Məhkəmə qərarları › İş №2(107)-1902/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1902/2021

21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1902/2021 21.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(046)-18/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) 13 aprel 2021-ci il tarixli 2(046)-18/2021 nömrəli qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh 9112.68 manat əsas kredit borcu, 2351.19 manat faiz borcu, 622.70 manat müqavilənin müddətindən sonra illik 5 faiz olmaqla cəmi 12086.57 manat, 20 manat məbləğində dövlət rüsumunun və 0.40 manat xidmət haqqının alınaraq İddiaçı ASC-nin hesabına keçirilməsi, Dövlət rüsumunun kəsiri olan 10 manat məbləğində pulun Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməsi, iş üzrə ekspertiza xərci olan 100 manatın Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ34CTRE******************** nömrəli hesabına keçirilməsi qət edilmişdir. İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı və ya İddiaçı ASC) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 9112.68 manat əsas kredit borcu, 490.68 manat faiz borcu, cəmi 9603.36 manat kredit borcunun alınıb verilməsi barədə məhkəmə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin nümayəndəsi birinci instansiya məhkəməsinə iddianın həcminin artırılması barədə ərizə təqdim edərək cavabdehdən 9112.68 manat əsas kredit borcu, 2351.19 manat faiz borcu, 622.70 manat müqavilənin müddətindən sonra illik 5 faiz olmaqla cəmi 12086.57 manat kredit borcunun tutularaq Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. Bundan məhkəmə baxışının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış 17.11.2016-cı il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 10 faizlə 10.000 manat məbləğində kredit verilmişdir. Cavabdehə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. Buna görə də məhkəmədən tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Göyçay Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(046)-18/2021 nömrəli qətnaməsi qəbul edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Göyçay Rayon Məhkəməsinin 13 aprel 2021ci il tarixli qətnaməsinin dəyişdirilərək, Azərbaycan Respublikasının Beynəlxalq Bankı tərəfindən Prezidentin 19 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq, onunla X1 filialı arasında bağlanmış 17 noyabr 2016-cı il tarixli müqavilənin restrukturizasiya edilməsi və onunla Bank arasında yeni güzəştli müqavilə bağlayaraq banka olan borcunun dəqiq məbləğinin müəyyənləşdirilməsi və Dövlət rüsumu olaraq 15 manat pulun Bank tərəfindən ona ödənilməsi vəzifəsinin Beynəlxalq Bankın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları kobud surətdə pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydmlaşdırılmaması nəticəsində qeyri- obyektiv qətnamə qəbul edilmişdir. Məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 19 fevral 2019-ci il tarixli Fərmanını tətbiq etməmişdir. Prezidentin bu Fərmanı əsasında Azərbaycan Beynalxalq Bankı ASC tərəfindən onunla güzəştli müqavilə bağlanmamış, faiz borcları silinməmiş, Prezidentin Fərmanına əməl edilməmişdir, verilmiş iddia ərizəsində şişirdilmiş məbləğ kimi 9603.36 manat, sonra isə iddia mədləği artırılaraq 12086.57 manat tələb olunmuşdur. Müqavilə bağlanarkən aldığı kreditə görə, illik faiz ödənilməsi nəzərdə tutulduğu halda, məhkəmə əsassız olaraq, qanunvericilikdə nəzərdə tutulmadığı və lazımi qaydada əsaslandırılmadığı halda, yenidən 622.70 manat məbləğində 5% əlavə haqq ödənməsi vəzifəsini də üzərinə qoyaraq süni surətdə borc məbləğini artırmışdır. X1 filialı ilə bağladığı 17 noyabr 2016-ci il tarixli müqavilənin restrukturizasiya edilərək yeni, güzəştli müqavilə bağlanması barədə filiala müraciət etsə də, ona cavab verilmişdir ki, özləri onu dəvət edəcəklər, lakin onu dəvət etməmişlər. Hansı ki, Fərmana əsasən müqavilənin restruktrizasiya edilməsi vəzifəsi bilavasitə Bankın üzərinə qoyulmuşdur və ona görə də onlar müqaviləni restruktrizasiya edib dəyişərək imza etmək üçün onu dəvət etməli idilər. Məhkəmə isə lazımi qaydada araşdırma aparmadan, Prezidentin 19 fevral 2019-cu il tarixli Fərmanının verdiyi güzəştlərdən onun istifadə etməyinə qəsdən imkan verməyərək, göstərilən məbləğdə iddianın təmin edilməsi barədə ədalətsiz qərar qəbul etmişdir. Hansı ki, Prezidentin həmin Fərmanına əsasən onun X1 filialı ilə bağladığı 17 noyabr 2016-cı il tarixli müqavilə restrukturizasiya edilməli və yenidən güzəştli müqavilə bağlanmalıdır. Bundan sonra isə o, Banka olan borcumun ödənməsini davam etdirəcək. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdeh və nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəmə kollegiyasına teleqram ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəmə kollegiyasına ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: 17.11.2016-cı il tarixli 1152 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında 36 ay müddətinə 10 faizlə 10.000 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəmə-mühasibatlıq ekspertizasının 25.01.2021-ci il tarixli 9/5669 saylı ekspert rəyindən görünür ki, Cavabdeh 18.05.2020-ci il tarixədək banka əsas kredit borcu 9112.68 manat, faiz borcu isə 2580.27 manat təşkil edir. Aparılmış ekspertiza dəyəri 100 manat təşkil edir. Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tərəflər аrаsındа bаğlаnmış kredit müqаviləsi iddiа tələbi üzrə cаvаbdehin hüquq və öhdəliklərinin yаrаnmаsı üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci mаddələrində göstərilən hüquqi əsаslаrı təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi,o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. 739.2-ci mаddəsində göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа, o, kredit müqаviləsi аdlаnır. 742.1-ci mаddəsinə görə isə, bоrc аlаn bоrcun qаytаrılmаsı üçün qоyulmuş müddətdə bоrcu qаytаrmаlıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Belə ki, hazırkı mülki iş üzrə 17 noyabr 2016-cı il tarixli kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsiri altına düşür. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Qeyd olunan fərmanın 1ci bəndinə əsasən fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Eyni zamanda banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Göründüyü kimi Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Sadalananlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanını faiz borcuna münasibətdə tətbiq etməyi məqsədəuyğun hesab edir. Məhkəmə kollegiyası bu qənaətə gəlmişdir ki, apellyasiya şikayəti qalan hissədə əsassız olduğundan təmin edilə bilməz. Belə ki, 17 noyabr 2016-cı il tarixdə iddiaçı ilə Cavabdeh arasında 1152 nömrəli kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinin şərtlərinə görə sonuncuya təşkilat tərəfindən 36 ay müddətinə 10 faizlə 10.000 manat məbləğində pul ayrılmışdır və o, kreditdən istifadə haqqı illik 10 % olmaqla 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizləri Kredit müqaviləsinin 1 saylı əlavəsindəki qrafik üzrə ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra kredit borcu ödənilməmişdir. Cavabdeh apellyasiya şikayətində qətnamənin Azərbaycan Respublikasının Beynəlxalq Bankı tərəfindən Prezidentin 19 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq, onunla X1 filialı arasında bağlanmış 17 noyabr 2016-cı il tarixli müqavilənin restrukturizasiya edilməsi və onunla Bank arasında yeni güzəştli müqavilə bağlayaraq banka olan borcunun dəqiq məbləğinin müəyyənləşdirilməsi və Dövlət rüsumu 15 manat pulun Bank tərəfindən ona ödənilməsi vəzifəsinin Beynəlxalq Bankın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Odur ki, kollegiya apellyasiya şikyətinin dəlillərini qismən əsaslı hesab edir. Kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(046)-18/2021 nömrəli qətnaməsi qismən, yəni Cavabdeh kreditdən istifadəyə görə hesablanmış 2351.19 manat məbləğində faiz borcunun tutulması hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi faiz borcuna münasibətdə maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun olmamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(046)-18/2021 nömrəli qətnaməsi qismən, yəni Cavabdeh kreditdən istifadəyə görə hesablanmış 2351.19 manat məbləğində faiz borcunun tutulması hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(046)-18/2021 nömrəli qətnaməsi qismən, yəni Cavabdeh kreditdən istifadəyə görə hesablanmış 2351.19 (iki min üç yüz əlli bir manat 19 qəpik) manat məbləğində faiz borcunun tutulması hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin və iddia həmin hissədə rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar