Məhkəmə qərarları › İş №2(107)-1955/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1955/2021

19.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1955/2021 19.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsi” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(016)-564/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 28 mart 2004-cü il təvəllüdlü X4 və 13 noyabr 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən onun xeyrinə sabit pul məbləği ilə hər ay hər bir uşaq üçün 175 manat, ümumilikdə 350 manat məbləğində alimentin tutulmasını xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin (hakim A.Əsgərov) 14 iyul 2021-ci il tаrixli, 2(016)- 564/2021 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilərək 28 mart 2004-cü il təvəllüdlü X4 və 13 noyabr 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh 25 may 2021-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 90 (doxsan) manat olmaqla, cəmi 180 (yüz səksən) manat məbləğində, sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiаçı öz tələbini belə əsаslаndırmışdır ki, cavabdehlə 2003-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 2 övladları - 28 mart 2004-cü il tarixdə X4 və 13 noyabr 2005-ci il tarixdə X5 anadan olmuşdur. Əvvəllər ailə münasibətləri normal olsa da, son zamanlar cavabdeh ailəsinə laqeyd münasibət bəsləmişdir. Nikahları pozulmasa da cavabdeh uşaqların saxlanmasına heç bir köməklik göstərmir. O, hazırda iki uşağın saxlanılmasında çətinlik çəkir. Cavabdeh ayrı yaşayır, usta işləyir, gəliri normaldır. Lakin valideynlik borcunu yerinə yetirmək istəmir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ağsu Rayon Məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında” qanuna əsasən uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilmişdir. Hətta hal-hazırda bu məbləğin özü belə bir uşağın saxlanılması üçün heç də kifayət etmir. Çünki dövrün tələblərinə uyğun olaraq uşaqların ehtiyacları, tələbatları artır və təbii ki bunların da təmini üçün pul vəsaiti lazımdır. Digər bir tərəfdən alimentin məbləğinin müəyyən edilməsi zamanı qanunvericilikdə nəzərdə tutulduğu kimi məhkəmə təkcə yaşayış minimumu deyil, eyni zamanda tərəflərin maddi və digər diqqətəlayiq halları, uşağın əvvəlki təminat səviyyəsinin saxlanılmasını nəzərə almalıdır. Cavabdehin gəlirləri daima yaxşı olduğundan evi tərk edib gedənə qədər o, uşaqların bütün təminatlannı lazımi səviyyədə ödəyirdi. Bildirir ki, Ağsu Rayon Məhkəməsinin qəbul etdiyi qətnamə ilə müəyyən edilən hər uşaq üçün hər ay sabit pul məbləğində 90 (doxsan) manat, cəmi 180 ( yüz səksən) manat aliment uşaqların saxlanılması üçün kifayət etmir. Cavabdehin rəsmi gəliri olmasa da, usta fəaliyyəti ilə əlaqədar kifayət qədər yüksək məbləğdə gəlir əldə edir. İşlərinin çoxluğu və hər işə görə aldığı ortalama 2000-2500 manat bunun bariz nümunəsidir. Bir usta kimi hər işi bacarır və daima işləri olur. Amma bu qədər çox gəlirinin olmasına baxmayaraq bir valideyn kimi öz övladları qarşısında vəzifələrini unudur. Bu onu göstərir ki, cavabdeh qərəzli və məqsədli olaraq alimenti ödəmək istəmir. Uşaqlar böyüdükcə isə onların tələbatları artır və bu tələbatların ödənilməsi üçün maddi vəsaitlərin təkcə onun tərəfindən təmin ediməsi mümkünsüzdür. Məhkəmə prosesində iştirakı ilə bağlı cavabdehə dəfələrlə məlumat verilsə də, o bu məsələyə etinasız və laqeyd yanaşaraq məhkəmə proseslərinə gəlməyərək hakimin qəbul edəcəyi qərarın onun üçün heç bir əhəmiyyət kəsb etməyəcəyini bildirir. Bütün bunları nəzərə alaraq hesab edir ki, 28 mart 2004-cü il təvəllüdlü Niftalıyeva Zəhra asif qızı və 13 noyabr 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq hər bir uşaq üçün 175 ( yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat məbləğində alimentin tutulması müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən Ağsu Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tаrixli, 2(016)-564/2021 nömrəli qətnaməsinin iddia ərizəsinin təmin edilməyən hissəsində ləğv edilərək iddia ərizəsinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Tərəflər rəsmi poçt vasitəsilə yanaşı həmçinin istifadələrində olan (iddia ərizəsində qeyd olunmuş) 070 814 96 94 və 070 390 51 62 mobil telefon nömrələrinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin dəyişdirilməsinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, alimentin məbləği dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; İİ-AZ 006613 seriya nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Cavabdeh Təvəkkül oğlu ilə X1 nikahı 27.02.2003-cü ildə rəsmiləşdirilmişdir. AZ-İ 682200 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 13.11.2005-ci il tarixdə anadan olmuşdur. Şəhadətnamənin ata qrafasında Cavabdeh Təvəkkül oğlu , ana qrafasında isə X2 qeyd edilmişdir. AZ-İ 606153 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 28 mart 2004-cü il tarixdə anadan olmuşdur. Şəhadətnamənin ata qrafasında Cavabdeh Təvəkkül oğlu , ana qrafasında isə X2 qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasında 2021-cı il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 1 yanvar 2021-cı ildən uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilmişdir. Apellyasiya şikayətinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, həmin apellyasiya şikayətində qeyd olunanlar şikayətin tam təmin olunması üçün əsaslı olmasa da, qismən təmin edilməsi və alimentin məbləğinin dəyişdirilməsi üçün əsaslıdır. Belə ki, birinci instаnsiyа məhkəməsi аlimentin miqdаrını müəyyən edərkən tərəflər arasındakı qarşılıqlı münasibətə, uşaqların azyaşlı olmaqla ananın himayəsində olmasına, eləcə də uşaqlar üçün yaşayış minimumunun məbləğinə xüsusi diqqət yetirməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi 28 mart 2004cü il təvəllüdlü X4 və 13 noyabr 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarını 90 manat müəyyən edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuş 90 manat məbləğində aliment, uşaqların fiziki, əqli, mənəvi və sosial cəhətdən sağlam böyüməsi və inkişaf etməsi üçün heçdə yetərli sayıla bilməz. Ona görə məhkəmə kollegiyası hesab edir ki, müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli və alimentin miqdarı hər ay bir uşaq üçün 120 manat müəyyən edilməlidir. Apellyasiya instansiya məhkəməsi həmçinin hesab edir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağsu Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(016)- 564/2021 nömrəli qətnaməsi alimentin məbləğinə münasibətdə dəyişdirilməlidir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi-bir illik ödəməsinin məcmusu 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiаçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tаrixli, 2(016)-564/2021 nömrəli qətnaməsi “Cavabdeh alınmalı (tutulmalı) olan аlimentin məbləği ilə bаğlı hissədə dəyişdirilsin və həmin аlimentin məbləği hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat , cəmi 240 (iki yüz qırx) manat məbləğində müəyyən edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar