Məhkəmə qərarları › İş №2(107)-193/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-193/2022

06.01.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-193/2022 06.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh, onun vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “yolun açılması” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(046)-519/2021 nömrəli qərardadından iş üzrə Cavabdeh və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən tutulmuş mülkiyyətində olan Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.5173 ha torpaq sahəsinə gedən yolun açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) 06 sentyabr 2021-ci il tarixli, 2(046)- 519/2021 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı mülkiyyətində olan Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.5173 ha torpaq sahəsinə gedən yol Cavabdeh tərəfindən açılması, 10 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiçı İddiaçı verilməsi, iş üzrə ekspertiza xərcləri olan 50 manat Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi, qətnamənin icrasının Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh və vəkili Nümayəndə apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Göyçay rayonu Qarabaqqal kəndində 0.5173 ha torpaq sahəsi almışdır. Sonradan cavabdeh həmin torpaq sahəsinə gedən yolu zəbt edərək ona gedib-gəlməyinə manələr yaratmışdır.Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə yalnız iddiaçının sözlərinə əslanaraq, işin faktiki hallarını araşdırmadan qətnamə çıxarmışdır. Belə ki, əslində xüsusi mülkiyyət olan torpaq sahəsi iddia ərizəsində və buna əsasən də qətnamədə zəbt torpağı kimi göstərilmişdir. (Həmin həyətyanı torpaq sahəsinin xüsusi mülkiyyət olması barədə 05.08.2011-ci il tarixli 256 saylı arayış ərizəyə əlavə edilir- sübut N 8.) Bundan başqa birinci instansiya məhkəməsi cavabdeh tərəfə olduqca ziddiyyətli olan 01 iyun 2021-ci il tarixli 25 saylı mütəxəsis rəyinə əsasən çıxardılmış ekspert rəyinə münasibət bildirməyə şərait yaratmamışdır. Belə ki, cavabdeh tərəf mütəxəssis rəyini 06.09.2021-ci il tarixdə məhkəmə iclasından sonra almışdır (mütəxəsis rəyinin alınması barədə zərf bu ərizəyə əlavə edilir –sübut N 10). Qətnamədə qeyd edilən 10/2079 saylı ekspert rəyi və 23 saylı alternativ ekspertiza rəyi isə ümumiyyətlə cavabdehə təqdim edilməmişdir. Bundan əlavə birinci instansiya məhkəməsinin qətnamədə istinad etdiyi ekspert rəyinin əsaslandığı mütəxəssis rəyinin 1-ci bəndində deyilir ki, sorğuda qeyd edilən gediş-gəliş yolu torpaq sahəsinin planı və ölçüsünü əks etdirən sxemdə nəzərdə tutulmamışdır. Rəyin əsaslandırıcı hissəsində isə qeyd edilir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin plan ölçü sahəsində qeyd edilmiş kordinatlar naturaya uyğun işlənməmişdir. Qanunvericiliyə əsasən hər 2 məsələnin (sxemdə yolun qeyd ediləməsi və sxemin naturaya uyğun gəlməməsi) nizamlanması inzibati orqanların vəzifəsidir, cavabdehin deyil. Bu halda iddiaçı ilk olaraq inzibati orqanlara müraciət etməli idi. İnzibati orqanların iddiaçının xahişinə imtina cavabı verdikdə isə, iddiaçı aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməli idi. Birinci instansiya məhkəməsi qətnamə çıxararkən həmin ekspert rəyinə istinad edərək, həm də aidiyyət qaydalarını da pozmuşdur. Birinci instansiya məhkəməsi tam araşdırma aparmadan və cavabdehə öz mövqeyini əsaslandırmaq üçün zaman verməmişdir (ekspert rəyləri ilə cavabdeh tanış olmadan, ekspert rəylərinə istinad edərək, qətnamə çıxarılmışdır). Qeyd edilən torpaq sahəsi tam mülkiyyət hüququ ilə cavabdehə məxsusdur və cavabdehdən asılı olmayan səbəblərdən (ekspert rəyinə etiraz etmək üçün praktiki zamanı olmadığından) həmin sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh öncədən iddianın tam əsassız olduğundan əmin olduğu üçün, prosessual qənaət prinsipinə əsasən, məhkəmənin artıq sübutlarla yükləmək istəməmişdir. Həmin torpaq sahəsində cavabdeh illərdi yaşayır (vərəsəlik üzrə həmin torpaq sahəsini miras kimi qəbul edib). (Vəsiyyətnamə bu ərizəyə əlavə edilib – sübut N 7). Bundan başqa təkrarən qeyd edilir ki, 256 saylı arayışda qeyd edilən torpaq sahəsinin cavabdehin mülkiyyəti olduğu təsdiqlənir – sübut N 10). Qeyd edilənlərə əsasən Göyçay Rayon Məhkəməsinin 06 sentyabr tarixli 2021-ci il tarixli, 2(046)-519/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cavabdeh əsassız olaraq ondan yol tələb edir. Belə ki, o heç bir yolu zəbt etməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə obyektiv araşdırma aparmamışdır. Belə ki, ilk növbədə torpağın koordinatlarının müəyyən edilməsi ilə bağlı İnzibati məhkəməyə müraciət olunmalıdır. Göstərilənləri nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o torpaq sahəsini cavabdehdən almış, 3 ildən çox müddət də mübahisəli yoldan istifadə etmişdir. Lakin cavabdeh sonradan yolu bağlamaqla onun gediş-gəlişinə mane olmuşdur. Torpaq sahəsinə başqa yerdən yol yoxdur. Ekspertlər yerində baxış keçirməklə yolun cavabdeh tərəfindən zəbt olunması barədə rəy vermişlər. İddiaçı sonda birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquq məsələləri: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(046)-519/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Təqdim edilmiş DƏDRX-nın 16 saylı Ucar ərazi İdarəsindən verilmiş RX ******* seriyalı çıxarışdan görünür ki, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.5173 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. X1 01.06.2021-ci il tarixli 23 nömrəli rəyindən görünür ki, Ərazinin pay torpaqlarının bölgü layihəsində həmin torpaq sahəsinin qarşı tərəfi boş torpaq sahəsi olduğundan İddiaçı mülkiyyətinə verilmiş Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.5173 ha torpaq sahəsinə gedişgəliş yolu torpaq sahəsinin planı və ölçüsünü əks etdirən sxemdə nəzərdə tutulmamışdır. Tədqiq olunan mülki iş materiallarına əlavə edilmiş Seriya RX ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0,5173 ha torpaq sahəsinə gedən yol Cavabdeh və digər kənd sakini tərəfindən bağlanmışdır. Məhkəmə tikinti-texniki ekspertizasının 06.08.2021-ci il tarixli 10/3079 saylı rəyindən görünür ki, X3 və Ekspertiza Mərkəzi” MMC-nin direktoru Ruslan Bayramovun imzası ilə təsdiq edilmiş 01 iyun 2021-ci il tarixli, 25 saylı məktubla göndərilmiş, “X3 və Ekspertiza Mərkəzi” MMC-nin mütəxəssisi Ayaz Şıxəliyevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Ərazinin pay torpaqlarının bölgü layihəsində həmin torpaq sahəsinin qarşı tərəfi boş torpaq sahəsi olduğundan İddiaçı mülkiyyətinə verilmiş Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.5173 ha torpaq sahəsinə gediş-gəliş yolu torpaq sahəsinin planı və ölçüsünü əks etdirən sxemdə nəzərdə tutulmamışdır. Tədqiq olunan mülki iş materiallarına əlavə edilmiş Seriya RX ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Göyçay rayonu Qarabaqqal yerləşən 0,5173 ha torpaq sahəsinə gedən yol Cavabdeh və digər kənd sakini tərəfindən bağlanmışdır. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 170.1.-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, cavabdeh apellyasiya şikayətində mübahisəli torpaq sahəsinin (yolun) ona məxsus olduğunu, mübahisəsi gedən yolun onun torpaq sahəsinin kordinatları daxilində olduğunu, həmin yerdən neçə illərdir məhz özü istifadə etdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübutu təqdim edə bilməmiş, əksinə iş üzrə verilmiş ekspert rəyləri onun dəlilini təkzib etmişdir. Bundan əlavə məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, mübаhisəsi gedən yol sahəsi cavabdeh tərəfindən istifadə olunması qarşılıqlı razılıq və ya hər hansı müqavilə əsasında bаş verməmiş və iddiaçı tərəfin irаdəsinə uyğun оlmamışdır. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf torpaq sahəsinə mülkiyyət hüquqna malik olmaqla cavabdehin çıxarılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir Kollegiya nəzərə çatdırmağı lazım bilir ki, “ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, bu xarakterli işlərdə ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Kollegiya sonda bildirir ki, cavabdeh təkrar ekspertizanın keçirilməsinin zəruriliyini bildirsə də, bunu əsaslandıra bilməmiş, ekspert rəyini təkzib edəcək hər hansı rəsmi sənədi təqdim etməmiş, mübahisəli yol sahəsi ilə bağlı özünün subyektiv hüququnun olmasını təsdiq edə bilməmişdir. Hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq məhkəmə ekspertizasının keçirilməsi də təmin oluna bilməz. Kollegiya qeyd edir ki, “ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Göyçay Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(046)-519/2021 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh və vəkili Nümayəndə tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(046)-519/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar