Məhkəmə qərarları › İş №2(107)-194/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-194/2025

27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-194/2025 27.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: Kredit öhdəliyi, iddia və kəsici müddətlər) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X5 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(019)-572/2024 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cəmi borcu 1081.79 (bir min səksən bir ABŞ dolları 79 sent) ABŞ dolları-bundan 193.41 (bir yüz doxsan üç ABŞ dolları 41 sent) ABŞ dolları əsas, 198.86 (bir yüz doxsan səkkiz ABŞ dolları 86 sent) ABŞ dolları faiz, 659.46 (altı yüz əlli doqquz ABŞ dolları 46 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 30.06 (otuz ABŞ dolları 06 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 38.40 (otuz səkkiz manat 40 qəpik) AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı LPO İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə cavabdehə “şəxsi istehlak” məqsədi ilə 36 ay müddətinə illik 26 % dərəcəsi ilə 3050 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə Bank arasında 120010809/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 1 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 2070.67 USD təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödəməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 1081.79 (bir min səksən bir ABŞ dolları 79 sent) ABŞ dolları təşkil edir. Bundan 193.41 (bir yüz doxsan üç ABŞ dolları 41 sent) ABŞ dolları əsas, 198.86 (bir yüz doxsan səkkiz ABŞ dolları 86 sent) ABŞ dolları faiz, 659.46 (altı yüz əlli doqquz ABŞ dolları 46 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 30.06 (otuz ABŞ dolları 06 sent) ABŞ dolları faiz borcu təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin nümayəndəsi Rəşad Tağızadə məhkəməyə ərizə göndərərək iş həcminin çoxluğunu nəzərə alaraq məhkəmə baxışı iclasını iştirakı olmadan keçirib, iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.1 və 185.4-cü maddələrinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, lakin Cavabdeh1 məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə göndərərək iddia müddətinin keçməsi ilə əlaqədar olaraq iddiaçının iddiasının təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Balakən Rayon Məhkəməsinin (hakim H.Səlimov) xx.xx.2024-cü il tarixli, e-2(019)- 572/2024 nömrəli qətnaməsi ilə iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiasının iddia müddətinin keçməsi əsası ilə təmin olunmaması, hazırki iddianın qaldırılması üçün ödənilmiş 38.40 manat dövlət rüsumunun iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilməsi qət edilmişdir.

8. Məhkəmə müəyyən etmişdir ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialı ilə Cavabdeh1 arasında ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi bağlanmış və cavabdehə “şəxsi istehlak” məqsədi ilə 36 ay müddətinə illik 26 % dərəcəsi ilə 3050 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə Bank arasında 120010809/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

9. İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti Kredit və Zaminlik Müqavilələrinin restrukturizasiya edilməsinə dair xx.xx.2017-ci il tarixdə 1 saylı Əlavə Sazişlər bağlandığını göstərərək həmin Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının 2070.67 USD təşkil etdiyini, həmin məbləğin restrukturizasiya edildiyini, restrukturizasiya edilmiş kreditin müddətinin xx.xx.2021-ci il tarixədək təşkil etdiyini, restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli olduğunu, xx.xx.2024-cü il tarixə Cavabdeh1 kredit üzrə 193.41 (bir yüz doxsan üç ABŞ dolları 41 sent) ABŞ dolları əsas, 198.86 (bir yüz doxsan səkkiz ABŞ dolları 86 sent) ABŞ dolları faiz, 659.46 (altı yüz əlli doqquz ABŞ dolları 46 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 30.06 (otuz ABŞ dolları 06 sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi borcunun 1081.79 (bir min səksən bir ABŞ dolları 79 sent) ABŞ dolları təşkil etdiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

10. İş üzrə Cavabdeh1 xx.xx.2017-ci il tarixli sazişdən məlumatı olmadığını, ümumiyyətlə aralarında belə saziş bağlanmadığını, 9 il ərzində ona heç bir xəbərdarlıq olunmamasını, ona yalnız 2024-cü ilin fevral ayında bildiriş göndərildiyini göstərmiş, eyni zamanda iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, LPO "xxxx" ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ona qarşı borc tələbinə dair iddia üzrə iddia müddəti keçdiyindən, hazırki iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

11. Məhkəmə qeyd etmişdir ki, hazırkı işdə tərəflər arasında ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsinin bağlanması, həmin müqavilə üzrə cavabdehə “şəxsi istehlak” məqsədi ilə 36 ay müddətinə illik 26 % dərəcəsi ilə 3050 ABŞ dolları məbləğində kredit verilməsi, kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə Bank arasında 120010809/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanması, zaminin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıması mübahisələndirilmir. Odur ki, məhkəmə həmin müqavilələri etibarlı hesab edir.

12. Məhkəmə iddiaçının təqdim etdiyi, Cavabdeh1 mübahisələndirdiyi xx.xx.2017-ci il tarixli sazişləri isə etibarlı hesab etməmişdir.

13. Belə ki, Cavabdeh1 həmin sazişdən məlumatı olmadığını, həmin sazişi bağlamadığını bildirir. Bundan başqa 16. 07.2015-ci il tarixli Kredit Müqaviləsinin müddətinin başa çatmasına 1 il 2 aya yaxın müddət qaldığı halda belə bir sazişin bağlanmasının hansı zərurətdən irəli gəldiyi məlum deyildir. Sazişdən onun kimin təşəbbüsü ilə bağlandığı da müəyyən olunmur. Həmçinin iş materiallarından görünür ki, 2017-ci ilin noyabr ayında 50 manat ödəniş edildikdən sonra cavabdehlər tərəfindən heç bir ödəniş olunmamış,lakin iddiaçı tərəf borcun ödənməsi üçün hər hansı təşəbbüs göstərməmiş, cavabdehlərə bildiriş belə göndərilməmişdir. Cavabdehlərə yalnız 05 fevral 2024-cü il tarixdə bildiriş göndərilmişdir. Həmin bildirişdə isə tərəflər arasında ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsinin bağlanması, həmin müqavilə üzrə 193.41 (bir yüz doxsan üç ABŞ dolları 41 sent) ABŞ dolları əsas, 198.86 (bir yüz doxsan səkkiz ABŞ dolları 86 sent) ABŞ dolları faiz, 659.46 (altı yüz əlli doqquz ABŞ dolları 46 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 30.06 (otuz ABŞ dolları 06 sent) ABŞ dolları faiz borcu, cəmi 1081.79 (bir min səksən bir ABŞ dolları 79 sent) ABŞ dolları borc olduğu qeyd edilmiş, lakin tərəflər arasında xx.xx.2017-ci il tarixli sazişin olduğu qeyd edilməmişdir. Bu əsaslara görə də məhkəmə həmin xx.xx.2017-ci il tarixli sazişi etibarlı hesab etmir.

14. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsinin müddəti başa çatdığı gündən, yəni xx.xx.2018-ci ildən 5 il 9 aydan artıq müddət keçdikdən sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən və cavabdehlər iddia müddətinin tətbiq olunması barədə ərizə ilə məhkəməyə müraciət etdiklərindən məhkəmə hesab edir ki, iddia müddəti tətbiq olunmaqla iddia təmin edilməməlidir.

15. Məhkəmə, iş üzrə sübutları araşdırıb, həmin sübutlara yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi tətbiq edilməklə, hazırki iddia tələbi ilə bağlı qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti keçdiyi üçün iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası təmin olunmamalı, hazırki iddianın qaldırılması üçün ödənilmiş 38.40 manat dövlət rüsumu iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilməlidir.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.1, 373.2, 373.3, 385.1, 386.1, 739.1, 739.2, 740.1, 740.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 3 iyun 2013-cü il tarixli Qərarına, Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən narazı qalan iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən apellyаsiyа şikаyəti vermişdir.

18. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsi “Elektron məhkəmə”informasiya sisteminin tətbiq olunduğu məhkəmələr siyahısındadır. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi” nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Balakən Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında saxlanılan elektron ərizədən çıxarışa nəzər yetirilsə görünər ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin göndərilmə tarixi xx.xx.2024cü il kimi qeyd edilmişdir. (“Elektronməhkəmə” informasiya sisteminə yüklənilmiş iddia ərizəsini təsdiq edən sənədin surəti apellyasiya şikayətinə əlavə edilir)

19. Belə ki, İddiaçıASC ilə Cavabdeh1 arasında bağlanmış ********* saylı xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə cavabdehə 36 (otuz altı) ay müddətinə illik 26 % dərəcəsi ilə 3.050 (üç min əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra həmin müqaviləyə xx.xx.2017-ci il tarixdə Əlavə saziş bağlanaraq dəyişiklik edilmiş, kreditin müddəti xx.xx.2021ci il tarixədək uzadılmışdır. Göründüyü kimi, sonuncu dəfə bağlanmış xx.xx.2017-ci il tarixli Əlavə Saziş üzrə Kredit müqaviləsinin bitmə tarixi xx.xx.2021-ci il tarixdir. Beləliklə, iddia müddətinin son günü xx.xx.2024-cü il tarixdir. Bank isə müvafiq kredit borcunun qaytarılması tələbi ilə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə xx.xx.2024-cü il tarixdə, yəni iddia müddətini ötürmədən vaxtında müraciət etmişdir.

20. Yuxarıdan göründüyü kimi, bank iddia müddətini ötürmədən məhkəməyə müraciət etmiş, lakin buna baxmayaraq məhkəmə qeyd edilən xüsusatları nəzərə almayaraq iddia tələbini əsassız olaraq rədd etmişdir. Bildirirlər ki, iddia müddətinin keçməsinə görə iddianı rədd etmiş məhkəmə iddiaçının tələbi üzrə dəlilləri araşdırmadan iddia müddətinin keçməsinə əsaslanaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir.

21. Birinci instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, “iş üzrə Cavabdeh1 xx.xx.2017-ci il tarixli sazişdən məlumatı olmadığını, ümumiyyətlə aralarında belə saziş bağlanmadığını göstərmişdir”. Lakin hakim həmin xüsusatın həqiqətə uyğun olubolmamasının müəyyən edilməsi istiqamətində tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasını, xx.xx.2017-ci il tarixli sazişdə “borcalan” qrafasındakı imzanın Cavabdeh1 tərəfindən icra edilib edilməməsinin müəyyən edilməsi məqsədi ilə müvafiq ekspertizanın keçirilməsini məqsədəmüvafiq hesab etməmiş, bununla da iddia müddətinin keçməsini əsas gətirərək nəticədə Bankın maraqlarına toxunan səhv qətnamə qəbul etmişdir.

22. Belə ki, Bank tərəfindən iddia ərizəsinə sübut kimi əlavə edilən sənədlər arasında maliyyə arayışı var. Həmin maliyyə arayışına nəzər yetirilsə görünər ki, sözügedən Kredit müqaviləsinin bağlanma tarixi 16 iyul 2015-ci il tarix, bitmə tarixi isə 23 may 2021-ci il tarixdir. Həmin maliyyə arayışı peşəkar kredit mütəxəssisləri tərəfindən tərtib olunmaqla Əmanətlərin Sığortalanması Fondunun məsul şəxsi tərəfindən imza və möhürlə təsdiq edilmişdir.

23. Beləliklə, birinci instansiya məhkəməsi qanunvericiliyin müddəalarını pozaraq sübutları qiymətləndirməməsi yanlış qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh1 müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh bankdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir.

24. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(019)-572/2024 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Cavabdeh1 apellyasiya şikayətinə qarşı yazılı etirazında apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə kollegiyasına göndərdiyi ərizədə məhkəmə iclasının iştirakları olmadan keçirilərək, tərəflərindən verilmiş apellyasiya şikayətinin tam təmin edilməsini xahiş etsə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinin tələblərinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, cərimə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Cərimə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı ilə kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımının bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanması qərara alınmışdır. “Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir.

30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.”

31. “X3rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

Apellyasiya baxışının hədləri

32. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğvini xahiş etdiyindən məhkəmə kollegiyası Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(019)-572/2024 nömrəli qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır.

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

37. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi bağlanmış və cavabdehə “şəxsi istehlak” məqsədi ilə 36 ay müddətinə illik 26 % dərəcəsi ilə 3050 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə Bank arasında 120010809/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 24 may 2017-ci il tarixdə bağlanmış xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə 1 nömrəli əlavə sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı restrukturizasiya edilmiş, həmin məbləğ 2070.67 USD təşkil etmiş, restrukturizasiya edilmiş kreditin qaytarılma müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə X8 imzalandığı tarixdən etibarən borc məbləğinə ödəməli olduğu illik faiz dərəcəsi 8 % müəyyən edilmişdir. İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia ərizəsində göstərilən məbləğin cavabdehlərdən xeyrinə tutulması tələb edilmiş, Cavabdeh1 isə birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir.

38. Birinci instansiya məhkəməsi iddanı rədd edərkən gəldiyi nəticəni iddiaçının təqdim etdiyi, Cavabdeh1 mübahisələndirdiyi xx.xx.2017-ci il tarixli sazişin etibarlı hesab edilməməsi, cavabdehlərə 05 fevral 2024-cü il tarixdə göndərilmiş bildirişdə tərəflər arasında xx.xx.2017ci il tarixli sazişin olduğunun qeyd edilməməsi, tərəflər arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsinin müddətinin başa çatdığı gündən, yəni xx.xx.2018ci ildən 5 il 9 aydan artıq müddət keçdikdən sonra iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi ilə əsaslandırmışdır.

39. Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iddianı tam rədd etməkdə haqlı olmamış, eyni zamanda maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, prosessual hüquq normalarının tələbləri pozulmuş, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

40. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin xx.xx.2017-ci il tarixli sazişdə “borcalan” qrafasındakı imzanın Cavabdeh1 tərəfindən icra edilib edilməməsinin müəyyən edilməsi məqsədi ilə müvafiq ekspertizanın keçirilməsini məqsədəmüvafiq hesab etməməsinə dair dəlili ilə razılaşaraq qeyd edir ki, işdə olan xx.xx.2015-ci il tarixdə bağlanmış ********* nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 iddiaçı LPO İddiaçı ASC-dən 36 ay müddətinə, illik 26 faiz dərəcəsi ilə 3050 ABŞ dolları məbləğində kredit almışdır.

41. İşdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 24 may 2017-ci il tarixdə bağlanmış xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə 1 nömrəli əlavə sazişdən görünür ki, Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı restrukturizasiya edilmiş, həmin məbləğ 2070.67 USD təşkil etmiş, restrukturizasiya edilmiş kreditin qaytarılma müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə X8 imzalandığı tarixdən etibarən borc məbləğinə ödəməli olduğu illik faiz dərəcəsi 8 % müəyyən edilmişdir.

42. 24 may 2017-ci il tarixdə bağlanmış xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə 1 nömrəli əlavə sazişdən göründüyü kimi həmin saziş bankın nümayəndəsi tərəfindən, həmçinin borcalan qismində Cavabdeh1 tərəfindən də imzalanmışdır.

43. 24 may 2017-ci il tarixdə bağlanmış xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə 1 nömrəli əlavə saziş İddiaçı ASC-nin nümayəndəsi ilə yanaşı borcalan şəxsə aid hissədə də imzalandığı halda, tərəfə göndərilmiş bildirişdə həmin saziş barədə hər hansı bir məlumatın qeyd edilməməsi əsası ilə onun etibarlı saziş hesab etməməsi barədə birinci instansiya məhkəməsinin qənaəti əsassız olmuşdur.

44. Belə ki, tərəfin mübahisələndirdiyi halda Sazişdəki imzanın müqavilə tərəfinə aid olubolmaması məsələsi ekspertiza tədqiqatı ilə müəyyən edilməli olduğu halda məhkəmənin tərəfə göndərilmiş bildiriş əsasında apardığı əsaslandırma və buna dair gəldiyi nəticə MPMdə nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinin tələblərinə cavab verməmişdir.

45. İş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasının təmin edilməsi məqsədi ilə məhkəmə kollegiyasının 21 yanvar 2025-ci il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, qərardadın icrası üzrə verilmiş 10 aprel 2025-ci il tarixli, 4/244/2025 nömrəli rəy mülki iş materiallarına əlavə edilmişdir.

46. Məhkəmə-xətşünaslıq ekspertizasının 10 aprel 2025-ci il tarixli, 4/244/2025 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş, İddiaçı ASC ilə Cavabdeh1 arasında olan 16 iyul 2015-ci il tarixli ********* nömrəli Kredit müqaviləsi üzrə 24 may 2017-ci il tarixli Əlavə Sazişin 1-ci səhifəsində aşağı sağ tərəfdə, 2-ci səhifəsində “BORC ALAN” qrafasında, həmçinin 24 may 2017-ci il tarixli Sazişə əlavə olunmuş ödəniş cədvəlinin sonunda “BORC ALAN” qrafasındakı imzalar-Cavabdeh1 tərəfindən icra olunmuşdur.

47. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2025-ci il tarixli, 4/244/2025 nömrəli ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmə kollegiyasının qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və məhkəmə kollegiyasına 10 aprel 2025-ci il tarixli, 4/244/2025 nömrəli ekspertiza rəyində qeyd edilənləri təkzib edə biləcək bir dəlil təqdim edilməmişdir.

48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin sonuncu dəfə bağlanmış xx.xx.2017-ci il tarixli Əlavə Saziş üzrə Kredit müqaviləsinin bitmə tarixinin xx.xx.2021-ci il olması, beləliklə, iddia müddətinin son gününün xx.xx.2024-cü il tarixi olması, Bankın isə müvafiq kredit borcunun qaytarılması tələbi ilə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə xx.xx.2024-cü il tarixdə, yəni iddia müddətini ötürmədən vaxtında müraciət etməsinə dair dəlili ilə də razılaşaraq qeyd edir ki, elektron məhkəmə informasiya sistemi ilə öyrənilməsi zamanı hazırkı iddia ərizəsinin birinci instansiya məhkəməsinə 30 aprel 2024-cü il tarixdə təqdim edilməsi, iş materiallarına əlavə edilmiş 24 may 2017-ci il tarixdə bağlanmış əlavə saziş üzrə ödəniş cədvəlindən Cavabdeh1 həmin saziş üzrə banka sonuncu ödəniş aparmalı olduğu tarixin isə 23 may 2021-ci il olması, beləliklə də iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hazırkı iddia ərizəsi təqdim edilərkən iddia müddətinin ötürülməməsi müəyyən edilmişdir.

49. L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına (nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsinin şərhləri məcburi xarakterə malikdir) əsasən hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2ci maddəsi). İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə, məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir.

50. Məhkəmə kollegiyası həmçinin xeyd etməyi vacib hesab edir ki, baxılan işdə məhkəmə hər iki cavabdehə qarşı yönəlmiş iddia tələbini kredit alan borclu Cavabdeh1 verdiyi ərizə əsasında iddia müddətinin keçməsi ilə əlaqədar rədd etmişdir.

51. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

52. Normanın məzmunundan göründüyü kimi, zaminliyin verildiyi müddət bir qayda olaraq müqavilədə göstərilməlidir. Qanun, bunun göstərilməməsi imkanını nəzərdə tutsa da, müddətin göstərilmədiyi təqdirdə zaminliyin xitamı üçün konkret müddətlər müəyyən etmişdir. Bu müddətlər, zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən xitam verilir.

53. Qanunvericilikdə zaminliklə bağlı müddətin keçməsi halı üçün kəsici müddətlər müəyyən edildiyi, həmin müddətin keçməsi ilə bağlı iddiaçının zaminə qarşı tələb hüququna xitam verildiyi halda, həmin münasibətə əlavə olaraq iddia müdətinə dair normaların tətbiqi qanunvericiliyin tələblərinə ziddir. Hansı ki, kəsici müddətlərdən fərqli olaraq iddia müddətləri bir qayda olaraq tələb hüquqlarına aiddirlər. İddia müddətinin keçməsi tələb hüququnun özünü deyil, bu hüququn məhkəmə vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanını aradan qaldırır.

54. Kollegiya qeyd edir ki, müqavilədən irəli gələn üç illik (MM, maddə 373.2) iddia müddətinin axımının başlandığı vaxtdan həm də zaminliyə xitam verilməsi üçün qanunla müəyyən edilmiş (MM, maddə 477.0.4) bir illik müddətin axımı hesablanır. Dolayısı ilə, (əgər tərəflər başqa qayda razılaşdırmamışlarsa) iddia müddəti keçənədək zaminliyə kəsici müddətin bitməsinə görə xitam verilir və zaminə münasibətdə kreditorun tələb hüququ aradan qalxır.

55. Hazırkı iş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış Kredit Müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli Əlavə Saziş üzrə öhdəliyin icra müddəti xx.xx.2021-ci il tarixə kimi müəyyən edilmiş və zaminə qarşı iddia irəli sürmək üçün bir illik müddət xx.xx.2022-ci il tarixində bitmişdir.

56. Göründüyü kimi hazırki iş üzrə zaminliyə qanuna əsasən xitam verilmiş və iddiaçının zaminə qarşı tələb hüququ aradan qalxmış, buna müvafiq olaraq zamin kreditor qarşısında öhdəliyi olan borclu vəziyyətlərindən çıxmışdır.

57. Məhkəmə kollegiyası tələb edilən borc məbləğinə münasibətdə qeyd edir ki, borcun məbləğinin iddia ərizəsində qeyd edilən həcmdə olmaması cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

58. Bu baxımdan işdə olan sənədlər də diqqətə alınmaqla borc məbləğinin iddia tələbində qeyd edilən həcmdə olmasını təkzib edə biləcək hal müəyyən edilməmişdir.

59. Məhkəmə kollegiyası cərimə borcuna münasibətdə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467). Hazırda tələb olunan cərimə məbləği tənasübsüz yüksək olmaqla tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən çoxdur. Göründüyü kimi, iddiaçının tələb etdiyi dəbbə pulunun miqdarı əsas borcun məbləğindən 3 dəfədən də yüksək olmaqla tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Bu səbəbdən də, cərimə ağlabatan və ədalətli həddə azaldılmaqla 30 ABŞ dolları həddində müəyyən edilməlidir.

60. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia tələbinin bütünlükdə təmin edilməli olmasına dair mövqeyi ilə razılaşmır.

61. Beləliklə qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(019)- 572/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh1 193.41 ABŞ dolları əsas, 198.86 ABŞ dolları faiz, 30 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti başa çatdıqdan sonra əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 30.06 ABŞ dolları faiz borcu qətnamənin icra edildiyi günə Azərbaycan manatına olan məzənnəsi ilə və 30 manat dövlət rüsumu tutularaq, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməli, iddia tələbinin qalan hissəsi təmin edilməməlidir.

62. İddia tələbinin qismən təmin edilməsi ilə yanaşı 24 may 2017-ci il tarixli Əlavə Sazişin Cavabdeh1 tərəfindən imzalanmasının müəyyən edilməsi nəzərə alınaraq məhkəməxəttşünaslıq ekspertizası üzrə ekspertiza tədqiqatının cəmi dəyəri olan 137 manat Cavabdeh1 tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) keçirilməlidir.

63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(019)-572/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 193.41 ABŞ dolları əsas, 198.86 ABŞ dolları faiz, 30 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti başa çatdıqdan sonra əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 30.06 ABŞ dolları faiz borcu qətnamənin icra edildiyi günə Azərbaycan manatına olan məzənnəsi ilə və 30 manat dövlət rüsumu tutularaq, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə ödənilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Məhkəmə-xəttşünaslıq ekspertizası üzrə ekspertiza tədqiqatının cəmi dəyəri olan 137 manat Cavabdeh1 tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar