Məhkəmə qərarları › İş №2(107)-2013/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2013/2021

04.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2013/2021 04.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyan tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: iddia- maddi ziyan tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, Qax Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tаrixli, 2(024)-578/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı məhkəməyə müraciət edərək ona dəymiş olan 470 manat maddi ziyanın və iddia qaldırmaq üçün ödədiyi 20 manat dövlət rüsumunun cəmi 490 manat pulun Cavabdeh alınıb özünə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Əmircan kəndində yaşayır. 16.06.7021ci il tarixdə saat 20:00 radələrində Qax şəhəri H.Əliyev prospekti ilə evə gedərkən Qax rayon ərazisində İlisu-Qaxbaş yolunu keçəndə, yolun hərəkət hissəsinə qoyun sürüsü çıxmışdır. Həmin vaxt günün qaranlıq vaxtı olmuşdur. O maşını qaçırmaq istəsə də, qoyunları vurmuşdur. Nəticədə maşın qoyunlarla toqquşaraq yararsız hala düşmüşdür. Heyvanların sahibi həmin vaxt onu günahkar bilmişdir. Daha sonra hadisə yerinə YPX-nin əməkdaşları gəlmişdir. Onun maşınına dəymiş ziyanı mütəxəssis hesablamış və məlum olmuşdur ki, usta xərci ilə birlikdə ümumilikdə 470 manat məbləğində ona ziyan dəymişdir. Birinci instansiya məhkəməsində icraat Qax Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tаrixli, 2(024)-578/2021 saylı qətnaməsi ilə (hakim M.Qarayev) iddia təmin edilərək Cavabdeh dəymiş ziyana görə 470 manat və 20 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 16.06.2021-ci il tarixdə saat 20:00 radələrində cavabdeh özünə məxsus xırda buynuzlu qoyunları Qax şəhəri, H.Əliyev prospektində sahibsiz buraxmış nəticədə İddiaçı idarə etdiyi avtomaşınla toqquşmuşdur. Hadisə nəticəsində İddiaçı idarə etdiyi “VAZ 2106” markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobilə ziyan dəymişdir. Ona görə də Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin əlamətləri olduğu üçün cavabdeh barəsində inzibati tənbeh vermə haqqında protokol tərtib edilərək baxılması üçün Qax rayon Məhkəməsinə göndərilmiş və cavabdeh həmin maddə ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə olunmuşdur. İddiaçı tərəfindən dəfələrlə cavabdehdən dəymiş ziyanın ödənilməsi tələb olunsa da, cavabdeh bundan imtina etmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə yuxarıda qeyd olunanları və məhkəmə iclasında tətbiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh dəymiş ziyana görə 470 manat və 20 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 26-cı və 60-cı maddələri; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci və 1097.1-ci maddələri; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respubiikasi Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 76.1-ci, 77.1-ci, 217.1, 218.1 –ci maddələri; İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsi; İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Qax Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(024)-578/2021 saylı qətnaməsi qəbul edilərkən maddi hüquq normaları kobud şəkildə pozulduğundan ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir. Mübahisədən görünür ki, iddiaçı tərəfındən yüksək sürətlə avtomobil idarə etməsi nəticəsində həm ona ziyan vurmuş və ehtiyatsız avtomobil idarə etməsi nəticəsində şəxsi avtomobilinə ziyan dəymişdir. İşə baxan məhkəmə ədalətsiz olaraq dəymiş zərərin onun tərəfindən ödənilməsi barədə qətnamə qəbul etmişdir. Ona dəymiş zərər barədə isə məhkəmə qətnaməsində qeyd edilməmişdir. Nəticədə araşdırma ədalətsiz aparılmışdır. Ona görə də Qax Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(024)-578/2021 saylı qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəmə kollegiyası iclasında iştirak edərək apellyasiya şikayətinin təmin edilməsini, Qax Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tаrixli, 2(024)-578/2021 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyası iclasında iştirak edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, Qax Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tаrixli, 2(024)-578/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam şəkildə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qax Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tаrixli, 2(024)-578/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, 16.06.2021-ci il tarixdə saat 20:00 radələrində cavabdeh özünə məxsus xırda buynuzlu qoyunları Qax şəhəri, H.Əliyev prospektində sahibsiz buraxmış nəticədə İddiaçı idarə etdiyi avtomaşınla toqquşmuşdur. Hadisə nəticəsində İddiaçı idarə etdiyi “VAZ 2106” markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobilə ziyan dəymişdir. Ona görə də Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin əlamətləri olduğu üçün cavabdeh barəsində inzibati tənbeh vermə haqqında protokol tərtib edilərək baxılması üçün Qax rayon Məhkəməsinə göndərilmiş və cavabdeh həmin maddə ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə olunmuşdur. İddiaçı tərəfindən dəfələrlə cavabdehdən dəymiş ziyanın ödənilməsi tələb olunsa da, cavabdeh bundan imtina etmişdir. İddiaçı iddia tələbini əsaslandıran hallar kimi iş materiallarına istinad edir və iddianı müdafiə edir. Cavabdeh isə əksinə ona ziyan dəydiyini əsas gətirərək iddianı qəbul etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, tərəflərin izahatı və iş materialları ilə müəyyən edilir ki, 16.06.2021-ci il tarixdə saat 20:00 radələrində cavabdeh özünə məxsus xırda buynuzlu qoyunları Qax şəhəri, H.Əliyev prospektində sahibsiz buraxmış nəticədə İddiaçı idarə etdiyi avtomaşınla toqquşmuşdur. Hadisə nəticəsində İddiaçı idarə etdiyi “VAZ 2106” markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobilə ziyan dəymişdir. Kollegiya qeyd edir ki, şikayətin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Əvvala ona görə ki, cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən yüksək sürətlə idarə edilən avtomobil nəticəsində həm ona ziyan vurulduğunu həm də ehtiyatsız avtomobil idarə etməsi nəticəsində şəxsi avtomobilinə ziyan dəydiyini bildirsə də iş materiallarında olan Qax Rayon Məhkəməsinin 3(024)-158/2021 saylı 01.07.2021 -ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Göründüyü kimi mübahisə predmetini yaradan hadisə cavabdehin hərəkəti nəticəsində yaranmışdır. İkincisi, cavabdeh işə baxan məhkəmənin ədalətsiz olaraq dəymiş zərərin onun tərəfindən ödənilməsi barədə qətnamə qəbul etdiyini bildirsə də qeyd etdiyi mülahizə ilə bağlı hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şikayətin qeyd edilən dəlili də əsassızdır. Üçüncüsü, cavabdeh ona dəymiş zərər barədə məhkəmə qətnaməsində qeyd edilmədiyini bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin diqqətinə çatdırır ki, ona dəymiş ziyan bir başa öz təqsiri ucbatından baş vermişdir. Ona görə də həmin fakt məhkəmə araşdırmasının predmetini təşkil edə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Qax Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tаrixli, 2(024)-578/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qax Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tаrixli, 2(024)-578/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar