Məhkəmə qərarları › İş №2(107)-2014/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2014/2021

04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2014/2021 04.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- borc tələbi, borcun tutulması, X8 hüququ) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X5, cavabdeh X1 iştirakları ilə, Ağsu Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tаrixli, 2(016)-302/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 1.058,40 manat məbləğində dəymiş ziyanın, 30 manat dövlət rüsumunun, ümumilikdə isə 1.088,40 manat pulun İddiaçı xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 07.12.2020-ci il tarixli, 736 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı- satqısı barədə Müqavilə” əsasında Cavabdeh məxsus Ağsu rayonu, Çiyni kəndinə yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı Ağsu X7 idarəsinin Ağsu Xidmət Sahəsinə tərəfindən **********04600 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Smart-G4 İtron Diafraqma 1602AZ**********50 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin və “X4’nın 6.5-ci bəndinin tələblərini pozaraq istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı Ağsu X7 idarəsinin Ağsu Xidmət Sahəsinin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlşdırılmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən Təbii X4nın Pozulması” haqqında akt tərtib edilmişdir, itirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 1.058,40 manat məbləğin könüllü ödənilməsi təklif edilmişdir. Birinci instansiya məhkəməsində icraat Ağsu Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tаrixli, 2(016)-302/2021 saylı qətnaməsi ilə (hakim: A.Əsgərov) iddia qismən təmin edilərək Cavabdeh 48 (qırx səkkiz) manat məbləğində zərər, ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu, cəmi 58 (əlli səkkiz) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh təbii qazdan fasiləsiz istifadə etmək hüququna malik olduğu kimi eyni zamanda müqaviləyə uyğun olaraq qaz sayğacının göstəricisinə əsasən hesablanmış qazın dəyərini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə müqavilə əsasında təbii qazdan fasiləsiz istifadə etməsinə dair hüququndan istifadə etmiş, lakin müqaviləyə sayğacının göstəricisinə əsasən hesablanmış qazın dəyərini ödəməli olmasına dair vəzifələrini isə yerinə yetirməmiş, eyni zamanda qaz xəttinə qanunsuz müdaxilə edərək iddiaçıya zərər vurmuşdur. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki 30.11.2020-ci il tarixdə cavabdehin yaşadığı ünvana iddiaçının əməkdaşları tərəfindən baxış keçirilərək akt tərtib edilmişdir. Aktda hesabat müddətləri 30 gün deyil, 90 gün qeyd edilmişdir. Abonentin saldosunda qaz qurğusu kimi yalnız qızdırıcı radiator peçi və PQ-4 qaz plitəsi qeyd edilsə də, aktlarda həmin qaz qurğuları ilə yanaşı, digər işlədici avadanlıqların qaz sərfiyyatı üçün hesabat aparılmışdır. Məhkəmə hesab edir ki, itirilmiş qazın bərpası üçün hesabat düzgün aparılmadığından, iddia qismən təmin edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X4”, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 6.5-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 385.1-ci və 442-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə bütün faktları ətraflı araşdırmamış Azərbaycan Respublikasının MPM-nin 385-390-cı maddələrində təsbit olunmuş maddi və prosesual hüquq normalarının pozulması ilə əsassız qətnamə çıxarılmasına səbəb olmuşdur. İddiaçı 07.12.2020-ci il tarixli, 736 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” (bundan sonra Müqavilə) əsasında Cavabdeh oğluna məxsus Ağsu rayonu Çiyni kəndində yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edir (müqavilə əlavə edilir). Həmin ünvana İddiaçı Ağsu X7 İdarəsinin Ağsu Xidmət Sahəsinə tərəfindən **********04600 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Smart G-4 İtron Diafraqma 1602AZ**********50 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin Cavabdeh Müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və “X4”nın tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı Ağsu X7 İdarəsinin Ağsu Xidmət Sahəsinin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X4n pozulması haqqında” akt tərtib edilmişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 1058.40 manat məbləğində dəymiş ziyan hesablanmışdır (dəymiş ziyanın hesablanması barədə qərar işə əlavə edilir). Cavabdehə Birliyin işçiləri tərəfindən 1058.40 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Qeyd edilənlərə əsasən Ağsu Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(016)-302/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı İB-nin nümayəndəsi iddia tələbinin tam təmin edilməsini, həmçinin apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı hesabına ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh etiraf edərək bildirdi ki, sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşmaqla təbii qazdan qanunsuz istiadə etmişdir. Bir ilə yaxın müddətdir ki, həmin xətdən istifadə edir. Ona görə də qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanunu: Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X4”: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X4”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirir. Ağsu Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tаrixli, 2(016)-302/2021 saylı qətnaməsinin qismən - iddia tələbinin təmin edilməyən hissələrdə ləğv edilməsini, İddiaçı Cavabdeh qarşı iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tаrixli, 2(016)-302/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia həmin hissədə də təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh təbii qazdan fasiləsiz istifadə etmək hüququna malik olduğu kimi eyni zamanda müqaviləyə uyğun olaraq qaz sayğacının göstəricisinə əsasən hesablanmış qazın dəyərini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə müqavilə əsasında təbii qazdan fasiləsiz istifadə etməsinə dair hüququndan istifadə etmiş, lakin müqaviləyə sayğacının göstəricisinə əsasən hesablanmış qazın dəyərini ödəməli olmasına dair vəzifələrini isə yerinə yetirməmiş, eyni zamanda qaz xəttinə qanunsuz müdaxilə edərək iddiaçıya zərər vurmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməyən hissəsi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, məhkəmə iclasında cavabdeh iddianı qəbul etmiş, sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşmaqla təbii qazdan qanunsuz istiadə etdiyini etiraf etmişdir. ona görə də məhkəmə kollegiyası qey edir ki, iddia tələbi tam təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli və Ağsu rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(016)-302/2021 saylı qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı «Azəriqaz” İB tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağsu rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(016)-302/2021 saylı qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə də təmin edilsin. Cavabdeh tərəfindən təbii qazdan qeyriqanuni istifadəyə görə hesablanmış 1.058,40 manat pul Cavabdeh tutularaq iddiaçıya ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar