Məhkəmə qərarları › İş №2(107)-1993/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1993/2020

24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1993/2020 24.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun cavabdehlərdən tutulması” tələbinə dair ilk, Cavabdeh2 İddiaçı-yə qarşı “müqavilə öhdəliklərinin nəzərdə tutulmuş qaydada icra edilməməsi səbəbindən yaranmış əsassız borcun silinməsi, dəymiş maddi zərərin əvəzində 21000 manat və mənəvi zərərin əvəzində 5000 manat cəmi 26000 manat pulun İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti”ndən tutularaq ona ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə çıxarılmış Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(024)-252/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6053.30 manat əsas borcun, 686.04 manat faiz borcunun, cəmi 6739.34 (altı min yeddi yüz otuz doqquz manat 39 qəpik) manat məbləğin və ödənilmiş 30.0 manat dövlət rüsumunun tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, Cavabdeh2 məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin X3 və ona qarşı iddiasını rədd edərək müqavilə öhdəliklərinin nəzərdə tutulmuş qaydada icra edilməməsi səbəbindən yaranmış əsassız borcun silinməsi, dəymiş maddi zərərin əvəzində 21000 manat və mənəvi zərərin əvəzində 5000 manat cəmi 26000 manat pulun İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti”ndən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(024)-252/2020 nömrəli (M.Qarayev) qətnaməsinə əsasən ilkin iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6053.30 manat əsas borc, 686.04 manat faiz borcu, cəmi 6739.34 (altı min yeddi yüz otuz doqquz manat 39 qəpik) manat məbləğ və ödənilmiş 30.0 manat dövlət rüsumu tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, ilkin iddianın qalan hissəsinin iddia müddəti tətbiq edilməklə rədd edilməsi, qarşılıqlı iddianın əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(024)-252/2020 nömrəli qərardadına əsasən Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(024)-307/2020 saylı qətnaməsinin 9-cu səhifəsinin 7-ci abzasında “Cavabdeh1 müştərək qaydada 6053.30 manat əsas borc, 686.04 manat faiz borcu, cəmi 6739.34 (altı min yeddi yüz otuz doqquz manat 39 qəpik) manat məbləğ və ödənilmiş 30.0 manat dövlət rüsumu tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir” kimi yazılmış yanlışlıq düzəldilərək “Cavabdeh1 6053.30 manat əsas borc, 686.04 manat faiz borcu, cəmi 6739.34 (altı min yeddi yüz otuz doqquz manat 39 qəpik) manat məbləğ və ödənilmiş 30.0 manat dövlət rüsumu tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir” kimi, qətnamənin 9-cu səhifəsinin 11-ci abzasında (qət etdi hissəsində) səhvən qeyd olunmuş “Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6053.30 manat əsas borc, 686.04 manat faiz borcu, cəmi 6739.34 (altı min yeddi yüz otuz doqquz manat 39 qəpik) manat məbləğ və ödənilmiş 30.0 manat dövlət rüsumu tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin” kimi yazılmış yanlışlıq düzəldilərək “Cavabdeh1 6053.30 manat əsas borc, 686.04 manat faiz borcu, cəmi 6739.34 (altı min yeddi yüz otuz doqquz manat 39 qəpik) manat məbləğ və ödənilmiş 30.0 manat dövlət rüsumu tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin” kimi oxunması qərar alınmışdır. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh2 Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(024)-252/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxxxxxxxxx” QSC Bank olmayan X2 filialı ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli 310 TM/17 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 7 ay müddətinə illik 10 faizlə yaşıl tütün yarpağının istehsalı üçün 8400,0 (səkkiz min dörd yüz ) manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi “xxxxxxxxxxx” QSC Bank olmayan X2 filialı ilə birgə zamin olmuş şəxslər İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı-nin X6 və İstehsalı müəssisəsi və Cavabdeh2 arasında xx xxxxx 2017-ci il tarixli 310 İT/17 və 310 ZT/17 saylı zaminlik müqavilələri bağlanmışdır. Bağlanmış zaminlik müqaviləsinin 3.1ci bəndinin şərtinə görə zamin olmuş şəxslər borcalamn xx xxxxx 2017-ci il tarixli 310 TM/17 saylı kredit müqaviləsi üzrə Kredit Təşkilatına olan kredit və onun faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komissyon, dəbbə pulu, məhkəmə xərcləri və sair üçün məsuliyyət daşıyırlar. Borcalan Cavabdeh1 onunla bağlanmış xx xxxxx 2017-ci il tarixli kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və öhdəliyi icra etməmişdir. Bununla bağlı onun zaminlərinə Kredit Təşkilatı tərəfindən xəbərdarlıq edilmişdir. Qeyd edilənlərlə əlaqədar Cavabdeh1 xx xxxxx 2017- ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 6053,30 manat əsas borcu, 686.04 manat faiz borcu olmaqla, cəmi 6739,34 (altı min yeddi yüz otuz doqquz manat 34 qəpik) manat borcu xx xxxxx 2017-ci il tarixli 310 İT/17 saylı zaminlik müqaviləsinin şərtlərinə uyğun olaraq zamin olmuş İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “xxxxxxxxxxx” QSC Bank olmayan Kredit təşkilatına verilmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6053.30 manat əsas borcun, 686.04 manat faiz borcunun, cəmi 6739.34 (altı min yeddi yüz otuz doqquz manat 39 qəpik) manat məbləğin və ödənilmiş 30.0 manat dövlət rüsumunun tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə maddi və prosesual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş,gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Ona görə də Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(024)-252/2020 nömrəli qətnaməsinin ləğv edilib, yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi və mümükünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş sənədlər: İddiaçı ilə cavabdeh “xxxxxxxxxxx” QSC Bank olmayan X2 filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli 310 TM/17 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh1 7 ay müddətinə illik 10 faizlə yaşıl tütün yarpağının istehsalı üçün 8400,0(səkkiz min dörd yüz) manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi “xxxxxxxxxxx” QSC Bank olmayan X2 filialı ilə Cavabdeh2 arasında xx xxxxx 2017-ci il tarixli 310 İT/17 saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqavilədə göstərilən şərtlərə görə zamin olmuş şəxslər borcalanın xx xxxxx 2017-ci il tarixli 310 TM/17 saylı kredit müqaviləsi üzrə Kredit Təşkilatına olan kredit və onun faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komissyon, dəbbə pulu, məhkəmə xərcləri və sair üçün məsuliyyət daşıyırlar. Həmin zaminlik müqaviləsinin 6.1-ci bəndində göstərilir ki, həmin müqavilənin qüvvədə olma müddəti borclananın xx xxxxx 2017-ci il tarixli 310TM/17 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin Kredit Təşkilatı qarşısında qüvvədə olma müddətidir. “xxxxxxxxxxx” QSC ilə İddiaçı ilə arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair Müqaviləyə əsasən “xxxxxxxxxxx” QSC-nin xx xxxxxx 2019-cu il tarixli 02 saylı Qərarının icrası ilə əlaqədar “xxxxxxxxxxx” QSC tərəfindən tütün istehsalı ilə məşğul olan fermerlərə verilmiş kreditlər üzrə ödənilməmiş vaxtı keçmiş kredit borcu ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair, xx xxxxx 2019-cu il tarixli 40 saylı təhvil-təslim aktndan görünür ki, həmin akta əsasən Cavabdeh1 dair sənədlər İddiaçı-nə verilmişdir. İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mahmud oğluna ünvanlanmış “zamin tərəfindən ödənilmiş məbləğin borcludan geri qaytarılması barədə” xx.xx.2019-cu il tarixli, İT-62 saylı xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə 6053.30 manat əsas borcun, 686.04 manat faiz borcunun, cəmi 6739.34 (altı min yeddi yüz otuz doqquz manat 39 qəpik) manat məbləği 10 gün müddətində geri qaytarılması barədə xəbərdarlıq edilmişdir. Cavabdeh2 məhkəməyə təqdim etdiyi Vəsatətdən görünür ki, o müqavilə üzrə öhdəliklərinin icrasının son müddətinin 2017-ci ildə bitdiyini, ona görə də, vəsatətinin təmin edilərək onunla “xxxxxxxxxxxxx” MMC arasında zaminlik münasibətlərinə xitam verilməsini xahiş etmişdir. Mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməsi üçün 30 manat məbləğində ödəniş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən tərfəri dinləyib, iş materiallarını əlaqəli şəkildə araşdıraraq birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları–fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu–pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor–borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və borclu ilə bank arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli 310 TM/17 saylı kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının Cavabdeh1 münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının zamin-cavabdehlərə münasibətdə də tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır və kreditor borclu tərəfindən kredit müqaviləsinin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda həm borclu, həm də zaminə qarşı kredit müqaviləsi üzrə tələblərini irəli sürə bilər. Məhkəmə onu da qeyd edir ki, hazırki mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq da götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərin hər ikisinə qarşı eyni zamanda hazırki iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun, faizlərin və cərimənin müştərək qaydada tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Nəhayət, məhkəmə hesab edir ki, zaminə Mülki Məcəllənin 475-ci maddəsində nəzərdə tutulmuş hüquqları izah edilməlidir. Həmin maddəyə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bankla bağladıqları kredit və zaminlik müqaviləsinin şərtlərini yerinə yetirmədilərindən, borclu kimi Azərbaycan Respublikası MM-in 448-ci maddəsinə əsasən öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdirlər. Mülki Məcəllənin 739.1. maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, “xxxxxxxxxxx” QSC Bank olmayan X2 filialı ilə Cavabdeh1 oğlu arasında illik 10 faiz olmaqla 7 ay müddətinə 8400 manat kredit verilməsi barədə müqavilə bağlanmış, həmin müqavilənin təminatı kimi Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə cavabdehlər iddiaçı ilə bağladığı kredit, o cümlədən də zaminlik müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş, kredit götürdüyü pulu ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı müqavilə üzrə ödənlməmiş kredit borcunu cavabdehlərdən müştərək qaydada tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticəni düzgün hesab edir. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi üçün əsas ola bilməz. Belə ki, apellyato yaradılmış süni əngəllər, plansız, kortəbii xarakter daşıyan addımların atılması onu və onun kimi digər fermerlərin müflisləşməsinə səbəb olduğunu bildirsə də, bunun əsl səbəblərini inandırıcı şəkildə izah etmir yaxud etmək istəmir, amma qətnamənin ləğv edilməsini tələb edir. Kollegiya qeyd edir ki, bu münasibətlər üzrə kimin haqlı yaxud haqsız olmasını araşdırmaq hazırki iddianın predmeti olmamışdır. Predmet yalnız tərəflərin iradə ifadələrinə uyğun aralarında razılaşdırılmış şərtlərlə bağladıqları müqavilə üzrə pulun qaytarılması tələbidir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünəsas yoxdur. Ona görə də apellyasiya şikayəti baxılmış apellyasiya şikayətinə münasibətdə təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi bu apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(024)-252/2020 nömrəli qətnaməsi bu apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar