Məhkəmə qərarları › İş №2(107)-1908/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1908/2020

20.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1908/2020 20.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “maddi və mənəvi ziyana görə pul” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(035)- 151/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən rayonun Alıcanlı kəndi ərazisində icarəyə götürdüyü 10 ha torpaq sahəsində əkdiyi arpa, taxıl və yonca sahəsinə şəxsi təsərrüfatlarında olan iri və xırda buynuzlu heyvanlarına otardılması nəticəsində vurulmuş ziyana görə 2350 manat ziyanın, eləcə də nalayiq söyüşlərlə söyərək təhqir edərək şərəf və ləyaqətini alçaltmaqla şəxsi nüfuzuna ciddi zərbə vurmaqla ona mənəvi ziyan vurduqlarına görə 3500 manat məbləğində təzminatın, ümumilikdə 5850 manat pulun cavabdehlərdən məcburi olaraq alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(035)-151/2020 nömrəli (hakim T.Qubadov) qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı maddi və mənəvi ziyana görə pul tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Zərdab rayon 2-ci Alcanlı bələdiyyəsi arasında bağlanmış xx.xx.2004-cü il tarixli icarə müqaviləsinəəsasən bələdiyyəyə məxsus olan 10 ha torpaq sahəsi 15 il müddətinə kənd təsərrüfatı məhsulları istehsalı və heyvandarlığın inkişafı məqsədi ilə ona icarəyə verilmiş, 2019-cu ilin sentyabr ayında müqavilənin müddəti bitmişdir. Həmin torpaq sahəsinin 2,5 hektarında arpa, 1 hektarında buğda, 6.5 hektarında isə yonca əkmişdir. Lakin, cari ilin yanvar ayının 11-dən başlayaraq hazırkı vaxtadək cavabdehlər özlərinə məxsus mal-qaranı, onun yonca və taxıl sahəsinə salaraq otarmaqla ona 2350 manat məbləğində maddi ziyan vururmuşlar. Bundan başqa cavabdehlər nalayiq söyüşlər söyərək onun şərəf və ləyaqətini alçaltmaqla ona mənəvi zərər vurmuşlar. Ona vurulan mənəvi zərəri 3500 manat məbləğində qiymətləndirir. Cavabdehlər ona həm maddi, həm də mənəvi zərər vurduqları üçün hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri : Apelyasiya şikayəti onunla əsaslandırmışdır ki, Zərdab Rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, cavabdehlər Alıcanlı bələdiyyəsinin icarə müqaviləsi əsasında icarəsinə torpaq sahəsinin verilməsini heç bir qanun normasına, məhkəmə aktına istinad etmədən, özbaşına olaraq qanunsuz hesab etmiş, şəxsi mal-qaralarını otararaq ona əmlak ziyanı vurmuşlar. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyan dəymişdir. Onlar həmin hərəkətlərini bu gün də davam etdirdiklərindən vurduqları maddi ziyanın həcmini artırır, onunmalqarasını qış yemindən də məhrum edirlər. Barəsində şikayət verdiyi məhkəmə aktı onunla əsaslandırılmışdır ki, "İddiaçıxx.xx.2019-cu il tarixdən sonra sözügedən torpaq sahəsindən istifadə etməsinin hüquqi əsası, yəni icarə müqaviləsi olmadığından onun icarə hüququndan irəli gələrək hazırki cavabdehlərə qarşı maddi zərərin əvəzinin ödənilməsini tələb etməsinin heç bir əsası yoxdur”.İş materiallarına əlavə edilmiş, 2-ci Alıcanlı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarından və həmin tarixli müqavilədən də göründüyü kimi torpaq sahəsindən istifadə hüququ torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin alınmasından sonra başlanmışdır. Cavabdehlər torpaq sahəsini özbaşına otararkən şəhadətnamədə göstərilən istifadə müddəti başa çatmamışdır. Bundan başqa icarə müqaviləsinin başa çatması səbəbindən Alıcanlı bələdiyyəsi torpaq sahəsinin boşaldılmasını tələb etməmişdi, bununlabağlı hərhansıiddiasıyoxidi. Məhkəmə bütün bunları nəzərə almadan əsassız qətnamə qəbul etmişdir.Bundan başqa müqavilədə göstərilən istifadə müddətinin başa çatması barədə məhkəmənin gəldiyi qənaət doğru deyildi, çünki tərəflər müddətin başa çatması müqavilənin eyni müddətə uzadılması imkanım istisna etmirdi və Alıcanlı bələdiyyəsi torpaq sahəsinin boşaldılmasını tələb etməməsi müqavilənin eyni müddətə uzadılması demək idi. Qanunsuz və əsassız məhkəmə aktı ilə mülkiyyət hüquqları müdafiəsiz qalmışdır. Ona görə də Zərdab Rayon Məhkəməsinin qətnaməsinin ləğv olunmasına və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçının mübahisələndirdiyi ərazi bələdiyyənin mülkiyyətindədir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apelyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçının mübahisələndirdiyi ərazinin iddiaçıya heç bir aidiyyəti yoxdur, həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 hər biri ayrı-ayrılıqda apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh7 apelyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçının icarə müqaviləsinin müddəti çoxdan bitib. Həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmaqla bütün kənd camaatının heyvanlarının örüş yeridir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Cavabdeh5 və X2 məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndələri qismində iştirak etmək istəsələr də iş materiallarının 71 və 72-ci səhifələrindəki etibarnamələrdən müəyyən edilir ki, həmin etibarnamələr yalnız Zərdab Rayon Məhkəməsində iştirak etmək üçün verilmiş, həmçinin etibarnaməıdə xüsusi səlahiyyətlər göstərilməmişdir. Kollegiya həmin şəxsləri nümayəndə qismində tanımayaraq, Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(035)- 151/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; 1-ci Alıcanlı bələdiyyəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, Zərdab rayonunun ikinci Alıcanlı bələdiyyəsinin xx xxxxxxxx 2004-cü il tarixli 03 saylı Qərarına əsasən İddiaçı 15 il müddətinə örüş məqsədilə 10 hektar torpaq sahəsi icarəyə verilmişdir. Keçmiş Torpaq Komitəsinin Zərdab rayon şöbəsi tərəfindən ona istifadə hüququna dair xx xxxxx 2005-ci il tarixdə JN-7056 saylı şəhadətnamə verilmişdir. İcarə müddəti bitməsinə baxmayaraq həmin sahə hal hazırda İddiaçı məxsusdur. Torpaqdan müvəqqəti istifadə hüququna dair (JN-70xx xxx 90502028) şəhadətnamənin surətindən görünür ki, İddiaçı Zərdab rayonu 2-ci Alıcanlı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 03 saylı qərarı və xx.xx.2004-cü il tarixli 01 saylı icarə müqaviləsi ilə Zərdab rayonu İİ-ci Alıcanlı Bələdiyyə fondundan k/t məhsulları istehsalı və heyvandarlığın inkişafı üçün 15 il müddətinə, 10 hektar torpaq sahəsi müvəqqəti istifadə üçün verilmişdir. Birinci Alıcanlı bələdiyyəsinin sədri H.Əsədov tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, 2-ci Alıcanlı kənd sakinləri İddiaçı və digərlərinə 2-ci Alıcanlı bələdiyyəsinin müvafiq qərarlarına əsasən verilmiş icarə torpaqları hal-hazırda bələdiyyənin kolluq örüş sahələri olmağına baxmayaraq kənd camaatının mal-qarasının çıxacaq və dayanacaq yeridir. Zərdab rayonu birinci Alıcanlı bələdiyyəsinin xx.xx.2020-ci il tarixli05 nömrəli iclas protokolundan görünür ki, İddiaçı və digərlərinin icarə müqaviləsi Azərbaycan Respublikasının Torpaq haqqında qanunlara əsaslanaraq qüvvədən düşmüş hesab edilmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görəmüvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 4.0.2-ci maddəsinə görə müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək səlahiyyəti bələdiyəyə məxsusdur. Həmin Qanunun 5.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Həmin Qanunun 6.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqaviləəsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyekdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqıödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə görə icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 706.1-ci maddəsinə görə torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci hissəsinə görəAzərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 51-ci maddəsinin 1-ci hissəsinə görə torpaq sahəsi üzərində icarə hüququ müqaviləəsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin Məcəllənin 51-ci maddəsinin 4-cü hissəsinə görə icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 56-cı maddəsinin 2-ci hissəsinə görə... bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Məcəllənin 56-cı maddəsinin 5-ci hissəsinə görə bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Zərdab rayonu 2-ci Alıcanlı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 03 saylı qərarı və xx.xx.2004-cü il tarixli 01 saylı icarə müqaviləsinə əsasən hazırkı İddiaçı k/t məhsulları istehsalı və heyvandarlığın inkişafı üçün 15 il müddətinə, 10 hektar torpaq sahəsi icarəyə verilmişdir. İcarə müddətində iddiaçı hər hansı bir etiraz olmadan sözügedən torpaq sahəsi üzərində icarə hüquqlarını həyata keçirərək, istifadə etmişdir. İcarə müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. İcarə müddətinin bitməsinə baxmayaraq İddiaçıərazini boşaltmamış, nə də ki, qanunvericilkdə nəzərdə tutulan qaydada hərrac vasitəsi ilə yeni icarə müqaviləsi bağlamamışdır. Bununla belə, o, hüquqi əsası olmadan sözügedən torpaq sahəsini istifadə etməkdə davam etmişdir. Cavabdehlər sözügedən torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin müddətinin xx.xx.2019-cu il tarixdə bitməsini və torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmasını nəzərə alaraq cari ilin yanvar ayının 11-dən başlayaraq sahəni otarmışlar. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini rədd etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kоllegiyаsı hesаb edir ki, аpelyаsiyа şikаyətində göstərilən dəlillər əsаssız оlduğundаn qətnаmənin ləğv edilməsi və iddiа tələbinin təmin edilməsi üçün əsаs оlа bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Hazırki iş üzrə, iddia tələbinin faktiki halları qanuni əsasların şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun olmadığından birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünəsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. q ə t e t d i: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(035)-151/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar