Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-194/2023 17.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Аbbаsоv Nаzim Xаnəhməd oğlunun cаvаbdeh Аbdullаyev Əlibаbа Xаnbаbа оğlunа qаrşı mülki iş üzrə (Açar sözlər: vurulmuş zərərin ödənilməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - Аbbаsоv Nаzim Xаnəhməd oğlunun iştirakı ilə İddiaçı Аbbаsоv Nаzim Xаnəhməd oğlunun cаvаbdeh Аbdullаyev Əlibаbа Xаnbаbа оğlunа qаrşı vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Аğsu Rayon Məhkəməsinin 11 оktyаbr 2022-ci il tarixli, 2(016)-713/2022 saylı qətnaməsindən iddiaçı Аbbаsоv Nаzim Xаnəhməd oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları
1. Ağsu rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə İddiaçı (iddiaçı) və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2.76 ha torpaq sahəsi verilmişdir.
2. İddiaçı 2021-2022-ci il üçün taxıl məhsulu əldə etmək məqsədi ilə ona məxsus olan torpaq sahəsinin 1.1 ha hissəsində taxıl əkmişdir. İddiaçı 08 aprel 2022-ci il tarixdə alaq otlarına qarşı dərman vurub alağı məhv etmək üçün cavabdehdən kimyəvi dərman alaraq öz taxıl sahəsinə vurmuşdur.
3. İddiaçı iddia edir ki, cavabdeh Аbdullаyev Əlibаbа Xаnbаbа оğlundan özünə lazım olan dərman əvəzinə səhv dərman verərək bütün taxıl məhsulunun məhv olmasına səbəb olmuşdur.
4. Cavabdeh bəyan edir ki, iddiaçı traktor sürücüsüdür, başqa sahələrə dərman səpir və öz sahəsinə də başqa dərman vurmuş, buna görə də məhsul məhv olmuşdur.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən məlum səbəbdən 08 aprel 2022-cil tarixdə aldığı alaq dərmanın cavabdehin səhvi üzündən torpaq sahəsində əkilmiş olan taxılına dəymiş ziyan tələbi üçün 1500-2000 manat civarında dəymiş ziyan və 40 manat dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsini xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ona lazım olan dərman əvəzinə səhv dərman verərək bütün taxıl məhsulunun məhv olmasına səbəb olmuşdur. Bu barədə taxıl sahəsinə baxış keçirtmək üçün aqranom dəvət etmişdir. Həmin yerə cavabdehi də dəvət etmişlər. Bir yerdə sahəyə baxış keçirilərkən məlum olmuşdur ki, cavabdehin ona satdığı dərman alaq bitkiləri üçün deyildir. Aqranom cavabdehə iradını bildirərək, vətəndaşa dərmanı səhv verdiyini demişdir. Cavabdeh ona yalvararaq heç bir kəsə şikayət etməməyini demiş və dəymiş bütün ziyanı ödəyəcəyinə dair söz vermişdir. O, söz verdiyi zaman onun yanında Su idarəsinin işçisi Nəriman və Telman adlı vətəndaşlar şahid olmuşdurlar. Cavabdeh bildirmişdir ki, ona biraz vaxt versinlər və ona dəymiş 1500- 2000 manat pul zərərini tam olaraq ödəyəcəkdir. O, deyilən vaxtı gözləmiş və heç bir ödəniş cavabadeh tərəfindən həyata keçirilməmişdir. O, cavabdehə dəfələrlə zəng vuraraq verdiyi sözə əməl etməsini söyləsə də, onun son sözləri belə olmuşdur ki, get hara şikayət edirsən et, sənə heç 1 manat da pul ödəməyəcəm deyə bildirmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Bundan əlavə, göstərmişdir ki, o, dərmanı 1.1 ha torpaq sahəsində olan əkdiyi taxıl bitkisinə isti hava şəraitində, günəşli havada vurmuşdur.
8. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh iddia tələbinə etiraz edərək bildirib ki, 15 ildir ki, bu işlə məşğuldur və işin gedişatını çox yaxşı bilir. İddiaçı ondan dərman almağa gəlmiş və o, iddiaçıya “Sunamin” adlı dərman verərək istifadə qaydasını başa salıb bu dərmanın ancaq enliyarpaq bitkilərə təsir etdiyini bildirmişdir. İddiaçının sahəsindəki bitki isə iynəyarpaqlı olmuşdur. Bundan əlavə, bu dərman 4 saatdan artıq qaldıqda fəaliyyətini itirir. İddiaçı 1 həftə sonra gəlmiş və alaqların deyil, məhsulun məhv olmasını bildirmişdir. Onlar da aqranomla birlikdə gedərək doğurdan da bitkinin 80%-nin məhv olduğunu görmüşlər və qərara gəlinmişdir ki, sahəyə başqa bir dərman vurulub. Çünki iddiaçı traktor sürücüsüdür, başqa sahələrə dərman səpir və öz sahəsinə də başqa dərman vurmuş, buna görə də məhsul məhv olmuşdur. O, vəziyyəti görüb iddiaçıya bu işin onun günahından olmadığını bildirmişdir.
9. Аğsu Rayon Məhkəməsinin 11 оktyаbr 2022-ci il tarixli, 2(016)-713/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Anar Əsgərov)
10. Birinci instansiya məhkəməsi (bundan sonra –məhkəmə) müəyyən etmişdir ki, iddiaçı ona məxsus torpaq sahəsinin 1.1 ha hissəsində buğda əkmiş, daha sonra cavabdehə müraciət edərək əkin sahəsində çıxan enliyarpaqlı bitkilərə qarşı dərman istəmiş, cavabdeh də ona “Sunamin” adlı dərman vermişdir. Dərmanın vurulmasından bir həftə keçdirkdən sonra buğda bitkisi saralmağa başlamış, nəticədə iddiaçının əkdiyi taxıl məhv olmuşdur. İddiaçı buğda bitkisinin saralma səbəbi kimi cavabdeh tərəfindən verilən “Sunamin” dərmanının əkin sahəsinə vurulmasını göstərmişdir.
11. Məhkəmə hesab etmişdir ki, internet informasiya sistemindən “Sunamin” dərmanı barədə çıxarılmış məlumatdan görünür ki, dərmanlama günün sərin saatlarında, küləksiz və ya az küləkli hava şəraitində aparılmalıdır. Lakin iddiaçı və şahid qismində dindirilmiş, dərmanlamanı həyata keçirən traktor sürücüsü X2 məhkəmə iclasında göstərmişlər ki, dərmanlama isti, günəşli hava şəraitində aparılmışdır. Göründüyü kimi, iddiaçı cavabdehdən aldığı “Sunamin” dərmanını təlimatına uyğun istifadə etməmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti vermişdir.
13. Apellyasiya şikayətinin dəlilləri iddiia əizəsinin dəlililləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərmişdir ki, məhkəmə iddia tələbi ilə əlaqədar maddi hüquq normalarını düzgün tətbiq etməyib və maddi ziyanın ödənilməsi öhdəliyinə dair qanunvericilik və müqavilə müddəalarını nəzərə almayıb. Ona görə də, Аğsu Rayon Məhkəməsinin 11 оktyаbr 2022ci il tarixli, 2(016)-713/2022 saylı qətnaməsi ləğv edillərək cavabdeh X1 2000 (iki min) manat taxıla görə və 1000 manat küləşə görə ümumilikdə 3000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmasını xahiş etdi.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
17. Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: (...) 14.2.6. Başqa şəxsə zərər vurulması.
18. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
19. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
20. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirilmədən saxlaya bilər.
26. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya şikayətindən görünür ki, apellyator Аğsu Rayon Məhkəməsinin 11 оktyаbr 2022-ci il tarixli, 2(016)-713/2022 saylı qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Kollegiya qətnamənin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, verilmiş apellyasiya şikayəti qismən edilməməli, Аğsu Rayon Məhkəməsinin 11 оktyаbr 2022-ci il tarixli, 2(016)- 713/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 göstərmişdir ki, aqronomdur, taxıl əkilmiş yerə qeyri-rəsmi baxış keçirmişdir. “Sunamin” dialen tərkibli dərmandır, enliyarpaqlı bitkilərin və alaqların məhv edilməsi üçündür. “Sunamin” dərmanı taxılı məhv edə bilməz. O, halda məhv edər ki, təlimatda göstərilən qaydalara uyğun vurlulmasın və ya qədərindən çox vurulmuş olsun.
31. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 göstərmişdir ki, traktor sürücüsüdür, dərmanı taxıla o, vurmuşdur. Nazim dərmanı özü alıb gətirmişdir. Dərman plastik qabda idi. Dərmanı 200 litr suya qatılaraq vurulmuşdur. Dərmanı günəşli havada vurmuşdur. Traktorun çəni hər dərman vuruluduqdan sonra yuyulur, çünki yuyulmayanda çox pis qoxu gəlir.
32. Müəyyən edilmişdir ki, iddiaçı ona məxsus torpaq sahəsinin 1.1 ha hissəsində buğda əkmiş, daha sonra cavabdehə müraciət edərək əkin sahəsində çıxan enliyarpaqlı bitkilərə qarşı dərman istəmiş, cavabdeh də ona “Sunamin” adlı dərman vermişdir. Dərmanın vurulmasından bir həftə keçdirkdən sonra buğda bitkisi saralmağa başlamış, nəticədə iddiaçının əkdiyi taxıl məhv olmuşdur. İddiaçı buğda bitkisinin saralma səbəbi kimi cavabdeh tərəfindən verilən “Sunamin” dərmanının əkin sahəsinə vurulmasını göstərmişdir.
33. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, şahid qismində dindirilmiş aqronom X4 ifadəsində bildirmişdir ki, “Sunamin” dialen tərkibli dərmandır, enliyarpaqlı bitkilərin məhv edilməsi üçündür. “Sunamin” dərmanı taxılı məhv edə bilməz. Bundan əlavə, internet informasiya sistemindən “Sunamin” dərmanı barədə çıxarılmış məlumatdan görünür ki, dərmanlama günün sərin saatlarında, küləksiz və ya az küləkli hava şəraitində aparılmalıdır. Lakin iddiaçı və şahid qismində dindirilmiş, dərmanlamanı həyata keçirən traktor sürücüsü X2 məhkəmə iclasında göstərmişlər ki, dərmanlama isti, günəşli hava şəraitində aparılmışdır. Göründüyü kimi, iddiaçı cavabdehdən aldığı “Sunamin” dərmanını təlimatına uyğun istifadə etməmişdir.
34. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, sübut etmə vəzifəsi iddiaçının üzərinə düşsə də, o, tələb etdiyi hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin nəticəni əsaslı sayır.
36. Belə ki, ddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93).
37. Məhkəmə kollegiyası, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
38. İddiaçı cavabdeh tərəfindən verilmiş kimyəvi dərman preparatının əkdiyi taxıl sahəsini alaq otlarından təmizləmək üçün həmin sahəyə vurması nəticəsində taxılının məhv olması və bunun nəticəsində ona 1500-2000 manat zərər dəyməsini bildirmişdir. Belə olan halda, həmin xüsusatları sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin, iddiaçı həmin xüsusatları təsdiq edən hər hansı sübut növü məhkəmələrə təqdim edə bilməmişdir. İddiaçının zərər məbləğinin konkret göstərməməsi də buna dəlalət edən haldır.
39. Eyni zamanda, iddia tələbində zərərərin miqdarı 1500-2000 manat göstərilsə də, apellyasiya şikayətində həmin məbləğ 3000 manat göstərilmişdir.
40. Göründüyü kimi, birinci instansiya məhkəməsi hazırkı mübahisə üzrə gəldiyi nəticəni işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun şəkildə əsaslandırmışdır.
41. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir.
42. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Аğsu Rayon Məhkəməsinin 11 оktyаbr 2022-ci il tarixli, 2(016)-713/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmadır.
43. Kollegiya sonda qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsi 2000 manat təşkil etdiyindən iddiaçının hazırki qətnamədən kassasiya şikayəti vermək hüququ yaranmamışdır. (26-cı bənd) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı Аbbаsоv Nаzim Xаnəhməd oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Аğsu Rayon Məhkəməsinin 11 оktyаbr 2022-ci il tarixli, 2(016)-713/2022 saylı dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.