Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-200/2020 10.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, X5 (İddiaçı) nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə X5 (İddiaçı) Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(075)-1555/2019 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: X5 (İddiaçı) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun tərəfindən xx xxxxxx 2016-cı il tarixdə Şəki rayon 2 saylı Notariat Kontorunda bağlanmış borc müqaviləsi üzrə verilmiş 18300 (on səkkiz min üç yüz) manat və 30.100 (otuz min bir yüz) ABŞ dolları məbləğində pul vəsaitinin və 30 (otuz) manat rüsumun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(075)-1555/2019 nömrəli(hakim C.İmanov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 18300 (on səkkiz min üç yüz) manat və qətnamənin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə 30100 (otuz min bir yüz) ABŞ dolları borc pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq Safarov Gadimə (İddiaçı) verilməsi qət edilmişdir. . Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 2016-cı il tarixdə Şəki rayon 2 saylı Notariat Kontorunda bağlanmış borc müqaviləsinə əsasən cavabehə 6 (altı) ay müddətinə, yəni müqavilə imzalandığı gündən xx.xx.2016-cı il tarixədək faizsiz olaraq 18300 (on səkkiz min üç yüz) manat və 30100 (otuz min bir yüz) ABŞ dolları borc pul vermişdir. Borc müqaviləsi 11 bənddən ibarət olmuşdur. Həmin bəndlərə müvafiq olaraq iddiaçı öz üzərinə düşən hərəkətləri etmişdir. Lakin müqavilənin 3-cü bəndinə əsasən iddiaçı cavabdehdən borcun müəyyən edilmiş müddətdə tam və birdəfəlik ödəməsini gözləsə də, cavabdeh iddiaçıya borcu indiyədək ödəməmişdir. İddiaçı, müqavilənin 8-ci bəndinə əsasən borcun ödənilməsini qarşılıqlı anlaşma yolu ilə həll etmək istəsə də iddiaçının yaranmış məsələyə hümanis yanaşmasından borclu sui istifadə etmişdir. Belə ki, iddiaçı xx.xx.2016-cı il tarixdən etibarən hər dəfə borcludan borcun qaytarılmasını tələb etsə də, borclu iddiaçıya müəyyən müddət ərzində borcunu ödəcəyinə söz vermişdir. İddiaçı sonuncu dəfə xx.xx.2019-cu il tarixdə borclu ilə görüşmüş və cavabdeh iddiaçıya bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə borcu tam şəkildə və birdəfəlik ödəyəcəkdir. İddiaçı xx.xx.2019-cu il tarixdə borclu Cavabdeh ilə görüşmüş və borcun ödənilməsini tələb etsə də, cavabdeh vaxt verməsini iddiaçıdan xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, Safarov Gadimdən müqavilə üzrə 6 ay müddətində borcu qaytarmaq şərti ilə 18300 (on min səkkiz min üç yüz) manat və 30100 (otuz min bir yüz) ABŞ dolları borc pul məbləğinə dair aralarında notariusda borc müqaviləsi bağlanmışdır. O, Gadimi yalnız bir dəfə notariusda görmüş və qeyd edilən borc müqaviləsini bağlamışlar. Borc müqaviləsi bağlanarkən Gadim ona hər hansı pul məbləği verməmişdir. Belə ki, vaxtı ilə yaxın tanışının biri ilə şərikli iş birliyində olmuş, ondan borc almışdır. Həmin borcu qeyd etdiyi tanışına artıqlaması ilə qaytarmışdır. Lakin sonradan həmin tanışı ona bildirmişdir ki, yuxarıda qeyd edilən borc məbləğini notarial qaydada rəsmləşdirsinlər ki, o da öz yaxınlarına həmin borc məbləğini göstərsin. Buna görə də qeyd etdiyi ortağı Gadimi onunla tanış etmiş və demişdir ki, həmin borc məbləğinin Gadimin adına rəsmləşdirsin. Razılaşmaları belə olmuşdur ki, qeyd edilən borc məbləği rəsmləşdirilsə də o, borcu nə vaxt istəsə qaytara bilər. Belə olub qeyd edilən borc müqaviləsini bağlamışlar. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, onun iddiaçı ilə heç bir əlaqəsi yoxdur. İddiaçını bir dəfə notariat kontorunda müqavilə rəsmiləşdirlən zaman görmüşdür. Borc müqaviləsi bağlanarkən iddiaçı ona hər hansı pul məbləği verməmişdir. Belə ki, vaxtı ilə yaxın tanışının biri ilə şərikli iş birliyində olmuş, ondan borc almışdır. Həmin borcu da qeyd etdiyi tanışına artıqlaması ilə qaytarmışdır. Lakin sonradan həmin tanışı ona bildirmişdir ki, yuxarıda qeyd edilən borc məbləğini notarial qaydada rəsmləşdirsinlər ki, o da öz yaxınlarına həmin borc məbləğini göstərsin. Buna görə də qeyd etdiyi ortağı iddiaçını onunla tanış etmiş və demişdir ki, həmin borc məbləğinin iddiaçının adına rəsmləşdirsin. Ona görə də Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunaraq, iddianın təmin olunmamasını məhkəmədən xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mövcud kredit müqaviləsi rəsmiləşdirilərkən cavabdeh özü notariat kontoruna getmiş, öz iradəsinə uyğun olaraq müqaviləyə imza etmişdir. Cavabdehə heç kim təsir göstərməmişdir. Çünki müqavilə bağlanarkən notariat kontorunda cavabdehə bütün hüquq və vəzifələri izah olunmuşdur. Bundan əlavə apelyasiya şikayətindən göründüyü kimi cavabdeh hec də müqaviləıni deyil, müqavilədən kənar pretenziya qaydasını mübahisələndirmişdir. Apelyasiya şikayətini qəbul etmir və Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(075)-1555/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; xx xxxxxx 2016-cı il tarixli borc müqaviləsindən görünür ki, Safarov Gadim (İddiaçı) Cavabdeh 18300 (on min səkkiz min üç yüz) manat və 30100 (otuz min bir yüz) ABŞ dolları borc pul vermiş və Cavabdeh borcu xx.xx.2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasındakı yaranmış münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixədək kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, iddiaçı ilə bağladığı müqavilə ilə xx.xx.2016-cı il tarixdən 6 ay mü tarixədək tam ödəyəcəyi barədə öhdəlik götürsə də, buna əməl etməmiş və belə olan halda öhdəliyin icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 442-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (MM-in 740-cı maddəsi). Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdeh kredit müqaviləsi üzrə ona hər hansı bir məbləğdə pul verilmədiyini və buna görə də qətnamənin ləğv olunması və onun dəlillərinin əsasında yeni qətnamə çıxarılmasını xahiş edir. Lakin, qeyd olunan müqavilə ilə iddia olunan məbləğdə pul verilmədiyi halda, həmin müqavilədəki şərtlərlə razılaşaraq müqaviləni imzalamasının əsl səbəblərini inandırıcı şəkildə izah etmir yaxud etmək istəmir, amma qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kollegiya qeyd edir ki, bu münasibətlər üzrə kimin haqlı yaxud haqsız olmasını araşdırmaq hazırki iddianın predmeti olmamışdır. Predmet yalnız notariat kontorunda bağlanmış, tərəflərin iradə ifadələrinə uyğun aralarında razılaşdırılmış şərtlərlə bağladıqları kredit müqaviləsi üzrə pulun qaytarılması tələbidir. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin digər şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün notariat orqanlarına müraciət edərək mövcud borcun etirafı yaxud borc (kredit) müqavilələri adı altında müxtəlif xarakterli müqavilələr bağlayırlar. Bu müqavilələri bağlayan zaman isə könülülü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin, sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən digər tərəfdən pul tələb etdiyi halda digər tərəf isə buna etiraz edərək qarşı tərəfdən hər hansı bir məbləğdə pul məbləğini almadığını bildirir. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir. Apelyasiya instansiyası məhkəməsi qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsi, əslində mahiyyət etibarı ilə özündə mövcud borcun etirafı haqqında müqavilənin elementlərini əks etdirir. Ona görə də, məhz bu prizmadan yanaşdıqda, apelyasiya şikayətinin dəlillərini əsaslı hesab etmək olmaz. Çünki, cavabdeh tərəf də, notariat qaydasında bağlanmış müqavilənin əslində hansı münasibətlərin nəticəsi olaraq bağladıqlarını kifayət qədər inandırıcı və ağlabatan şəkildə məhkəmənin nəzərinə çatdıra bilməmiş yaxud da çatdırmaq istəmir. Buna görə də, notariat qaydasında bağlanmış kredit müqaviləsi üzrə yaxud həmin müqavilədən əvvəl qarşı tərəfdən hər hansı bir məbləğdə pul alınmadığını sübut etmək vəzifəsi, artıq cavabdehin üzərinə düşsə də, o, bu halı sübuta yetirə bilməmişdir. Cavabdehin izahatı isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, belə bir sübut da onun tərəfindən təqdim edilməmişdir Kollegiya sonda apelyasiya şikayətinin digər dəlilinə, yəni müqaviləni Almaz Nuriyev adlı şəxsin təkidi ilə imzalamasına dair dəliliə qiymət verərək bildirir ki, cavabdeh bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmiş, sözügedən şəxs barəsində hər hansı məlumat verə bilməmişdir. Bundan əlavə Almaz Nuriyev adlı şəxs məhkəməyə teleqram ünvanlayaraq apelyasiya şikayətində onun adının əsassız qeyd olunduğunu və onun cavabdehlə heç bir əlaqəsinin olmadığını bildirmişdir Mülki Prosessual Məcəllənin 384.0.1. maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünheç bir hüquqi əsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(075)-1555/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-200/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-200/2020
10.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver