Məhkəmə qərarları › İş №2(107)-1898/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1898/2021

16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1898/2021 16.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə Eyvazov Akif Məhərləm oğlu və X1 ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbinə dair” mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(016)-556/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(016)-556/2021 nömrəli qətnaməsi ilə (hakim Anar Əsgərov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddiası rədd edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən ona olan 2.275 manat borc məbləğinin, 5.000 manat məbləğində dəymiş ziyanın və dövlət rüsumuna görə ödənilmiş 30 manat pul vəsaitinin tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağsu rayonunun Cəfərli kənd ərazisinin yaxınlığında fermer təsarüfatı vardır. 2017-ci ildə həmin kənd sakinləri Cavabdeh1, Rəşidin oğlu Cavabdeh2 və Rəşidin kürəkəni Cavabdeh3 fermaya gələrək bir baş xırda buynuzlu heyvanı 65 manat dəyərində hesablamaqla, ümumi 2.275 manat dəyərində 35 baş xırda buynuzlu heyvan alaraq pulunu yaxın zamanda ödəməsinə söz versə də hələ də pulu ödəməmişdir. 2017-ci ildə Rəşid aldığı xırda buynuzlu heyvanların pulunu versəydi həmin pula təsərrüfatında heyvanların çoxalmasına və artıq gəlir əldə etməyinə şərait yaranardı. Lakin, 35 baş xırda buynuzlu heyvanın hazırkı vaxta kimi hər birinin bir bala verməsini, əlavə yem və digər xərclərini ixtisar etməklə heyvanın dəyərini hesablamaqla, ümumilikdə cavabdehlər ona 5.000 manat dəyərində zərər vermişlər. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı iddia tələbinə uyğun apellyasiya şikayəti verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, o, Ağsu rayonu ərazisində fermer təsərrüfatında sahibkarlıqla məşğuldur. Cavabdeh1 həmin fermada baytar kimi işləyib. 2017-ci ildə yazda qoyun qırxımı olan zaman onlar qoca qoyunları ayırmışdıar. Rəşid isə bunları görüb və onun əmisi nəvəsi olan Cavabdeh3 deyib ki, Alxanda qoca qoyunlar var. Cəmildə ona zəng edərək ondan qoca qoyunların olduğunu və 20 baş qoyunun ona verməsini istəyib. O da Cəmilə onun pulu olmadığını özü aparıb satacağını bildirib. Bir müddət sonra Cavabdeh1 ona zəng edib Cəmilə niyə qoyunları vermədiyini soruşanda o, Cəmilin pulu olmadığını bildirib. Rəşid isə həmin pulu mən verəcəm deyərək, onu razı salıb. Onlar isə 20 qoyun əvəzinə 35 qoyun aparıblar. 25 qoyun Cəmil, 15 qoyun da Rəşidin oğlu Şirxan aparıb. Payızda onlar qoyunu satarkən o görüb ki, Cəmil qoyunu satıb həmin pula VAZ 21011 maşın almaq istəyir. O, düşünüb ki, Cəmil həmin maşınla pul qazanıb onun pulunu verər. Amma ondan bir il keçməsinə baxmayaraq hələ də onun pulunu verməmişdir. O Cəmiln atasının yanına gedib Cəmilin ona 1300 manat qoyunların pulunu verməli olduğunu, bir qoyunu ona 65 manatdan satdığını söylədi. Atası biz o işə qarışmırıq. Özü bilər demişdir. O Rəşidin yanına getmiş, Rəşiddə o pulu verə bilməyəcəyini demişdir. Bununla bağlı aralarında bir az mubahisə olmuşdur. Bir muddət sonra onun inəyi xəstələnmişdir. O Rəşidə zəng edib inəyi xəstələnib ona iynə vurmaq lazim olduğunu demişdir. Rəşid gələcəyini bildirsədə, amma gəlməmişdur. Onun inəyi öldüyündən onların arasında bir az mübahisə olmuşdur. 10 gun sonra yenə mallarda xəstəlik olmuşdur. O, Rəşidə birdə zəng edib fermada oldugunu bildirmiş və ora gəlməyini xahiş etmişdir. Rəşid isə onun onların həkimi olmadığını və uzaqda olduğunu bildirmişdir. Odur ki, məhkəmə kollegiyasından idiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, o Ağsu rayonunda baytarlıq məntəqəsinin müdiri işləyir. O İddiaçı fermasında 2005-ci ildən 2020-ci ilə kimi baytar həkimi işləyib. O başqa kənd sakinlərinin mal-qarasını müayinə edən zaman İddiaçı ona zəng edərək inəyinə sistem vurulmasını bildirmişdir. Lakin, o indi gələ bilməyəcəyini 4 nəfər kənd sakininin heyvanını müayinə edəcəyini bildirmişdir. Həmçinin o, baytar həkimlə yanaşı evlərdə usta işləmişdir. O, İddiaçı tövləsini tikmiş, lakin İddiaçı onun 4000 manat zəhmət haqqısını verməmişdir. O da İddiaçı pulun əvəzinə 2275 manat dəyərində 35 baş qoca qoyununu götürmüşdür. Cavabdeh1 eyni zamanda həmin heyvanların digər cavabdehlərə aidiyyatı olmadığını, digər cavabdehlərin sadəcə onun göstərişlərini icra etdiyini bildirmişdir. Odur ki,apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Hüququ məsələlər: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(016)-556/2021 nömrəli qətnaməsi ləğv edilməli, iddia isə qismən təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri sayır ki, MPM-in 2.1-ci maddəsinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. MPM-in 88, 217.1 və 217.2-ci maddələrinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Konstitusiyanın 25-ci maddəsinə əsasən iddiaçı və cavabdeh qanun və məhkəmə qarşısında bərabərdirlər, məhkəmə tərəfindən isə onlar arasında yaranmış mübahisəyə çəkişmə və tərəflərin hüquq bərabərliyi prinsipinə uyğun olaraq baxılmalıdır.Tərəflərin məhkəmə prosesində bərabərliyi onların tələb və etirazlarının əsaslandırılması üçün gətirdikləri dəlillərə qərəzsiz qiymət verilməsindən ibarətdir. MPM-in 220.4-cü maddəsinin tələbinə görə sübutlara verilmiş qiymətin nəticəsi məhkəmə tərəfindən qəbul olunmuş qətnamənin əsaslandırıcı hissəsində göstərirlir. Məhkəmə qətnamənin həmin hissəsində hər hansı qənaətə gələrkən əsaslandığı sübutları və hər hansı bir sübutun rədd edilməsinin əsaslarını göstərməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM-in) 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1 -ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MPM-in 14.2 və 77.1 -ci maddələrinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki və mülki prosessual qanunvericiliyin yuxarıda sadalanmış maddələrinin mənasından göründüyü kimi mülki hüquq pozuntusu - deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən əsaslıdır. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçının Ağsu rayonunun Cəfərli kənd ərazisinin yaxınlığında fermer təsarüfatı vardır. Cavabdehlərdən Cavabdeh1 həmin fermaya gələrək bir baş xırda buynuzlu heyvanı 65 manat dəyərində hesablamaqla, ümumi 2.275 manat dəyərində 35 baş xırda buynuzlu heyvan alaraq pulunu yaxın zamanda ödəməsinə söz versə də hələ də pulu ödəməmişdir. Öz növbəsində Cavabdeh1 iddia olunan sayda və məbləğdə xırda buynuzlu heyvanı fermadan götürdüyünü etiraf etmiş, lakin göstərmişdir ki, o İddiaçı tövləsini tikmiş, lakin İddiaçı onun 4000 manat zəhmət haqqısını verməmişdir. O da İddiaçı pulun əvəzinə 2275 manat dəyərində 35 baş qoca qoyununu götürmüşdür. Ancaq, tədqiq edilən iş materiallarından cavabdehin İddiaçı aid tövləni tikməsi öz tədiqini tapmır. Həmçinin, iddiaçı da həm 5000 manat məbləğində zərərin ona vurulması, eləcədə 2.275 manat məbləğində dəymiş ziayanın bilavasitə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfrindən vurulması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Halbuki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Görünüdüyü kimi məhkəmə iclasında Cavabdeh1 həqiqətən də iddiaçıdan 2275 manat dəyərində 35 baş xırda buynuzlu heyvan aldığını etiraf etmişdir. Əşyaların nisyə alqı-satqısından bəhs edən MM-in 600.1-ci maddəsinin tələbinə görə Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MPM-in 600.2-ci maddəsinin tələbinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. MPM-in 600.3-cü maddəsinin tələbinə görə satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. MPM-in 600.4-cü maddəsinin tələbinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MPM-in 600.5-ci maddəsinin tələbinə görə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. MPM-in 608-ci maddəsinin tələbinə görə əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə iddiaçı ilə cavabdehlərdən Cavabdeh1 arasında heyvanların nisyə satışı ilə bağlı alqı-satqı müqaviləsi mövcud olmuş. İddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməşdir. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, iddianın maddi ziyana dair hissəsi digər cavabdehlərə münasibətdə əsaslı deyildir. Belə ki, əvvəlki məhkəmə iclasında Cavabdeh1 eyni zamanda həmin heyvanların digər cavabdehlərə aidiyyatının olmadığını, digər cavabdehlərin sadəcə onun göstərişlərini icra etdiyini bildirmişdir. Oxşar münasibətləri tənzimləyən “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neqanti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir- birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən normaların tələbindən göründüyü kimi, sübutetmə vəzifəsi ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulmuşdur, işdə iştirak edən hər bir tərəf istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir. Məhkəmə isə mövcud sübutlar əsasında işi mahiyyəti üzrə həll etməli və qətnamə qəbul etməlidir. Bu baxımdan da məhkəmə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən maddi hüquq normasının tələbini pozmaqla əsassız qətnamə qəbul etmişdir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. MPM-in 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafıə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafıə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Apellyasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası iş üzrə yekun olaraq bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan təmin edilməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(016)-556/2021 nömrəli qətnaməsi ləğv edilməli və iddia qismən təmin edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası şərh edilənlərə əsaslanaraq və MPM-in 372, 384, 387, 392 və 393-cü maddələrini rəhbər tutaraq Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(016)-556/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbinə dair” iddiası qismən təmin edilsin. Cavabdeh1 2.275 (iki min iki yüz yetmiş beş) manat alınaraq İddiaçı verilsin. İddia 5.000 manat məbləğində dəymiş ziyanın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, eləcədə 2.775 manatın cavabdehlər Cavabdeh2 və Cavabdeh3 alınaraq İddiaçı ödənilməsi hissəsində təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar