Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2003/2021 04.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh oğluna qarşı “alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi” tələbinə dair (Açar sözlər: iddia- alimentin artırılması tələbi) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı X2 və Cavabdeh oğlunun iştirakları ilə, İddiaçı X2 Cavabdeh oğluna qarşı “alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 2(033)-826/2021 saylı, 11 avqust 2021-ci il tаrixli qətnaməsindən Cavabdeh oğlunun verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı X5 Cavabdeh oğluna qarşı “alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi ” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Apellyasiya məhkəməsinin 28 fevral 2019-cu il tarixli 2(107)-886/2019 nömrəli qətnaməsinə əsasən 30 may 2014-cü il tarixdə doğulmuş X1 üçün Cavabdeh oğlundan onun xeyrinə tutulan 120 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay 175 manat sabit pul məbləğinin Cavabdeh oğlundan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin (hakim V.Məmmədov) 2(033)-826/2021 saylı, 11 avqust 2021-ci il tаrixli qətnaməsi ilə iddia təmin edilərək Şəki Apellyasiya məhkəməsinin 28 fevral 2019-cu il tarixli 2(107)-886/2019 saylı qətnaməsi əsasında Cavabdeh oğlundan iddiaçı X2 xeyrinə 30 may 2014-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində tutulan alimentin məbləği artırılması, 30 may 2014-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh oğlundan qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 175 (bir yüz yetmiş beş) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq iddiaçı X4 verilməsi, Cavabdeh oğlundan 20 (iyirmi) manat dövlət rüsumunun tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflərin ümumi uşaqları 30 may 2014-cü ildə doğulmuş X6 iddiaçının himayəsindədir və uşağın saxlanması üçün artan tələbat iddiaçının cavabdehdən aldığı 120 manat miqdarında aliment məbləği ilə ödənilə bilmir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Uşağın saxlanması üçün hazırda cavabdeh tərəfindən ödənilən 120 manat aliment miqdarı uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən azdır. Bundan başqa, həmin aliment miqdarı məhkəmə tərəfindən 2019-cu ildə, yəni uşağın 5 yaşı olarkən təyin edilmişdir. Hazırda isə uşaq 7 yaşındadır və ötən 2 il ərzində uşağın artan tələbatındakı dəyişiklik, o cümlədən onun geyimi, qidalanması kimi xərcləri də özündə ehtiva edən əlavə zəruri məsrəfləri yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə uşağın saxlanması üçün artan tələbatının cavabdeh tərəfindən ödənilən 120 manat məbləğində alimentlə ödənilə bilməməsi barədə iddiaçının arqumentləri ilə razılaşır və hesab edir ki, aliment məbləğinin 175 manata artırılması uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün cavabdehin maddi imkanlarını nəzərə alaraq kifayətedici hesab edilə bilər. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hisəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci , 75.2-ci və 112.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci və 119.2-ci maddələri. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarı, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarı, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Republikası Qanunu, Həmçinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci, 9.1.2ci və 9.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, qətnamədə göstərilmişdir ki, cavabdeh bir valideyn kimi üzərinə düşən öhdəliklərin icrasından qərəzli olaraq yayınır. Bu yalandır. Çünki o, hər ay mütamadi olaraq uşağın saxlanılması üçün aliment ödəyir, uşağın qayğısını çəkir. Lakin qətnamədə göstərilən iddiaçının tələb etdiyi 175 manat alimenti ödəməyə imkanı yoxdur. Belə ki, o, Zaqatala Məşğulluq İdarəsində işləyir və 236 manat əmək haqqı alır. Aldığı əmək haqqıdan iddiaçıya 175 manat aliment ödəyərsə yerdə qalan 60 manatla necə dolanmalıdır? Onun başqa iş yeri və başqa gəliri yoxdur. O, ikinci dəfə ailə həyatı qurmuşdur. Həyat yoldaşı heç bir yerdə işləmir. Onunda də xərcləri artıb. Məhkəmə alimenti sabit pul məbləğində təyin edərkən sadalanan hallar göstərilənləri və onun maddi vəziyyətini nəzərə almalı idi. Belə ki, məhkəmə iclası zamanı məhkəməyə sədrlik edən hakim onu ümumiyyətlə dinləmək istəmədi. Onun nə ilə məşğul olduğu, qazancının nədən ibarət olmağı barədə, ailə vəziyyəti barədə danışmağa qoymadı. Qətnamədə göstərdikləri isə öz sözləridir. Məşğulluq Mərkəzində iş saatı gündə 8 saat təşkil edir. İş saatından sonra hər hansı başqa yerdə işləyib qazanc əldə etmir. Hər hansı əlavə qazancı, gəlir sahəsi yoxdur. Qeyd edilənlərə əsasən Zaqatala Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(033)-826/2021 saylı qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilərək iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh oğlu apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsi və Zaqatala Rayon Məhkəməsinin 2(033)-826/2021 saylı, 11 avqust 2021-ci il tаrixli qətnaməsinin ləğv edilməsi, iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X5 apelyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsi və Zaqatala Rayon Məhkəməsinin 2(033)-826/2021 saylı, 11 avqust 2021-ci il tаrixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə aliment məbləğinin 175 manat müəyyən edilməsi hissəsində işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 2(033)-826/2021 saylı, 11 avqust 2021-ci il tаrixli qətnaməsi dəyişdirilməli, 30 may 2014-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh oğlundan hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 verilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki,tərəflərin ümumi uşaqları 30 may 2014-cü ildə doğulmuş X6 iddiaçının himayəsindədir. ”Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanını azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 2(033)-826/2021 saylı, 11 avqust 2021-ci il tаrixli qətnaməsi dəyişdirilməli, 30 may 2014-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh oğlundan hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 verilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392-393, 402-403 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 2(033)-826/2021 saylı, 11 avqust 2021-ci il tаrixli qətnaməsi dəyişdirilsin. Zaqatala Rayon Məhkəməsinin 2(033)-826/2021 saylı, 11 avqust 2021-ci il tаrixli qətnaməsinə əsasən müəyyən edilmiş 175 ( bir yüz yetmiş beş) manat alimentin miqdarı azaldılaraq 30 may 2014-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh oğlundan hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 verilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2003/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2003/2021
04.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver