Məhkəmə qərarları › İş №2(107)-199/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-199/2020

25.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-199/2020 25.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh5, Teyubova (Hacıyeva) Savad Azad qızına, Cavabdeh4 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-2044/2019 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müyyən etdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 (Hacıyeva), Cavabdeh4 və Cavabdeh2 qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1, İddiaçı ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli 115.LN.2004.040615.00002 saylı Kredit müqaviləsi üzrə xx xxxx 2018-ci il tarixə banka borcu 15,000 manat əsas, 3,589.69 manat faiz və 2,881.12 manat cərimə olmaqla, cəmi 21,470.81 manat məbləğində borcun, ödənilmiş 30.40 manat dövlət rüsumunun və 31 manat məbləğində bildirişin DƏDRX-da qeydiyyata alınmasına dair xərcin tutulması, tutmanın Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 məxsus, Yevlax rayonu, Xanabad kəndində yerləşən fərdi yaşayış evinə 0.20 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, ipoteka əmlakının açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, satışdan əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin Cavabdeh1 ümumi qaydada tutulması, ipoteka əmlakı olan yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda, ən geci bir ay ərzində Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 tərəfindən yaşayış evinin boşaltması, həmin yaşayış evinə istifadə hüquqlarının itirilməsi və qeydiyyatdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-2044/2019 nömrəli qətnaməsi ilə (hakim T.Əliyev) iddia qismən təmin edilərək, Cavabdeh1 xx xxxx 2015-ci il tarixli, 115.LN.2004.040615.00002 saylı kredit müqaviləsi üzrə 15,000.00 manat əsas, 3,120.97 manat faiz borcu, 800 manat cərimə, 30.40 manat ödənilmiş dövlət rüsumunun əvəzi, 31 manat bildirişin DƏDRX-da qeydiyyata alınmasına dair xərcin əvəzi, cəmi 18,982 (on səkkiz min doqquz yüz səksən iki) manat 37 (doxsan yeddi) qəpik İddiaçı ASC-nin xeyrinə tutulması, tələb ipoteka ipoteka predmeti olan, cavabdehlər Cavabdeh5, Teyubova (Hacıyeva) Savad Azad qızına, Cavabdeh4, Cavabdeh2 məxsus, Yevlax rayonu, Xanabad kəndində yerləşən fərdi yaşayış evinə 0.20 ha torpaq sahəsi ilə birlikdə yönəldilməklə həmin yaşayış evi və torpaq sahəsi açıq hərracda satılması və satış hesabına əldə edilmiş vəsaitdən borc İddiaçı ASC-yə ödənilməsi, Yevlax rayonu, Xanabad kəndində yerləşən fərdi yaşayış evinin 0.20 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 35,000 (otuz beş min) manat müəyyən edilməsi, həmin yaşayış evi və torpaq sahəsi satıldıqdan sonra ən geci bir ay ərzində tərk etmədikləri təqdirdə cavabdehlər Cavabdeh5, Teyubova (Hacıyeva) Savad Azad qızı, Cavabdeh4, Cavabdeh2 həmin yaşayış evindən və torpaq sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməklə çıxarılmaları və onlar tərəfindən yaşayış evi və torpaq sahəsinin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, mütəxəssis rəyinin verilməsinə sərf edilmiş xərc – 250 (iki yüz əlli) manat Cavabdeh1 tutularaq “xxxx” MMC-nin müvafiq hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 xx.xx.2015-ci il tarixli 115.LN.2004.040615.00002 saylı Kredit müqaviləsinə əsasən illik 6 faizlə 36 ay müddətinə 15,000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq 115.CL.040615.00002/a saylı xx.xx.2015-ci il tarixli İpoteka müqaviləsinə əsasən, Cavabdeh5, Teyubova (Hacıyeva) Savad Azad qızına, Cavabdeh4, Cavabdeh2 məxsus, Yevlax rayonu, Xanabad kəndində yerləşən fərdi yaşayış evi 0.20 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmişdir. Borclu tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımınca icra edilməmişdir. Bu səbəbdən, Cavabdeh1 xx xxxx 2018-ci il tarixə banka borcu 15,000 manat əsas, 3,589.69 manat faiz və 2,881.12 manat cərimə olmaqla, cəmi 21,470.81manat təşkil edir. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməmişlər. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetlərinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildirişlər göndərilmiş, bildirişlər reyestr orqanında ərizə ilə qeydə alınmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən işin faktiki halları araşdırılmadan maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, bank tərəfindən əsas və faiz borcu düzgün hesablanmamış, həddindən artıq yüksək hesablanmışdır. Həmin borcu ödəməyə onun maddi imkanı yoxdur. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək, sonda ekspert rəyi ilə tanış olduğunu və həmin rəyə uyğun yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apelyasiya şikayətini müdafiə edərək, sonda ekspert rəyinə uyğun yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçının nümayəndəsi və digər cavabdehlər Cavabdeh5, Teyubova (Hacıyeva) Savad Azad qızı, Cavabdeh4 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcədə gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunaraq faiz borcuna münasibətdə dəyişdirilməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası iclasında tədqiq edilmiş: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci tarixli 115.LN.2004.040615.00002 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 illik 6 faizlə 36 ay müddətinə 15,000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə X5, X4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 115.CL.040615.00002/a saylı ipoteka müqaviləsindən görünür ki, Gülüsüm Alxasova özünə məxsus Yevlax rayonu, Xanabad kəndində yerləşən yaşayış evini və digərləri, ümumi birgə mülkiyyətlərində olan, həmin ünvanda yerləşən 0,20 ha torpaq sahəsini Bankın xeyrinə ipoteka ilə yüklü etdirmişlər. Qeyd edilən ipoteka müqavilələri barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeyd aparılmış və həmin qeyddən çıxarışlar verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Xanabad kəndində yerləşən yaşayış evi tam olaraq Gülüsüm Alxasovanın, həmin ünvanda yerləşən 0.20 ha torpaq sahəsi isə onun və Aynaxanım Teyubova, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. “xxxx” MMC tərəfindən təqdim edilmiş mütəxəssis rəyində isə Yevlax rayonu, Xanabad kəndində, X2, Cavabdeh2, X1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətində olan 0.20 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsində yerləşən, X3 mülkiyyətində olan 1 mərtəbəli, 4 otaqlı, 178.4 m2 ümumi , 85.6 m yaşayış, 92.8 m“ yardımçı sahədən və tikinti altı sahəsi 172.7 m olan tövlə (liter B),7.0 m2 olan hamam (liter C), 3.4 m olan ayaqyolu (liter 1), 4.9 nr olan hasar (liter 2), 17.6 m olan hasar (liter 3) və darvazadan (liter 4) ibarət fərdi yaşayış evinin dəyəri 35,000 manat həcmində qiymətləndirilmişdir. Maliyyə arayışlarına əsasən İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 115.LN.2004.040615.00002 saylı kredit müqaviləsi üzrə kredit müqaviləsinin müddətinin bitdiyi tarixə 15,000.00 manat əsas, 3,120.97 manat faiz, 2,412,39 manat hesablanmış artırılmış faiz borcu, xx xxxxxxxx 2019-cu il tarixə 15,000.00 manat əsas, 8,006.59 manat faiz, 7,298.01 hesablanmış artırılmış faiz borcu mövcuddur. Apelyasiya icraatı zamanı AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 31409 nömrəli rəyindən görünür ki, xx xxxx 2015-ci il tarixli, 115LN**********000021 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla iddia tələbinin tarixinə, yəni xx.xx.2018-ci il tarixə Cavabdeh1 İddiaçı ASC-yə olan borcu 16.315.00 manat məbləğində müəyyən edilir: o cümlədən; əsas borc üzrə-15000 manat, faiz borcu üzrə 1315 manat qeyd edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 319.1. Borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əşyanı açıq hərracda satmaq hüququna malikdir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 34. ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması anında yarana bilər. Maddə 41. İpoteka saxlayanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipotekapredmeti açıq bazarda satıla bilər. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh1 müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi nəticəsində borc yaranmışdır və mülki qanunvericiliyin istinad edilən normalarının tələbləri baxımından iddiaçının cavabdehdən yaranmış borcu tələb etmək və tutmanın ipoteka predmetinə yönəltməsini tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış xx.xx.2015-ci tarixli kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının Cavabdeh1 münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Mülki Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyası, apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh iddiaçı ilə qeyd olunan müqaviləni könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək illik faizin dərəcəsi dəqiq müəyyən edilmişdir. Bundan əvvəldə qeyd olunduğu kimi Cavabdeh1 apelyasiya şikayətində iddia tələbində qeyd olunmuş əsas, faiz və cərimə məbləğinin çox olmasını mübahisələndirmişdir. Düzdür, cavabdeh apelyasiya şikayətində ekspertizanın keçirilməsinə əsas olan olan heç bir sənədi məhkəməyə təqdim etməsə də, apelyasiya icraatı zamanı borcun düzgün hesablanıb-hesablanmaması barədə məhkəmə-mühasibastlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2015ci il tarixli, 115LN**********000021 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla iddia tələbinin tarixinə, yəni xx.xx.2018-ci il tarixə Cavabdeh1 İddiaçı ASC-yə olan borcu 16.315.00 manat məbləğində müəyyən edilir: o cümlədən; əsas borc üzrə-15000 manat, faiz borcu üzrə 1315 manat qeyd edilir. Goründüyü kimi iddia qaldırılarkən cavabdehlərdən tələb olunan faiz borcu artıq hesablanmışdır. Cərimə borcuna gəldikdə isə məbləğindən asılı olmayaraq işə baxan məhkəmələr həmin cəriməni ağlabatan məbləğdə azaltmaq hüququna malikdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə faiz borcuna münasibətdə dəyişdirilməlidir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatının dəyərinin 200 manat cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN 140155071, m/h AZ xx xxxx 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Apelyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətdə qeyd olunan dəlillər qətnamənin faiz borca münasibətdə dəyişdirilməsinə səbəb olsa da, ümumilikdə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ekspert rəyinə uyğun olaraq faiz borca münasibətdə dəyişdirilməli, qalan hissədə isə dəyişdirilmədən saxlanımalıdır. Çünki faiz borcu istisna olmaqla məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-2044/2019 nömrəli qətnaməsi faiz borcunun məbləği hissəsində dəyişdirilsin. Faiz borcunun məbləği 1315 (min üç yüz on beş) manat (əsas, faiz və cərimə borcun cəmi isə 17.115 (on yeddi min yüz on beş)) manat müəyyən edilsin. Ekspertiza tədqiqatının dəyərinin 200 manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN 140155071, m/h AZ xx xxxx 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamə digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar