Məhkəmə qərarları › İş №2(107)-1959/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1959/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1959/2021 26.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi X1 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, e-2(037)-624/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicsi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra iddiaçı) Cavabdeh2 (bundan sonra birinci cavabdeh) və Cavabdeh1 (bundan sonra ikinci cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən 2616,59 manat əsas, 1748,9 manat faiz, 775,83 manat cərimə, 366,84 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcu – cəmi 5508,16 manat borc məbləğinin və 30 manat dövlət rüsumunun müştərək qaydada alınaraq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin (hakim R.Şirinov) 02 avqust 2021-ci il tarixli, e-2(037)- 624/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh2 2616 manat 59 qəpik əsas borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2646 (iki min altı yüz qırx altı) manat 59 (əlli doqquz) qəpik məbləğin alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin İmişli filialı ilə Cavabdeh2 arasında bağlanmış 0278/15 №-li 07 iyul 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə ilə 24 (iyirmi) ay müddətinə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə 5.000 (beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 07 iyul 2015-ci il tarixli Zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********578 saylı 30.04.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh2 21.04.2021-ci il tarixə kredit üzrə cəmi borcu 5.508,16 (beş min beş yüz səkkiz manat, 16 qəpik) manat təşkil edir. Bundan 2.616,59 manat əsas, 1748,90 manat faiz, 775,83 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 366,84 manat faiz borcu təşkil edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 02.08.2021-ci il tarixli, e-2(037)- 624/2021saylı qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Azərbaycan Respublikası Mülki Məcəlləsi, Mülki Prosessual Məcəlləsindən irəli gələn maddi və prosessual hüquqlarını pozmuşdur. Aşağıda qeyd İsmayıllı Rayon Məhkəməsinin 02.08.2021-ci il tarixli, e-2(037)-624/2021saylı qətnaməsinin təmin edilməyən hissədə qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, İsmayıllı Rayon Məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və bu səbəbdən qətnamə təmin edilməyən hissədə ləğv edilməlidir və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İsmayıllı Rayon Məhkəməsinin 02.08.2021-ci il tarixli, e-2(037)-624/2021saylı qətnaməsi ilə faiz, cərimə, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan borc hissəsində gəlidyi nəticə ilə razı deyilik və hesab edirik ki, bu hissədə qətnamə ləğv olunmalıdır və iddiatələbimiztam təmin edilməlidir. Cavabdeh2 1748,90 manat faiz, 775,83 manat cərimə, 366,84 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra(Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ tutulmasını təmin etməmişdir. Qeyd olunları nəzərə alaraq hesab edirik ki, bu hissədə məhkəmənin gəldiyi nəticə səhvdir və bu hissədə ləğv olunmalıdır, Cavabdeh2 əlavə olaraq 1748,90 manat faiz, 775,83 manat cərimə, 366,84 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra(Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ tutulmasını təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İddiaçı ləğv prosesində olan İddiaçıASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Azərbaycan Respublikası Mülki Məcəlləsi və Mülki Prosessual Məcəlləsindən irəli gələn maddi və prosessual hüquqları pozulmuşdur. Qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir, bu səbəbdən qətnamə ləğv edilməli və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Qeyd edilənlərə əsasən İsmayıllı Rayon Məhkəməsinin 02.08.2021-ci il tarixli, e- 2(037)-624/2021saylı qətnaməsi ilə təmin olunmayan faiz, cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən (Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ hissəsində nəticənin ləğv edilməsini və iddiaçının iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, sonda şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, sonda birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı qətnamənin iddianın təmin olunmayan - faiz, cərimə və kredit müqaviləsi bitəndən sonra AR KM-nin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış faiz məbləğini hissəsini mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası iclasında tədqiq edilmiş: 07 iyul 2014-cü il tarixli 0278/15 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, həmin kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən birinci cavabdehə illik 25 faiz dərəcəsi ilə 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmiş, birinci cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilədə birinci cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və dəbbə pulunu tələb etmək hüququ nəzərdə tutulmuşdur. 07 iyul 2014-cü il tarixli 0278/15 nömrəli kredit müqaviləsinə əlavənin surətindən görünür ki, birinci cavabdeh 36 ay müddətində 5000,03 manat əsas borc və 2156,77 manat faiz borcu, cəmi 7156,8 manat məbləğini ödəməyi öhdəsinə götürmüşdür. 07 iyul 2014-cü il tarixli 0278/15/1 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə birinci cavabdeh arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi birinci cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda zaminlik müqaviləsinə əsasən ikinci cavabdeh birinci cavabdehlə birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. 30 aprel 2021-ci il tarixli **********578 nömrəli bildirişin surətindən görünür ki, birinci cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyini icra etmədiyi üçün borcun könüllü olaraq ödənilməsi cavabdehlərdən tələb edilmiş, borc məbləği ödənilmədiyi təqdirdə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. 03 may 2021-ci il tarixli **********647 nömrəli maliyyə arayışının surətindən görünür ki, 07 iyul 2014-cü il tarixli 0278/15 nömrəli kredit müqaviləsinə əsasən birinci cavabdehin 21 aprel 2021ci il tarixinə 2616,59 manat əsas, 1748,9 manat faiz, 775,83 manat cərimə, 366,84 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, ümumi yaranmış borcu 5508,16 manat məbləğində qalmışdır. Problemli kreditlərin kompensasiyasına dair mərkəzi bazadan çıxarılmış məlumatdan görünür ki, hazırkı iş üzrə kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərinproblemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş, birinci cavabdehə 231,77 manat kompensasiya hesablanaraq borcun azaldılmasına yönəldilmiş, 2616,59 manat qalıq borcu qalmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kollegiya Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbi baxımından hesab edir ki, iddiaçı 07 iyul 2014-cü il tarixli 0278/15 nömrəli kredit müqaviləsi üzrə 2616,59 manat əsas, 1748,9 manat faiz, 775,83 manat cərimə, 366,84 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz məbləğini ikinci cavabdehdən tələb etməkdə haqlı deyil. Çünki, həmin müqavilə üzrə kredit 24 ay müddətinə verildiyindən yuxarıda göstərilən maddənin tələbinə görə iddiaçı cavabdeh zaminə qarşı iddianı borcun ödənilməsinin müddətinin bitdiyi 07 iyul 2016-cı il tarixdən bir il, bəzi hallarda isə iki il keçənədək yəni, 07 iyul 2018-ci il tarixədək qaldıra bilərdi. İddiaçı cavabdeh zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia irəli sürmədiyindən onun zaminliyinə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir Problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet portalından çıxarışdan görünür ki, Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC-yə 01 mart 2019-cu il tarixinə kredit borcu üzrə əsas qalıq borcu 2616,59 manat təşkil etmiş, həmin kreditin illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunmuşdur. Hazırkı iş üzrə cavabdehlərdən tələb olunan əsas kredit borcu “Problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşdükdən sonra qalmış qalıq borca bərabərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmçinin qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi borclu tərəfindən pulun ödənilməsinin gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltməyin, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməyin dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019- cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür İşin faktiki halından göründüyü kimi İddiaçı ASC-nin İsmayıllı filialı ilə birinci cavabdeh arasında bağlanmış 07 iyul 2014-cü il tarixli 0278/15 nömrəli kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 25% dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə ikinci cavabdeh arasında 07 iyul 2014-cü il tarixli 0278/15/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Müqavilədə birinci cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və borcun gecikdirilməsinə görə dəbbə pulunu tələb etmək hüququ nəzərdə tutulmuşdur. Birinci cavabdehin kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş, birinci cavabdehə 231,77 manat kompensasiya hesablanaraq borcun azaldılmasına yönəldilmiş, 2616,59 manat qalıq borcu qalmışdır. İddiaçı tərəfindən cavabdehlərə qalıq borcun ödənilməsinə dair yeni müqavilə bağlanılması üçün bildiriş göndərilməsinə dair iş materiallarında sübut yoxdur. Bundan əlavə, Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, sözügedən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə kollegiyası qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Sözügedən Fərman Cavabdeh2 münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbinin restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli sayılmalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, kollegiya birinci instansiya məhkəməsinin mübahisə üzrə hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin müqavilə müddəti üçün hesablanmış faiz, cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR KM-nin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış faiz məbləğini ödənilməsi hissəsinə münasibətdə təmin etməməkdə haqlı olmuşdır. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi (1748,9 manat faiz, 775,83 manat cərimə, 366,84 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcu, cəmi 2889.90) 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Ləğv Prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, e-2(037)-624/2021 nömrəli qətnaməsi mübahisələndirilən-iddianın təmin edilməyən (faiz, cərimə və kredit müqaviləsi bitəndən sonra AR KM-nin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış faiz məbləği) hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar