Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2016/2020 21.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi, iddiaçı “İddiaçık” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə İddiaçı “İddiaçık” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borcalandan tutulması tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(054)-313/2020 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “İddiaçık” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2013-cü il tarixli **********79413 nömrəli kredit müqaviləsi üzrə cavabdehin iddiaçı qarşısında 3159,40 manat məbləğində, xx.xx.2017-ci il tarixədək hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 17 % dərəcəsi ilə hesablanmış 7627,00 manat əldən çıxmış faydanın əvəzi, xx.xx.2020-ci il tarixədək kredit borcu üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % dərəcəsi ilə hesablanmış 8569,70 manat penya - cəmi 19.356,10 manat borc və 30,00 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi iddianı təmin etmək üçün tədbir görülməsi barədə vəsatətlə məhkəməyə müraciət edərək Oğuz Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(054)-62/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə cavabdehin mülkiyyət hüququnun tanındığı, Oğuz şəhəri, Cavanşir küçəsində yerləşən 0,031968 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki, ümumi sahəsi 277 kv.metr, 1 mərtəbəli, 10 nömrəli qeyri-yaşayış binasının ½ hissəsindən ibarət payının üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin (hakim Kamran Süleymanov) xx xxxxxxxx 2020-ci il tarixli, 2(054)-313/2020 nömrəli qərardadı ilə iddiaçı “İddiaçık” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borcalandan tutulması tələbinə dair mülki iş üzrə iddiaçının iddianı təmin etmək üçün tədbir görülməsi barədə vəsatəti təmin edilmiş, Cavabdeh mülkiyyətində olan, Oğuz şəhəri, Cavanşir küçəsində yerləşən 0,031968 hektar torpaq sahəsi və onun həmin torpaq sahəsinin üzərindəki, ümumi sahəsi 277 kv.metr, 1 mərtəbəli, 10 nömrəli qeyri-yaşayış binasının ½ hissəsindən ibarət payının üzərinə həbs qoyulması, qərardadın icrasını təmin etməyin Oğuz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardaddan narazı qalaraq şikayət vermiş və şikayəti onunla əsaslandırmışdır ki, Oğuz şəhəri, Cavanşir küçəsi, 10 ünvanında yerləşən qeyri-yaşayış binasına dair onun adına olan hüquqmüəyyənedici sənədlər qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ləğv edilərək həmin qeyri-yaşayış binasının ½ hissəsinə X1 əmlak payı müəyyən edilmiş, qeyri-yaşayış binasının ½ hissəsi isə açıq qalmışdır. Həmin hissəyə dair vərəsələr yenidən vərəsəlik işi açdırmalıdırlar. Belə olan halda, qeyd olunan qeyri-yaşayış binasında onun hansı payının üzərinə məhkəmə tərəfindən həbs qoyulduğu məlum deyildir. Qeyd olunan əsaslara görə Oğuz Rayon Məhkəməsinin iddianı təmin etmək üçün tədbir görülməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli 2(054)-313/2020 nömrəli qərardadını qanunsuz və əsassız hesab edir. Ona görə də, həmin qərardadın ləğv edilməsini, əks təqdirdə, işin Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş edir. Oğuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(054)-313/2020 nömrəli qərardadı ilə iddiaçı “İddiaçık” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borcalandan tutulması tələbinə dair mülki iş üzrə iddianı təmin etmək üçün tədbir görülməsi barədə Oğuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(054)-313/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış və həmin qərardaddan cavabdeh tərəfindən verilmiş şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı “İddiaçık” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 şikayətə etiraz edərək, şikayətin təmin edilməməsini, Oğuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(054)-313/2020 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(054)-313/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Oğuz Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(054)-62/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, Oğuz şəhəri, Cavanşir küçəsi, 10 ünvanında 0,031968 hektar torpaq sahəsində yerləşən, sahəsi 277 kv.metrdən ibarət qeyri-yaşayış binasına dair Cavabdeh adına tərtib edilmiş xx.xx.2011-ci il tarixli ******* nömrəli (qeydiyyat nömrəsi **********) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi ləğv edilərək həmin qeyri-yaşayış binasının ½ hissəsinə onun anası X1 əmlak payı müəyyən edilmişdir. Həmin qətnamənin məzmununa əsasən müəyyən edilir ki, Oğuz şəhəri, Cavanşir küçəsində yerləşən 0,031968 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki, ümumi sahəsi 277 kv.metr, 1 mərtəbəli, 10 nömrəli qeyri-yaşayış binasının ½ hissəsi Cavabdeh, yəni hazırki iş üzrə cavabdehin mülkiyyətində qalmışdır. Birinci instansiya məhkəməsi qərara gəlmişdir ki, iddia tələbi təmin ediləcəyi təqdirdə gələcəkdə qətnamənin icrasını təmin etmək məqsədilə, eyni zamanda, cavabdehin mübahisə predmetinə aid olan əmlakları özgəninkiləşdirməsinin qarşısının alınması üçün həmin əmlakların üzərinə həbs qoyulması barədə iddiaçının hazırki vəsatəti təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən məhkəmə iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbirinin prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Göründüyü kimi iddianın təmini tədbirləri məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbir olmaqla müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, Oğuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(054)-313/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(054)-313/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Rövşən Rəfiyev Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2016/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2016/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver