Məhkəmə qərarları › İş №2(107)-2037/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2037/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2037/2021 30.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” Zaqatala Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tаrixli, 2(033)-886/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6140 ABŞ dolları pulun və 30 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tаrixli, 2(033)-886/2020 saylı qətnаməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2021-ci il tarixli, 2(107)-354/2021 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tаrixli, 2(033)- 886/2020 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, cаvаbdeh Cavabdeh 6140 ABŞ dolları məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2021-ci il tarixli, 2(107)- 354/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 avqust 2021-ci il tarixli 2(102)-4439/2021 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsisinin Mülki Kollegiyasının 2(107)-354/2021 nömrəli, 04 mart 2021ci il tarixli qətnaməsi ləğv olunaraq, işin yenidən baxılması üçün apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ondan müxtəlif vaxtlarda ümumilikdə 6900 ABŞ dolları pul almışdır. Cavabdeh həmin borc məbləğindən 1290 manatını, yəni 760 BŞ dollarını ona ödəmişdir. Lakin qalan 6140 ABŞ dolları indiyədək ödənilməmişdir. O. cavabdehdən həmin borcun qaytarılmasını tələb etsə də, sonuncu bundan imtina etmişdir. Bu səbəbdən də, göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, Cavabdeh ondan müxtəlif tarixlərdə ümumilikdə 6900 (altı min doqquz yüz) ABŞ dolları borc pul almışdır. Bu barədə cavabdeh ona yazılı izahatlar da vermişdir. Cavabdeh bu günədək həmin borcun 1290 (bir min iki yüz doxsan) manat, yəni, 760 (yeddi yüz altmış) ABŞ dolları hissəsini ona ödəmişdir. Lakin, cavabdehin borcun 6140 (altı min bir yüz qırx) ABŞ dolları hissəsi bu günədək ödənilməmişdir. Nəticədə, hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlə son dövrədək borcun qaytarılması ilə bağlı aralarında telefon danışıqları və yazışmalar olsa da, cavabdeh hər dəfəsində borcun qaytarılmasından yayınmışdır. Sonuncu dəfə Cavabdeh 2019-cu ilin oktyabr ayında Zaqatala Rayon Mərkəzi Xəstəxanasında olduğu zaman ona 150 manat borcundan ödəmiş və bu faktı məhkəmə araşdırması zamanı da təsdiq etmişdir. Lakin, növbəti məhkəmə prosesində həmin pulu pay olaraq ona verdiyini bildirmişdir. Zaqatala Rayon Məhkəməsi isə bir tərəfli olaraq, Cavabdeh həmin ifadəsini səmimi olaraq qəbul etmiş və Cavabdeh ona borclu olduğu halda 2019-cu ilin oktyabr ayında Zaqatala Rayon Mərkəzi Xəstəxanasında olduğu zaman ödədiyi 150 manat pulu pay kimi qiymətləndirmişdir. Çünki, Cavabdeh 2019-cu ilin oktyabr ayında Zaqatala Rayon Mərkəzi Xəstəxanasında olduğu zaman ona 150 manat pul ödədiyi sübuta yetirildiyi halda, iş üzrə iddia müddətinin tətbiqi mümkün olmayacaq və dolayısıyla da məhkəmə iddianı təmin etməli olmacaqdı. Göründüyü kimi, faktiki olaraq hazırki işdə 3 illik iddia müddətinin tətbiqi üçün hüquqi əsaslar mövcud deyildir. Qeyd edilənlərə əsasən hesab edir ki, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tаrixli, 2(033)-886/2020 saylı qətnаməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı bildirdi ki, o 2015-ci ildən rəsmi qaydada Zaqatala rayonunda lombard fəaliyyəti ilə məşğuldur. Onlar pulu qızıl girovuna əsasən verirlər. Bəsdi bir neçə dəfə onlara müraciət etmiş və o da kartla pul vermədiklərini bildirmişdir. Lakin, atası Bəsdini gətirərək onun atasını tanıdığını bildirmiş və ona pul verilməsini xahiş etmişdir. O eyni qaydada Bəsdi xanımın oğluna da pul vermişdir. Bəsdi xanımın 6150 ABŞ dolları borcu vardır. O 23 noyabr 2015-ci il tarixdə kartını versə də, sonradan kartını bağlatmışdır. O 2016-cı ilin dekabr, yanvar, fevral, mart ayları ərzində kartdan 600 manat pul çıxarmış, bundan sonra isə kartın cavabdeh tərəfindən bağlandığını bilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və vəkili Vəkil bildirdi ki, Cavabdeh 23.11.2015-ci ilin noyabr ayında pensiya kartını İddiaçı verərək 6 ay ərzində borcunu qaytaracağını bildirmişdir. Bəsdi Durmuşovanın ödəniş müddətinin 2016-cı ilin may ayının 23-də bitməsini nəzərə alsaq 2019-cu ilin may ayının 23-də 3 illik iddia müddəti bitmişdir. İddiaçı öz izahatında bildirmişdir ki, axırıncı ödənişi 2019-cu ilin oktyabrnda olmuşdur. İddia müddətinin tətbiq edilməsini xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına əsasən, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 avqust 2021-ci il tarixli 2(102)-4439/2021 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-354/2021 nömrəli, 04 mart 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq, işin yenidən baxılması üçün apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 avqust 2021-ci il tarixli 2(102)-4439/2021 saylı qərarında göstərilmişdir ki, Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, Apelyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı cavabdehə 23.11.2015-ci il tarixdə 6 ay müddətinə qaytarmaq şərti ilə 6900 ABŞ dolları məbbləğində borc vermişdir. Cavabdeh 760 ABŞ dolları pulu qaytarmış və qalan məbləği qaytarmamışdır. Hər iki məhkəmənin işin faktiki halları ilə bağlı gəldiyi qənaət ondan ibarətdir ki, cavabdeh sonuncu dəfə iddiaçıya 2019-cu ilin oktyabr ayında ödəniş etmişdir. Bir dəfə 200 manat və bir dəfə də 50 manat ödəniş etmişdir. Birinci instansiya məhkəməsi həmin ödənişlərin borcun əvəzi olaraq deyil, əvəzsiz olaraq ödənilməsi barədə cavabdehin izahatını əsas tutaraq iddia müddətini tətbiq etdərək iddianı rədd etmiş, Apelyasiya Məhkəməsi isə həmin izahata tənqidi yanaşaraq qaytarılan məbləğin məhz borc məbləği olması kimi dəyərləndirərək həmin hərəkəti iddia müddətini kəsən börcun etirafı kimi qəbul edərək iddianı təmin etmişdir. Elə bu yerdə, məhkəmə kollegiyası qeyd edir ki, 2019-cu ilin oktyabr ayında cavabdeh tərəfindən edilmiş ödənişlərin guya borcun əvəzi olaraq deyil, əvəzsiz olaraq iddiaçıya verilməsi barədə cavabdehin izahatına Apelyasiya Məhkəməsinin tənqidi yanaşması əsaslıdır və işin faktiki hallarına uyğundur. Məhkəmələr müəyyən etmişlər ki, 2019-cu ildə edilmiş ödənişlərdən başqa iddiaçıya digər məbləğlər də qaytarılmışdır. Müəyyən edilən hal ondan ibarətdir ki, cavabdeh borc götürərkən sosial kartını iddiaçıya vermiş və görünür qaytarılan məbləğ həmin kartdan çıxarılan məbləğdir. Lakin həmin məbləğin hansı tarixlərdə qaytarılmasını məhkəmələr müəyyən etməmişlər. Hansıki, həmin tarixlər iddia müddətinin tətbiqində mühüm rol oynayır. Apelyasiya Məhkəməsi kartdan çıxarılan məbləğin hansı tarixlərdə çıxarılmasını müəyyən etmədiyi üçün və sonuncu ödənişin hansı tarixdə edilməsinə diqqət çəkmədiyi üçün iddia müddətinin tətbiqində səhvə yol vermişdir. Apellyasiya Məhkəməsi işə yenidən baxarkən aydınlaşdırması zəruri olan iki hal var; 1-ci hal, cavabdeh borcu aldıqdan sonra etdiyi ödənişlərin nə vaxt kəsilməsi (kart əsasında aparılmış ödənişlərin) və 2-ci hal, həmin ödənişlərdən sonra 2019-cu ilin oktyabr ayında edilmiş ödənişlər arasında nə qədər müddət keçməsi məsələsi. Məhkəmə həmin hallarla bağlı dəyərləndirmə apararaq mübahisəyə düzgün hüquqi qiymət verə bilər. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında öhdəlik hüquq münasibətlərindən irəli gələn münasibətlər yarandığından iddiaçının tələbi də məhz öhdəlik (müqavilə) hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM-in) 739.1.-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (MM-in 740-cı maddəsi). MM-in 372.1-ci maddəsinin tələbinə görə də, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. MM-in 372.2-ci maddəsinin tələbinə görə də, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. MM-in 373.2-ci və 373.3-cü maddələrinin tələblərinə görə müqavilə tələbləri üzrə, həmçinin vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il müəyyən edilmişdir. MM-in 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar həmin Məcəllə ilə müəyyənləşdirilir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). İddia müddətinin ötürülməsinə dair cavabdehin ərizəsi olmadığı halda proses iştirakçıları bütün prosessual hüquqlardan, o cümlədən maddi anlamda iddia hüququndan istifadə edirlər. Cavabdeh isə passiv müdafiədən, konkret olaraq ya müddətin ötürülməsinə dair ərizədən, yaxud iddiaya etirazdan istifadə edə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 1-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda iddia müddəti anlayışının tətbiqi ilə bağlı həmçinin aşağıdakıları da qeyd etmişdir: “Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Öyrənilən işdən aydın olur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-354/2021 nömrəli, 04 mart 2021-ci il tarixli qətnaməsini ləğv edib mülki işi yeni apellyasiya baxışına göndərərkən yenidən araşdırlması ilə bağlı veridyi göstərişlərindən 1-ci hal, cavabdeh borcu aldıqdan sonra etdiyi ödənişlərin nə vaxt kəsilməsi (kart əsasında aparılmış ödənişlərin) və 2-ci hal, həmin ödənişlərdən sonra 2019-cu ilin oktyabr ayında edilmiş ödənişlər arasında nə qədər müddət keçməsi məsələsidir. Hazırda mübahisələndirilməyən hallarından, eləcədə tərəflərin izahatından aydın olur ki, iddiaçı cavabdehə 23 noyabr 2015-ci il tarixdə altı ay müddətinə borc pul vermiş və borcun qaytarılması müddəti 2016-cı ilin may ayının 23-də bitirdi. İddiaçı özü də etiraf edir ki, həmin vaxtı (2015-ci ilin noyabr ayının 23-də) cavabdeh sosial kartını ona vermiş, bir neçə ay müddətində cavabdehə məxsus sosial kartdan pul çıxara bilmiş, sonuncu dəfə mart-aprel aylarında pul çıxarmışdır. Bundan sonra cavabdeh sosial kartının guya itirməsi səbəbindən bağlatdırmış, buna görə kartadan pul çıxara bilməmiş, bununla da cavabdeh faktiki olaraq 2016-cı ilin aprel ayından etibarən ona hər hansı bir məbləğ ödəməmişdir. Öz növbəsində bu hallar cavabdeh tərəfindən mübahisələndirilməmiş, buna görə də iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir (cavabdeh birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı ərizə verib). Göründüyü kimi sosial kartadan edilmiş ödənişlərlə 2019-cu ilin oktyabr ayında edilmiş ödənişlər arasında üç ildən artıq bir zaman keçmişdir. Öz növbəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-354/2021 nömrəli, 04 mart 2021-ci il tarixli qətnaməsini ləğv edərkən 2019-cu ilin oktyabr ayında edilmiş ödənişlərə də hüquqi qiymət verərək hesab etmişdir ki, “İşin faktiki halları ilə bağlı Apellyasiya instansiya məhkəməsinin qənaətinə uyğun dəyərləndirmə aparıldığı təqdirdə hazırkı işdə üç illik iddia müddəti keçmiş olur. Belə ki, əvvəlki ödənişlər tərəflərin razılaşdıqları altı ay müddətində aparılmasını qəbul etsək və sonuncu ödənişin tarixi kimi tərəflərin etiraf etdiyi 2019-cu ilin oktyabr ayını götürsək, onda belə qənaət hasil olur ki, sonuncu ödənişlər iddia müddətini kəsən hərəkətlər kimi qiymətləndirilə bilməz. Çünki həmin hərəkətlər iddia müddəti ərzində deyil, həmin müddət başa çatdıqdan sonra baş vermişdir. Belə ki, borcun qaytarılması müddəti 2016-cı ilin may ayının 23-də bitirdi. Ödənişlərin 2019-cu ilin oktyabr ayında edilməsi nəzərə alınsa həmin ödənişlərin üç illik müddətin keçməsindən sonra (üç illik müddət 2019-cu ilin may ayının 23-də bitirdi) edilməsi aşkar edilir. Nəzərə almaq lazımdır ki, borcun etirafına dair hərəkətlər iddia müddəti ərzində icra edildikdə Mülki Məcəllənin 380.1. maddəsinin dispozisiya şərtlərinə uyğun olaraq iddia müddətinin axımı kəsilir, müddət keçdikdən sonra edilmiş ödənişlər artıq bitmiş müddəti bərpa edilə bilməz”. Tədqiq edilən işdən bəlli olur ki, 2016-cı may ayının 23-dən hazırkı iş üzrə üç illik müddətın bitdiyi, yəni 2019-cu ilin may ayının 23-ə qədər iddiaçıya faktiki olaraq hər hansı bir ödəniş edilməmişdir. Halbuki, yuxarıda iqtibas edilmiş MM-in 373.2-ci və 373.3-cü maddələrinin tələblərinə görə müqavilə tələbləri üzrə, həmçinin vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tаrixli, 2(033)- 886/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi, lakin əsaslandırılmamış mülahizələr birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia iddia müddətini tətbiq etməklə iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Zaqatala Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tаrixli, 2(033)-886/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsaslanaraq və MPM-in 384, 385, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tаrixli, 2(033)-886/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar