Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2038/2020 17.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Qəbələ rayon Nic Bələdiyyəsinə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-767/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1nə və Qəbələ rayon Nic Bələdiyyəsinə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Qəbələ rayon Nic bələdiyyəsindən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilən Qeydiyyat №001527, xx.xx.2004-cü il tarixli Şəhadətnaməsinə əsasən onun mülkiyyətində olan Qəbələ rayonu, Nic qəsəbəsindəki ümümi sahəsi 80 kv.m.(əsas hissə 50 kv.m.yardımçı hissə 30 kv.m.) olan “Çayxana”nın qanunsuz sökülməsi ilə əlaqədar, əmlaka görə 20.000 (iyirmi min) manat, 15 il ərzində götürə biləcəyi qazanca görə isə 20.000 (iyirmi min)manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 40.000 (qırx min) manat məbləğində dəymiş ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-767/2020 nömrəli (hakim E.İsayev) qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1nə və Qəbələ rayon Nic Bələdiyyəsinə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Qəbələ rayonu, Nic kəndində yaşayır və həmin kənddə yerləşən, hal-hazırda dağıdılmış dövlət mülkiyyətində olan “Çayxana” adlı ictimai-iaşə obyektinin mülkiyyətçisi olan Dövlət Əmlak Komitəsinin təklifi ilə xx.xx.1998-ci il tarixdə ünvan 1 ünvanda Auksion formasında keçirilən açıq hərracda həmin obyektə münasibətdə alıcı qismində qalib hesab edilib. Həmin tarixədək o ailəsi ilə birlikdə məişət binası kimi “Çayxananı” müqavilə əsasında işlədirdi. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilən Qeydiyyat №001527, xx.xx.2004-cü il tarixli Şəhadətnaməsinə əsasən Qəbələ rayonu, Nic kəndində yerləşən dövlət mülkiyyətində olan “Çayxana” adlı ictimaiiaşə obyekti ona yəni-Qəbələ rayonu, Nic kənd sakini İddiaçı hissə-hissə olaraq ümumilikdə 2.574.000 (iki milyon beş yüz yetmiş dörd min) manata satılmışdır. Həmin çayxanada o və ailəsi işləmiş, əldə olunmuş gəlir ilə maddi təminatılarını ödəmişlər. Lakin 2005-ci ildə Cavabdeh1 sərancamı ilə qanunsuz olaraq ona məxsus ümümi sahəsi 80 kv.m.(50 kv.m.əsas+30 kv.m.yardımçı hissədən ibarət) olan çayxana sökülmüş və yerləşdiyi ərazidə bir müddətdən sonra park inşa edilmişdir. Nəticədə o və ailəsi halhazırki dövrə qədər qeyd olunan çayxanadan əldə etdikləri gəlirdən məhrum olmuşlar. Əvvəllər ona sökülmüş çayxananın digər eyni təyinatlı obyekt ilə və ya torpaq sahəsi ilə əvəz olunacağı, bu mümkün olmadığı təqdirdə obyektin bazar qiymətinə uyğun dəyəri ödəniləcəyi barədə Cavabdeh1 və Nic bələdiyyəsi şifahi və yazılı cavablar verirdilər. Lakin15 ildən artıq bir müddət ötməsinə baxmayaraq əlindən alınaraq sökülən çayxanaya görə - nə eyni təyinatlı obyekt ilə, həmçinin torpaq sahəsi ilə əvəz olunmamış, nə də onun bazar qiymətinə uyğun dəyəri ödənilməmişdir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona hazırki daşınmaz əmlakın dəyəri və 15 ildə həmin obyektdən işləyərək götürə biləcəyi qazancı nəzərə alaraq hesab edir ki, əmlakın dəyərinə görə 20.000(iyirmi min) manat məbləğində, əldən çıxmış fayda-götürə biləcəyi qazanca görə isə 20.000(iyirmi min)manat məbləğində maddi ziyan dəymişdir. O mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar dəfələrlə müxtəlif orqanlara və onun strukturlarına müraciət etmiş, lakin həmin orqanlar tərəfindən mülkiyyət hüquqlarının bərpası ilə əlaqədar heç bir tədbir görülməmiş, hüquqları qorunmamış, müraciətlərinə cavablarında müvafiq məhkəməyə müraciət etməyini bildirmişlər. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. İddia tələbi məhkəmə tərəfindən tam, hərtərəfli, obyektiv araşdırılmamış və nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Belə ki, Qəbələ Rayon Məhkəməsində cavabdehlər Cavabdeh1 nümayəndəsi və Qəbələ rayon Nic bələdiyyəsi iştirak etməməmiş, lakin Cavabdeh1 məhkəməyə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, eyni zamanda qeyd etmişlər ki, ona məxsus “çayxana”nı Cavabdeh1 sökməmiş və bu barədə heç bir məlumatları yoxdur. Belə ki, o, müxtəlif vaxtlarda Cavabdeh1nə və digər aidiyyatı orqanlara müraciət etdiyi zaman fərqli cavablar verilmişdir. Həmçinin, qətnamədə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin regionların sosial-iqtisadi inkişafının Dövlət Proqramına uyğun olaraq yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun artırılması, sakinlərin maddi rifahının yüksəldilməsi məqsədilə Nic qəsəbəsində tikinti və abadlaşdırma işləri aparılmış, iddiaçı kimi onunyəni-İddiaçı tərəfindən özəlləşdirilən çayxana binasının yerində icazəsiz başladığı tikinti abadlaşdırılacaq sahəyə düşdüyünə, tikinti norma və qaydalarına uyğun gəlmədiyinə görə həmin tikinti sökülmüşdür. Göründüyü kimi dolayısı ilə tikilinin Cavabdeh1 tərəfindən sökülməsi təsdiqlənir. Digər tərəfdən ona məxsus köhnə çayxana binasının yerində tikilən çayxana binasının tikinti norma və qaydalarına uyğun gəlmədiyi barədə ona hər hansı rəsmi xəbərdarlıq olunmamışdır. Ona görə də hesab edir ki, qeyd olunanlar ona məxsus tikilinin sökülməsi üçün əsas ola bilməzdi. Göstərilənlərə əsasən belə qənaətə gəlir ki, onun “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iddiasına düzgün hüquqi qiymət verilməmişdir.Ona görə də Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-767/2020 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir, 2005-ci ilə ona məxsus olan çayxana, sökülmüş, əzvəzində başqa ərazidə yenisinin tikilməsi tövsiyyə edilmişdir. Lakin göstərilən yeni ərazi ilə bağlı ona heç bir rəsmi sənəd verilməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunaraq, Qəbələ Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və idda tələbinin təmin olunmasını məhkəmə kollgiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, sonda Qəbələ Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və idda tələbinin təmin olunmasını məhkəmə kollgiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər Cavabdeh1 və Qəbələ rayon Nic Bələdiyyəsinin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh1 müavini A.Ağasəfov məhkəməyə ərizə ünvanlayaraq apellyasiya şikayətinə etiraz etdiklərini və işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən hazırki işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər : Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçı tərəfin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-767/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Cavabdeh1 Başçısının Nic qəsəbə X4 üzrə Nümayəndəliyi tərəfindən verilmiş, xx.xx.2019-cu il tarixli 369 №-li arayışdan görünür ki, İddiaçı Qəbələ rayon Nic qəsəbəsi sakinidir, hal-hazırda qəsəbədə yaşayır və heç yerdə işləmir. Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi departamenti tərəfindən verilmiş, xx.xx.2004-cü il tarixli № 001527 saylı “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnamədən görünür ki, Mehdiyev X3 rayon Nic qəsəbəsində yerləşən Çayxananı qüvvədə olan qanunvericilik əsasında satın almışdır. Əmlakın ümumi satış qiyməti dörd milyon dörd yüz min manatdır. O, Dövlət büdcəsinə iki milyon beş yüz yetmiş dörd min manat məbləğində pul köçürmüşdür. Bu barədə 3 nömrəli reyestr kitabının, 25-ci səhifəsində 001527 №-li qeydiyyat aparılmışdır. xx.xx.1998-ci il tarixli 28 №-li Auksion protokolundan görünür ki, İddiaçı Fəhrad oğlu satış qiyməti ******* manat olan Qəbələ rayon Nic qəsəbəsində yerləşən Çayxananı almışdır. Cavabdeh1 Başçısının müavini tərəfindən verilmiş, xx.xx.2005-ci il tarixli 625 №-li məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin regionların social-iqtisadi inkişafının (2004-2008-ci illər) Dövlət Proqramına uyğun olaraq yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun artırılması, sakinlərin maddi rifahının yüksəldilməsi və istirahətlərin yaxşı təşkil olunması məqsədilə Nic kəndində tikinti və abadlıq işlərinə başlanmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi tərəfindən verilmiş xx xxxx 2008-ci il tarixli 09/M-272 №-li məktubdan görünür ki, Qəbələ rayon şəhərsalma planına uyğun olaraq Aydin Mehdiyevin mülkiyyətçisi olduğu çayxananın yerində yeni istirahət parkının salınması nəzərdə tutulmuş və həmin sahənin əvəzində Aydin Mehdiyevə digər yerdən torpaq sahəsi təklif edilmiş, lakin o, həmin təklifdən imtina etmişdir. Cavabdeh1 Başçısının müavini tərəfindən verilmiş, xx.xx.2013-cü il tarixli 156/08 №-li məktubdan görünür ki, Nic qəsəbəsinin mərkəzində istirahət parkı 2012-ci ildə inşa edilmişdir. Həmin parkın tikintisi zamanı hər hansı daşınmaz əmlakın sökülməsi və ya köçürülməsi baş verməmişdir. Qeyd olunan daşınmaz əmlakın sökülməsi barədə Cavabdeh1 başçısının sərəncamı olmamışdır. Cavabdeh1 Başçısı Aparatı tərəfindən verilmiş, xx.xx.2019-cu il tarixli 2/1083/M-53- 150 №-li məktubdan görünür ki, Cavabdeh1 arxivində və Qəbələ Rayon Dövlət Arxivində Nic qəsəbə sakini İddiaçı Fəhrad oğluna məxsus “Çayxana” adlı ictimai iaşə obyektinin sökülərək götürülməsinə və ya dövlət məqsədləri üçün geri alınmasına dair Cavabdeh1 sərəncamı aşkarlanmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nə-ticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əm-lakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödə-nil-məlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vur-ma-yan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edil-məsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il ta-rixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.Həmin qərara əsasən hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin göstərilən müddəalarının mənasına görə hər hansı bir şəxsin mülki hüquq pozuntusu (delikt) ilə bağlı məsuliyyətinin yaranması üçün ziyan vurulmasına gətirib çıxarmış hərəkətlə (hərəkətsizliklə) bağlı onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada müəyyən olunmalıdır. Məhkəmə kоllegiyаsı hesаb edir ki, аpelyаsiyа şikаyətində göstərilən dəlillər əsаssız оlduğundаn qətnаmənin ləğv edilməsi və iddiа tələbinin təmin edilməsi üçün əsаs оlа bilməz. Əvvəla ona görə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İkincisi, iddiaçı cavabdehlərə qarşı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etsə, bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, aralarında hansısa mülki hüquq münasibətlərin yaranması təsdiq edilməmişdir. Bununla yanaşı, iddiaçıya məxsus tikintinin məhz cavabdeh tərəfindən sökülməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, əksinə işin bu halı Qəbələ Rayon İH-ti tərəfindən verilmiş məktublarla inkar edilmişdir. Ona görə də, birinci instansiya məhkəməsi iddia tələbini əsassız olduğundan rədd edərkən haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apelyasaiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasaiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-767/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2038/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2038/2020
17.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver