Məhkəmə qərarları › İş №2(107)-2015/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2015/2021

20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2015/2021 20.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2(014)-1636/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2(014)-1636/2021 nömrəli qətnaməsi ilə (hakim Cavid Sultanov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh gəlini X1 əmisidir. Cavabdeh 2015-ci il tarixdə başqa şəxslə dalaşdığı üçün ona pul lazım olduğunu, özü bankdan kredit götürdüyü üçün bankdan kredit götürə bilmədiyini ona bildirmiş və ondan öz adına "xxxx" ASC-nin nın Ağdaş filialından 1500 manat pul götürüb ona verməyini xahiş etmişdir. Cavabdeh kredit müqaviləsi əsasında götürəcəyi pulu faizi ilə birlikdə cədvəl üzrə hər ay onun adından banka ödəyəcəyinə söz vermişdir. O, qohum olduqları üçün ona inanmış və ona kömək etmək qərarına gəlmişdir. 25 iyun 2015-ci il tarixdə o, "xxxx" ASC-nin Ağdaş filialına gedərək onun adına tərtib edilmiş 24.06.2015-ci il tarixli, 759-24 saylı 3 illik təminatlı kredit müqaviləsinə imza etmiş və 1550 manat pul Cavabdeh verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə o, hər ay 62 manat "xxxx" ASC-nin Ağdaş filialına faizi ilə birlikdə kredit ödəməli olmuşdur. Lakin pulu faktiki olaraq Cavabdeh aldığı üçün o, hər ay 62 manat pulu onun adından banka ödəməyinə söz vermişdir. 2015-ci ilin iyul ayından 2016-cı ilin aprel ayına kimi Cavabdeh onun adından götürdüyü kreditin aylıq ödənilən məbləğini hər ay nağd şəkildə onun adından "xxxx" ASC-nin Ağdaş filialına ödəmişdir. O, 7 ay ərzində kredit məbləğindən cəmi 434,30 manat pulu banka ödəmiş, bundan sonra isə ödəməni dayandırmışdır. O, yaşa görə ayda 259,78 manat əmək pensiyası alır. Cavabdeh kredit məbləğini ödəmədiyi üçün 08 aprel 2016-cı ildən başlayaraq 08 iyun 2018-ci il tarixə kimi "xxxx" ASC-nin Ağdaş filialı hər ay onun pensiyasından 62 manat, cəmi 1612 manat pulu kredit və faiz hesabına tutmuşdur. Onun pensiyasından hər ay 62 manat olmaqla cəmi 26 ay üzrə 1612 manat pul banka ödənilmişdir. O həmin vaxtdan Cavabdeh pensiyasından tutulan pulu tələb etməyinə baxmayaraq, o, hər dəfə müxtəlif bəhanələrlə pulu ödəməkdən imtina etmişdir. Onun təkidi ilə cavabdeh təxminən il yarım bundan əvvəl kənd avtobusunu idarə edən Xanbala Müzəffər oğlu adlı şəxsin vasitəsilə ona hər ay 50 manat olmaqla cəmi 350 manat, 2020-ci ilin noyabr, dekabr aylarında və 2021-ci ilin yanvar, fevral, mart, aprel aylarında isə hər ay 50 manat olmaqla cəmi 300 manat marketdə işləyən Təbriz Muğdət oğlu adlı şəxsin vasitəsilə göndərmişdir. Bundan sonra isə o, qəti olaraq ona borclu olduğu 962 manat pulu ödəməkdən imtina etmişdir. O, Cavabdeh hərəkətləri barədə Ağdaş rayon Polis şöbəsinin sahə müvəkkilinə müraciət etdikdə ona bildirmişlər ki, pulun alınması ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməlidir. O, 65 yaşlı qoca anadır, əri isə xərçəng xəstəsidir. Onun pensiyasından tutulan və Cavabdeh ona borclu olduğu 962 (doqquz yüz altmış iki) manat məbləğində pul və məhkəməyə ödədiyi 30 manat dövlət rüsumu alınıb ona ödənilməlidir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh izahat verərək, iddiaçıya borcu olmadığnı bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Ağdaş rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan, məhkəmə maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etdiyindən qətnamə apellyasiya qaydasında ləğv edilməlidir. Belə ki, məhkəmə qətnaməsində qeyd olunur ki, iddiaçı bankdan götürdüyü krediti cavabdehə verməsinə dair, həmçinin, cavabdehin ona 962 manat məbləğində borcu olduğunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, onun cavabdehə 1550 manat pulu verməyinin və onun müxtəlif şəxslər vasitəsilə pul ödəməyinin bilavasitə şahidləri olmuş Xanbala Müzəffər oğlu və Təbriz Müzəffər oğlunun şahid kimi məhkəmədə dindirilməsini xahiş etsə də və həmin şahidlərin adları onun iddia ərizəsində göstərilsə də Ağdaş rayon Məhkəməsi onun tərəfindən məhkəməyə gətirilmiş şahidlərin dindirilməsini təmin etməmişdir. Bundan başqa məhkəmə işin əsl hallarını, cavabdehlə aralarında yaranmış münasibətləri qiymətləndirməmiş, qətnamədə bunlara qiymət verməmişdir. Bu da onun MPM-nin tələblərinə əsasən ədalət mühakiməsindən istifadə etmək, hüququnun, sübutlar təqdim etmək hüququnun kobud şəkildə pozulmasına səbəb olmuşdur. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2(014)- 1636/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin 09 avqust 2021ci il tarixli, 2(014)-1636/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2(014)-1636/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 24 iyun 2015-ci il tarixli, 759-24.06.2015-AGD59 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı 36 ay müddətinə illik 25% ödəmək şərti ilə 1550 manat məbləğində kredit vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli və “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarlarına istinad etməkdə haqlı olmuşdur. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı bankdan götürdüyü krediti cavabdehə verməsinə dair, həmçinin, cavabdehin ona 962 manat məbləğində borcu olduğunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Azərbaycan Beynəlxalq Bankı tərəfindən İddiaçı 36 ay müddətinə illik 25% ödəmək şərti ilə 1550 manat məbləğində kredit vermişdir. Həmin pulun İddiaçı tərəfindən Cavabdeh borc verilməsinə dair iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2(014)-1636/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2(014)-1636/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar