Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1995/2021 04.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Ramiz oğluna qarşı müqavilənin ləğvi və pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- pul tələbi, nisyə alqı-satqı müqaviləsi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin 02 avqust 2021-ci il tаrixli, 2(051)-986/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv olunması və 7942 manat pulun cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək müqavilənin ləğv olunması və 7492 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 21.02.2020ci il tarixdə nəqliyyat vasitəsinin alqı-satqısına dair Bakı şəhəri 36 saylı notariat ofisində ilkin müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən ona məxsus “Opel Astra H” markalı **-YO-*** dövlət qeydiyyat nişanlı avtomobil 14232 manat məbləğində satılmasına razılıq əldə etmişlər və Cavabdeh müqavilə bağlandığı anından ona 3000 manat pul ödəmişdir. Qalan 11232 manat pulu isə cavabdeh hər ay 468 manat ödəməli idi. Lakin cavabdeh müqavilənin şərtlərini pozmuş, 2020-ci ilin sentyabr ayından heç bir ödəniş etməmişdir. Dəfələrlə cavabdehdən müqavilənin şərtlərinə əməl etməyi, pulu ödəməyi təklif etsə də, cavabdeh müxtəlif bəhanələrlə borcunu ödəməkdən boyun qaçırmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh hazırda 7492 manat pul ödəməlidir. O, həmin pulu müqaviləyə əsasən hər ay 468 manat deyil, tam şəkildə ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin (hakim M.Kərimova) 02 avqust 2021-ci il tаrixli, 2(051)-986/2021 saylı qətnaməsi ilə iddia təmin olunaraq İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21.02.2020-ci il tarixli “Nəqliyyat vasitəsinə dair ilkin müqavilə” nin ləğv edilməsi, Cavabdeh 7492 (yeddi min dörd yüz doxsan iki) manat pulun alınıb İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Cavabdeh ilə 21.02.2020ci il tarixdə nəqliyyat vasitəsinin alqı-satqısına dair Bakı şəhəri 36 saylı notariat ofisində ilkin müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən ona məxsus “Opel Astra H” markalı **-YO-*** dövlət qeydiyyat nişanlı avtomobil 14232 manat məbləğində satılmasına razılıq əldə etmişlər və Cavabdeh müqavilə bağlandığı anından ona 3000 manat pul ödəmişdir. Qalan 11232 manat pulu isə cavabdeh hər ay 468 manat ödəməli idi. Sonradan cavabdeh 3740 manat pul ödəmişdir. Bundan sonra cavabdeh müqavilənin şərtlərini pozmuş, 2020ci ilin sentyabr ayından heç bir ödəniş etməmişdir. Dəfələrlə cavabdehdən müqavilənin şərtlərinə əməl etməyi, pulu ödəməyi təklif etsə də, cavabdeh müxtəlif bəhanələrlə borcunu ödəməkdən boyun qaçırmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Tərəflər arasında iddiaçıya məxsus nəqliyyat vasitəsinin alqı-satqısına dair ilkin müqavilə bağlanmışdır. Müqaviləyə əsasən nəqliyyat vasitəsinin satış qiyməti 14232 (on dörd min iki yüz otuz iki ) manat müəyyən edilmiş, alıcı-cavabdeh ilkin olaraq 3000 (üç min) manat ödəniş etmiş, qalan 11232 (on bir min iki yüz otuz iki) manat pulu isə 24 ay müddətində hər ay 468 (dörd yüz altmış səkkiz) manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə hesab etmişdir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, müqavilənin şərtlərini pozmuş, müqavilədə nəzərdə tutulmuş aylarda nəqliyyat vasitəsinə görə müəyyən edilmiş pulu ödəməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı tələbində haqlıdır. Ona görə də iddia təmin olunmalı, iddiaçı ilə Cavabdeh arasında 21.02.2020-ci il tarixdə bağlanmış “Nəqliyyat vasitəsinə dair ilkin müqavilə” ləğv olunmalı, cavabdehdən 7492 manat pul alınıb iddiaçıya verilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 389.1.1-ci, 390.1-ci, 421.2-ci, 442-ci, 600.1-ci və 600.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 9.1, 9.3-cü, 14.2-ci, 77.1-ci və 217.4-cü maddələri ilə həll etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, İddiaçı qızından Etibarnamə ilə 21.02.2020-ci il tarixdə nəqliyyat vasitəsinin alqı-satqısına dair Bakı şəhər 36 saylı notariat ofisində ilkin müqaviləyə əsasən Opel Astra H markalı ** TO *** dövlət qeydiyyat nişanlı avtomobil 14232 manat miqdarında razılaşıb müqavilə bağlamışlar. Müqavilə bağlanan anda İddiaçı işlərini görən (etibarnamə ilə) Vəliyev Namiqə 3000 (üç min) manat pul ödəmişdir. Aybaay ödəmək şərti ilə 468 azn 24 ay müddətinə yəni 21.02.2022-ci ilə qədər yerdə qalan məbləği ödəməli idi. 3000 manatdan əlavə onlara hər ay 4740 (dörd min yeddi yüz qırx) manat pul ödəmişdir. Qətnamədə qeyd olunub ki, o sentyabrdan indiyə kimi pul ödəməmişdir. Amma fevral ayında onlara 1000 (bir min) manat pul ödəmişdir. İddiaçı onu nəzərə almır. Maşının motor sistemi nasaz olduğundan işləmədiyindən bir neçə ay ödənişində gecikmə olub. Bu qətnamədə göstərilən 7492 (yeddi min dörd yüz doxsan iki) azn qədər onun iddiaçıya borcu yoxdur. Avtomobilin etibarnaməsinidə ləğv edib. Həm də digər tərəfdən pulu tələb edir. Onu çox pis vəziyyətə salıblar. Nə edəcəyini bilmir. İİ qrup hərbi əlildir. Mingəçevir Şəhər Məhkəməsinin 02 avqust 2021-ci il tarixli iş, 2(051)- 986/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, və İddiaçı ilə 21.02.2020-ci il tarixdə bağladığı müqavilənin şərtlərinin yəni (hər ay 468 manat məbləğin) qüvvədə qalması barədə Qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı Cavabdeh məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbi barədə Cavabdeh tərəfindən məhkəmə kollegiyasına teleqram göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə görə, Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 431.1-ci maddəsinə görə, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətində apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Mingəçevir Şəhər Məhkəməsinin 02 avqust 2021-ci il tаrixli, 2(051)-986/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam şəkildə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası ilk növbədə iddia tələbinin “müqavilənin ləğv olunması” hissəsinə münasibət bildirərək qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi həmin hissədə baxılmamış saxlanılmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianın Cavabdeh 7492 (yeddi min dörd yüz doxsan iki) manat pulun alınıb İddiaçı verilməsi hissəsini təmin etməkdə doğru nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh ilə 21.02.2020-ci il tarixdə nəqliyyat vasitəsinin alqı-satqısına dair Bakı şəhəri 36 saylı notariat ofisində ilkin müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən ona məxsus “Opel Astra H” markalı **-YO-*** dövlət qeydiyyat nişanlı avtomobil 14232 manat məbləğində satılmasına razılıq əldə etmişlər və Cavabdeh müqavilə bağlandığı anından ona 3000 manat pul ödəmişdir. Sonradan cavabdeh 3740 manat pul ödəmişdir. Cavabdeh hər ay 468 manat ödəməli idi. Lakin cavabdeh müqavilənin şərtlərini pozmuş, sonradan heç bir ödəniş etməmişdir. Dəfələrlə cavabdehdən müqavilənin şərtlərinə əməl etməyi, pulu ödəməyi təklif etsə də, cavabdeh müxtəlif bəhanələrlə borcunu ödəməkdən boyun qaçırmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, apellyator bildirir ki, qətnamədə göstərilən 7492 (yeddi min dörd yüz doxsan iki) azn qədər onun iddiaçıya borcu yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Belə ki, iddiaçı tərəf iddiasını əsaslandıran sübutları məhkəməyə təqdim etmişdir. Cavabdeh tərəf isə apellyasiya şikayətində qeyd etdiyi dəlilləri, yəni iddiaçıya ödəmiş olduğu pul məbləğlərinə dair sübut təqdim etməmişdir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, nisyə alınmış avtomobilin pulunun qaytarıldığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh bu barədə heç bir sübut təqdim etməmişdir. Bundan başqa kollegiya qeyd edir ki, maşının motor sisteminin nasaz olması, eyni zamanda İİ qrup hərbi əlil olması cavabdehin müqavilə üzrə öhtəliklərini icra etmək vəzifəsindən azad etmir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, mübahisələndirilən hissə üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin 02 avqust 2021-ci il tаrixli, 2(051)-986/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 02 avqust 2021-ci il tаrixli, 2(051)-986/2021 saylı qətnaməsi Cavabdeh 7492 (yeddi min dörd yüz doxsan iki) manat pulun alınıb İddiaçı verilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1995/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1995/2021
04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver