Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-192/2022 06.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(046)-1528/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28.08.2005-ci il tarixdə anadan olmuş X5 və 06.07.2009-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 175 manat cəmi 350 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) 08 sentyabr 2021-ci il tarixli, 2(046)- 1528/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilməsi, Cavabdeh Şəki Apellyasiya Məhkəməsinin 2(107)-349/2018 saylı 16.01.2018-ci il tarixli qətnaməsinə əsasən 28.08.2005-ci il tarixdə anadan olmuş X5 və 06.07.2009-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 110 manat cəmi 220 manat sabit pul məbləğində müəyyən edilməsi, Cavabdeh 28.08.2005-ci il tarixdə anadan olmuş X5 və 06.07.2009-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 110 manat cəmi 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilməsi, alimentin qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən tutulması, Cavabdeh 30 manat məbləğində rüsumun alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı Namazova X8 Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(046)-1528/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə birgə nikahdan 28.08.2005-ci il tarixdə X7 və 06.07.2009-cu il tarixdə X6 anadan olmuşdur. Cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuşdur. Şəki Apellyasiya 2(107)-349/2018 saylı 16.01.2018-ci il tarixli qətnaməsinə əsasən 28.08.2005-ci ildə andan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 70 manat və X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 100 manat cəmi 170 manat aliment alınıb iddiaçıya verilməsi qət edilmişdir. Uşaqlar böyüdükçə onların da maddi tələbatı artdığından uşaqları tək başına saxlamaqda çətinlik çəkir. Cavabdeh fərdi işlə məşğul olur, maddi imkanı yaxşıdır. Buna baxmayaraq uşaqların atası uşaqlarına əlavə heç bir maddi yardım göstərmir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hakim işə baxarkən və qətnamə çıxararkən bütün faktları ətraflı araşdırmamış, Azərbaycan Respublikasının MPM-nin 385-390-cı maddələrində təsbit olunmuş maddi və prosesual hüquq normalarının pozulması ilə əsassız qətnamə çıxarılmasına səbəb olmuşdur. Belə ki, ilk öncə qeyd edir ki, hakim qətnamə çıxararkən onun xəstə olmağı və dəfələrlə cərrahi əməliyyatlar keçirməyi səbəbindən əmək qabiliyyətsiz olduğunu nəzərə almamışdı. Baxmayaraq ki, bunu təsdiq edən sənədləri iddia ərizəsinə əlavə etmişdir. Hətta məhkəmə prosesi zamanı bunu dəfələrlə hakimin nəzərinə çatdırsa da göründüyü kimi çıxarılmış qətnamədə bununla bağılı bir kəlmə də yazılmamışdır. Bundan başqa qətnamədə onun uşaqlarının yetkinlik yaşına çatanadək onların saxlanması üçün hər ay ödənilən alimentin artırılmasına əsas verə biləcək mötəbər sübut təqdim edə bilməməyi qeyd edilmişdir. Hörmətli məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyir ki, məhkəmə prosesi zamanı o dəfələrlə cavabdehin torpaq sahəsinə, avtomobilə və kiçik biznesə malik olduğunu bildirmişdir. Düzdür bütün bunların mövcud olduğunu sübut etmək onun borcu olsa da, bunların mövcud olmasını araşdırmaq və tam əsaslı qətnamə çıxarmaq da məhkəmənin vəzifəsi idi. Lakin göründüyü kimi bunların heç biri məhkəmə tərəfindən araşdırılmamışdır. Bundan başqa məhkəmə qətnamə çıxararkən himayəsində olan uşaqların artıq böyüdüyünü, artıq məktəbyaşlı olduğundan tələbatlarının artdığını nəzərə almamışdır. Məhkəmədə cavabdehin alimentdən başqa öz uşaqlarına heç bir maddi dəstək vermədiyini dəfələrlə bildirsə də, yenə də hakim alimentin iddia tələbinə uyğun artırılmasından imtina etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 29 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikasında 2021-cu il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilmişdir. Lakin göründüyü kimi hakim qətnamə çıxararkən bunu nəzərə almamış, himayəsində olan azyaşlı övladlarının qanunla qorunan hüquqlarını pozmuşdur. Göyçay Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(046)-1528/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçıdan boşandıqdan sonra ikinci dəfə ailə qurmuş və ikinci nikahından da bir övladı dünyaya gəlmişdir. Hazırda rəsmi qaydada işləsə də, cəmi 310 manat məbləğində maaş alır. İddiaçı özü də işləyir və 400 manata yaxın əmək haqqı alır. Ona görə də mövcud ailə vəziyyətini nəzərə alaraq apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətindən göründüyü kimi iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilməyən hissəsində (hər uşaq üçün 65 manat cəmi 130 manat hissədə) mübahisələndirmişdir. Şikayət qətnamənin dəyişdirilməsinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, cavabdehin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, alimentin məbləği dəyişdirilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Şəki Apellyasiya Məhkəməsinin 2(107)-349/2018 saylı 16.01.2018-ci il tarixli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahından 28.08.2005-ci il tarixdə anadan olmuş X2 üçün 70 manat və 06.07.2009-cu il tarixdə anadan olmuş X1 üçün Cavabdeh hər ay 100 manat olmaqla, cəmi 170 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması qət edilmişdir. E-Məhkəmə sistemindən çıxarışından görünür ki, Cavabdeh "xxxx" ASC-də elektromexanik işləyir, aylıq gəliri 310 manat təşkil edir. Elektron məhkəmə sistemi çıxarışından görünür ki, İddiaçı BOKT "xxxx" QSC də işləyir və 400 manat məbləğində əmək haqqı alır. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Apellyasiya şikayətinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, həmin apellyasiya şikayətində qeyd olunanlar şikayətin tam təmin olunması üçün əsaslı olmasa da, qismən təmin edilməsi və alimentin məbləğinin dəyişdirilməsi üçün əsaslıdır. Belə ki, birinci instаnsiyа məhkəməsi аlimentin miqdаrını müəyyən edərkən tərəflər arasındakı qarşılıqlı münasibətə, uşaqların azyaşlı olmaqla ananın himayəsində olmasına, eləcə də uşaqlar üçün yaşayış minimumunun məbləğinə xüsusi diqqət yetirməmişdir. Düzdür, cavabdehin məhkəmə iclasında qeyd etdiyi dəlillər onu uşaqları ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşaqları saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin izahatında qeyd etdiyi dəlillər, o cümlədən onun himayəsində digər şəxslərin olması kimi dəlillər onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşaqlarının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi atanın da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi 28.08.2005-ci il tarixdə anadan olmuş X5 və 06.07.2009-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarını 110 manat müəyyən edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuş 110 manat məbləğində aliment, uşaqların fiziki, əqli, mənəvi və sosial cəhətdən sağlam böyüməsi və inkişaf etməsi üçün heç də kifayət qədər yetərli sayıla bilməz. Ona görə məhkəmə kollegiyası hesab edir ki, müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli və alimentin miqdarı hər ay bir uşaq üçün 125 manat, cəmi 250 manat məbləğində müəyyən edilməlidir. Apellyasiya instansiya məhkəməsi həmçinin hesab edir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(046)- 1528/2021 nömrəli qətnaməsi alimentin məbləğinə münasibətdə dəyişdirilməlidir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi-bir illik ödəməsinin məcmusu 5000 manatdan az olduğundan (65+65=130x12=1560) hazırki qətnamədən kassasiya şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiаçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(046)-1528/2021 nömrəli qətnaməsi “Cavabdeh alınmalı (tutulmalı) olan аlimentin məbləği ilə bаğlı hissədə dəyişdirilsin və həmin аlimentin məbləği hər ay bir uşaq üçün 125 (bir yüz iyirmi beş) manat, cəmi 250 (iki yüz əlli) manat məbləğində müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-192/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-192/2022
06.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver