Məhkəmə qərarları › İş №2(107)-200/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-200/2022

01.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-200/2022 01.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, İddiaçı və onun vəkili Vəkil Şaban oğlunun iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Zaqatala rayon Maliyyə İdarəsinə qarşı “qanunsuz həbsdə saxlanıldığına görə, qanunsuz olaraq məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi həbsə alınmaqla vurulmuş zərərin ödənilməsi ilə əlaqədar əmək hüquqlarının bərpa edilməsi, əmlakın dəyərinin qaytarılması haqqında və kompensasiya” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(033)-505/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Zaqatala rayon Maliyyə İdarəsinə qarşı “qanunsuz həbsdə saxlanıldığına görə, qanunsuz olaraq məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi həbsə alınmaqla vurulmuş zərərin ödənilməsi ilə əlaqədar əmək hüquqlarının bərpa edilməsi, əmlakın dəyərinin qaytarılması haqqında və kompensasiya tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət büdcəsinin vəsaiti hesabına, qanunsuz həbs olunması ilə əlaqədar əmək hüquqlarının pozulması nəticəsində, qanunsuz həbs olunması ilə itirilmiş əmlakların dəyərinin qaytarılması məqsədilə, kompensasiya olaraq 500.000 manat maddi ziyan və 500.000 manat mənəvi ziyanın ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim V.Məmmədov) 14 sentyabr 2021-ci il tarixli, 2(033)-389/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməyərək İddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(033)-389/2021 nömrəli qətnaməsindən narazı qalan İddiaçı və vəkili Vəkil apellyasiya şikayəti vermişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respubliaksının Mülki Prosessual Məcəlləsinin 36.7-ci maddəsində deyilir ki, qanunsuz olaraq məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi həbsə alınmaqla, başqa yerə getməmək haqqında iltizam almaqla, yaxud həbs şəklində inzibati tənbeh verilməklə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar olaraq əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması haqqında iddialar həmçinin iddiaçının yaşayış yerinə görə verilə bilər. Şəki Ağır Cinayətlər Məhkəməsinin 29 fevral 2012-ci il tarixli 1(091)-002/12 saylı hökmü ilə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə bəraət verilmişdir. CM-in 313 və 320.1-ci maddələri ilə isə cinayət məsuliyyətinə cəlb etmə müddəti bitdiyi üçün ona cəza təyin edilməmişdir. Lakin ittiham olunduğu 179.3.2-ci maddəsi ilə 21 ay istintaq altında azadlıqdan məhrum edilmiş və istintaq izalyatorunda saxlanılmışdır. Törətmədiyi ağır cinayətdə ittiham olunması onu və ailəsini cəmiyyətin gözündən salmış və o, ağır sarsıntılar keçirmişdir. Belə ki, barəsində başlanılmış cinayət işi üzrə işə baxmış Şəki Ağır Cinayət Məhkəməsinin 29 fevral 2012-ci il tarixli hökmü ilə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə bəraət verilmiş, 308.2-ci maddəsi 313- maddəsinə tövsif edilərək, 313-cü maddə və 320.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməmişdir. İstintaq orqanının səhvinə görə o, 2 il müddətində ağır ittiham altında həbsdə olmuşdur. Həbsdə olduğu 21 ay müddətində mülkiyyətində olan daşınmaz əmlaklarını satmışdır ki, ailəsi dolansın, və o, həbsxanada yaşasın. Bundan başqa həbs olunanadək «GredAqro» BOKT-ın Zaqatala rayon Filialının müdiri vəzifəsində çalışmışdır. Aylıq əmək haqqı 1500-2000 manatdan ibarət idi. Həbsdə olduğu müddətdə həmin əmək haqqını ala bilməmiş, həmin təşkilatın müraciəti əsasında ona cinayət işi açılmış, lakin sonda bəraət almış və bəraət aldığın görə öz işinə bərpa olunmalı idi. Lakin işə bərpa olunmamış və həmin vaxtdan sonra maddi və mənəvi zərərlərə məruz qalmışdır. Belə ki, o həbs olunanadək mülkiyyətində aşağıda sadaladığı əmlaklar var idi: 1. 1.0059 ha torpaq sahəsində yerləşən fındıq bağı. 01 dekabr 2011-ci il tarixdə 5888 manata satılmışdır. Hal hazırda qiyməti 25000 manat təşkil edir. 2. Zaqatala rayonu Aşağı Tala kəndində 0.0239 ha torpaq sahəsində yerləşən 112.9 kv.m ümumi sahəsi olan qeyri yaşayış binası (mağaza). 22 may 2012-ci ildə 5300 manata satılmışdır. Hal hazırda mağazanın qiyməti 100.000 manat təşkil edir. 3. İcarəsində, oğlu Vüsalın adında olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 7 ha fındıq bağı olmuş, 2015-ci ildə 30 000 manata icarə hüququnu satmışlar. Hal hazırda 140.000 manatdır. 4. Kənd əhalisindən aldığı lakin rəsmiləşdirə bilmədiyi torpaq sahələri arvadı və qardaşı tərəfindən o, həbs olunduqdan sonra ehtiyac üzündən 6000 manata satılmışdır. Hazırda həmin torpaqların qiyməti 60.000 manatdır. 5. Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,0312 ha torpaq sahəsini 2016-cı ildə Mehdi Ömərova 2500 manata, satmışdır. O həbsdən azad olunsa da artıq dolanmaq üçün heç nəyi yox idi. Özü xəstə idi, uşaqları isə balaca olmuşdur. Qazanc yeri olmadığından əmlaklarını satıb dolanmışdır. 6. Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən qeyri yaşayış binası oğlu Vüsal Şahid oğlunun adında olmuşdur. 2015-ci ildə 4900 manata satmışlar, hazırda həmin əmlakın dəyəri 50.000 manatdır. 7. Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 210 kv.m-dan ibarət qeyri yaşayış binası oğlu Vüsal Şahid oğlunun adında olmuş, 2015-ci ildə 10.000 manata satılmış, hazırda həmin əmlakın dəyəri 100.000 manatdır. 8. Həbsdə olduğu müddətdə onun haqsız həbs olunmasına dözməyərək atası Eyibov Abdulməcid 02 iyul 2011-ci il tarixdə vəfat etmiş və bununla da mənəvi zərər görmüşdür. 9. O, həbs olunana kimi rəsmi işləmiş, aylıq 1500-2000 manat civarında əmək haqqı olmuşdur. Həbsdə olduğu müddətdə əmək haqqı ala bilməmiş, mükafatlar ala bilməmiş və bununla da 50.000 manat ziyan dəymişdir. 10. Barəsində cinayət işi başlanaraq mənfi fikir formalaşmış, onu əhatə edən şəxslərlə münasibətləri pisləşmiş və digər mənəvi xarakterli mənfi nəticələr əldə etməli olmuş və bununla da ona mənəvi ziyan vurulmuşdur. Hesab edir ki, keçirdiyi mənəvi sarsıntılara görə 500.000 manat mənəvi ziyan dəymişdir. Azadlıqdan məhrum olunduğu müddətdə ona 500000 manat maddi ziyan dəymişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə normalar düzgün tövsif edilməmiş, işin halları ətraflı araşdırılmamışdır. Məhkəmə işdə olan sübutları kifayət qədər mötəbər və yetərli saymayaraq iddianı rədd etmiş, adı çəkilən mötəbər sübutları qəbul etmədiyini əsaslandırmamışdır. İşə apellyasiya qaydasında baxılarkən maddi ziyanın əvəzinin ödənilməsi hissəsində işin halları bir daha diqqətlə öyrənilməli, həqiqətən də maddi zərərə məruz qalıb-qalmadığı müəyyən edilməli və işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə həmin hissədə qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə maddi ziyanın ödənilməsi ilə bağlı hissədə sübutlara qiymət verərkən qanununun tələblərinə əməl etməmişdir. Məhkəmə nəzərə almamışdır ki, mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq işə mahiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə səlahiyyətindən istifadə edərək, maddi zərərlə bağlı araşdırma aparıb təqdim edilmiş sənədlərin üzərindən səthi olaraq keçməklə obyektiv həqiqətə nail olunmasını təmin etməmişdir. Məhkəmə onun əmlakına dəyən zərərlə bağlı hissədə hər hansı araşdırma həyata keçirməmişdir. Digər tərəfdən məhkəmə onun qazancı ilə əlaqədar maddi zərərlə bağlı tələbinə münasibətdə heç bir araşdırma aparmamışdır. Məhkəmə qeyd etmişdir ki, ailə üzvülərinin adına olan əmlakın satılması ona dəymiş maddi zərər kimi qiymətləndirmək olmaz. Məhkəmənin bu mövqeyi ilə bağlı isə qeyd edilməlidir ki, o həbs edildikdən sonra ailə üzvlərinin əmlakları satması halının ona dəymiş zərər kimi qiymətləndirmək olmaması qənaətinə gəlinməsi absurd haldır. Əmlakların onun həbs ilə əlaqədar satılması ailənin maddi zərərə məruz qalması deməkdir. Ailənin tələbatlarının ödənilməsi o demək deyildir ki, şəxs özünə məxsus şəxsi tələbatlarının qarşılanması üçün hər hansı vəsaitə ehtiyacı ola bilməz və ya şəxsi tələbatları üçün vəsait sərf edə bilməz. Həbsdə olduğu dövrdə atasının dəfnini həyata keçirə bilməmiş, mənəvi əzab və iztirab çəkmişdir. Məhkəmə isə ona sual verir ki, mənəvi əzab çəkdiyini mənə göstər. o, bu suala cavab olaraq deyir ki, əgər məhkəmə bir şəxsin ağlını göstərə bilərsə o da mənəvi əzabı göstərəcəkdir. Ona vurulmuş mənəvi ziyanla bağlı da hesab edir ki, əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunmağı nəticəsində ona mənəvi zərər vurulmuşdur. Qeyd edilənlərə əsasən Zaqatala Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli 2(033)-297/2021 saylı qətnaməsinin tamamilə ləğv edilməsini, iddianın tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o əsassız olaraq cinayət məsuliyyətinə cəlb olması nəticəsində mənəvi iztirab keçirmişdir. Belə ki, bu hadisədən sonra həm işindən kənarlaşdırılmış, həm də ailəsini dolandırmaq məqəsədilə əmlaklarını satmışdır. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəklil Vəkil Şaban oğlu apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci insatnsiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulıması ilə qəbul edilmişdir. Belə ki, iddiaçının işdən çıxma səbəbi məhz bu yoxlamalar olmuşdur. Həmin yoxlamaların nəticəsində iddiaçı barəsində cinayət işi açılıb. Göründüyü kimi bunları hamısı planlı şəkildə həyata keçirilib. Digər tərəfdən qətnamədə qeyd olunmuşdur ki, iddiaçı bəraət almış şəxs kimi qiymətləndirilə bilməz. Onlar qətnamənin bu dəlili ilə razılaşmır. Bundan əlavə iddiaçı istintaq altında olduğu müddətdə mənəvi iztirab keçirib. İstintaq altında olduğu müddətdə iddiaçının atası rəhmətə gedib, lakin iddiaçı iştirak edə bilməyib. Hesab edir ki, iddiaçıya təqsirli bilindiyi bir əmələ görə bəraət verilməsi, digər maddələri ilə müddətin keçməsinə görə xitam verilməsi onun təqsirli olması analmına gəlmir. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iştirak etməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçı tərəfin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 mart 2021-ci il tarixli 2(107)- 428/2021 saylı qətnaməsinin surətindən görünür ki, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apeilyasiya şikayəti təmin edilərək Zaqatala Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci İİ tarixli, 2(033)-637/2020 saylı qətnaməsi ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi və İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Zaqatala rayon Maliyyə İdarəsinə qarşı dövlət büdcəsinin vəsaiti hesabına 500 000 manat maddi ziyan və 500 000 manat mənəvi ziyanın ona ödənilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 29 fevral 2012-ci il tarixli 1(091)-002/12 saylı hökmün surtindən görünür ki, İddiaçı Cinayət Məcəlləsinin 313 və 320.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməmiş, onun əməlində Azərbaycan Respublikası CMnin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibi olmadığından bəraət verilmişdir. İddiaçı Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə bəraət verilməsi ilə əlaqədar cinayət işi üzrə cinayət təqibi orqanlarının qanunsuz hərəkətlərindən mülki mühakimə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. Şəki Apellyasiya məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2012-ci il tarixli 1(107)-60/2012 saylı qərarından görünür ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 29 fevral 2012-ci il tarixli 1(031)-002/12 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəməsinin Cinayət Kollegiyasının 07 noyabr 2012-ci il tarixli 1(102)-901/2012 saylı qərarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2012-ci il tarixli 1(107)-60/2012 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. 05 iyul 2021-ci il tarixli stent protokolundan görünür ki, İddiaçı LAD damarına uğurlu angioplastika proseduru edilmişdir. İddiaçı məxsus əmək kitabçasının 14-16-cı vərəqlərində olan qeydlərdən görünür ki, İddiaçı 05 fevral 2007-ci ildə “CredAğro” X19 Zaqatala filialına müdir təyin edilmiş, 07 yanvar 2010-cu il tarixdə Azərbaycan Repsublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” yarımbəndinə əsasən onun əmək müqaviləsinə xitam verilmiş və o işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 07 iyun 2010-cu il tarixli 4(006)-238/2010 saylı təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş İddiaçı barəsində həbs qətimkan tədbiri seçilmiş və onun həbsdə saxlama müddəti 2 ay həddində müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 avqust 2010-cu il tarixli 4(006)- 338/2010 saylı təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin uzadılması haqqında qərardan görünür ki, 99580 saylı cinayət işi üzrə təqsirləndirilən İddiaçı həbsdə saxlama müddəti 02 sentyabr 2010-cu il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 30 avqust 2010-cu il tarixli 4(006)- 389/2010 saylı təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin uzadılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə təqsirləndirilən İddiaçı həbsdə saxlama müddəti 02 noyabr 2010-cu il tarixədək uzadılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 oktyabr 2010-cu il tarixli 4(006)- 489/2010 saylı təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin uzadılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə təqsirləndirilən İddiaçı həbsdə saxlama müddəti 02 dekabr 2010-cu il tarixədək uzadılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 noyabr 2010-cu il tarixli 4(006)- 533/2010 saylı təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin uzadılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə təqsirləndirilən İddiaçı həbsdə saxlama müddəti 02 yanvar 2011-ci il tarixədək uzadılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 dekabr 2010-cu il tarixli 4(006)- 577/2010 saylı təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin uzadılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə təqsirləndirilən İddiaçı həbsdə saxlama müddəti 02 mart 2011-ci il tarixədək uzadılmışdır. Zaqatala Rayon Məhkəməsinin 2(033)-637/2020 saylı mülki işə əlavə edilmiş 01 dekabr 2011-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı adından etibarnamə əsasında çıxış edən X10 mülkiyyətlərində olan Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 1,0059 ha torpaq sahəsini X5 5888 manata satmışdır. 22 may 2012-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı adından etibarnamə əsasında çıxış edən X1 Şahid Abdulməcid oğlunun mülkiyyətində olan Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasını X7 5300 manata satmışdır. Həmin mülki iş materiallarına əlavə edilmiş 25 avqust 2015-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X20 mülkiyyətində olan Zaqatala rayonunun Aşağı Tala kəndində 0,272 ha torpaq sahəsində yerləşən 1 otaqlı qeyri yaşayış binasını X8 10 000 manata satmışdır. 20 avqust 2015-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X20 mülkiyyətində olan Zaqatala rayonunun Aşağı Tala kəndində 0,00445 ha torpaq sahəsində yerləşən qeyri yaşayış binasını X8 4900 manata satmışdır. 05 aprel 2016-cı il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 0,0312 ha torpaq sahəsini X15 5000 manata satmışdır. Həmin mülki iş materiallarına əlavə edilmiş 25 avqust 2015-ci il tarixli icarə müqaviləsinin, HDQH DƏDRdən Çıxarışdan və Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Zaqatala rayonu Əliabad Bələdiyyəsinə məxsus 11 ha torpaq sahəsi X11 icarəsinə 01 yanvar 2105ci il tarixədək verilmişdir. X10 tərəfindən verilmiş əl yazısı və DT və XK-ın Torpaq sahəsinin planı və ölçülərinin surətindən görünür ki, X10 əri İddiaçı razılığı ilə onun adında olan X2 3274 kvm, X12 1836 kvm və X3 1983 kvm olan fındıq bağlarını X4 6000 manata satmışdır. Kollegiya qeyd edir ki, şəxsin azadlıq hüququndan məhrum olması və ya azadlığının məhdudlaşdırılması bir sıra digər hüquqlardan istifadəyə birbaşa mənfi təsir göstərməklə onu qeyri-əlverişli vəziyyətdə qoyur. Azadlıq hüququna malik olmayan şəxs digər hüquqlardan istifadə etmək imkanından da əsasən məhrum olur, azadlıq hüququ olmadan insanın digər hüquqları deklarativ xarakter daşıyır. Azadlıq hüququ həm də onunla səciyyələnir ki, onun pozulması həmişə şəxsin müəyyən hüdudlara, sərhədə malik olan ərazidə, müəssisədə saxlanılması ilə müşaiyət olunur. Hər kəs azadlığa malik olmalıdır və bu azadlıq yalnız müstəsna hallarda, hər bir halda qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər. Azadlıqdan məhrum etmənin qanuniliyi tələbi həm prosesə, həm də onun məzmununa şamil olunur. Qanunilik həmçinin onu nəzərdə tutur ki, azadlıqdan məhrum etmə zamanı həm daxili qanunvericiliyə, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə riayət olunmalıdır. Şəxsin azadlıqdan məhrum edildiyi hallarda ilk növbədə qanunun tələblərinə riayət edilib-edilmədiyi yoxlanılmalıdır İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsi müəyyən edir ki, hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Konstitutsiyanın 68-ci maddəsinin 2 bəndinə əsasən hər kəsin dövlət orqanlarının yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; -56.0.1-ci maddəsinə əsasən bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir - 57.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. - 58.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. -58.2-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. 350-ci maddəsinə uyğun olaraq, bəraət hökmü çıxarılmış şəxs bəraət almış şəxsdir. Vurulmuş ziyanın ödənilməsi hüququna malik olan şəxslərdən daha bir qrupu qanunsuz həbs edilmiş və ya müddətdən artıq həbsdə saxlanılmış şəxslərdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1100-ci maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə təhqiqat ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikir formalaşmasına ona əhatə edən şəxslərə münasibətin pisləşməsinə gətirib çıxaran və digər mənfi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab olunur. Həmin Qanunun 12-ci maddəsinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikası Qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyəyn edilir. Həmin Qanunun 4-cü maddəsinə görə vurulmuş ziyan bu qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəratəverici hökm çıxarıldıqdan sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə görə isə bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə qanunsuz hərəkətlər nəticəsində onun itirdiyi mənfəət və digər gəlirlər məhkəmə məsrəfləri ilə bağlı ondan tutulmuş məbləğlər, hüquqi yardım göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş mənəvi ziyan ödənilməlidir. İşin faktiki hallarından müəyyən edilir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 29 fevral 2012-ci il tarixli 1(091)-002/12 saylı hökmü ilə İddiaçı Cinayət Məcəlləsinin 313 və 320.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməmiş, onun əməlində Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibi olmadığından bəraət verilmişdir. İddiaçı barəsində olan Şəki Ağır Cinayətlər Məhkəməsinin 29.12.2012-ci il tarixli hökmünə nəzər saldıqda məlum olur ki, sonuncunu Azərbaycan Respublikası CPM-in 350-ci maddəsində nəzərdə tutulmuş tam bəraət almış şəxslərə aid etmək mümkün olmur. Çünki yuxarıda qeyd olunduğu kimi sonuncu təqsirli bilindiyi bir əmələ görə bəraət alsa da, digər iki maddə (CM-in 313 və 320-ci maddələri) ilə isə o, təqsirli bilinmiş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün barəsində cəza təyin edilməmişdir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərdən biri də onun əsassız olaraq həbsdə saxlanılması ilə bağlıdır. Apellyator hesab edir ki, istintaq orqanı tərəfindən onun əməli məhkəmənin tövsif etdiyi kimi yalnız Azərbaycan Respublikası CM-in 313 və 320.1ci maddələri yəni, böyük ictimai təhlükə törətməyən cinayətlərlə ilə tövsif olunsaydı, onun barəsində Azərbaycan Respublikası CPM-in 155.3.1-ci maddəsinə əsasən həbs qətimkan tədbiri seçilə bilməzdi və o, azadlıqda qalaraq ona maddi və mənəvi ziyan dəyməzdi. Kollegiya apellyasiya şikayətinin bu dəlili ilə də razılaşmayaraq bildirir ki, əvvəla iddiaçı ilkin olaraq CM-in 313 və 320-ci maddələri ilə deyil, həmin Məcəllənin 309.2-ci maddəsi ilə təqsirli bilindiyindən barəsində həbs növündə qətimkan tədbiri seçilmişdir (i/m səh. 171-172). Sonradan ona CM-nin 308.2 və 313-cü maddələri ilə yeni ittiham elan olunaraq, barəsində seçilmiş həbs qətimkan tədbiri yenidən uzadılmışdır (i/m səh.185). Kollegiya apellyasiya şikayətininn dəlilləri üzrə araşdırmanı davam etdirərək qeyd edir ki, CPM-in 155.3.1-ci maddəsinə əsasən həbs qətimkan tədbirinin seçilməsi yalnız 2 ilədək müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilə bilən cinayətlərin törədilməsində ittiham olunan şəxslər barəsində tətbiq olunmasın nəzərdə tutulsa da bu bütün hallara şamil olunmur. Belə ki, həmin Məcəllənin 155.3.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqandan gizlənməsinin qarşısını almaq məqsədi ilə 2 ilədək müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxslər barəsində də həbs qətimkan tədbiri tətbiq oluna bilər. Bu mənada 07.06.2010-cu il tarixli həbs qətimkan tədbirinin seçilməsi haqqında qərarına nəzər saldıqda müəyyən edilir ki, həmin qərarda həbsin seçilməsinin əsaslarından biri kimi İddiaçı istintaqdan yayınma ehtimalının olması olmuşdur. Onun barəsində həbs qətimkan tədbirinin seçilməsində bu əsasın olması məhkəməyə əsas verir ki, onun barəsində böyük ictimai təhlükə törətməyən cinayətlərə dair ittiham verilmiş olsaydı belə, istintaqdan yayınma ehtimalı olduğundan barəsində həbs qətimkan tədbiri seçilməli idi. Bundan əlavə işi materiallarından müəyyən edilir ki, iddiaçı yuxarıda qeyd olunan məhkəmə qərarlarını (həbs qətimkan tədbirləri barədə) mübahisələndirsə də, sonda yuxarı instansiya məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanılmışdır. Kollegiya, apellyasiya şikayətinin digər bir dəlili, yəni qanunsuz həbs olunması səbəbindən işinin itirilməsi və maddi ziyan çəkməsi dəlilləri ilə razılaşa bilmir. Belə ki, iş materiallarından, o cümlədən əmək kitabçasının surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 07.01.2010-cü ildə, yəni barəsində həbs qətimkan tədbiri seçilməsindən 06 ay əvvəl, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» yarımbəndinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün xitam verilərək tutduğu «Kredaqro» Qeyri Bank kredit təşkilatının Zaqatala filialının müdiri vəzifəsindən azad edilmişdir. Məhz həmin yoxlamaların nəticəsi olaraq iddiaçı barəsində cinayət işi başlanmışdır. Kollegiya apellyatorun bu dəlillərini də işin hallarına uyğun saymır. Apellyasiya şikayətinin ümumi məzmunundan həm də görünür ki, iddiaçı (apellyator) törətmədiyi cinayətdə ittiham olunmasının onu və ailəsini cəmiyyətin gözündən salması, ağır sarsıntılar keçirməsi, barəsində cinayət işinin başlanılması ilə mənfi fikirin formalaşması, onu əhatə edən şəxslərlə münasibətlərinin pisləşməsi və digər mənəvi xarakterli mənfi nəticələr əldə etməli olması, bununla da ona mənəvi ziyan vurulduğunu iddia etsə də, həmin halların təsdiqi üçün hər hansı sübut təqdim etməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qavnunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenimunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, mülki qanunvericilidə müəyyən olunmuş zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları eyniliklə mənəvi zərərin ödənilməsi barədə iddialara da aiddir. (təhqiqat, ibtidai istintaq, prokurorlu və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş ziyana görə). “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı , zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Beləliklə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının təqsirli bilindiyi əməllər üzrə onun sonradan azadlığa çıxaması heç də barəsində çıxarılmış bəraət hökmü ilə deyil, eyni zamanda təqsirli bilindiyi digər əməllərlə bağlı bəraətverici əsaslar olmadan (müddətin keçməsinə görə) cəza təyin edilməməsi olmuşdur. X28 Cinayətlər Məhkəməsinin 29.02.2012-ci il tarixli hökmünün nəticə hissəsindən də aydın görünür ki, İddiaçı CM-in 313 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin maddələrlə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməmişdir. Buradan da belə qənaətə gəlinir ki, İddiaçı təqsirli bilindiyi əməllər üzrə tam bəraət almış şəxs kimi qiymətləndirmək olmaz. Azərbaycan Reaspublikası Mülki Prosessual Məcəlləsinin; 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(033)-505/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (vəkil və elektron kabinet vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar