Məhkəmə qərarları › İş №2(107)-2008/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2008/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2008/2021 02.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 iştirakı ilə İddiaçı “FİNCA Azərbaijan” MM QBKT-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(037)- 543/2021 nömrəli qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı “FİNCA Azərbaijan” MM QBKT Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən müştərək qaydada 3104,16 manat əsas borc, 49,17 manat cərimə borcu, cəmi 3153,33 manat borc məbləğinin və 30 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin (hakim R.Şirinov) 11 avqust 2021-ci il tarixli, 2(037)-543/2021 nömrəli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada 3104,16 manat əsas, 49,17 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla cəmi 3183 (üç min bir yüz səksən üç) manat 33 (otuz üç) qəpik borc məbləği alınaraq iddiaçı “FİNCA Azerbaijan” X6 Bank Kredit Təşkilatının hesabına ödənilməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan cavabdehlər Cavabdeh1 və Abdiyev X3 Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(037)- 543/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 27 oktyabr 2014-cü il tarixli **********3581 saylı kredit müqaviləsinə əsasən cavabdehə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 31 faiz dərəcəsi ilə 24 ay müddətinə 4500 (dörd min beş yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlinə əsasən hər ay 255 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi cavabdehlə razılaşdırılmışdır. Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Müqavilənin 1.1-ci maddəsinə əsasən zamin kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallada əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Cavabdehin müraciətinə əsasən 27 oktyabr 2014-cü il tarixli **********3581 saylı kredit müqaviləsi 10 noyabr 2015-ci il tarixli **********1248 saylı sazişlə restrukturizasiya olunmuşdur. Həmçinin 10 noyabr 2015ci il tarixli **********1248 saylı saziş müştərinin yenidən müraciəti əsasında 10 iyun 2016-cı il tarixli **********1248 saylı yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 3213 manat, faiz 0,0 manat, cərimə 0,0 manat müəyyən edilmişdir. 07 iyun 2016-cı il tarixli **********3***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 yaranmış öhdəliklərin icrasına təminat olaraq zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Sonuncu sazişin bitmə tarixi 31 may 2021-ci il tarixində olduğundan zaminə münasibətdə də iddia təmin edilməlidir. İddia ərizəsi təqdim edilərkən məhkəməyə əsas müqavilə və sonuncu qüvvədə olan müqavilə göndərilmişdir. İddia ərizəsinə əlavə olunmuş sonuncu sazişin tarixi 10 noyabr 2015-ci il əvəzinə 23 oktyabr 2015-ci il tarixi qeyd olunmuşdur. 07 may 2021-ci il tarixinə maliyyə arayışına əsasən Cavabdeh1in borc məbləği, əsas borc üzrə 3104,16 manat əsas borc, 49,17 manat cərimə borcu, cəmi 3153,33 manat borc məbləği təşkil edir. İddiaçı cavabdehlərdən müştərək qaydada 3104,16 manat əsas borc, 49,17 manat cərimə borcu, cəmi 3153,33 manat borc məbləğinin və 30 manat dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. İddiaçı tərəf ilkin məhkəmə iclaslarına gəlmədiyi üçün məhkəmə iclasları təxirə salınmış, 11 avqust 2021-ci il tarixli məhkəmə iclasında isə cavabdehlər üzrlü səbəbdən iştirak edə bilməmişdir. Cavabdeh tərəf iddia müddətinin ötürülməsi və bu əsasla iddia tələbinin rədd edilməsi barədə ərizəni ilk məhkəmə iclasında təqdim etmək istəmiş, lakin məhkəmə iclası keçirilmədən təxirə salındığı üçün növbəti məhkəmə iclaslarında tərəflərin iştirakı zamanı təqdim etmələri bildirilmişdir. İddia ərizəsi və ona əlavə edilmiş müqavilələr saxta olduğu halda iddiaçı tərəfin izahatı əsasında bunun texniki səhv olduğu göstərilmiş və məhkəmə əsassız olaraq bunu qəbul etmişdir. Məhkəmənin araşdırması səhvdir. Cavabdehlərin heç biri məhkəmə iclasında izahat verməmişdir. İddia tələbinə münasibətlərini bildirə bilməmişlər. Belə ki, problemli kredit kimi müqavilənin Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019cu il tarixli fərmanınin təsiri altına düşməsi, ikinci cavabdehin öhdəliyinə xitam verilməsi və iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsini arzulamışlar. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilərək, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-543/2021-saylı, 11 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddiaçı «FİNCA Azerbaijan” X6 Bank Kredit Təşkilatı-nın cavabdehlər Cavabdeh1 və X5 qarşı iddiasının əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişlər. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, üzrlü səbəb barədə məhkəməyə sənəd təqdim etməmişdir Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlər: 27 oktyabr 2014-cü il tarixli **********3581 saylı kredit müqaviləsindən görünür ki, həmin tarixdə Cavabdeh1 illik 31 % olmaqla 24 ay müddətinə 4500 (dörd min beş yüz) manat məbləğində kredit verilmişdir. Ödəniş cədvəlinə əsasən cavabdeh 24 ay ərzində 4500 manat əsas və 1618 manat faiz, cəmi 6118 manat ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə Cavabdeh2 zamin tərəf olmuşdur. Həmin müqavilədə cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və dəbbə pulunu tələb etmək hüququ nəzərdə tutulmuşdur. 10 noyabr 2015-ci il tarixli “27 oktyabr 2014-cü il tarixli **********3581 saylı” kredit müqaviləsinin restrukturizasiyasına dair sazişin surətindən görünür ki, həmin tarixdə iddiaçı ilə Cavabdeh1 arasında 3297 manat əsas borc məbləğinin 31 ay müddətinə qalıq məbləğinə 13,26 faiz dərəcəsi hesablanmaqla ödənilməsi barədə yeni saziş imzalanmışdır. 10 noyabr 2015-ci il tarixli sazişə əlavənin surətindən görünür ki, Cavabdeh1 31 ay müddətində hər ay 127 manat olmaqla cəmi 3929 manat kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. 07 iyun 2016-cı il tarixli **********3***-******* saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 07 iyun 2016-cı il tarixli **********3115 saylı kredit müaviləsinə əsasən Cavabdeh1 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl olunmadığı hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. 10 iyun 2016-cı il tarixli “10 noyabr 2015-ci il tarixli” kredit müqaviləsinin restrukturizasiyasına dair sazişin surətindən görünür ki, həmin tarixdə iddiaçı ilə Cavabdeh1 arasında 3213 manat əsas borc məbləğinin 60 ay müddətinə ödənilməsi barədə yeni saziş imzalanmışdır. 07 may 2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, kredit müqaviləsinə əsasən Cavabdeh1 3153,33 manat qalıq borcu vardır. 18 may 2021-ci il tarixli **********73 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 11 avqust 2021-ci il tarixli izahatın surətindən görünür ki, tərəflər arasında bağlanmış sazişin tarixi texniki səhv olaraq “10 noyabr 2015-ci il tarixli **********1248 saylı” kredit müqaviləsi yerinə “23 oktyabr 2015-ci il tarixli **********1248 saylı” kredit müqaviləsi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları–fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu–pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor–borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və borclu ilə bank arasında bağlanmış 27 oktyabr 2014-cü il tarixli **********3581 saylı kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının cavabdeh X1 münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, iddiaçının zamin-Cavabdeh2 münasibətdə də tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır və kreditor borclu tərəfindən kredit müqaviləsinin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda həm borclu, həm də zaminə qarşı kredit müqaviləsi üzrə tələblərini irəli sürə bilər. Kollegiya onu da qeyd edir ki, hazırki mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq da götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərin hər ikisinə qarşı eyni zamanda hazırki iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun, faizlərin və cərimənin müştərək qaydada tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Nəhayət, məhkəmə hesab edir ki, zaminə Mülki Məcəllənin 475-ci maddəsində nəzərdə tutulmuş hüquqları izah edilməlidir. Həmin maddəyə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər Bankla bağladıqları kredit və zaminlik müqaviləsinin şərtlərini yerinə yetirmədiklərindən, borclu kimi Azərbaycan Respublikası MM-in 448-ci maddəsinə əsasən öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdirlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, iddiaçı apellyasiya şikayətində qətnamənin qeyri-obyektiv olmasını qeyd etsə də, apellyasiya şikayətinin dəlillərini təsdiq edən sübutları əsaslandırmamış, bununla bağlı hər hansı mötəbər sübutu məhkəmə kollegiyasına təqdim etməməklə, apellyasiya şikayətini öz formal mülahizələri əsasında əsaslandırmağa çalışmışdır. İkincisi, cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Müqavilənin faiz dərəcəsinə gəlincə kollegiya qeyd edir ki, cavabdeh məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür. Üçüncüsü, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir. Dördüncüsü, cavabdehlər apellyasiya şikayətində birinci instansiya məhkəıməsində izahat vermədiklərini bildirsələr də, bu iş materialları ilə tam təkzib olunur. Belə ki iş materiallarına əlavə olunmuş 22.07.2021-ci il tarixli iclas protokolundan görünür ki, cavabdehlər məhkəmə iclasında iştirak edib müvafiq izahat verməklə yanaşı, “FİNCA Azərbaijan” MM QBKT-dan kredit götürdüklərini etiraf etmiş, maddi imkanlarını nəzərə alaraq qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişlər. Beşincisi, cavabdehlər apellyasiya şikayətində 28.02.2019-cu il tarixli Fərmanın təsir dairəsinə düşdüklərini bildirsələr də bununla bağlı hər hansı sübutu apellyasiya şikayətinə əlavə etməmiş, şikayətin bu dəlilini də formal mülahizələr əsasında əsaslandırmışlar. Kollegiya bildirir ki, əgər belə bir hal mövcud olarsa, gələcəkdə icra mərhələsində həlli istisna deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. . Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378- 382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(037)-543/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar