmin mesajlar cavabdehin özündə də, var idi. Məhkəmə iclasları zamanı Cavabdeh ona olan borcunu ödədiyini və müvafiq olaraq çekləri ona atdığını bildirmişdir. Ancaq məhkəmə iclasında onun nümayəndəsi (vəkili) tərəfindən bununla bağlı sübutların təqdim edilməsi tələb edilsə də, müxtəlif bəhanələr gətirərək həmin sübutların təqdim edilməsindən yayınılmışdır.

23. Məhkəmə qətnaməsində göstərmişdir ki, göründüyü kimi, cаvаbdеhə görə оnun tərəfindən iddiаçıyа 3000 manat pul qаytаrılmış, iddiаçı tərəf isə onun 2750 manat ödəməsini qеyd еtməklə, cаvаbdеhin ən аzındаn bоrc üzrə həmin məbəğdə vəsаiti gеri qаytаrmаsını təsdiq еdir. Məhkəmənin həmin qənaətə hansı əsasla gəlməsi ona qaranlıq qalmaqdadır. Çünki, o, iddia ərizəsi verilərkən cavabdehin ona qaytardığı pul vəsaitlərini qeyd etmiş və həmin vəsaitləri borcun məbləğindən çıxmışdır. Cavabdehin məhkəməyə təqdim etmiş olduğu qəbzlərin isə onun tərəfindən ödənilmədiyini, başqa şəxs tərəfindən edilən ödənişlər olmasını təsdiq edən sübutu (səs yazısını) da məhkəməyə təqdim etməyinə baxmayaraq məhkəmə heç bir əsas olmadan onun sübutunu gözardı etmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi qəbzlərə diqqət yetirdikdə görünür ki, həmin qəbzlərdə ödəniş edən şəxsin kimliyi barədə heç bir qeyd yoxdur. Hətta qəbzlərin bir neçəsində pulun göndərildiyi şəxs belə ayrı-ayrı adamlardır. Cavabdeh həmin hissədə saxta sübutlar təqdim edərək məhkəməni yayındırmışdır. Məhkəmə isə həmin hallara heç bir diqqət yetirməmişdir. Sadə bir sual yaranır ki, cavabdeh özü məhkəmə iclasında özünün əmək haqqı kartını ona verdiyini və ona olan borcunun tərəfindən həmin kartdan çəkilməli olduğunu qeyd etmişdir. Ancaq sonradan həmin kartın aqibətinin nə olduğunu məhkəmədən gizlətmişdir. Əgər həqiqətən də, cavabdeh ona olan borcunun ödənilməsi üçün bank kartını ona verirdisə nəyə görə sonradan guya ona müxtəlif qəbzlərlə pul göndərirdi? Halbuki onun cavabdehlə aralarında pulla bağlı mübahisə yaranan zaman Cavabdeh xalası qızı Kəlmət ona zəng edərək cavabdehin ona olan borcunu guya ödəməsini təsdiq edən sübut kimi ona borcu olan ayrı-ayrı adamlardan, həmçinin onun özündən qəbzlər axtardığını və həmin qəbzləri məhkəməyə özünün adından təqdim edəcəyini bildirmişdir. Bununla bağlı müvafiq sübutu məhkəməyə təqdim etsələr də, onun həmin sübutu gözardı etmiş, ümumiyyətlə qiymət verməmişdir. Yuxarıda göstərdiklərindən də görünür ki, işə birinci instansiya məhkəməsi qismində baxan Zaqatala Rayon Məhkəməsinin hakimi heç əlavə araşdırma aparmadan, yalnız cavabdehin heç bir sübutla təsdiq edilməyən şifahi ifadələrinə əsaslanaraq onun iddia tələbini rədd etmişdir.

24. Birinci instansiya məhkəməsi isə həmin hallarla bağlı heç bir araşdırma aparmamış, formal mülahizələrə əsaslanmaqla qərar qəbul etmişdir. Məhkəmə isə sadəcə cavabehin göstərdikləri ilə kifayətlənmiş və müvafiq araşdırma aparmamışdır.

25. Odur ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-801/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, onun Cavabdeh qarşı “pul”tələbinə dair iddia ərizəsinin tam şəkildə təmin edilməsi, Cavabdeh 3940 (üç min doqquzyüz qırx) manat borc məbləğinin, eləcə də 59,40 (əlli doqquz manat 40 qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulub ona ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, e-2(033)- 801/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, e-2(033)-801/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, e- 2(033)-801/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsaasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

32. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neqanti, incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

Apellyasiya baxışının hədləri

33. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Apellyator Zaqatala Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, e- 2(033)-801/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur .

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

38. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı aralarındakı şifahi razılaşma üzrə cavabdehə 500 manat, 460 manat, 150 manat, 4000 manatı borc olaraq verdiyinə, borcun bir hissəsinin qaytarılmasına baxmayaraq, 3940 manat borc məbləğinin isə qaytarılmamasına istinad edərək, həmin məbləğin cavabdehdən xeyrinə tutulmasını xahiş etmiş, cavabdeh tərəfindən isə iddia tələbi qəbul edilməmiş, onun tərəfindən iddiaçıdan iki dəfəyə, 500 manat və 2000 manat olmaqla, cəmi 2500 manat borcun alınmasına, həmin borcun da artıqlaması ilə qaytarılmasının əsas gətirərək iddianın rədd edilməsini xahiş etmişdir.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

40. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehə 500 manat, 460 manat, 150 manat, 4000 manatı cavabdehə borc olaraq verməsi, cavabdehin 500 manat, 460 manat, 150 manatın qazancını, nədəki pulun özünü qaytarmaması, 4000 manat borc pulun verilməsindən yayınmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, Cavabdeh tərəfindən iddiaçıdan borc olaraq alınması etiraf edilən 2500 manat məbləğ istisna olmaqla İddiaçı tərəfindən Cavabdeh daha yüksək pul məbləğinin borc olaraq verilməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

41. Əksinə iş materialları ilə Cavabdeh İddiaçı müxtəlif vaxtlarda 3000 manat pul vəsaitini ödəməsi öz təsdiqini tapmışdır.

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin məhkəməyə təqdim etmiş olduğu qəbzlərin onun tərəfindən ödənilməməsi, başqa şəxs tərəfindən edilən ödənişlər olmasını təsdiq edən sübutu (səs yazısını) məhkəməyə təqdim etməsi, cavabdehin məhkəməyə təqdim etdiyi qəbzlərə diqqət yetirdikdə həmin qəbzlərdə ödəniş edən şəxsin kimliyi barədə heç bir qeydin olmaması, qəbzlərin bir neçəsində pulun göndərildiyi şəxsin belə ayrı-ayrı adamlar olmasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarında olan 10 mart 2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, müştəri İsma***** El*** Ok*** oğ**, kart hesab nömrəsi 52xxxxxxxx964311 olan hesaba 150 manat, 26730 saylı 11 mart 2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, müştəri adı İsma***** El*** Ok*** oğ**, kart hesab nömrəsi 41xxxxxxxx449653 olan hesaba 90 manat, 14 mart 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, müştəri adı İsma***** El*** Ok*** oğ**, kart hesab nömrəsi 41xxxxxxxx449653 olan hesaba 50 manat, müştəri İsma***** El*** Ok*** oğ**, kart hesab nömrəsi 52xxxxxxxx964311 olan hesaba 1100 manat, 22488 saylı 28 fevral 2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, müştəri İsa*** El*** Qüd*** oğ**, kart hesab nömrəsi 41xxxxxxxx140526 olan hesaba 340 manat, 01 sentyabr 2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, müştəri Cəbra***** Vü*** Na*** oğ**, kart hesab nömrəsi 41xxxxxxxx989062 olan hesaba 100 manat pul ödənilmişdir.

43. İddiaçının özü isə birinci instansiya məhkəməsinin iclasında cavabdehin aldığı borc üzrə 1170 (əmək haqqı kartından 350 manat X 2 dəfə = 700+ 220 manat bir dəfə + cavabdehin anasının qızının ona olan borcu üzrə ödədiyi 150 manat bir dəfə + 100 (50 manat X 2 dəfə) manat =1170 manat) manatın ona qaytarıldığını təsdiq etmişdir.

44. Təqdim edilən qəbzlərdəki 340 manat və 100 manat pul vəsaitlərinin digər şəxslərin adlarına olan hesablara köçürülməsi müəyyən edilsə də, təqdim edilən digər ödəniş sənədləri üzrə məbləğlərin məhz iddiaçıya aid hesaba köçürülməsi işin mübahisəsiz halıdır. Həmin qəbzlər məhkəməyə məhz cavabdeh tərəfindən təqdim edilməklə, onların digər şəxslərin ödənişlərinə aid olmasını təsdiq edə biləcək hər hansı bir sübut isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, iddiaçının məhkəməyə təqdim etdiyi və birinci instansiya məhkəməsinin 01 oktyabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında dinlənilmiş cavabdehin xalası qızının danışıqlarından da cavabdehin məhkəməyə təqdim etdiyi ödəniş sənədlərinin digər şəxslərə aid olması təsdiq edilməmişdir.

45. Cavabdeh tərəfindən iddiaçıya cəmi 3000 manat pul vəsaitinin ödənilməsi təsdiqini tapdığı halda həmin vəsaitdən 340 manat və 100 manat hissəsinin digər şəxslərin kart hesablarına ödənilməsinə gəlincə isə məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəf cаvаbdеhin bildirdiklərini mübаhisəndirməmiş, bank kart hesablarının аid оlduğu şəхslərin müəyyən еdilməsini хаhiş еtməmiş, əksinə cаvаbdеhin bildirdiklərinə əsaslanaraq qеyd etmişdir ki, əgər borc 2500 manat pul götürülmüş olsa idi cavabdeh həmin məbləği ödəməklə kifayətlənərdi.

46. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehin hazırda ona borcunun qalmasını təsdiq edə biləcək hər hansı bir sübutu təqdim edə bilmədiyindən birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə doğru mövqedən çıxış etmişdir.

47. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

48. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir.

49. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddia tələbi üzrə düzgün olaraq yuxarıda qeyd edilən nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, e-2(033)-801/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, e-2(033)- 801/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar