Məhkəmə qərarları › İş №2(107)-2007/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2007/2021

04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2007/2021 04.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin cavabdeh Qurbanov Nəsib İsa oğluna qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- borc tələbi, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tаrixli, 2(033)-772/2021 saylı qətnaməsindən Cavabdeh oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları "xxxx" KB ASC ərizə ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh 6500 manat əsas borc, 1122,10 manat faiz borcu və 8,78 manat cərimə olmaqla, cəmi 7630,88 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun "xxxx" KB ASC-in xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 06.08.2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə illik 25 faiz ödəmək şərti ilə 6500 manat məbləğində kredit vermişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə görə borc verən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə borclunun həmin kredit müqaviləsi üzrə 6500 manat əsas borc, 1122,10 manat faiz borcu və 8,78 manat cərimə olmaqla, cəmi 7630,88 manat borcu yaranmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin (hakim V.Məmmədov) 12 avqust 2021-ci il tаrixli, 2(033)-772/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh 6500 (altı min beş yüz) manat əsas borc, 1122,10 (bir min bir yüz iyirmi iki manat on qəpik) manat faiz borcu və 8,78 (səkkiz manat yetmiş səkkiz qəpik) manat cərimə olmaqla, cəmi 7630,88 (yeddi min altı yüz otuz manat səksən səkkiz qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçı "X2" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Unibank” KB ASC ilə Cavabdeh arasında cavabdehə illik faiz dərəcəsi 36 ay müddətinə, illik 25 faiz ödəmək şərti ilə 6500 manat məbləğində kredit verilməsinə dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən "xxxx" KB ASC 6500 manat məbləğində kredit verməyi, Cavabdeh isə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu, hesablanmış faizləri qaytarmağı, gecikmə halında isə dəbbə pulu ödəməyi üzərinə götürmüşdür. İş üzrə iddiaçı "xxxx" KB ASC həmin məbləğdə pulu Qurbanov Nəsib İsa oğluna verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə Cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. İddiaçının məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, 12 iyun 2021-ci il tarixə Cavabdeh 6500 manat əsas borc, 1122,10 manat faiz borcu və 8,78 manat cərimə olmaqla, cəmi 7630,88 manat borcu qalmışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün Cavabdeh "xxxx" KB ASC-in xeyrinə 6500 manat əsas borc, 1122,10 manat faiz borcu və 8,78 manat cərimə olmaqla, cəmi 7630,88 manat məbləğində borc tutulmalıdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 442-ci və 445-ci maddələri. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, həmin qətnamə məhkəmə tərəfindən qanuni və əsaslı verilməmiş, yəni tərəflər arasındakı həqiqi faktlara əsaslanmamışdır. O məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, ona "xxxx" ASC tərəfindən 36 ay müddətinə 25 faiz ödəmək şərti ilə 6500 manat məbləğində kredit verilmişdir. Banka borcları çox olduğu üçün özünə məxsus obyektləri sataraq ödəyəcəyini bildirmişdir. Lakin buna baxmayaraq iddiaçı məhkəməyə ona qarşı iddia vermişdir. Eyni zamanda məhkəmə iclasında əsas məbləğə hesablanmış faiz məbləğinin həddindən artıq yüksək olduğunu, həmin faizin əsassız hesablandığını bildirmişdir.Belə olan təqdirdə məhkəmə tərəfindən ekspertiza təyin olunmalı idi. Lakin məhkəmə tərəfindən ekspertiza təyin olunmamışdır. Məhkəmə tərəfindən qeyd etdiyi hallar nəzərə alınmamışdır. Sübutlar tam araşdırılmamış və əsassız qərar qəbul edilmişdir. Qeyd edilənlərə əsasən Zaqatala rayon Məhkəməsinin 2(033)-772/2021 saylı 12.08.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddiaçının iddiasının təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tаrixli, 2(033)-772/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəmə kollegiyasına teleqram göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, cərimə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Cərimə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, apellyator apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tаrixli, 2(033)-772/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Tələb qətnamənin iddia tələbinin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tаrixli, 2(033)-772/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Unibank” KB ASC ilə Cavabdeh arasında cavabdehə illik faiz dərəcəsi 36 ay müddətinə, illik 25 faiz ödəmək şərti ilə 6500 manat məbləğində kredit verilməsinə dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən "xxxx" KB ASC 6500 manat məbləğində kredit verməyi, Cavabdeh isə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu, hesablanmış faizləri qaytarmağı, gecikmə halında isə dəbbə pulu ödəməyi üzərinə götürmüşdür. İş üzrə iddiaçı "xxxx" KB ASC həmin məbləğdə pulu Qurbanov Nəsib İsa oğluna verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə Cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. İddiaçının məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, 12 iyun 2021-ci il tarixə Cavabdeh 6500 manat əsas borc, 1122,10 manat faiz borcu və 8,78 manat cərimə olmaqla, cəmi 7630,88 manat borcu qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Belə ki, apellyator şikayətində bildirmişdir ki, əsas məbləğə hesablanmış faiz məbləğinin həddindən artıq yüksək hesablanmış, həmin faizi əsassız hesablanmışdır. Belə olan təqdirdə məhkəmə tərəfindən ekspertiza təyin olunmalı idi. Lakin məhkəmə tərəfindən ekspertiza təyin olunmamışdır. Sübutlar tam araşdırılmamış və əsassız qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Faiz məbləğinin artıq hesablanmasını apellyator əsaslandıra bilməmişdir. Digər tərəfdən apellyator iş üzrə ekspertiza təyin edilməsinin zəruriliyini əsaslandıra bilməmiş, bu barədə əsaslandırılmış vəsatət təqdim etməmişdir. Bundan sonra kollegiya qeyd edir ki, cavabdeh şikayətində özünə məxsus obyektləri sataraq ödəyəcəyini bildirməsi, lakin buna baxmayaraq iddiaçının məhkəməyə müraciət etməsi barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, apellyator istədiyi vaxt mülkiyyətində olan obyektləri sataraq borcunu ödəyə bilər. Yəni iddiaçının məhkəməyə müraciət etməsi onu bu hüququndan məhrum edə bilməz. İddiaçı tərəfin isə cavabdeh tərəfindən müqavilənin şərtləri pozulduğu halda istədiyi vaxt məhkəməyə müraciət etmək hüququ vardır. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində qeyd olunmuş dəlillər birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tаrixli, 2(033)-772/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tаrixli, 2(033)-772/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar