Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1948/2020 22.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-1131/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2013cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 250 manat məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-1131/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, xx xxxxxx 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 140 manat aliment tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının əvvəlinin məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanması, iddia tələbinin qalan hissəsi rədd edilməsi və Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, o, xx xxxx 2012-ci il tarixdə İddiaçı nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə nikahdan onların xx xxxxxx 2013-cü il tarixdə Xədicə adlı uşaqları anadan olmuşdur. Sonradan münasibətləri uyğun gəlmədiyindən ayrılmışlar və aralarında bağlanmış nikah xx xxxx 2014-cü il tarixli qətnaməsi əsasında pozulmuşdur. Şəki Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsinə əsasən iddiaçı ilə aralarında bağlanmış nikahları pozularkən xx xxxxxx 2013-cü il təvəllüdlü X1 iddiaçının himayəsində saxlanılması və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay sabit pul məbləğində 70 manat alimentin alınaraq iddiaçıya verilməsi qərara alınmışdır. Sonradan iddiaçının iddiası əsasında həmin aliment məbləği artırılaraq 80 manat məbləğində müəyyən edilmişdir. O, İddiaçı ayrıldıqdan sonra 2016-cı ildə başqa bir qadınla nikah bağlamaqla ailə qurmuş və həmin ailədən də iki uşağı anadan olmuşdur. O, uşağı üçün müəyyən edilmiş 80 manat məbləğində aliment məbləğini vaxtı-vaxtında ödəyir. O, əvvəllər fərdi olaraq fəhləliklə məşğul olsa da, sonradan poçtalyon vəzifəsinə keçmişdir. Aylıq məvacibi 250 manatdır. Göstərilən əsaslara görə apelyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-1131/2020 saylı qətnaməsinin ləğv edilməsini, 250 manat əməkhaqının 3 övladı arasında bərabər şəkildə bölünməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)- 1131/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə nikahlarını xx xxxx 2012-ci il tarixdə rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahdan onların xx xxxxxx 2013-cü il tarixdə Xədicə adlı uşaqları anadan olmuşdur. Tərəflər ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan aralarında olan səmimi ailə münasibətləri pisləşmiş və onlar ayrılmışlar. Şəki Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(075)-1077/2014 saylı qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında xx xxxx 2012-ci il tarixdə bağlanmış nikah pozulmuş, onların birgə nikahdan olan uşağı xx xxxxxx 2013-cü il təvəllüdlü X2 anası İddiaçı himayəsində saxlanılmış və X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 70 manat alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmçinin İddiaçı iddia ərizəsi əsasında çıxarılmış Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli, 2 (075)-4642/2015 nömrəli qətnaməsinə əsasən xx xxxxxx 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 80 manat aliment tutularaq İddiaçı ödənilməsi və alimentin tutulmasının əvvəlinin iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu gündən, yəni xx xxxxxx 2015-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunan qanunlardan göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, iddiaçının maddi vəziyyətini, həmçinin uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, alimentin artırılması üçün qanuni əsasın olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin miqdarının artırılması üçün qanuni əsasın olması nəticəsinə gələrkən uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyi nəzərə alınaraq iddia tələbinin qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apelyasiya şikayətinin dəlilləri, iş üzrə qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, cavabdeh maddi vəziyətinin aşağı olduğunu, ikinci evliliyindən də övladlarının oluğunu, aylıq məvacibinin 250 manat olduğunu bildirsə də, qeyd edilən hallar onu, uşaqların normal saxlanılması vəzifəsindən azad etmir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini əsas götürərkən tərəflərin maddi və ailə vəziyyətlərini, əsas götürərək ədalətli nəticəyə gəlmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. Bundan əlavə birinci instansiya məhkəməsi cavabdehin mənafeyini də nəzərə almış, iddia tələbini tam deyil qismən təmin etmişdir ki, bu da birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni olmaqla yanaşı həm də ədalətli olduğuna dəlalət edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-1131/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-1131/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1948/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1948/2020
22.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver