Məhkəmə qərarları › İş №2(107)-1971/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1971/2020

13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1971/2020 13.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, X4 iclas katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 nümayəndəsi X3 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)-591/2020 nömrəli qərardadından iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı ləğv prosesində olan "İddiaçı" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2015-ci il tarixli 39_USD nömrəli kredit müqaviləsi üzrə 1520.64 ABŞ dolları əsas, 920.31 ABŞ dolları müqavilə müddəti üçün hesablanmış faiz, 1379.86 ABŞ dolları borcun gecikdirilməsinə görə hesablanan və tələb olunan cərimə, 227.85 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borc olmaqla, ümumilikdə 4048.66 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 birgə qaydada tutularaq ləğv prosesində olan "İddiaçı" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)-591/2020 nömrəli (hakim R.Şirinov) qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qərardaddan narazı qalan iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 şikayət verərək, qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehlərə üzərlərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və kredit borcunun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə poçt xidməti vasitəsilə xəbərdarlıq məktubları ünvanlanmış, müvafiq xəbərdarlıq məktubları və onların qəbul edilməsinə dair qəbzlər həmin şəxslərin özləri, yaxud ailə üzvləri tərəfindən qəbul edilmiş və imza ilə təsdiqlənmiş, lakin ünvanlanmış pretenziya və xəbərdarlıq məktubları müsbət nəticə verməmişdir. Qəbzlərin cavabdehlər tərəfindən imzalanmadığı halda belə bu onları kredit öhdəliyinin icrasından azad etmir, belə ki, müqavilə şərtlərində müqavilənin imzalandığı andan qüvvədə olduğu və borcalan tərəfindən kredit, kredit faizləri və bank qarşısında müqavilədə nəzərdə tutulan bütün öhdəliklər tam yerinə yetirilənədək qüvvədə olduğu bildirilir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-591/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 nümayəndəsi X5 şikayəti müdafiə edərək, sonda birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işi baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə qaytarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iddiaçının nümayəndəsinin izahatı və iş materialları ilə birlikd əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)-591/2020 nömrəli qərardadı tam, xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-591/2020 nömrəli qərardadı isə qismən –“şikayətin təmin olunmaması” hissəsində ləğv olunmalı, mülki iş sonrakı hərəkətlərin edilməsi üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə hazırki mübahisələndirilən qərardadı qəbul edərkən ona əsaslanmışdır ki, Cavabdeh1 ayrılmış kredit məbləği Azərbaycan Respublikası Prezdentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli fərmanın təsir dairəsinə düşərək restrukturizasiya olunsa da, yeni müqavilə bağlanılmasına dair cavabdehlərə xəbərdarlıq bildirişləri göndərilməsini təsdiq edən sənədlər iş materiallarına əlavə edilsə də, məhkəmə iclasında iştirak edən Cavabdeh1 bank tərəfindən ona xəbərdarlıq bildirişinin göndərilməməsini və bildirişə əlavə edilmiş qəbzdəki soyadının qarşısındakı imza onun tərəfindən icra edilmədiyi göstərilmişdir. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsinə istinad etməklə ərizəni baxılmamış saxlamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu əsaslandırması ilə razılaşmır. Birincisi ona görə ki, iş materiallarının 25-ci səhifəsindəki xəbərdarıq məktubundan görünür ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 tərəfindən məhkəmədən kənar qaydada pretenziya qaydasına riayət edilməklə cavabdehlərə məlumat verilmişdir. İş materiallarının 22-24-cü səhifələrindəki poçt xəbərnamələrindən görünür ki, iddiaçı tərəfindən göndərilmiş xəbərdarlıq məktubu cavabehlər tərəfindən imza edilərək qəbul edilmişdir. Lakin birinci instansiya məhkəməsinin qərardadının əsaslandırıcı hissəsindən görünür ki, Cavabdeh1 bank tərəfindən ona xəbərdarlıq bildirişinin göndərilməməsini və bildirişə əlavə edilmiş qəbzdəki soyadının qarşısındakı imza onun tərəfindən icra edilmədiyi göstərilmiş, birinci instansiya məhkəməsi də heç bir xusisi bilik tələb edən ekspertiza təyin etmədən və imzalara vizual qaydada baxış keçirməklə hazırki nəticəyə gəlmişdir. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, xəbərnamədəki imzaların cavabdeh və ya digər şəxs tərəfindən icra olunubolunmamasını müəyyən etmək hakimin səlahiyyətinə aid olmayıb, yalnız xüsusi bilik tələb edən ekspert rəyi əsasında müəyyən edilə bilər. Buradan da göründüyü kimi iddia ərizəsinin baxılmamış saxlanılması üçün qanuni əsaslar olmamışdır. Lakin işə baxan birinci instansiya məhkəməsi iddia ərizəsini baxılmamış saxlamaqla iddiaçının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)-591/2020 nömrəli qərardadı tam, həmin qərardadla bağlı xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)- 591/2020 nömrəli qərardadı isə qismən –“şikayətin təmin olunmaması” hissəsində ləğv olunmalı, mülki iş sonrakı hərəkətlərin edilməsi üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 tərəfindən verilmiş şikayət təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)-591/2020 nömrəli qərardadı tam, həmin qərardadla bağlı xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-591/2020 nömrəli qərardadı isə qismən –“şikayətin təmin olunmaması” hissəsində ləğv edilsin. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar