Məhkəmə qərarları › İş №2(107)-2029/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2029/2021

04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2029/2021 04.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- borc tələbi, nisyə alqı-satqı müqaviləsi, sübutetmə yükü) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair Qəbələ Rayon Məhkəməsinin 2(025)- 1062/2021 nömrəli, 12 avqust 2021-ci il tаrixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" MMC-i cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.07.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********32267 olan Samsung Galaxy A50 markalı telefon üçün 216 (iki yüz on altı) manat ödənilməmiş hissə, 64 (altmış dörd) manat dəbbə pulu Cavabdeh1 və zamin Cavabdeh2 müştərək qaydada; 13.11.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********99934 olan Samsung Galaxy A50 markalı telefon üçün 616 (altı yüz on altı) manat ödənilməmiş hissə, 184 (yüz səksən dörd) manat dəbbə pulu Cavabdeh1; 03.02.2020-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********21238 Samsung Galaxy A51 markalı telefon üçün 255 (iki yüz əlli beş) manat ödənilməmiş hissə, 76 (yetmiş altı) manat dəbbə pulu Cavabdeh1, ümumilikdə 1411 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə 12.07.2019cu il, 13.11.2019-cu il, 03.02.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********32267 Samsung Galaxy A50 markalı telefon, İMEİ Kodu **********99934 Samsung Galaxy A50 markalı telefon, İMEİ Kodu **********21238 Samsung Galaxy A51 markalı telefon almış və nəticədə 1411 (min dörd yüz on bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 12.07.2019-cu il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 768 (yeddi yüz altmış səkkiz) manat (12 ay x 54 manat + 120 manat ilkin ödəniş) İMEİ Kodu **********32267 Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə, 280 (iki yüz səksən) manat olmaqla ondan, 216 (iki yüz on altı) manat ödənilməmiş hissə, 64 (altmış dörd) manat dəbbə pulu; 13.11.2019cu il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 842 (səkkiz yüz qırx iki) manat (18 ay x 44 manat + 50 manat ilkin ödəniş) İMEİ Kodu **********99934 Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə 800 (səkkiz yüz) manat olmaqla ondan 616 (altı yüz on altı) manat ödənilməmiş hissə, 184 (yüz səksən dörd) manat dəbbə pulu; 03.02.2020-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 752 (yeddi yüz əlli iki) manat (2 ay x 254 manat 50 qəpik + 243 manat ilkin ödəniş) İMEİ Kodu **********21238 Samsung Galaxy A51 markalı telefon üçün ümumilikdə 331 (üç yüz otuz bir) manat olmaqla ondan 255 (iki yüz əlli beş) manat ödənilməmiş hissə, 76 (yetmiş altı) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1275 manat təşkil edir. Həmçinin müqavilənin təminatı olaraq 12.07.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış, zamin Cavabdeh2 "xxxx" MMC qarşısında alıcı Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və borcludur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 2(025)-1062/2021 nömrəli, 12 avqust 2021-ci il tаrixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər (borclu) Cavabdeh1 və (zamin) Cavabdeh2 müştərək qaydada 12.07.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********32267 olan Samsung Galaxy A50 markalı telefon üçün ödənilməmiş 216 (iki yüz on altı) manat əsas borc, 21 (iyirmi bir) manat dəbbə pulu, ümumilikdə 237 (iki yüz otuz yeddi) manat borc, cavabdeh (borclu) Cavabdeh1 13.11.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********99934 olan Samsung Galaxy A50 markalı telefon üçün 616 (altı yüz on altı) manat ödənilməmiş hissə, 61 (altmış bir) manat dəbbə pulu, ümumilikdə 677 (altı yüz yetmiş yeddi) manat borc, cavabdeh (borclu) Cavabdeh1 03.02.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********21238 olan Samsung Galaxy A51 markalı telefon üçün 255 (iki yüz əlli beş ) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat dəbbə pulu, ümumilikdə 280 (iki yüz səksən) manat borc və 30 (otuz) manat dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış 20077339 nömrəli 03.02.2020-ci il tarixli, 01049047 nömrəli 13.11.2019-cu il tarixli və 00778217 nömrəli 12.07.2019-cu il tarixli müqavilələrin şərtləri Cavabdeh1 tərəfindən pozulmuş, müqavilə şərtlərinə uyğun olaraq ödənişlər edilməmiş, cavabdehin 20077339 nömrəli 03.02.2020-ci il tarixli müqavilə üzrə əsas borcu 255 manat, 01049047 nömrəli 13.11.2019-cu il tarixli müqavilə üzrə əsas borcu 616 manat və 00778217 nömrəli 12.07.2019-cu il tarixli müqavilə üzrə əsas borcu 216 manat təşkil edir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də 00778217 nömrəli 12.07.2019-cu il tarixli müqavilə üzrə zamin durmuş digər Cavabdeh2 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu 00778217 nömrəli 12.07.2019- cu il tarixli zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından 00778217 nömrəli 12.07.2019-cu il tarixli müqavilə üzrə cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, müqavilə üzrə əsas və cərimə borcu onlardan müştərək qaydada tutulmalıdır. Məhkəmə cavabdehdən 20077339 nömrəli 03.02.2020-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 255 manat, 01049047 nömrəli 13.11.2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 616 manat və 00778217 nömrəli 12.07.2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 216 manat tutulmasını əsaslı hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, cavabdehin 20077339 nömrəli 03.02.2020-ci il tarixli müqavilə üzrə 255 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 76 manat dəbbə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 25 manata endirilməli; 01049047 nömrəli 13.11.2019-cu il tarixli müqavilə üzrə 616 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 184 manat dəbbə pulu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 61 manata endirilməli; 00778217 nömrəli 12.07.2019-cu il tarixli müqavilə üzrə 216 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 64 manat dəbbə pulu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 16 manata endirilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci, 443.1-cü, 448.2-ci, 458.1-c, 462.1-ci, 467-ci, 472.1 və 472.2-ci, 567-ci, 600.1-ci, 600.4-cü, 601.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə məhkəmə baxışlarında Covid 19 xəstəliyinə yoluxduğu üçün iştirak edə bilməmiş, məhkəməyə bu məsələni bildirmiş və məhkəmədən işin baxılmasını müəyyən müddətə təxirə salınmasını xahiş etmişdir. Covid 19 xəstəliyi aşkar edilmiş şəxslərin yaşayış yerini tərk etməyi cinayət məsuliyyətinə səbəb olduğu üçün bunu məhkəməyə telefon vasitəsi ilə bildirmiş, həmin məlumatları E-Təbib portalında dəqiqləşdirə biləcəklərini bildirmişdir. Məhkəmə qarşısında durmaq istəyini, iş üzrə sübutlar təqdim etməyi, məhkəmə araşdırılmasında iştirak etmək və Mülki Prosessual Qanunvericiliklə ona verilmiş digər hüquqlardan istifadə etmək istəyini bildirsə də Qəbələ rayonu məhkəməsi işi araşdırmadan, tərəflərin izahatını dinləmədən birtərəfli yanaşma əks etdirən iş üzrə qətnamə çıxarmış, bununla onun istər konstitusion istərsə də prosessual hüquqlarını kobud şəkildə pozmuşdur. Mülki Prosessual Məcəllənin 185.3cü maddəsinə əsasən əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır. MPM-in 9.1 -ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 9.2,-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. MPM-in 9.3.-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Yuxarıda göstərdiyi kimi Qəbələ Rayon Məhkəməsi işə baxarkən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında keçirilməsinə dair mülki prosessual prinsipləri kobud şəkildə pozmuşdur. Eyni zamanda bildirir ki, yuxarıda sadalanan telefonları aldığı zaman o, əlillik üzrə pensiya alırdı və ABC Telecom MMC-yə ödənişlərini vaxtı vaxtında edirdi. Lakin 2020-ci ilin mart ayından həmin pensiyanın verilməsi dayandırılmış, əlillik dərəcəsinin müəyyən olunmasına dair yenidən müraciət etmişdir. Bildirir ki, pensiyanın dayandırılması, Covid 19 pandemiyası ilə əlaqədar olaraq Nazirlər Kabinetinin müvafiq qərarları ilə karantin rejiminin tətbiq olunması yuxarıda göstərilmiş öhdəliklərinin vaxtında icra etməsinə çətinlik yaratmışdır. Göstərdiyi hallar məhkəmədə iştirakının təmin olunmasına dair prosessual qanunvericiliyin kobud şəkildə pozulması səbəbindən məhkəmədə araşdırılmamış, əsassız olaraq ödəməli olduğu borcun üstünə böyük məbləğdə dəbbə pullarının hesablanması ilə nəticələnmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmasını, Qəbələ Rayon Məhkəməsinin 12.08.2021-ci tarixli, 2(025)- 1062/2021 saylı qətnaməsinin iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında iştirak edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 2(025)- 1062/2021 nömrəli, 12 avqust 2021-ci il tаrixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında iştirak edərək, apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 2(025)- 1062/2021 nömrəli, 12 avqust 2021-ci il tаrixli qətnaməsinin iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-nin 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, apellyator apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 2(025)-1062/2021 nömrəli, 12 avqust 2021ci il tаrixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Tələb qətnamənin ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam şəkildə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tаrixli, 2(025)-1062/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 20077339 nömrəli 03.02.2020-ci il tarixli, 01049047 nömrəli 13.11.2019-cu il tarixli və 00778217 nömrəli 12.07.2019-cu il tarixli müqavilələrin şərtləri Cavabdeh1 tərəfindən pozulmuş, müqavilə şərtlərinə uyğun olaraq ödənişlər edilməmiş, cavabdehin 20077339 nömrəli 03.02.2020-ci il tarixli müqavilə üzrə əsas borcu 255 manat, 01049047 nömrəli 13.11.2019-cu il tarixli müqavilə üzrə əsas borcu 616 manat və 00778217 nömrəli 12.07.2019-cu il tarixli müqavilə üzrə əsas borcu 216 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Belə ki, apellyator şikayətində dəlillərini sübut edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən cavabdeh kredit müqaviləsini könüllü imzalamaqla daşıyacağı risklərdən xəbərdar olmuşdur. Eyni zamanda pensiyanın dayandırılması öhdəliyinin dayandırılmasına əsas ola bilməz. Daha sonra kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdeh tərəf məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmışdır. Beləliklə, apellyasiya şikayətində qeyd olunmuş dəlillər birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Qəbələ Rayon Məhkəməsinin 2(025)- 1062/2021 nömrəli, 12 avqust 2021-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 2(025)-1062/2021 nömrəli, 12 avqust 2021-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar