Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1881/2021 21.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Zərdab Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 2(035)-518/2021 nömrəli qətnaməsindən iddiаçı İddiaçı Məmməd qızı və cаvаbdеh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin (hakim Tahir Qubadov) 13 iyul 2021-ci il tarixli 2(035)- 518/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Zərdab Rayon Məhkəməsinin 2(035)-653/2018 nömrəli 31.08.2018-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh 30.04.2015-ci il təvəllüdlü X4 və 19.04.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 150 manat, cəmi 300 (üç yüz) manat alimentin tutularaq İddiaçı verilməsi, dəyişdirilən miqdarda alimentin tutulmasının əvvəlinin qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanması, Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq dövlət mədaxilinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən hər ay 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq iki uşağının saxlanması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə 14 iyun 2014-cü ildə rəsmi nikaha daxil oaraq ailə qurmuş, birgə nikahlarından iki uşaqları-30.04.2015-ci il təvəllüdlü X4 və 19.04.2016-cı il təvəllüdlü X5 anadan olmuşdur. Cavabdehlə 2017-ci ilin dekabr ayından ayrılıqda yaşayırlar. Hazırda Zərdab Rayon Məhkəməsinin icraatında cavabdehlə aralarındakı nikahın pozulmasına dair mülki iş var. Bakı şəhərində yaşamaqla uşaqları Hüseyn və Yağmur özünün yanında qalır. Zərdab Rayon Məhkəməsinin 2(035)-653/2018 nömrəli 31.08.2018-ci il tarixli qətnaməsinə əsasən hazırkı cavabdehdən Hüseyn və Yağmurun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 130 manat, cəmi 260 manat aliment tutulması qət edilmişdir. Həmin məbləğdə tutulan aliment uşaqların ehtiyaclarını tam ödəmir. Özü heç bir yerdə işləmir, maddi cəhətdən əziyyət çəkir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəmənin iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı ilə 14.06.2014-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından iki uşaqları-30.04.2015-ci il təvəllüdlü X4 və 19.04.2016-cı il təvəllüdlü X5 anadan olmuşdur. İddiaçı ilə 2017-ci ilin dekabr ayından ayrılıqda yaşayırlar. Hazırda iddiaçı ilə aralarındakı nikahın pozulmasına dair Zərdab Rayon Məhkəməsinin icraatında mülki iş var. Zərdab Rayon Məhkəməsinin 2(035)- 653/2018 nömrəli 31.08.2018-ci il tarixli qətnaməsinə əsasən Hüseyn və Yağmurun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 130 manat, cəmi 260 manat aliment ödəyir. Özü Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı X1 çilingər işləyir, 270 manat əmək haqqı alır. Ondan tutulan aliment artırılarsa, artırılan məbləğdə aliment ödəməyə imkanı olmayacaqdır. Ona görə də məhkəmədən iddianın rədd edlməsini xahiş edir. İş üzrə Zərdab Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 2(035)-518/2021 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayəti verən cavabdeh qətnamənin ləğv edilməsini, iddiaçı isə qətnamədə dəyişiklik edilərək cavabdehdən 2 uşağının saxlanması üçün hər uşağa görə hər ay 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətlərinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə onun maddi vəziyyətini (ayda cəmi 270 manat maaş almasını), tikdiyi yaşayış evinin keçmiş ailəsinin istifadəsində olduğunu nəzərə almamış, ondan qazancının məbləğindən daha çox 300 manat miqdarında alimentin tutulmasını qət etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, özü heç yerdə işləmir, yalnız övladlarına baxır. 300 manat pul isə uşaqların tələbatını ödəməyə yetmir. Yaşayış minimumu 175 manat həddində müəyyən edilmişdir. Ona görə də cavabdehdən hər ay iki uşağa görə 350 manat aliment tutulmasını xahiş etmişdir. Lakin işə baxan hakim hər uşağa görə 175 manat deyil, 150 manat tutulmasını qərara almışdır. Bu isə övladlarının normal yaşaması üçün kifayət etmir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini, özünün apellyasiya şikayətinin təmin edilməsini və Zərdab Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 2(035)-518/2021 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının tarixi, vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəmə kollegiyasına teleqram göndərərək himayəsində 2 uşağının olması və yol məsafəsinin uzaq olması səbəbindən hazırkı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, apellyasiya şikayətini müdafiə etdyini bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən 14.06.2014-cü il tarixdə verilmiş Nikah haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X3 arasında 14.06.2014-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinin nikah akt qeydləri kitabında 288 № ilə qeyd edilməklə rəsmi nikаh bаğlаnmış, ərə Məmmədov, arvada Məmmədova sоyаdı verilmişdir. Zərdab rayon Yuxarı Seyidlər kənd inzibati ərazi dairəsi tərəfindən 26.05.2015-ci il və Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən 18 may 2016-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamələrin notariat qaydada təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından 30.04.2015-ci il təvəllüdlü X4 və 19.04.2016-cı il təvəllüdlü X5 doğulmuşdur. Zərdab Rayon Məhkəməsinin 2(035)-653/2018 nömrəli 31.08.2018-ci il tarixli qətnamənin surətindən görünür ki, hazırki Cavabdeh 30.04.2015-ci il təvəllüdlü X4 və 19.04.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasıüçün hər ay hər uşağa görə 130 manat, cəmi 260 manat aliment tutularaq hazırki İddiaçı verilməsi qət edilmişdir. Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş 17.06.2021-ci il tarixli 455 saylı arayışdan görünür ki, Cavabdeh 02.08.2019-cu il tarixdən Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı X1 çilingər işində işləyir. Ştat cədvəlinə uyğun olaraq aylıq əmək haqqı 270 manatdır. İşin həqiqi halları ilə müəyyən edilir ki, İddiaçı Cavabdehla 14.06.2014-cü il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsində nikah bağlamaqla ailə qurmuşdur. Birgə yaşadıqları dövrdə onların 30.04.2015-ci il tarixdə Hüseyn və 19.04.2016-cı il tarixdə Yağmur adlı uşaqları anadan olmuşdur. Münasibətləri uyğun gəlmədiyindən aralarında bağlanmış nikah 24 yanvar 2014-cü il tarixli məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Tərəflər 2017-ci ilin dekabr ayından ayrılıqda yaşayırlar. Hazırda Zərdab Rayon Məhkəməsinin icraatında tərəflərin aralarındakı nikahın pozulmasına dair mülki iş var. Cavabdehdən Zərdab Rayon Məhkəməsinin 2(035)-653/2018 nömrəli 31.08.2018-ci il tarixli qətnaməsinə əsasən Hüseyn və Yağmurun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat məbləğində aliment tutulması qət edilmişdir. İddiaçı uşaqları ilə birlikdə Bakı şəhərində yaşayır. İddiaçı uşaqların saxlanılması üçün həmin miqdarda alimentin tutulmasının davam etməsinin uşaqların saxlanmasında yetərli olmadığını iddia edərək Zərdab Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və alimentin artırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. 8-ci mаddəsinə əsаsən, hər bir uşаğın yаşаmаq, nоrmаl şərаitdə fiziki, əqli və mənəvi cəhətdən inkişаf еtmək hüququ vаrdır. Dövlət bu şərаiti təmin еdən iqtisаdi, sоsiаlhüquqi və digər tədbirlər görməyi, sаğlаm və təhlükəsizlik mühiti yаrаtmаğı öz öhdəsinə götürür. 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Uşaq Hüquqları Haqqında BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Birləşmiş Millətlər Təşkilatının 20 noyabr 1959-cu il tarixli Uşaq hüquqları Bəyannaməsinin 2-ci prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4-cü prinsipinə əsasən, uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır və bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. Həmin Bəyannamənin 6-cı prinsipində deyilir ki, azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və Uşaq hüquqları haqqında BMT-in 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci mаddəsinə görə, аliment ödənilməsi bаrədə sаziş оlmаdıqdа, məhkəmə tərəfindən аlimentin miqdаrı müəyyən оlunduqdаn sоnrа tərəflərdən birinin аilə və yа mаddi vəziyyətində dəyişiklik оlmuşsа, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə аlimentin müəyyən оlunmuş miqdаrını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaitin, yəni alimentin məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 01 yanvar 2021-ci il tarixdən yaşayış minumumu uşaqlar üçün artırılaraq 175 (bir yüz yetmiş beş) manat müəyyən edilmişdir. Uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, habelə mövcud bazar qiymətlərini nəzərə aldıqda görünür ki, bir nəfər uşağın saxlanılması üçün qət edilmiş 150 manat sabit pul məbləğində aliment məbləği ağlabatandır və heç də çox deyildir. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, iddiaçının maddi vəziyyətini, o cümlədən uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, alimentin artırılması üçün qanuni əsasın olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, cavabdeh hər ay hər aşağa görə 150 manat, cəmi 300 manat məbləğində alimenti ödəməyə imkanının olmamasını təsdiq edən sübut təqdim etməmişdir. Cavabdeh tərəfin göstərdiyi digər hallar isə birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Kollegiya qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. İddiaçının apellyasiya şikayətinin dəlillərinə gəlincə kollegiyanın qənaətincə qeyd edilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, məhkəmə tərəfindən alimentin məbləği müəyyənləşdirərkən aliment ödəyənin həmin məbləği ödəmək imkanının olub-olmamasını da müəyyənləşdirilir. Bundan əlavə, uşaqları saxlamaq hər iki valideyinin vəzifəsidir. Ona görə məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, iddiaçı cavabdehin aylıq gəliri və qazancı barədə, eləcə də daimi iş yeri və sabit gəlir mənbəyi barədə məlumatı məhkəməyə təqdim edə bilməmişdir, onda onun apellyasiya şikayəti formal mülahizələr əsasında təmin oluna bilməz. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası həm iddiaçının, həm də cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətlərinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayətləri təmin edilməməli və Zərdab Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 2(035)-518/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. MPM-in 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Zərdab Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 2(035)-518/2021 nömrəli qətnaməsi ilə cavabdehdən 30.04.2015-ci il təvəllüdlü X4 və 19.04.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat alimentin tutularaq iddiaçıya verilməsi qət edilmiş, tərəflər isə apellyasiya şikayətlərində həmin məbləği mübahisələndirmişlər. Deməli, qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiаçı İddiaçı Məmməd qızı və cаvаbdеh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 2(035)-518/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1881/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1881/2021
21.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver