Məhkəmə qərarları › İş №2(107)-202/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-202/2024

24.01.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-202/2024 24.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsinə ölçü işlərinə cavabdeh tərəfindən edilmiş manelərin aradan qaldırılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: manelərin aradan qaldırılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsinə ölçü işlərinə cavabdeh tərəfindən edilmiş manelərin aradan qaldırılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Qax Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli 2(024)-546/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. JN041A, KOD 40308028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Qax rayonu Ağçay kəndində yerləşən 0.12 ha torpaq sahəsi X5, X6, İddiaçı1 və X2 ümumibirgə mülkiyyətinə verilmişdir. Qax rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli 2(024)-197/2022 saylı qətnaməsinə əsasən təsdiq olunmuş surətindən görünür ki, JN-041A, KOD 40308028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X5, X6, İddiaçı1 və İddiaçı2 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Ağçay kəndində yerləşən 0.12 ha torpaq sahəsinin Ramazan İsaqovdan miras qalmış ¼ hissə payına vərəsəlik açılması və həmin miras əmlakları qəbul etmək üçün iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəblərinin üzürlü hesab edilməklə uzadılması və həmin 0.12 ha torpaq sahəsinin Ramazan İsaqovdan miras qalmış ¼ hissəsi üzərində iddiaçılar İddiaçı1 ½ hissə və İddiaçı2 ½ hissə payı müəyyən edilməsi və həmin payların iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətinə verilməsi qət edilmişdir. İddiaçılar miras əmlakı mülkiyyətinə keçirmək üçün ƏMDK yanında DƏDRX-nə 12 saylı Şəki Ərazi idarəsinə müraciət etmiş, həmin idarənin əməkdaşları tərəfindən Çıxarışın verilməsi ilə bağlı sözügedən torpaq sahəsində ölçü işləri aparılarkən cavabdeh tərəfindən ölçü işlərinin aparılmasına maneçilik törədilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Qax rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən ona və oğlu İddiaçı2 mülkiyyətinə verilmiş Qax rayonu Ağçay kəndində yerləşən 0.09 ha torpaq sahəsinə çıxarış alınması üçün ölçü işlərinə cavabdeh tərəfindən edilmiş manelərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində göstərmişlər ki, onlar Qax rayonu Ağçay kəndində yaşayırlar. Onlara və mərhum X3na Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə 0.12 həyətyanı torpaq sahəsi verilmişdir. X3 xx.xx.2019-cü il tarixdə vəfat etmişdir. Onlar vərəsəlik işi ilə bağlı məhkəməyə müraciət etmiş və Qax rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən miras əmlakdan onlara pay verilmişdir. Qax rayonu Ağçay kəndində yerləşən həmin həyətyanı sahəyə hazırda çıxarış ala bilmir. Bu işlə bağlı DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin Qax rayon şöbəsinə çıxarış almaq üçün müraciət etmiş, orada nümayəndə onlara məxsus torpaq sahəsinə gedib ölçü işləri aparmaq istəyən zaman cavabdeh buna mane olmuşdur. DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin Qax rayon şöbəsinin işçiləri ölçü işləri aparmaqdan imtina etmişlər. Bu barədə DƏDRX-dən 01 avqust 2023-cü il tarixdə imtina məktubu vermişlər. Beləliklə onlara məxsus olan 0.09 ha həyətyanı torpaq sahəsinə çıxarış verilməsi mümkün olmamışdır. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etməli olmuşlar. Göstərilənləri nəzərə alaraq məhkəmədən Qax rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən ona və oğlu İddiaçı2 mülkiyyətinə verilmiş Qax rayonu Ağçay kəndində yerləşən 0.09 ha torpaq sahəsinə çıxarış alınması üçün ölçü işlərinə cavabdeh tərəfindən edilmiş maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı bu qətnamənin 1-ci bəndində göstərilənlər müəyyən edilmişdir.

5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş materialları və işin faktiki halları ilə Cavabdeh sözügedən mübahisəli torpaq sahəsinə müvafiq hüquqi sənədlərin alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarına maneçilik törədilməsi sübuta yetirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır.

6. Qax Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli 2(024)-546/2023 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) iddia təmin olunmuş, Qax rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətinə verilmiş Qax rayonu Ağçay kəndində yerləşən 0.09 ha torpaq sahəsinə Çıxarış alınması üçün ölçü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən aparılacaq ölçü işlərinə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə istinad etmişdir.

8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: JN-041A, KOD 40308028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə Qax rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli 2(024)-197/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin verdiyi xx.xx.2021-ci il tarixli 7534 saylı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş

9. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, iddiaçı iddia ərizəsinə iddia ərizəsində qeyd edilənləri sübut edəcək hər hansı bir sübutu əlavə etməmişdir. Hazırki halda sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, o, öz iddia tələbini sübuta yetirə bilməmişdir.

11. Ona görə də, Qax Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli 2(024)- 546/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli 2(024)-546/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

14. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

17. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

18. Cavabdeh Qax Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli 2(024)- 546/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, iş materiallarında olan JN-041A, KOD 40308028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Ağçay kəndində yerləşən 0.12 ha torpaq sahəsi X5, X6, İddiaçı1 və X2 ümumibirgə mülkiyyətinə verilmişdir. Qax rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli 2(024)-197/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə JN-041A, KOD 40308028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X5, X6, İddiaçı1 və İddiaçı2 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Ağçay kəndində yerləşən 0.12 ha torpaq sahəsinin Ramazan İsaqovdan miras qalmış ¼ hissə payına vərəsəlik açılmış və həmin miras əmlakları qəbul etmək üçün iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılması və həmin 0.12 ha torpaq sahəsinin Ramazan İsaqovdan miras qalmış ¼ hissəsi üzərində iddiaçılar İddiaçı1 ½ hissə və İddiaçı2 ½ hissə payı müəyyən edilməsi və həmin payların iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətinə verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, iddiaçıların məhkəməyə təqdim etdiyi yuxarıda göstərilən sübutlarla iddiaçıların mübahisəli torpaq sahəsinə hüquqları təsdiq edilir. Mübahisəli torpaq sahəsinin dövlət qeydiyyatına alınması iddiaçıların mülkiyyətçi olaraq hüququdur və bu hüququn məhdudlaşdırılması yolverilməzdir. İddiaçıların həmin hüququnu reallaşdırmasının cavabdehin hər hansı maraqlarına toxunması halı da aşkar edilmir.

21. Cavabdehin məhkəmə kollegiyasına elektron kabinet vasitəsilə göndərdiyi şikayət ərizəsində göstərilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən Şəki Apelyasiya Məhkəməsinin hakiminə ünvanlanmış ərizə yerləşdirilmişdir. Lakin həmin sənədlə tanış olarkən gördüm ki, həmin ərizə iddiaçılar tərəfindən Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməmişdir. Həmin ərizə Qax Rayon Məhməkəsinin məhkəmə iclas katibinə məxsus elektron poçt ünvanı vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin elektron poçt ünvanına göndərilmişdir. Qax Rayon Məhməkəsinin məhkəmə iclas katibinin iddiaçılara məxsus ərizəni öz elektrin poçt ünvanı vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin elektron poçt ünvanına göndərməsi artıq onun iddiaçılarla əlbir olmasını işin baxılmasında maraqlı olmasını təsdiq edir. Məhkəmə kollegiyası həmin şikayət ərizəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçılar tərəfindən məhkəməyə göndərilmiş ərizədə məhkəmədən ədalətli qərar qəbul edilməsi xahiş edilmişdir ki, hər bir vətəndaşın məhkəməyə belə bir xahişlə müraciət etmək hüququ vardır. Həmin ərizənin məhkəmənin iclas katibinin elektron poçtu vasitəsilə göndərilməsi isə məhkəmənin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsaslar Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 385-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin əsaslara maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi daxildir. Hazırki iş üzrə həmin əsaslardan heç biri aşkar edilmədiyindən, cavabdehin istinad etdiyi formal mülahizələrə görə qanuni qətnamənin ləğv edilməsi yolverilməzdir. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

22. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qax Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli 2(024)-546/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli 2(024)-546/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar