Məhkəmə qərarları › İş №2(107)-1901/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1901/2021

10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1901/2021 10.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətininin nümayəndəsi X3 və Cavabdeh vəkili Vəkil iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin 14 may 2020-ci il tarixli 2(051)-17/2020 nömrəli qətnaməsindən iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Unibank” KB Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh, X5 və X1 iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas kredit borcu üzrə 8602,38 manat, faiz borcuna görə 1710,34 manat, cərimə borcu üzrə 3379,09 manat, cəmi 13691,81 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutuması, tələbin Cavabdeh mülkiyyətində ipoteka predmeti olan Mingəçevir şəhəri, D.Əliyeva küçəsində 0,06 ha torpaq sahəsi və həmin sahədə yerləşən 11 A fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 100.000 manat müəyyən edilərək hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi və əmlak satıldıqdan sonra ipoteka qoyan Cavabdeh və X2 həmin yaşayış sahəsindən ən geci 1 ay ərzində çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" KB ASC-dən artıq ödədiyi 2644,84 manat pulun və 5000 manat mənəvi ziyanın alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ə.Hüseynov) 14 may 2020-ci il tarixli 2(051)- 17/2020 nömrəli qətnaməsi ilə ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə qismən təmin edilərək, "xxxx" KB ASC-dən 2644,84 manatın Cavabdeh verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 14 may 2020-ci il tarixli 2(051)-17/2020 nömrəli qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 dekabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Əliyev sədrlik edən, məruzəçi, A.M.Eyvazov və İ.H.Şükürov) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 14 may 2020-ci il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə ilk iddia qismən təmin edilərək, Cavabdeh, Rəna Cəfərova və Arifə Məmmədovadan müştərək qaydada əsas borca görə 2.863,62 manat pulun tutulub "xxxx" KB ASC ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh məxsus olan Mingəçevir şəhəri, D.Əliyeva küçəsində yerləşən 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 11 “A” saylı fərdi yaşayış evinə yönəlməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 100.000 manat müəyyən edilməklə hərracdan satılması, satış həyata keçildikdən sonra Cavabdeh və Rəna Cəfərovanın həmin evdən ən geci 1 ay ərzində çıxarılmaları və ilk iddianın qalan hissədə və qarşılıqlı iddianın rədd olunması qət edilib. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03.08.2021-ci il tarixli qərarı ilə Cavabdeh kasasiya şikayəti təmin edilmiş, iş üzrə Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 dekabr 2020-ci il tarixli, 2(107)-1601/2020 saylı qətnaməsi ləğv edilmiş, mülki işə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşin halları: İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 16.09.2014-cü il tarixdə əsas kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 30000 manat məbləğində 60 ay müddətinə, 16.09.2019-cu il tarixinədək müddət ərzində əlavə kredit müqavilələri bağlamaqla kredit verilməsi nəzərdə tutulmuşdur. 19.09.2014-cü il tarixli, 2812micMNG/14 saylı əlavə kredit müqaviləsinə əsasən, Cavabdeh 30 ay müddətinə illik 24 % ödəmək şərti ilə 15000 manat məbləğində istehlak məqsədləri üçün kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatının üsulu kimi 17.09.2014- cü il tarixdə Cavabdeh mülkiyyətində olan Mingəçevir şəhəri, D.Əliyeva küçəsində 0,06 ha torpaq sahəsi və həmin sahədə yerləşən 11 A saylı fərdi yaşayış evi "xxxx" KB ASC-nin xeyrinə yüklü edilmişdir. İpoteka müqaviləsi 18.09.2014-cü il tarixdə DƏDRX tərəfindən dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda, əsas və əlavə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq X5 və X6 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini icra etməmiş, müqavilənin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Cavabdeh dəfələrlə xəbərdarılq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmiş və nəticədə onun banka 09 oktyabr 2019-cu il tarixədək 2894,33 manat məbləğdə kredit borcu yaranmışdır. Qeyd olunanlara əsasən Cavabdeh, X5 və X1 2894,33 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh mülkiyyətində ipoteka predmeti olan Mingəçevir şəhəri, D.Əliyeva küçəsində 0,06 ha torpaq sahəsi və həmin sahədə yerləşən 11 A fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 100.000 manat müəyyən edilərək hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi və əmlak satıldıqdan sonra ipoteka qoyan Cavabdeh və X2 həmin yaşayış sahəsindən ən geci 1 ay ərzində çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslanıdırılmışdır ki, "xxxx" ASC ona, yəni Cavabdeh, X5 və X4 qarşı “Kredit, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. O məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və iş üzrə ekspertiza təyin olunmasını tələb etmişdir. Belə ki, ona məlum idi ki, o artıq pul ödənişi etmişdir. İş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş və ekspert rəyi ilə onun borcunun olmaması göstərilmişdir. Bankın nümayəndəsi ekspert rəyi ilə razılaşmamış və təkrar ekspertizanın aparılmasını tələb etmişdir. İş üzrə təkrar ekspertiza aparılmış və onun artıq 2644,84 manat ödəniş etməyi müəyyən olunmuşdur. Hazırda tərəfindən "xxxx" KB ASC-yə artıq ödədiyim 2644,84 manat pulun və 5000 manat mənəvi ziyanın alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 17/2020 saylı 14.05.2020-ci il tarixli qətnaməsi ilə razı deyillər. Adı çəkilən qətnamə çıxarılarkən bir sıra maddi və prosessual hüquq normaları pozulmuş, isin halları və sübutlar hərtərfii və obyektiv araşdırılmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını, Mingəçevir Şəhər Məhkəməsinin 14.05.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 AZN dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsi xahiş olunur. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətininin nümayəndəsi X7 apellyasiya şikayətinin məzmunun uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq digər cavabdehlər heç bir üzürlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri: Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib, proses iştirakçılarının izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 14 may 2020-ci il tarixli 2(051)-17/2020 nömrəli qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən: Məhkəmə Ekspertizası Mərkəzinin 28 noyabr 2018-ci il tarixli ekspert rəyinə görə, sözügedən kredit müqaviləsi üzrə Cavabdeh 31 yanvar 2017-ci il tarixə banka olan əsas borcu 8.400,05 manat, faiz borcu 622,71 manat olmaqla, cəmi 9.022,76 manat təşkil edir. Hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh tərəfindən 05 yanvar 2017-ci il tarixdən sonra banka 8.652,40 manat ödəniş edilib. Lakin ekspertin qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi 05 yanvar 2017-ci il göstərildiyindən, 8.652,40 manat məbləğində ödəniş nəzərə alınmayıb. Eyni zamanda sözügedən kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh cərimə hesablanmayıb. Həmin Mərkəzin digər 20 sentyabr 2019-cu il tarixli ekspert rəyindən görünür ki, kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh 05 yanvar 2017- ci il tarixə əsas borcu 8.543,89 manat, faiz borcu 486,38 manat; 19 mart 2017-ci il tarixə əsas borcu 8.543,89 manat, faiz borcu 907,88 manat təşkil edir. 10 dekabr 2018-ci il tarixə Cavabdeh tərəfindən banka 499,77 manat artıq ödəniş edilib. Qeyd olunan kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimə hesabı və cərimənin hesablanması qaydası göstərilmədiyindən Cavabdeh barəsində cərimə borcu hesablanmayıb. Həmin Mərkəzin digər 03 fevral 2020-ci il tarixli ekspert rəyindən görünür ki, kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh 05 yanvar 2017-ci il tarixə əsas borcu 8.543,89 manat, faiz borcu 486,38 manat; 19 mart 2017-ci il tarixə əsas borcu 8.543,89 manat, faiz borcu 907,88 manat təşkil edir. 09 oktyabr 2019-cu il tarixə Cavabdeh tərəfindən banka 2.644,84 manat artıq ödəniş edilib. Qeyd olunan kredit müqaviləsi üzrə 19 mart 2017-ci il tarixdən sonra Cavabdeh tərəfindən 2.145,08 manat ödəniş edilib. Həmin ödəniş nəzərə alındıqda Cavabdeh tərəfindən 2.644,85 manat artıq ödəniş edilib. Bundan başqa, sözügedən kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimə hesabı və cərimənin hesablanması qaydası göstərilmədiyindən Cavabdeh barəsində cərimə borcu hesablanmayıb. Həmçinin çıxarış məlumatlarına əsasən, Cavabdeh tərəfindən aparılmış ümumi ödəniş 25.699,39 manat təşkil edir. Həmin Mərkəzin digər 12 noyabr 2020-ci il tarixli ekspert rəyindən görünür ki, qeyd olunan kredit müqaviləsi üzrə Cavabdeh 09 oktyabr 2019-cu il tarixə banka ödənilməmiş 2.863,62 manat əsas, 0,00 manat faiz borcu olmaqla, cəmi 2.863,62 manat kredit borcu var. Həmin müqavilə üzrə cərimə faizi cərimə hesabından çıxarışda və maliyyə arayışında göstərildiyi kimi minimum 180 faiz dərəcəsi ilə hesablanılıb. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 13-cü mаddəsinin İ hissəsində göstərilir ki, Аzərbаycаn Respublikаsındа mülkiyyət tоxunulmаzdır və dövlət tərəfindən müdаfiə оlunur. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vаrdır. Mülkiyyət hüququ, о cümlədən xüsusi mülkiyyət hüququ qаnunlа qоrunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbаşınа və yа bаşqаlаrı ilə birlikdə əmlаkа sаhib оlmаq, əmlаkdаn istifаdə etmək və оnun bаrəsində sərəncаm vermək hüquqlаrındаn ibаrətdir. Heç kəs məhkəmənin qərаrı оlmаdаn mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır. Tərəflər arasında bağlanmış və yuxarıda göstərilən kredit müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (MM-in 317.1-ci maddəsi). «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununa əsasən ipoteka hüququ bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur (mad. 1.0.6). Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır (mad. 34.1). İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər (mad. 37.1). İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər (mad. 41.1). MM-in 319.3-319.6-cı maddələrinə əsasən, ipoteka ilə yüklü edilmiş obyektin alıcısı satınalma qiymətini ödəməyə borcludur. İpoteka ilə yüklü edilmiş obyektin tutmaya yönəldilməsi xərcləri satınalma qiymətindən tutulur. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. «İpoteka haqqında» Qanunun 47.4-cü maddəsində göstərilir ki, bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Qeyd olunanlarla yanaşı, «İpoteka haqqında» Qanunda göstərilir ki, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: -əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Bu Qanunun 4.1.4-cü və ya 5-ci maddələrində nəzərdə tutulmuş tələblər istisna olmaqla, ipoteka müqaviləsində əsas öhdəliyin (bu Qanunun 4.1.1‒4.1.3-cü maddələrində nəzərdə tutulmuş tələblərin) konkret məbləği göstərilibsə, həmin öhdəlik yalnız bu məbləğdə təmin edilmiş sayılır (mad. 4). İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar (mad. 59.3). Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar (mad. 59.4). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında 60 ay müddətində, 30.000 manata dair əsas kredit müqaviləsi bağansa da, sonuncuya 30 ay müddətinə, illik 24 faizlə 15.000 manat kredit həmin müqaviləyə əsasən deyil, onlar arasında sonradan bağlanmış 19 sentyabr 2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə verilib. Həmin müqavilənin müddəti isə 19 mart 2017-ci il tarixdə bitib. Məhkəmə Ekspertizası Mərkəzinin 28 noyabr 2018-ci il, 20 sentyabr 2019-cu il və 03 fevral 2020-ci il tarixli digər ekspert rəyləri ilə müəyyən olunur ki, borclu Cavabdeh 19 mart 2017-ci il tarixə "xxxx" KB ASC ödənilməmiş əsas borcu 8.543,89 manat, faiz borcu 907,88 manat təşkil edir. Həmin kredit müqaviləsi üzrə 19 mart 2017-ci il tarixdən sonra Cavabdeh tərəfindən 2.145,08 manat ödəniş edilib. Həmin ödəniş nəzərə alındıqda Cavabdeh tərəfindən "xxxx" KB ASC cəmi 2.644,85 manat artıq ödəniş edilib. Kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimə hesabı və cərimənin hesablanması qaydası göstərilmədiyindən Cavabdeh barəsində cərimə borcu hesablanmayıb. Həmçinin çıxarış məlumatlarına əsasən, Cavabdeh tərəfindən aparılmış ümumi ödəniş 25.699,39 manat təşkil edir. Bundan başqa əvvəlki apelyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 12 noyabr 2020-ci il tarixli sonuncu ekspert rəyinə tənqidi yanaşaraq, kollegiya qeyd edir ki həmin ekspert rəyindən görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh 09 oktyabr 2019-cu il tarixə banka ödənilməmiş 2.863,62 manat əsas, 0,00 manat faiz borcu olmaqla, cəmi 2.863,62 manat kredit borcu var. Həmin müqavilə üzrə cərimə faizi cərimə hesabından çıxarışda və maliyyə arayışında göstərildiyi kimi minimum 180 faiz dərəcəsi ilə hesablanılıb. Əvvəla, işdən görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında 60 ay müddətində, 30.000 manata dair əsas kredit müqaviləsi bağansa da, sonuncuya 30 ay müddətinə, illik 24 faizlə 15.000 manat kredit həmin müqaviləyə əsasən deyil, onlar arasında sonradan bağlanmış 19 sentyabr 2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə verilib. Həmin müqavilənin müddəti isə 19 mart 2017-ci il tarixdə bitib. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Həmin Qərarın 2-ci bəndində göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə, kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi mülki qanunvericiliyə və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının faizlərini, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə hesablanmış faiz formasında zərərin (real zərərin və ya əldən çıxmış faydanın) ödənilməsini tələb etmək hüququna malikdir. Bundan başqa, "xxxx" KB ASC məhkəməyə təqdim etdiyi hesabdan çıxarış məlumatlarına və sözügedən ekspert rəylərinə görə, Cavabdeh "xxxx" KB ASC cəmi 15.000 manat kredit borcuna görə sonuncuya 2.644,85 manat artıq olmaqla bütövlükdə 25.699,39 manat ödəniş edib. Məhkəmə Ekspertizası Mərkəzinin 12 noyabr 2020-ci il tarixli ekspert rəyində qeyd olunan kredit müqaviləsi üzrə cərimənin 180 faiz dərəcəsi ilə hesablandığını göstərsə də işdə, Cavabdeh "xxxx" KB ASC ödədiyi kredit borcunun hansı hissəsinin cəriməyə silinməsini, hesablanmasını özündə ehtiva edən heç bir yazılı sübut, o cümlədən ekspert rəyi yoxdur və ümumiyyətlə hesablanmış cərimənin Mülki Məcəllənin 462, 467-ci maddələrinin tələblərinə uyğun olub-olmaması kifayət qədər araşdırılmayıb. Halbuki, həmin maddələrin mənasına görə, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-ci maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 14 may 2020-ci il tarixli 2(051)-17/2020 nömrəli qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 noyabr 2018-ci il, 20 sentyabr 2019-cu il, 03 fevral 2020-ci il və 12 noyabr 2020-ci il tarixli ekspert rəyləri üzrə ekspertiza xərci olan 590 (145+150+150+145) pul "xxxx" KB Açıq Səhmdar Cəmiyyətindən tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 14 may 2020-ci il tarixli 2(051)-17/2020 nömrəli qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 noyabr 2018-ci il, 20 sentyabr 2019-cu il, 03 fevral 2020-ci il və 12 noyabr 2020-ci il tarixli ekspert rəyləri üzrə ekspertiza xərci olan 590 (145+150+150+145) pul "xxxx" KB Açıq Səhmdar Cəmiyyətindən tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən kassasiya şikayəti verə bilməz. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar