Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1930/2021 19.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, Cavabdeh iştirakı ilə İddiaçı Novruzova (Əlimərdanova) Jalə Şahmərdan qızının Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(075)-1303/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Novruzova (Əlimərdanova) Jalə Şahmərdan qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 may 2012-ci il təvəllüdlü X8 və 22 iyun 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 270 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim P.Hacıyev) 29 iyul 2021-ci il tarixli, 2(075)- 1303/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 29 may 2012-ci il təvəllüdlü X8 və 22 iyun 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat olmaqla, 240 (iki yüz qırx) manat aliment tutularaq Novruzova (Əlimərdanova) Jalə Şahmərdan qızına ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh Şəki Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(075)-1303/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 28 mart 2011-ci il tarixdə nikahlarını rəsmi şəkildə qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan 29 may 2012-ci il təvəllüdlü X8 və 22 iyun 2014-cü il təvəllüdlü X9 adlı övladları olmuşdur. Aralarındakı nikah məhkəmə qaydasında pozulmuş, birgə nikahdan anadan olan uşaqlar onun himayəsində saxlanılmışdır. Şəki Rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 2(075)-3787/2018 saylı qətnaməsi ilə 29 may 2012-ci il təvəllüdlü X8 və 22 iyun 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat alimentin alınaraq ona verilməsi qət olunmuşdur. Məhkəmə tərəfindən alimentin müəyyən edilməsindən ötən müddət ərzində himayəsində olan uşaqların tələbatları artmışdır. O isə təkbaşına himayəsində olan uşaqların tələbatlarını ödəyə bilmir. Məhkəmə tərəfindən təyin olunan alimentlə uşaqların çox cüzi bir tələbatının ödənilməsi mümkündür. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 1-ci instansiya məhkəməsi işdə olan sübutlara əsaslanmamaqla, onlardan istifadə etməməklə, ədalət mühakiməsinin tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipinə əməl etməməklə, yekun nəticə üçün əhəmiyyəti olan bütün halları aydınlaşdırmamaqla kobud maddi və prosessual hüquq pozuntularına yol vermişdir. Ona görə də Şəki Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli 2(075)-1303/2021 saylı qətnaməsinin tamamilə ləğv edilərək iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Məhkəmənin qətnaməsi ilə müəyyən olunmuş əvvəlki alimenti ödəməkdə çox çətinlik çəkir. Stabil aylıq qazancı yoxdur, ona görə də apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı Novruzova (Əlimərdanova) Jalə Şahmərdan qızı məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Şəki Rayon Məhkəməsinin 2(075)-3787/2018 saylı, 03 oktyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə Novruzova (Əlimərdanova) Jalə Şahmərdan qızının arasında 28 mart 2011-ci il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları - 29 may 2012-ci il təvəllüdlü X8 və 22 iyun 2014-cü il təvəllüdlü X2 anaları Novruzova (Əlimərdanova) Jalə Şahmərdan qızının yanında qalmaqla onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 100 manat olmaqla, cəmi 200 manat alimentin tutularaq Novruzova (Əlimərdanova) Jalə Şahmərdan qızına verilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-3787/2018 saylı, 03 oktyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, 29 may 2012-ci il təvəllüdlü X8 və 22 iyun 2014-cü il təvəllüdlü X2 ataları Cavabdeh, anaları isə Novruzova (Əlimərdanova) Jalə Şahmərdan qızıdır. Azərbaycan Respublikası ƏƏSMN tabeliyində 12 saylı Ərazi Məşğullu Mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh 18 aprel 2020-ci ildən işaxtaran kimi qeydiyyatdadır və onunla aktiv əmək müqaviləsi mövcud deyildir. Doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən görünür ki, 24 oktyabr 2019-cu il təvəllüdlü X4 və 26 fevral 2021-ci il təvəllüdlü X5 ataları Cavabdeh, anası isə X3r. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 2021-ci il üçün yaşayış minumumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi və ya ləğvi üçün əsas ola bilməz. Belə ki, apelyаsiyа şikаyətinin dəlillərində cavabdeh heç yerdə işləmədiyini, qeyd edilən məbləği ödəmək iqtidarında olmadığını bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilləri ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi 29 may 2012-ci il təvəllüdlü X8 və 22 iyun 2014-cü il təvəllüdlü X1 üçün Novruzova (Əlimərdanova) Jalə Şahmərdan qızının xeyrinə hər ay ödənilməli olan alimentin miqdarını müəyyənləşdirərkən işin bütün hallarını, hər iki valideynin uşağın saxlanılması üçün məsuliyyət daşıdığını və müəyyənləşdirilmiş məbləğin bir ay ərzində uşağın dolanışığını təmin etmək üçün yetərliliyini nəzərə almışdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsaslı hesab etmir. İkincisi, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir, lakin məhkəmə qaydasında müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsini tərəflərin ailə və maddi vəziyyətində yaranmış dəyişikliklə şərtləndirilməsi zəruri və vacib elementlərdəndir. Apellyasiya instansiya məhkəməsi sonda xüsusilə vurğulayır ki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi hər iki valideynin valideyn kimi borcu və vəzifəsi olduğundan onların hər ikisinin həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı tələbini təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi-bir illik ödəməsinin məcmusu 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(075)-1303/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1930/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1930/2021
19.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver