Məhkəmə qərarları › İş №2(107)-1929/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1929/2021

21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1929/2021 21.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı, İddiaçı QSC-nin xeyrinə kredit müqaviləsi üzrə borcun tutulması və sair tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- kredit müqaviləsi, borc tələbi, faiz, qiymətləndirmə rəyi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin 21 iyun 2001-ci il tаrixli, 2(046)-22/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı AccessBank QSC iddia ərizəsi ilə, sonra dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh8 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 026R********** saylı kredit razılaşması üzrə 14090,16 ABŞ dolları məbləğində kredit borcu, 1903,50 ABŞ dolları məbləğində faiz borcu və 3251,71 ABŞ dolları məbləğində cərimə olmaqla ümumilikdə cəmi 19245 (on doqquz min iki yüz qırx beş) ABŞ dolları 37 (otuz yeddi) sent məbləğində kredit borcunun, 30 manat dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumunun, 21 manat xidmət haqqının tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında 76.1 m2 ümumi, 54.1 m2 yaşayış, 22 m2 yardımçı sahədən ibarət 3 otaqlı 7 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, həmin mənzil satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh7, Cavabdeh6, Cavabdeh2, X2 və Cavabdeh5 həmin mənzilə istifadə hüququnun itirilməsi, onların həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və İddiaçı QSC-nə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 17.04.2015-ci il tarixli 026L**********05 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (bir yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 21.04.2015-ci il tarixli 026R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış 25.11.2015-ci il tarixli 026R**********S saylı sazişə əsasən 21.04.2015-ci il tarixli kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 25.11.2015-ci il tarixdən aylıq 1.5% dərəcəsi ilə faizlər hesablanır və ödəniş məbləğləri və ödəniş tarixləri yeni ödəniş planına uyğun olaraq dəyişdirilir. Sazişin 3-cü bəndinə əsasən kredit alanın yeni ödəniş planı üzrə ödənişləri gecikdirildiyi günlərin ümumi sayı ödəniş planı üzrə ödənişlərin sayının iki mislindən artıq olduqda bank yeni ödəniş planı üzrə hər bir ay üçün kreditin qalıq məbləğinə bu sazişdən əvvəl kredit razılaşması ilə nəzərdə tutulmuş aylıq faiz dərəcəsi ilə müvafiq ay uçun bu saziş ilə nəzərdə tutulmuş aylıq faiz dərəcəsinin fərq, qədər faiz dərəcəsi, tətbiq etməklə cərimə hesablayaraq kredit alandan tələb edə bilər və bu halda kredit alan həmin cəriməni, banka ödəməlidir. Sazişin 4-cü bəndinə əsasən xarici valyutada verilmiş kredit uzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka ödəməlidir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 21.12.2015-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 kredit razılaşması üzrə götürdüyü kredit borcundan 909,84 ABŞ dolları ödəmiş, onun 14090,16 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri qaytarmadığı üçün 26.04.2016-cı il tarixə 127 gün üçün hesablanmış faiz borcu 1903,50 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 iddiaçı ilə bağladığı 17.04.2015-ci il tarixli 026M**********02 saylı ipoteka müqaviləsi (Göyçay rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilib) əsasında ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 76.1 m2 ümumi, 54.1 m2 yaşayış, 22 m2 yardımçı sahədən ibarət 3 otaqlı 7 nömrəli mənzili idiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən 7 saylı reyestr kitabının 88 saylı vərəqində qeydiyyata alınmış RX ******* saylı çıxarışa əsasən ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 76.1 m2 ümumi, 54.1 m2 yaşayış, 22 m2 yardımçı sahədən ibarət 3 otaqlı 7 nömrəli mənzilinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İş üzrə cavabdeh ipoteka verən İsmayılov Sayəddin Xəlil oğlu 19.05.2015-ci il tarixdə vəfat etmişdir. Göyçay Rayon Notariat Ofisinə mərhum İsmayılov Sayəddin Xəlil oğlunun vərəsələrinin olub-olmaması, vərəsələri tərəfindən ona məxsus olmuş hər hansı əmlakın qəbul edilib-edilməməsi və ya vərəsələr tərəfindən miras əmlakın qəbulundan imtina edilib-edilməməsi barədə məlumat verilməsi barədə 21.05.2020-ci il tarixli 133 saylı sorğu verilmiş, 09.06.2020-ci tarixli 464 saylı sorğuya cavab məktubu verilərək qeyd edilən şəxs barəsində vərəsəlik işinin açılmaması müəyyən edilmişdir. Göyçay rayon İcra Hakimiyyəti Mənzil İstismar Sahəsinin 36 saylı 10.04.2019-cu il tarixli arayışına əsasən müəyyən edilmişdir ki, ünvan 1 7 saylı mənzildə yaşamış mərhum İsmayılov Sayəddin Xəlil oğluna məxsus olmuş fərdi yaşayış evində hal-hazırda aşağıda adları göstərilən ailə üzvləri yaşayır: yoldaşı- Cavabdeh7-1954, oğlu Cavabdeh6-1976, oğlu - Cavabdeh1 – 1979, oğlu Cavabdeh2 – 1983, gəlini - X1- 1981, qardaşı yoldaşı - Cavabdeh5 – 1956. İş üzrə Cavabdeh4 26.04.2020-ci il tarixdə vəfat etmişdir. Bu səbəbdən də zamin Cavabdeh4 qarşı bankın iddiası yoxdur. Cavabdehə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. Bundan başqa iddiaçı məhkəməyə müraciət edərkən 30 dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödəmişdir. Buna görə də məhkəmədən xahiş etmişdir ki, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilsin. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edilir. Birinci instansiya məhkəməsində icraat Göyçay Rayon Məhkəməsinin 21 iyun 2001-ci il tаrixli, 2(046)-22/2021 saylı qətnaməsi ilə (hakim İ.Fəttahov) iddia qismən təmin edilmiş, Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh8 müştərək qaydada 026R********** saylı kredit razılaşması üzrə 14090 ABŞ dolları məbləğində kredit borcu, 1903 ABŞ dolları məbləğində faiz borcu və 51,71 ABŞ dolları məbləğində cərimə olmaqla ümumilikdə cəmi 16044.71 ABŞ dolları kredit borcunun Azərbaycan manatı ilə məzənnəsi ilə, ödənilmiş 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 21 manat xidmət haqqı tutularaq AccessBank QSC-nin xeyrinə verilməsi, Tutmanın ipoteka ilə yüklü edilmiş mərhum İsmayılov Sayəddin Xəlil oğluna məxsus ünvan 1 ünvanında 76.1 m2 ümumi, 54.1 m2 yaşayış, 22 m2 yardımçı sahədən ibarət 3 otaqlı 7 nömrəli mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiyməti 23000 manat, likvid dəyəri isə 17000 manat məbləğində müəyyən edilmiş, qeyd edilən daşınmaz əmlak açıq hərracda satılaraq əldə edilmiş vəsaitdən cavabdehlərin banka olan kredit borcu ödənilməsi, qeyd edilən daşınmaz əmlak açıq hərracda satıldıqdan sonra 1 ay müddətinə boşaldılması, iş üzrə 50 manat ekspertiza xərci Cavabdeh1, Cavabdeh3 və Cavabdeh8 müştərək qaydada alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mərhum İsmayılov Sayəddin Xəlil oğlu mülkiyyətində olan ünvan 1 ünvanında 76.1 m2 ümumi, 54.1 m2 yaşayış, 22 m2 yardımçı sahədən ibarət 3 otaqlı 7 nömrəli mənzilini AccessBank QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsinin təminatı kimi iddiaçınin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan başqa həmin müqavilənin təminatı kimi cavabdehlər İsmayılov Sayəddin Xəlil oğlu, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh8 bankla zaminlik müqaviləsi bağlamış, Cavabdeh1 kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasına zamin durmuşlar. Cavabdeh1 kredit razılaşmaları üzrə kredit borcunu iddiaçıya qaytarmadığına görə, AccessBank QSC həmin borcun ipoteka ilə yüklü edilmiş mərhum İsmayılov Sayəddin Xəlil oğlunun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında 76.1 m2 ümumi, 54.1 m2 yaşayış, 22 m2 yardımçı sahədən ibarət 3 otaqlı 7 nömrəli mənzilini açıq hərracda satılaraq əldə edilən vəsaitdən kredit borcunun ödənilməsini və həmin mənzilin boşaldılmasını tələb etməkdə haqlıdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; "xxxx" MMC tərəfindən verilmiş 14.04.2021-ci il tarixli 07-21 saylı rəylə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında 76.1 m2 ümumi, 54.1 m2 yaşayış, 22 m2 yardımçı sahədən ibarət 3 otaqlı 7 nömrəli mənzilinin bazar dəyəri 23000 manat, likvid dəyəri isə 17000 manat təşkil edir. Məhkəmə-mühasibatlıq ekspertizasının 17.08.2017-ci il tarixli 7999 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki,, Cavabdeh1 banka 17.04.2016-cı il tarixli kredit razılaşması üzrə 14090 ABŞ dolları əsas kredit borcu, 1903 ABŞ dolları faiz borcu, 3251 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 19244 ABŞ dolları təşkil edir. Aparılmış ekspertizaların xərci 50 manat təşkil edir. Məhkəmə hesab etmişdir ki, iddiaçı "xxxx" QSC-nin cavabdehlərdən 17.04.2016cı il tarixli kredit razılaşması üzrə 3251.71 ABŞ dolları cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq kredit razılaşmaları dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və dəbbə pulunun 51.71 ABŞ dolları məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 21 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 21 manat xidmət haqqı və 50 manat ekspertiza xərci Cavabdeh1 aid edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh8 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 026R********** saylı kredit razılaşması üzrə 14090 ABŞ dolları məbləğində kredit borcu, 1903 ABŞ dolları məbləğində faiz borcu və 51,71 ABŞ dolları məbləğində cərimə olmaqla ümumilikdə cəmi 16044.71 ABŞ dolları məbləğində kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 21 manat xidmət haqqı tutulmalı, tutmanın ipoteka ilə yüklü edilmiş mərhum İsmayılov Sayəddin Xəlil oğluna məxsus ünvan 1 ünvanında 76.1 m2 ümumi, 54.1 m2 yaşayış, 22 m2 yardımçı sahədən ibarət 3 otaqlı 7 nömrəli mənzilə yönəldilməli, ipoteka predmetinin ilkin satış qiyməti 23000 manat, likvid dəyəri 17000 manat məbləğində müəyyən edilməli, qeyri-yaşayış sahəsi hərracda satılaraq iddiaçıya olan borc ödənilməli, daşınmaz əmlak açıq hərracda satıldıqdan sonra 1 ay müddətinə həmin daşınmaz əmlak boşaldılmalıdır. İş üzrə 50 manat ekspertiza xərci Cavabdeh1, Cavabdeh3 və Cavabdeh8 müştərək qaydada alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabına keçirilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci, 448.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin 21 iyun 2001-ci il tаrixli, 2(046)-22/2021 saylı qətnaməsi qəbul edilərkən məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, iş üzrə iddiaçı tərəfindən əsas və faiz borcu çox hesablanmışdır. Banka ödənişlər olunmasına baxmayaraq, ödənişləri faiz və cərimə borcundan silinmişdir. Bundan başqa ipoteka predmeti düzgün qiymətləndirilməmişdir. ünvan 2 ünvanında 76.1 m2 ümumi, 54.1 m2 yaşayış, 22 m2 yardımçı sahədən ibarət 3 otaqlı 7 nömrəli mənzilinin ilkin satış qiyməti düzgün hesablanmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı QSC-nin iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, iş görməli, xidmət göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir. Kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərəri ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgənin pul vəsaitini qanunsuz saxlamaqla onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə görə, ipoteka saxlayanın tələbi əsasən borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilmməsi, o, cümlədən kecikdirilməsi nəticəsində dəbbə pulu, və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi,ipoteka predmetinə tutlmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil olmaqla tam həcmdə təmin edilir. Həmin Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Qanununun 34.1.2-ci maddəsinə əsasən, öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması nəticəsində ipoteka saxlayan ipoteka predmetinə tutmanı yönəltməklə, onun satılmasını, əldə edilmiş puldan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin ipotekaya qoyulmuş əmlak hesabına ödənilməsini tələb edə bilər. Həmin Qanununun 39.3-cü maddəsinə görə, məhkəmə ipoteka predmetininə tutma yönəldilməsinə dair qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 39.3.3-cü mаddəsinə əsаsən məhkəmənin qərаrındа ipоtekа predmetinin ilkin sаtış qiyməti göstərilməlidir. İlkin sаtış qiyməti ipоtekа qоyаnlа ipоtekа sаxlаyаnın rаzılаşmаsı əsаsındа, mübаhisə оlduqdа isə müstəqil qiymətləndiricinin rəyi əsаsındа məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinın ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı. QSC-nin cavabdehlərə qarşı iddiasının rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi, yəni əsas, faiz borcu və ipoteka predmetinin likvid dəyərinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Göyçay Rayon Məhkəməsinin 21 iyun 2001-ci il tаrixli, 2(046)-22/2021 saylı qətnaməsini əsas, faiz borcu və ipoteka predmetinin likvid dəyərinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 21 iyun 2001-ci il tаrixli, 2(046)-22/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, 026R********** saylı kredit razılaşması üzrə cavabdehin 14090 ABŞ dolları əsas kredit borcu, 1903 ABŞ dolları faiz borcu, 3251 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 19244 ABŞ dolları təşkil edir. Cavabdeh4, Cavabdeh3 və Cavabdeh8 bankla zaminlik müqaviləsi bağlamış, Cavabdeh1 kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasına zamin durmuşlar. Mərhum İsmayılov Sayəddin Xəlil oğlu mülkiyyətində olan ünvan 1 ünvanında 76.1 m2 ümumi, 54.1 m2 yaşayış, 22 m2 yardımçı sahədən ibarət 3 otaqlı 7 nömrəli mənzilini AccessBank QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsinin təminatı kimi iddiaçınin xeyrinə ipoteka ilə yüklü edilmişdir. ünvan 1 ünvanında 76.1 m2 ümumi, 54.1 m2 yaşayış, 22 m2 yardımçı sahədən ibarət 3 otaqlı 7 nömrəli mənzilinin bazar dəyəri 23000 manat, likvid dəyəri isə 17000 manat təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Belə ki, apelyator şikayətinin ilk dəlilində bildirmişdir ki, iddiaçı tərəfindən əsas və faiz borcu çox hesablanmışdır. Banka ödənişlər olunmasına baxmayaraq, ödənişləri faiz və cərimə borcundan silinmişdir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin yuxarıda qeyd edilən nornasına əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Digər tərəfdən Məhkəmə-mühasibatlıq ekspertizasının 17.08.2017-ci il tarixli 7999 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 banka 17.04.2016-cı il tarixli kredit razılaşması üzrə 14090 ABŞ dolları əsas kredit borcu, 1903 ABŞ dolları faiz borcu, 3251 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 19244 ABŞ dolları təşkil edir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi əsaslı olaraq cavabdehin banka olan əsas borcu keçirilmiş ekspertiza rəyinə uyğun olaraq müəyyən etmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, mühasibatlıq ekspertizası üzrə tədqiqat təqdim olunmuş materiallar əsasında keçirilərək, cavabdehin kredit üzrə ödənişləri nəzərə alınmışdır. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verilməmişdir. Şikayətin digər dəlili ondan ibarətdir ki, ipoteka predmetinin likvid dəyəri dəyərindən aşağı qiymətləndirilmişdir. Kollegiya şikayətin bu dəlili ilə də razılaşmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə İpoteka Predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadına əsasən, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edibetməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. Bu yanaşma “İpoteka haqqında” Qanunun 54-cü maddəsinin torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı tələbindən də irəli gəlir. İpoteka müqaviləsi imzalanarkən ipoteka predmetinin likin satış qiyməti 11344 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qiymətləndirmə keçirilmiş, "xxxx" MMC tərəfindən verilmiş 14.04.2021-ci il tarixli 07-21 saylı rəylə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında 76.1 m2 ümumi, 54.1 m2 yaşayış, 22 m2 yardımçı sahədən ibarət 3 otaqlı 7 nömrəli mənzilinin bazar dəyəri 23000 manat, likvid dəyəri isə 17000 manat təşkil edir. Göründüyü kimi hazırkı qiymət tərəflər arasında imzalanmış ipoteka müqaviləsində qeyd edilən qiymətdən daha yüksəkdir. Cavabdeh tərəf isə ipoteka predmetinin daha yüksək olmasına dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 21 iyun 2001-ci il tаrixli, 2(046)-22/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh1 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 21 iyun 2001-ci il tаrixli, 2(046)-22/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar