Məhkəmə qərarları › İş №2(107)-1978/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1978/2021

27.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1978/2021 27.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, İddiaçı, cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin nümayəndəsi X10 və Cavabdeh2 ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər AR ƏƏSMN-nin yanında Cavabdeh1nə və Cavabdeh2 ASC-yə qarşı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində şəxsə vurulmuş zərərlə əlaqədar ödəncin hər ay ödənilməsi, ödənilməmiş ödəncin birdəfəlik verilməsi, maddi və mənəvi ziyan tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsinə və Cavabdeh2 ASC-yə qarşı “istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində şəxsə vurulmuş zərələ əlaqədar ödəncin hər ay ödənilməsi, ödənilməmiş ödəncin birdəfəlik verilməsi və maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 ASC və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər Şöbəsi tərəfindən hər ay 190 manat olmaqla, 01 avqust 2019-ci il tarixindən 01 sentyabr 2020-ci il tarixədək 13 aylıq ödənilməmiş ödəncin birdəfəlik ödənilməsinə, bu ödəncin müəssisə tərəfindən hər ay ödənilməsini, o cümlədən ona vurulmuş maddi ziyana görə hər bir cavabdehdən 1000 manat, mənəvi zərər görə hər cavabdehdən 5000 manat zərərin əvəzinin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim R.Əlizadə) 2(039)-1784/2020 saylı, 22 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı hər ay ödəniləcək aylıq ödəncin 01 avqust 2019-cu il tarixindən 01 yanvar 2020-ci il tarixədək ödənilməyən hər ay 180 manat, 01 yanvar 2020-ci il tarixindən 01 sentyabr 2020-ci il tarixədək ödənilməyən hər ay 190 manat hissəsi Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməsi, həmin ödəniş hər ay Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh2 ASC Yevlax Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(039)-1784/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(039)-1784/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsinə və Cavabdeh2 ASC-nə qarşı “istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində şəxsə vurulmuş zərərlə əlaqədar ödəncin hər ay ödənilməsi, ödənilməmiş ödəncin birdəfəlik verilməsi və maddi və mənəvi ziyan” tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər Azərbaycan Respublikasının Ali Məhkəməsinin 10 avqust 201-ci il tarixli 2(102)- 3796/2021 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmişdir. işin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Yevlax şəhəri 57 nömrəli SMD-də suvaqçı işləyərkən 1989-cu il tarixdə istehsalatda baş verən bədbəxt hadisə ilə əlaqədar istehsalat xəsarəti almışdır. Buna görə 57 saylı SMDdən hər ay müavinət alırdı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 29 oktyabr tarixli sərəncamı ilə işlədiyi 57 nömrəli X4 Cavabdeh2 ASC-nin balansına keçmişdir. O, istehsalatda baş verən bədbəxt hadisə ilə əlaqədar üstünə beton düşməsi nəticəsində müəssisədə aldığı xəsarətdən əlil olmuşdur. İşlədiyi müəssisə Cavabdeh2 ASC-nin balansına keçənədək 2003-cü ilədək bütün müavinətləri ödənilmişdir. Cavabdeh2 ASC-nin tərəfindən isə 2005-ci ildən 01 yanvar 2019-cu ilədək müavinəti tam olaraq ödənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 314S 21 oktyabr 2005-ci il tarixli sərəncamında 57 nömrəli X4 Cavabdeh2 ASC-nin balansına keçirilərkən təbii ki, müəssisənin borcları da Cavabdeh2 ASC-nin üzərinə qoyulmuşdur. O, 2019-cu ilin yanvar ayının 1-dək hər ay istehsalatda baş verən bədbəxt hadisə ilə əlaqdar Aqrolizinq ASC-dən 138 manat ödənc alırdı. Ancaq 2019-cu ilin yanvar ayından etibarən həmin məbləğ ona verilməmişdir. Nəticədə yanvar-iyul ayları üçün 7 ay ərzində hər ay 138 manat olmaqla 966 manat məbləğ ona ödənməmişdir. O, dəfələrlə Aqrolizinq ASC-yə müraciətlər etmiş, ona ödəniləcək məbləği tələb etmişdir. Lakın həmin məbləğ ona qaytarılmadığından, istehsalatda baş verən bədbəxt hadisənin qurbanları olaraq o aidiyyatı ödənci artıq 9-cu aya keçir ki, almır. Aqrolizinq ASC-nin Yevlax rayonunda da idarəsi fəaliyyət göstərir. Bu müəssisə onun xəsarət aldığı 57 saylı SMD-nin hüquqi varisidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2005ci il tarixli 374S nömrəli sərəncamı ilə Yevlax Kənd Tikinti 57 nömrəli SMD Aqrolizinq ASCnin balansına verilmişdir. Bu səbəbdən də əmək zədəsinə görə veriləcək ödənc bu müəssisənin üzərinə qoyulmuşdur. Həmin məbləğ ona ödənilmədiyinidən hazırki iddia ərizəi ilə məhkəməyə mürciət etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. apellyasiya şikayətinin dəlilləri və proses iştirakçılarının izahatları: Apellyasiya şikayətləri onunla əsaslandırmışdır ki, işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin və mülki qanunvericiliklə müəyyən edilmiş digər xərclərin əvəzinin işə götürən tərəfindən ödənilməsi halının baş verməsi, bu hüququn işçidə yaranması üçün işəgötürənin tam və ya qismən təqsirli olması mütləqdir. İş materiallarından da görünür ki, baş vermiş bədbəxt hadisədə işəgötürənin tam və ya qismən də olsa təqsiri hər hansı sənədlə sübuta yetirilmir. Normadan da göründüyü kimi təkcə istehsalatda bədbəxt hadisənin baş verməsi halının mövcudluğu heç də işəgötürən tərəfindən işçiyə dəymiş zərərin və digər xərclərin ödənilməsi vəzifəsini ehtiva etmir. Məhkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh2 ASC-nin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, kassasiya qaydasında işə baxan məhkəmə qərarında MPM 82.3-cü maddəsinə və Mülki Məcəlləsinin 56.2-ci maddəsinə istinad etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, 21 oktyabr 2005-ci il tarixli, 314 s saylı Sərəncamı ilə “Yevlax Kəndtikinti” 57 saylı X8 Cavabdeh2 ASC-nin balansına verilib. 57 saylı X8 hüquqi şəxs deyildir. Yevlax Kənd tikinti” 57 saylı X5 hüquqi varisi Yevlax Kəndtikinti kreditidir, Aqroliznq yox. Bunu əmlak məsələləri dövlət komitəsinin və vergilər nazirliyindən əldə edilmiş sorğu məlumatlarından da görmək olar. Bundan başqa o verilən suallara cavab olaraq bildirmişdir ki, balansa götürən zaman aktiv və passivləri qəbul edilmişdir. Lakin bununla bağlı təhvil-təslim aktı tərtib edilməmişdir. İşçilərin işə götürülməsi və ya işdən çıxarılması ilə bağlı məsələlər onların səlahiyyətində olmamışdır. İddiaçı hazırki iddia tələbi ilə bağlı DOST mərkəzlərinə müraciət edə bilər. Bu hal fərmanda özü əksini birmənalı tapmışdır. Belə ki, fərmanda qeyd edilir ki, özəllləşdirilməsi başa çatmamış idarələrdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində şəxsə vurulmuş zərərlə əlaqədar ödəncin hər ay ödənilməsi, ödənilməmiş ödəncin birdəfəlik verilməsi əmlak və əhalinin sosial müdafiəsi nazirliyinin yerli orqanları və ya DOST mərkəzləri tərəfindən həyta keçirilir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin nümayəndəsi X11 bildirdi ki, ümumiyyətlə bu iddianın onlara heç bir aidiyyəti yoxdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, 1989-cu il tarixdə baş vermiş hadisə nəticəsindən xəsarət alsa da, cavabdeh təşkilat ona dəymiş ziyanı ödəmir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. hüquq məsələləri : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünür ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 10 avqust 201-ci il tarixli 2(102)-3796/2021 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına göndərərkən göstəriş vermişdir ki, mülki iş üzrə Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələbləri gözlənilməlidir. MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə və Ali Məhkəmənin göstərişlərinə əsasən hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdən görünür ki, İddiaçı “Yevlax Kəndtikinti” 57 saylı X2 İV dərəcəli “suvaqçı” işində işləyib və istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət alıb. Bu barədə “İZ” formalı Aktı tərtib edilib. Tibbi Sosial Ekspert Komissiyasının 28 yanvar 2005-ci il tarixli müayinə aktına əsasən, İddiaçı 60 faiz əmək qabiliyyətini itirməklə, müddətsiz İİ qrup əlillik verilib. Bundan sonra, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 oktyabr 2005-ci il tarixli, 314 “S” saylı Sərəncamı ilə “Yevlax Kəndtikinti” 57 saylı X8 Cavabdeh2 ASC-nin balansına verilib. Eyni zamanda, qanuni qüvvəyə minmiş Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 fevral 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilərək, iş üzrə Yevlax Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə, Cavabdeh2 ASC hər ay ödənilməli olan aylıq ödəncin 01 yanvar 2019-cu ildən 01 avqust 2019-cu il tarixədək ödənilməyən 966 manat hissəsinin tutulub İddiaçı ödənilməsi qət edilib. Hazırda iddiaçı, 01 avqust 2019-cu il tarixədək aylıq ödənci Cavabdeh2 ASC aldığını, həmin tarixdən sonra aylıq ödəncin verilməsinin dayandırdığını göstərib, hər ay 190 manat olmaqla, 01 avqust 2019-cu ildən 01 sentyabr 2020-ci il tarixədək 13 ay ödənilməmiş ödəncin ödənilməsini, bu ödəncin Cavabdeh2 ASC tərəfindən hər ay ödənilməsini və hər bir cavabdehdən ona dəymiş maddi zərərə görə 1.000 manat, mənəvi zərərə görə 5.000 manat pulun tutulmasını iddia edir. Cavabdeh2 ASC isə baş vermiş bədbəxt hadisədə işəgötürənin təqsirinin tam və ya qismən də olsa sənədlərlə sübuta yetirilmədiyini, bədbəxt hadisə barədə tərtib edilmiş “İZ” formalı Aktda hadisənin baş vermə səbəbinin göstərilmədiyini, həmin Aktda işəgötürənin təqsirliliyi barədə hər hansı qeydə rast gəlinmədiyini, “Yevlax Kəndtikinti” 57 saylı X8 Cavabdeh2 ASC balansına verilsə də, özəlləşdirilmədiyini və bu günədək sonuncunun hüquqi varisinin aşkar edilmədiyini göstərib, iddiaya etiraz edir. Azərbaycan Respublikası MPM 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək vəzifələrini yerinə yetirərkən bədbəxt hadisə nəticəsində xəsarət alması, məhz “Yevlax Kəndtikinti” 57 saylı X3 təqsirkar müəssisə sayılması, 01 avqust 2019-cu il tarixədək iddiaçıya hər ay ödəncin verilməsi və sair faktlar sözügedən mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən, işdə iştirak edən şəxslər tərəfindən həmin faktlar yenidən mübahisələndirilə bilməz. Bundan başqa Cavabdeh2 ASC-nin nümayəndəsinin məhkəmə kollegiyasının iclasında qeyd etdiyi dəlillərlə bağlı qeyd edilməlidir ki, işdən görünür ki, iddiaçının işləmiş olduğu “Yevlax Kəndtikinti” 57 saylı X8 sonradan Nazirlər Kabinetinin 21 oktyabr 2005-ci il tarixli, 314 “S” saylı sərəncamı ilə Cavabdeh2 ASC balansına verilib. Mülki Məcəllənin 56.2-ci maddəsinə əsasən, hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. Maddənin mənasına görə, hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda öz hüquqi statusunu itirərək qoşulduğu hüquqi şəxsin tərkibinə daxil olur. Odur ki, qoşulan hüquqi şəxsin bütün hüquq və vəzifələri, hüquq varisliyi qaydasında və təhvil aktına əsasən, hüquqi şəxs kimi öz fəaliyyətini davam etdirən qoşulduğu hüquqi şəxsə keçir. Beləliklə də, qoşulan hüquqi şəxsin öhdəlikləri üzrə məsuliyyət onun qoşulduğu hüquqi şəxsin üzərinə düşür. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi 57 saylı X3 hüquqi varisləri olmadığını bildirsə də, məhkəmə kollegiyasının iclasında verilmiş suallara cavab olaraq 57 saylı X6 aktiv və passivlərini əldə etdiklərini demişdir. Bununla da məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, “Yevlax Kəndtikinti” 57 saylı X8 Cavabdeh2 ASC balansına verildiyindən, öz hüquqi statusunu itirərək qoşulduğu hüquqi şəxsin tərkibinə daxil olub və bütün hüquq və vəzifələrini hüquq varisliyi qaydasında və təhvil aktına əsasən Cavabdeh2 ASC ötürüb. Bu baxımdan “Yevlax Kəndtikinti” 57 saylı X3 öhdəlikləri üzrə məsuliyyət Cavabdeh2 ASC-nin üzərinə düşür Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan hallar sübut edilmişdir. MPM-in 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi hissəsində gəlmiş olduğu nəticə ilə razılaşır və həmin nəticənin işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyini qeyd edir və buna görə də hesab edir ki, iş üzrə Yevlax Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(039)-1784/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(039)-1784/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir İş üzrə sədrlik edən hakim Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar