Məhkəmə qərarları › İş №2(107)-1954/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1954/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1954/2021 19.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6 iştirakı ilə İddiaçı ASC-nin (hazırda LPO AtaBank ASC) cavabdehlər Cavabdeh, X4, X2 qarşı “kredit məbləğinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 13 avqust 2018-ci il tarixli, 2(051)-1324/2018 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh, X4 və X1 6654 manat məbləğdə əsas kredit borcu və 5774 manat məbləğdə faiz borcu olmaqla, cəmi 12428 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmiş və Mingəçevir Şəhər Məhkəməsinin 20.10.2018-ci il tarixli 2(051)-4757/2018 nömrəli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Bundan sonra borclu X4 əmrə etiraz vermiş və məhkəmənin 05.04.2018-ci il tarixli qərardadı ilə əmr ləğv edilərək, material iddia icraatına keçirilib, işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin (hakim H.Mirzəliyev) 13 avqust 2018-ci il tarixli, 2(051)- 1324/2018 nömrəli qətnaməsi ilə iddianın tələbi qismən təmin edilməsi, "xxxx" ASC ilə Cavabdeh, oğlu arasında bağlanmış 30 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə 6640.59 manat məbləğdə əsas kredit borcu, 4010.92 manat məbləğdə faiz borcu olmaqla, cəmi 10651.51 manat məbləğdə borcun Cavabdeh, X4 və X1 tutulub "xxxx" ASC-nə verilməsi, Dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğdə pulun cavabdehlərdən alınıb "xxxx" ASC-nin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə 145 manat məbləğdə ekspertiza xərcinin cavabdehlərdən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan cavabdeh Muradov X3 Şəhər Məhkəməsinin 13 avqust 2018-ci il tarixli, 2(051)-1324/2018 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, kreditor İddiaçı ASC-nin «Mingəşevir» filialı ilə Cavabdeh arasında bağlanılmış 30.05.2014-cü il tarixli MF-UN/57 saylı «Kredit müqaviləsbmə əsasən, cavabdehə şəxsi məqsədlər üçün 48 (qırx səkkiz) ay müddətinə 7500.00 manat məbləğində kredit verilmişdir. Həmin müqavilələrin 3.3 bəndinə əsasən, cavabdeh kredir məbləğinin kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 (otuz) təqvim gününün bitdiyi sonuncu gün hər ay bərabər hissələrlə «Kredit alan» tərəfindən “Kredit verən”in hesabına nağd və ya köçürülmə yolu ilə qaytarılmasını öhdəsinə götürmüşdür. Qeyd olunan hər iki «Kredit müqaviləsi»nin 3.4. bəndinə əsasən. «Kredit alan» kreditdən istifadəyə görə «Kredit verən»ə illik 24 (iyirmi dörd)% faiz ödəyir. Həmin müqavilənin 3.6. bəndinə əsasən faizlər müqavilənin 3.2 bəndi ilə müəyyən olunan şərtlərlə və qaydada kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 (otuz) təqvim günü bitdikdən sonra ertəsi gün «Kredit alan» tərəfindən «Kredit verən”in hesabına nağd və ya köçürülmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlik ödənilir. Həmin müqavilənin 5.2. bəndinə əsasən, müqavilənin 3.3. bəndində göstərilən vəzifənin uzun müddəti «Kredit alan» tərəfindən gecikdirildiyi halda o, hər gecikdirilən gün üçün müqavilənin 3.4. bəndi ilə müəyyənləşdirilən 24 % -in ikiqat həcmində cərimə ödəyir. Qeyd olunan «Kredit müqaviləsi »nin 5.3. bəndinə əsasən, müqavilənin 3.6 bəndində göstərilən vəzifənin icra müddəti «Kredit alan» tərəfindən gecikdirildiyi halda o, «Kredit verən»ə 3.4. bəndi ilə müəyyən olunan faizlərin ikiqat həcmində cərimə ödəyir. 30.05.2014cü il tarixli MF-UN/57 saylı «Kredit müqavilə!əri»nin 1.1 bəndində nəzərdə tutulan öhdəliyin icrasının təmin edilməsi məqsədilə iddiaçı '‘AtaBank" ASC-nin Mingəçevir filialı ilə digər borclular X4 30.05.2014-cü il tarixdə bağlanmış 68 №-li və X8 30.05.2014-cü il tarixdə bağlanmış 67 №-li zaminlik müqavilələrinə əsasən zaminlər «Kredit müqaviləsi» üzrə borclunun iddiaçı qarşısında götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icar etmədikdə, həmin öhdəliyin tamamilə və ya hissə-hissə icra edilməsini öhdəsinə götürmüşdür. Borclular bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh, X4 və X7 12.09.2017-ci il tarixinə banka olan borcu 6654.00 (altı min altı yüz əlli dörd) manat əsas kredit borcu, kreditdən istifadəyə görə 5774.00 (beş min yeddi vüz yetmiş dörd) manat faiz borcu, ümumilikdə 12428.00 (on iki min dörd yüz iyirmi səkkiz) manat təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı «Bildiriş»lərin göndərilməsi yolu ilə xəbərdarlıq edilmiş və qeyd olunan «Kredit müqaviləsi» üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda borcun banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır və qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. bankla aralarında bağlanan müqavilədən sonra Şəki Ağır Cinayətlər Məhkəməsinin 178.2.4 maddəsi ilə 5 il müddətinə məhkum edilmiş və bu haqda İddiaçı ASC məlumatlı olmuşdur. Buna baxmayaraq, qətnamədə qeyd olunmuşdur ki, Atabank ASC guya ona dəfələrlə xəbərdarlıq göndərmişdir. Əlavə olaraq AR MPMnin 140 maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərləri, məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar etməlidir. Həmin Məcəllənin 140.7 maddəsinə əsasən zərurət olduğda çağırış bütün rabitə vasitələri istifadə olunmaqla cavabdehə şəxsən çatdırılmalı idi. Hakim onun özünü müdafiə etməkdən məhrum olduğunu bilə-bilə onu məhkəmədə iştirak etməkdən məhrum etmişdir. Dollar devalvasiya olunana qədər onun tərəfindən 03.12.2014-cü il tarixə qədər 7 ay ərzində 1762 manat pul ödənilib. o, məhkum olduqdan sonra 22.02.2018-ci il tarixdə digər zaminlər tərəfindən 50 manat ödənilib. Beləliklə də 2018-ci ilin mart ayına onun borcu 9312 manat təşkil etmişdir. Bu borcla o, AR Prezidentinin dollarla tənzimlənən Fərmanına düşürdü. Lakin bank hesablamanı vaxtında dayandırmadığı üçün hesab böyüyüb 10651 manat təşkil etmişdir. Qeyd edilənlərə əsasən Mingəçevir Şəhər Məhkəməsinin 13.08.2018-ci il tarixli qətnaməsinin ləğvinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Apellyator məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, iddiaçı tərəf isə iştirak etməmələrinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə heç bir məlumat verməmişlər. (İddiaçı ASC ləğv prosesində olduğundan Əmanətlərin Sığortalanamsı Fondu işə cəlb edilmişdir) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: İş materialları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən cavabdeh (apellyator) Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməmiş və işə onun iştirakları olmadan baxılıb nəticə verilmişdir. Belə ki, mülki iş materialları araşdırılarkən müəyyən edildi ki, cavabdeh tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilsə də, məhkəmə bildirişlərinin cavabdeh (apellyator) Cavabdeh çatdırılmasını təsdiq edən müvafiq poçt sənədi iş materiallarında mövcud deyildir, əksinə apellyasiya şikayətinə əlavə olunmuş arayışdan müəyyən edilir ki, sonuncu 02.06.2016-cı il tarixdən 02.06.2021-ci il tarixədək ƏN PX-nin 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. İş materiallarında isə həmin çəzaçəkmə müəssisəsinə məhkəmə bildirişinin göndərilməsi görünmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 138.1-ci maddəsinə görə, məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. 138.2-ci maddəsinə görə, işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsilə xəbərdar edilir, şahidlər, ekspertlər, mütəxəssislər və tərcüməçilər isə məhkəmə bildirişi vasitəsilə məhkəməyə çağırılırlar. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi işə baxarkən cavabdeh (apellyator) Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar etməməklə yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir. İşə hərtərəfli baxılması məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması, tərəflərin prosesdə fəallığı, öz mövqeyini müdafiə etmək üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini rədd etməsi üçün geniş imkanlara malik olması ilə təmin olunur. Çəkişmə prinsipi tərəflərin prosessual hüquq bərabərliyi prinsipindən ayrılmazdır. Belə ki, məhz bərabər hüquq və vəzifələr onlara məhkəmə qarşısında çəkişmək imkanı verir. Tərəflərin prosessual hüquq bərabərliyi o deməkdir ki, onlar öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malik olurlar və bərabər səviyyədə konkret prosessual hüquqlarla təmin edilirlər. Tərəflərin prosessual hüquq bərabərliyi prinsipi prosesin bütün mərhələlərində mühüm əhəmiyyət daşımaqla prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Bu prinsipin mahiyyəti əslində ondan ibarətdir ki, prosesin istənilən mərhələsində hər bir tərəfə bərabər prosessual imkanlar yaradılmalı, tərəflər prosesdə tam bərabər olmalı, onların hüquqları bir-birinə uyğun olmalı və uzlaşmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1. maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.2-ci maddəsiə görə işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi işə baxılmasının vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada məlumat vermədən işə baxmışdır ki, bu da nəticə etibarı ilə tərəflərin çəkişmə, hüquq bərabərliyi prinsipinin pozulmasına səbəb olmuşdur və bu hal qətnamənin ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; İddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh "xxxx" ASC ilə 30 may 2014-cü il tarixdə MF-UN-57 saylı müqavilə bağlayaraq 7500 manat məbləğdə kredit almış, aldığı borc məbləğini illik 24 faiz əlavəsi ilə 48 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Həmin tarixdə X4 və X5 arasında zaminlik müqaviləsi bağlanmış və zaminlər Cavabdeh ilə birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. "xxxx" ASC-nin ödəniş cədvəlindən görünür ki, Cavabdeh 48 ay müddətinə, illik 24 faiz əlavəsi ilə 7500 manat məbləğdə krediti hər ay 244.51 manat məbləğdə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" ASC-nin 09 iyun 2017-ci il tarixli arayışından görünür ki, Cavabdeh 6654 manat məbləğdə əsas, 5399 manat məbləğdə faiz borcu və 375 manat məbləğdə cərimə borcu olmaqla, cəmi 12428 manat məbləğdə borcu yaranmışdır. Məhkəmə mühasibatlıq ekspertizasının 13 iyul 2018-ci il tarixli, 13669 saylı rəyinin nəticə hissəsindən görünür ki, 09 iyun 2017-ci il tarixə Cavabdeh "xxxx" ASC-nə 6640.59 manat məbləğdə əsas, 4010.92 manat faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. 742.1-ci mаddəsinə görə, bоrc аlаn bоrcun qаytаrılmаsı üçün qоyulmuş müddətdə bоrcu qаytаrmаlıdır Göründüyü kimi, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan “kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilələrlə müəyyən edilmiş faizləri həmin təşkilata qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin buna baxmayaraq cavabdeh iddiaçıdan kredit müqaviləsi əsasında kredit vəsaiti almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Apellyasiya instansiyası məhkəməsi yenidən işə baxarkən hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır. Kollegiya qeyd etməyi vacib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual pozuntu səbəbindən tam ləğv edildiyindən, apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə mahiyyəti üzrə yenidən baxarkən məlum Fərmanın tətbiqini zəruri hesab edir. Çünki iş materiallarından, həmçinin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi icra mərhələsində də mövcud Fərmanın tətbiqi ilə bağlı restrukturizasiya təklif edilməmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə görə, Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Fərmanın 6-cı bəndinə görə, banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyə olunmuşdur. Göründüyü kimi, Fərmanın tələblərinin təkcə xarici valyutada alınmış kreditlərə deyil, milli valyutada olan kredit borclarına da şamil edilməsi imkanı nəzərdə tutulmuşdur. Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, qeyd edilən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, məhkəmələr qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Kollegiya hesab edir ki, ölkə başçısının yuxarıda qeyd edilən Fərmanı hazırkı iş üzrə cavabdehə münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbinin restrukturizasiya olunması təklif olunan əsas borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir. Göründüyü kimi sözügedən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə kollegiyası qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Göründüyü kimi cavabdeh (apellyator) Cavabdeh kredit borcu ilə bağlı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının göstərişinə uyğun olaraq icra mərhələsində də hər hansı təklif olunmamışdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmaması, qətnamədə göstərilən nəticələrin işin hallarına uyğun olmaması barədə dəlilləri əsaslıdır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, cavabdeh (apellyator) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin 13 avqust 2018-ci il tarixli, 2(051)-1324/2018 nömrəli qətnaməsi prosessual pozuntuya görə tamamilə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməklə cavabdehlərdən müştərək qaydada 6640.59 manat alınaraq iddiaçı LPO "xxxx" ASC-yə verilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0 və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 13 avqust 2018-ci il tarixli, 2(051)-1324/2018 nömrəli qətaməsi tam ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh, X4 və X1 müştərək qaydada 6640.59 (altı min altı yüz qırx manat, 59 qəpik) manat məbləğdə əsas kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul tutulub Ləğv Prosesində olan "xxxx" ASC-yə ödənilsin. iş üzrə 145 manat məbləğdə ekspertiza xərci cavabdehlərdən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar