Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2009/2021 02.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7 və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “süni maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(014)-1353/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı süni maneələrin aradan qaldırılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X3nun ölümündən sonra vərəsəlik işinin açılması ilə əlaqədar Ağdaş rayonu,Xosrov kəndində miras qalmış fərdi yaşayış evində və həmin evin yerləşdiyi 0,50 hektar həyətyanı torpaq sahəsində DƏDRX-in 17 saylı ərazi idarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan süni maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin (hakim F.Nəsibov) 14 iyul 2021-ci il tarixli, 2(014)- 1353/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Ağdaş rayonu, Xosrov kəndində yerləşən 0,50 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Cavabdeh tərəfindən maneçilik törədilən suni maneələrə son qoyulması, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 01 dekabr 1986-cı ildə X9 ilə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşdur. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 fevral 1998-ci il tarixli qərarı ilə Ağdaş rayonunun Xosrov kənd ərazisində onun,X3nun,övladları X10 və X6 ümumbirgə mülkiyyətinə 0,50 hektar həyətyanı torpaq sahəsi, həmçinin onun, X5, övladları X10, X6,X1 ümumibirgə mülkiyyətinə 0,7211 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X3 30 yanvar 2013-cü ildə Ağda rayonunun Xosrov kəndində vəfat etmişdir. Onun ölümündən sonra qeyd etdiyi torpaq sahələri və fərdi yaşayış evi miras qalmışdır.Qeyd edir ki, 0,50 hektar həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi qeydiyyatdan keçirilməmişdir. Nəzərə çatdırmaq istəyir ki, vərəsəlik işinin açılması ilə əlaqədar 0,50 hektar həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin DƏDRX-də qeydiyyatdan keçirilməsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport tələb olunur. O, 0,50 hektar həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası Dövlət Komitəsi yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə müraciət etsə də fərdi yaşayış evini inventarlaşdırmaq məqsədi ilə özəl mərzçəkən M.Mehdizadə qeyd olunan ünvana getmiş, lakin Cavabdeh tərəfindən müayinə işlərinin aparılmasına imkan verilməmişdir və inventarlaşma işlərinin aparılması mümkün olmamışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən onun mülkiyyət hüququna pozulmuşdur. Həmçinin iddiaçı uzun illərdir həmin ünvanda yaşamır. Mirası faktiki olaraq o qəbul etmişdir. İddiaçının həmin evdə heç bir hüququ yoxdur. Qətnamə qanunsuz və əsassızdır. Ona görə də Ağdaş Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(014)-1353/2021 nömrəli qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, atası öləndən sonra mübahisəsi gedən torpaq sahəsini o idarə etmişdir. Mütəxəssislərin müvafiq ölçü işlərinin aparılmasına etiraz etmir, lakin iddiaçıya pay verilməsini istəmir. Ona görə də ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf səbəbini bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(014)-1353/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sənədlər; Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, torpaq islahatı zamanı Ağdaş rayonu, Xosrov kəndində yerləşən 0,50 hektar həyətyanı torpaq sahəsi Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 fevral 1998-cı il tarixli, 21 saylı qərarına əsasən İddiaçı X5, övladları X10, X6 mülkiyyətinə verilmişdir və bu barədə adına JN-334F saylı (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Nikah haqqında arayışdan görünür ki, X9 ilə X2 01 dekabr 1986-cı ildə rasmi nikah qeydindən keçməklə evlənib ailə qurmuşlar, evləndikdən sonra qadın ərinin Əmrahova soyadını qəbul etmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 30 yanvar 2013-cü ildə vəfat etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 16 may 2021-ci il tarixli İddiaçı ünvanlanan məktubdan görünür ki, 05 may 2021-ci il tarixdə Ağdaş rayonu, Xosrov kəndində yerləşən fərdi yaşayış evini inventarlaşdırmaq məqsədi ilə mühəndisinventarlaşdırıcı M.Mehdizadə qeyd olunan ünvana getmiş, lakin Cavabdeh tərəfindən müayinə işlərinin aparılmasına imkan verilməmişdir və inventarlaşma işlərinin aparılması mümkün olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi tərəflərin birgə mülkiyyətindədir. İddiaçı Ağdaş rayonu, Xosrov kəndində yerləşən torpaq sahəsinin və üzərində yerləşən evin sənədləşdirilməsi üşün DƏDRX-in Yevlax rayon 17 saylı Ərazi idarəsi tərəfindən nümayəndələr həmin torpaq sahəsinə gəlsələr də tərəflər arasında mübahisə olduğu, cavabdeh maneçilik törətdiyi üçün müayinəyə şərait yaradılmamışdır və reyestr xidmətinə müraciətin cavablandırılması mümkün olmamışdır. Bütün bunlar iddiaçının izahatı və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla isbat olunur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(014)-1353/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2009/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2009/2021
02.11.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver